vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 21 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Müstəqillik yolu qədər çətin yol yoxdur»

Heydər Əliyev (1923 - 2003)
SAHİBKARLIQ  
18:35 | 31 oktyabr 2016 | Bazar ertəsi Məqaləyə 3536 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Badımcan»lar sıradan çıxır

«Müsibəti Hafka» davam edir...

Günel TÜRKSOY

MÖVZU İLƏ ƏLAQƏLİ

  • Növbə kimindir?

    Cahangir Hacıyevin işi böyüdü, ölkədə kütləvi həbslər başladı

Azərbaycanın ən böyük iş adamlarından biri olan «Hafka» ləqəbli Hafiz Məmmədovun biznesinin çöküşü prosesi davam edir. Belə ki, son 3-4 ildir ki H. Məmmədovun nəzarət etdiyi sahələr bir-birinin ardınca əlindən çıxır, süqut edir, bağlanır. «Qafqazinfo» xəbər verir ki, H. Məmmədova daha bir zərbə isə sahibi olduğu «London taksi»ləri vasitəsilə vurulub.

Qeyd edək ki, el arasında «badımcan» taksiləri kimi tanınan «London taksi»ləri 2010- cu ilin sonundan etibarən «Bakı Taksi MMC» tərəfindən Bakıya gətirilib. Nəqliyyat Nazirliyinin məlumatına görə, hazırda Bakıda icazəli fəaliyyət göstərən 1200 taksidən 1000-i «London taksiləri»dir.

Onların 500-ü 2015-ci ildə Avropa Oyunları ərəfəsində paytaxta gətirilib və şəhərdə xidmət göstərməyə başlayıblar. Bakı şəhərində taksi xidmətinin həyata keçirilməsinin ən yüksək standartlarla təşkil olunmasını nəzərdə tutan bu taksilər bütün müasir avadanlıqlarla təchiz olunaraq xəttə buraxılıblar.

Maraqlı məqam ondan ibarətdir ki, Avropa Oyunları ərəfəsində Bakıya gətirilən 500 taksi vaxt amili, müəyyən texniki məsələlər nəzərə alınaraq Dövlət Gömrük Komitəsində «rastamoşka»dan keçmədən istismara verilib. Lakin «London taksi»ləri ilə bağlı bir çox problemlər yaranmağa başlayıb. Bu problemlərdən ən başlıcası məhz Avropa Oyunları ərəfəsində Azərbaycana gələn turistlərə xidmətin həyata keçirilməsi ilə bağlı olub. Maraqlıdır ki, ölkəmizə gələn xarici qonaqