vaxtlı-vaxtında oxuyun! Çərşənbə, 11 dekabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Hüseyn Cavid (1882 - 1941)

«İdealsız nicat ümidi-məhal...
«İttihad!» İştə ən böyük ideal!
Səni qurtarsa, qurtarır birlik,
Çünki birlikdədir fəqət dirlik!»

Hüseyn Cavid (1882 - 1941)
KİNO-TEATR  
17:27 | 22 iyun 2013 | Şənbə Məqaləyə 3640 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Üç əsrin tarixi

Bu il Azərbaycan teatrının 140 yaşı tamam olur

MÖVZU İLƏ ƏLAQƏLİ

140 il ərzində milli teatrımız müxtəlif siyasi-ictimai, mədəni hadisələrdən keçib. İtkiləri də olub, qazandıqları da. Amma bu gün Azərbaycan teatrı müstəqillik dövrünün gözəl nemətlərini dadır və özünün fəaliyyətində artıq milli teatr sənətini ölkənin hüdudlarından kənara çıxarır. Milli teatrımız nailiyyətlərini təbii olaraq öz demokratik yaradıcılıq təbiətinə uyğun tərzdə dünyaya bəyan edir. Bu çox mühüm məsələdir. İllər öncə biz bunları ancaq arzulaya bilərdik. Bütövlükdə Azərbaycan teatrı həmişə cəmiyyətin fəal cinahlarından olub. Bugünün özündə də ölkəmizin teatr sahəsində çalışan insanları Azərbaycan dövlətçiliyinin möhkəmlənməsinə, onun beynəlxalq nüfuzunun artmasına və bütövlükdə bir xalq olaraq yeni inkişaf mövqelərinə çıxmasına çalışır.

Bu gün 140 illiyini qeyd etdiyimiz Azərbaycan teatrının tarixi çox qədim zamanlardan başlayır. Araşdırmalara görə, teatr sənətinin rüşeymləri olan rituallar, mərasimlər, xalq oyun-tamaşaları, şəbih mərasimlərinin yaşı illərlə yox, əsrlərlə, qərinələrlə ölçülür.
Amma Azərbaycanda institusional teatrın yaranma tarixi, bir qayda olaraq,  1873-cü ilin mart ayının 10-dan - realnı məktəbin tələbələrinin ifasında göstərilən M.F.Axundzadənin təxminən iyirmi il əvvəl yazdığı eyniadlı komediyası əsasında hazırlanmış "Sərgüzəşti-vəziri-xani-Lənkəran" tamaşasından hesablanır. Azərbaycan teatrı rus səhnə mədəniyyəti vasitəsilə Avropa teatr modelini mənimsəyib və yerli şəraitə uyğunlaşdırıb. Daha dəqiq desək, Azərbaycanda teatr sənəti Avropa teatrının nailiyyətləri ilə milli mədəniyyət düşüncəsinin qovşağında yerləşir.
Azərbaycan teatrına xas olan özəlliklərdən biri ondan ibarətdir ki, ilk baxışda qəribə səslənsə də, Azərbaycanda dramaturgiya da, tənqid də peşəkar teatrdan daha əvvəl yaranmışdır. Belə ki, teatr tənqidinin yaranmasından danışarkən, adətən, M.F.Axundzadənin "Mirzə Ağanın pyesləri haqqında kritika" adlı məqaləsi xatırlanır. Milli dramaturgiyamızın təməli isə M.F.Axundzadənin 1850-1855-ci illərdə yazdığı 6 komediya ilə qoyulub.
Təbii ki, həmin dövrdə fəaliyyət göstərən teatrı, sözün əsl mənasında, peşəkar adlandırmaq düzgün olmazdı. Həmin dövrdə yenicə yaranan teatr ilk kövrək addımlarını atır, daha çox həvəskar aktyorların xidmətindən yararlana bilirdi. Amma zaman keçdikcə milli teatr sənətimizdə peşəkarlıq səviyyəsi yüksəlir, teatr vüsəti daha geniş ərazini əhatə edirdi.
Azərbaycanda əvvəlcə dramaturgiyanın, bir müddət sonra isə teatrın yaranması milli mədəniyyət üçün mühüm tarixi hadisə olmaqla bərabər, Yaxın Şərqdə, bəlkə də daha geniş - müsəlman Şərqində qüvvətli bir əks-səda doğurmuşdur. Tarixi faktlara əsaslanıb demək olar ki, Azərbaycandan əvvəl nə Türkiyədə, nə İranda, nə də bir sıra ərəb ölkələrində pofessional dünyəvi teatr olmuşdur. 
1873-cü ildə Bakıda göstərilən ilk milli tamaşa yalnız Azərbaycanda deyil, həmçinin Qafqazda yaşayan bütün azərbaycanlılar arasında, böyük ruh yüksəkliyi yaratmış, teatr hərəkatının yayılmasına səbəb olmuşdur. Sonralar Ermənistanda, Gürcüstanda Azərbaycan teatrları yaranmağa başlamış və geniş fəaliyyət göstərmişdir. Ayrı-ayrı illərdə bu proses daha geniş miqyas almış, azərbaycanlı əhalinin yaşadığı Orta Asiya ölkələrində, xüsusən Türkmənistanda Azərbaycan teatr truppaları yaranmışdır. Azərbaycandan kənardakı teatr truppalarının ifasında milli dramaturgiya nümunələri də tamaşaya qoyulur və əhali tərəfindən sevilirdi. Bundan başqa, Rusiyanın və İranın fars əhalisi yaşayan bir çox şəhərərində, hətta kəndlərində də Azərbaycan dilində tamaşalar verilmiş, təkcə "Nadir şah" tamaşası ölkəmizdən kənarda 34 şəhərdə Azərbaycan dilində oynanmışdır.
XX əsrin əvvəllərində  Azərbaycan teatrında institusioanallaşma meyli daha da gücləndi və peşəkarlıq səviyyəsi xeyli yüksəldi.  Bu dövrdə "Müsəlman Dram Artistləri Şirkəti", "Nicat", "Səfa", "İttifaq" kimi cəmiyyətlər yarandı və teatr prosesinin hərəkətverici qüvvəsinə çevrildi. Azərbaycan teatrının təsisatlanma meyilləri 1919-cu ildə Dövlət Teatrının (indiki Akademik Milli Dram Teatrı) yaranması ilə nəticələndi. O vaxtdan bu günə qədər teatrın adı, strukturu dəfələrlə dəyişikliklərə məruz qalmışdır. Dəyişməyən və önəmli olan teatrın cəmiyyət həyatında mühüm rol oynamasıdır. Dövrün siyasi-ictimai, sosial-mədəni hadisələrinin ab-havası teatr sənətinin mahiyyətinə, mövqeyinə və fəaliyyət yönünə müəyyən təsir göstərmişdir.
Yuxarıda qeyd etdik ki, Azərbaycanda dramaturgiya teatr sənətindən əvvəl yaranıb. M.F.Axundzadənin komediyaları ilə təməli qoyulan milli dramaturgiyamız həmişə teatr sənətini təmənnasız olaraq qidalandırmışdır.
M.F.Axundzadə, H.Cavid, Ə.B.Haqverdiyev, N.Nərimanov, C.Cabbarlı və başqa dramaturqların əsərləri uzun illər teatrlarımızın repertuarını bəzəyib. Sonralar onlardan estafeti qəbul edən Mirzə İbrahimov, Mehdi Hüseyn, Səməd Vurğun, Süleyman Rüstəm, İlyas Əfəndiyev, Ənvər Məmmədxanlı, Sabit Rəhman, Cabbar Məcnunbəyov, İmran Qasımov kimi dramaturqlarımız da milli teatra böyük ədəbi töhfələr bəxş etmişlər.
Azərbaycan teatrının Cəfər Cabbarlıdan, Hüseyn Caviddən, Əbdürrəhim bəy Haqverdiyevdən sonrakı dövrdə müşahidə edilən dramaturji qıtlıq vəziyyətindən çıxış yolu kimi teatrın rəhbəri Adil İsgəndərovun yazıçılara müraciəti sayəsində dövrün görkəmli şair və nasirlərinin səyi ilə teatrda repertuar bolluğunun yaranması teatr tariximizin əlamətdar hadisəsidir.
XX əsr Azərbaycan dramaturgiyasından danışarkən İlyas Əfəndiyevin adını xüsusi vurğulamaq lazımdır. Çünki Azərbaycan teatrının inkişafına, ona yeni nəfəs, yeni mövzu, problematika, ifadə vasitələri, fərqli  üslub gətirməklə teatrın repertuar zənginliyini təmin edən məhz İ.Əfəndiyev olmuşdur.
Bu gün Elçin, Afaq Məsud, Kamal Abdulla, Əli Əmirli kimi yazarlarımız teatr-dramaturq əməkdaşlığı ənənələrini uğurla davam və inkişaf etdirir, teatrlarımızın repertuarının zənginləşməsi işinə dəyərli töhfələr verirlər.
Azərbaycan teatrı daha çox aktyor teatrı kimi məşhur olmuşdur. Yarandığı gündən ötən əsrin ortalarına qədər milli teatrımızda rejissor aparıcı simaya çevrilə bilməmiş, bir qədər qəribə səslənsə də, deməliyik ki, daha çox təşkilatçı qismində çıxış etmişdir. Aktyor sənəti isə həvəskarlıqdan yüksək peşəkarlığa qədər yüksəliş yolu keçmiş, fitri istedada, yüksək ifaçılıq texnikasına, gözəl səhnə görkəminə, mahir səhnə danışığına malik aktyor şəxsiyyəti milli teatrın "döyünən ürəyi" olmuşdur. Yarandığı gündən etibarən teatrımızın aparıcı qüvvəsi olan aktyorlar - Hüseyn Ərəblinski, Cahangir Zeynalov, Mir Mahmud Kazımovski, Hüseynqulu Sarabski, Əbülfət Vəli, Hacağa Abbasov, Səməd Mənsur, Abbas Mirzə Şərifzadə, Mirzağa Əliyev, Sidqi Ruhulla, Ülvi Rəcəb, Mərziyə Davudova və sonrakı dövrlərdə Ağasadıq Gəraybəyli, Kazım Ziya, Rza Təhmasib, Möhsün Sənani, Ələsgər Ələkbərov, Barat Şəkinskaya, Fatma Qədri, Rza Əfqanlı, Hökumə Qurbanova, Leyla Bədirbəyli, Nəcibə Məlikova, Məlik Dadaşov kimi yüzlərlə sənətkarımız yüksək ifaçılıq məharəti, ifa etdikləri maraqlı obrazlarla tamaşaçı rəğbəti qazanmağa müvəffəq olmuşlar.
Milli teatr mədəniyyətimizin formalaşmasında, bir sənət sahəsi kimi bərqərar olmasında dramaturqlarla, aktyorlarla yanaşı rejissorların da böyük xidmətləri var.  Teatr tariximizin bütün dönəmlərində ayrı-ayrı teatr xadimləri, o cümlədən H.Ərəblinski, M.Kirmanşahlı, A.M.Şərifzadə, İ.Hidayətzadə, C.Cabbarlı, R.Təhmasib, H.Abbasov və başqaları rejissor kimi fəaliyyət göstərmişdilər.
Ötən əsrin ortalarında rejissorluğun müstəqil sənət növü kimi konseptuallaşması prosesi rejissor şəxsiyyətini teatr sənətinin əsas simasına çevirdi. Yəni bu zaman aktyor sənəti və dramaturgiya hadisələrin istiqamətini öz xeyrinə həll edə bilmədi, nəticədə liderliyini itirdi.
Dünya teatr sənətini bürüyən proseslər Azərbaycan teatr mədəniyyətindən də yan keçmədi. Öz nüfuz dairəsini, tamaşaçı auditoriyasını genişləndirmək təmənnası ilə milli teatr, rejissor sənətinə daha çox ümid bəsləməli, daha çox etibar etməli oldu. Bu isə uzun müddət müəlliflərin və aktyorların şıltaqlıqlarına dözmək məcburiyyətində qalan rejissor sənətinə müstəqil fəaliyyət imkanı yaratdı. Və rejissor sənəti həmin imkanı əldən vermədi.
Teatr mədəniyyəti tariximizin ən önəmli hadisələrindən biri milli rejissor kadrlarının - Yusif Ulduzun, Adil İsgəndərovun, Ələsgər Şərifovun, Şəmsi Bədəlbəylinin, Məhərrəm Haşımovun, Mehdi Məmmədovun, Tofıq Kazımovun, Zəfər Nemətovun fəaliyyət dövrü ilə əlamətdardır.
Azərbaycan milli rejissor sənətinin əsl uğurları, estetik məna səviyyəsi daha çox üç rejissorun - A.İsgəndərovun, M.Məmmədovun və T.Kazımovun yaradıcılığı nümunəsində dövrün teatr mədəniyyəti cizgiləri kimi əlamətdar oldu.
Ötən əsrin 60-70-ci illərində milli teatr mədəniyyətimizdə rejissor sənətinin mütləq yeri bərqərar oldu, M.Məmmədov və T.Kazımov səhnə sənətimizin inkişaf meyillərini təsdiq edə bildilər. Bir zamanlar öz şəxsiyyəti ilə "rejissor kimdir?", "onun teatrda və tamaşanın hazırlanması prosesində yeri nədir?" kimi neçə-neçə sualı cavablandırmaqda olan rejissura uzun illər boyu öz "mən"ini hər dəfə, hər tamaşa ilə sübuta yetirməli oldu. Teatr adlanan can və ruh karxanasından bütöv estetik qayə, bərkimiş mövqe ilə çıxan rejissor sənəti hegemonluğu ələ keçirdi.
70-ci illərdə Sovet İttifaqının başqa teatrlarında olduğu kimi, Azərbaycan teatrında da bu və ya digər dərəcədə özünü göstərən aktyor və rejissor münasibətləri probleminin yeni aspektləri yaranır, ifadə vasitələrinin, eləcə də ifaçılığın daha mütərəqqi prinsiplərinin formalaşması, tamaşanın bədii bütövlüyü, onun bütün komponentlərinin eyni niyyətə tabe edilməsi rejissor sənətinin poetika axtarışlarının əsas məsələsinə çevrilir, aktyor və rejissor sənətlərinin müştərək axtarışlarında yeni tendensiyalar təsdiqlənir, tamaşanın dünyagörüşü, ideya və estetik prinsipləri vəhdəti əldə edilirdi.
SSRİ dağıldıqdan sonra sosialist ölkələrində ideoloji təsir altında formalaşan sosialist incəsənətinin süqutu başlandı. Burada sovet incəsənətinin və ümumdünya teatr mədəniyyətinin təcrübələrindən faydalanan, öz kökünü milli adət-ənənələrdən götürən, müxtəlifliyi və özünəməxsusluğu ilə seçilən, arxaik dövrə, kökə bağlılıqla, arxetiplərə qayıdışla xarakterizə olunan milli teatr fəlsəfəsi formalaşmağa başladı. Xalqın həyat və fəaliyyətinin tarixi, ölkənin müstəqil, demokratik dövlət quruculuğuna aparan yolu, gələcək  uğrunda müstəqilliyimizin və ərazi bütövlüyümüzün qorunmasına yönəldilmiş mübarizə müstəqillik dövrü incəsənətinin, o cümlədən teatrının məzmununu təşkil etdi.
Sonrakı illərdə isə teatrda kommersiya meyilləri formalaşdı. Yeni teatrlar açıldı, ölkənin teatr şəbəkəsi yeni açılan dövlət, bələdiyyə və özəl teatrlar hesabına genişləndi. Amma özəl və bələdiyyə teatrları  ilə müqayisədə dövlət teatrları öz mövcudluqlarını qoruyub saxlaya bilsə də, bir sıra ciddi problemlərlə üzləşdi.
Teatr tariximizdə növbəti mərhələ çağdaş müstəqillik dövründə yaşadığımız mərhələdir. Məhz müstəqillik dövrünün teatr sənəti poetika baxımından bir sıra dəyişikliklərə məruz qaldı, teatr prosesinin başlıca məqsədi dərin analiz, müfəssəl təhlil nəticəsində əldə olunan yeni mənəvi dəyərlərin ənənəvi mənəviyyat sistemində öz  mövqeyini göstərməklə müəyyən olundu. Bir zamanlar konyunktur basqılar nəticəsində ideya-estetik deformasiyaya uğramış teatr poetikası yenidən bərpa olunmağa başladı. Bu zaman teatr sənətinin dil-ifadə vasitələrində də əhəmiyyətli dəyişikliklər baş verdi, bütövlükdə milli teatr prosesi mədəniyyət və incəsənətimizin milli mahiyyətini, milli-mədəni ənənələrini qorumaq şərtilə dünya teatr prosesinə tam açıq olmağa meyilləndi.
Müstəqillik dövrünün teatr sənəti ictimai-iqtisadi parametrlərlə bərabər poetika baxımından da bir sıra dəyişikliklərə məruz qaldı. Artıq teatr prosesinin başlıca məqsədi, dərin və müfəssəl təhlil nəticəsində əldə olunan yeni mənəvi dəyərlərin ənənəvi mənəviyyat sistemində mövqeyi  müəyyən edildi.
Ötən dövrlərdən fərqli olaraq, müstəqillik dövründə Azərbaycan teatrında yeniləşmə meyilləri gücləndi, sənət düşüncəsi stereotiplərdən qurtulmağa çalışdı, rejissorlar yeni dövrün yeni məqsəd və vəzifələrinə uyğun yozumlar ortaya qoymağa, aktual səhnə əsərləri yaratmağa istiqamətləndilər.
Tamamilə təbiidir ki, yenicə yaranmaqda və özünü təsdiqləməkdə olan modern teatr prinsipləri dramaturgiya, aktyor yaradıcılığı və rejissor sənəti ilə bərabər teatrşünaslıq elmi qarşısında da yeni tələbləri və şərtləri ortaya qoydu. Müstəqillik dövründə 140 illiyini qeyd etdiyimiz bugünkü Azərbaycan teatrı artıq  özünün, prinsipcə,  yeni strateji hədəflərini müəyyən edib,  yeni ideya-estetik məqsədlərə doğru irəliləməkdədir. Üç əsr ərzində toplanan tarixi-mədəni təcrübəyə malik milli teatrımıza, fədakar teatr xadimlərinə daha böyük uğurlar, tamaşaçı sevgisi və sürəkli alqışlar arzulayırıq.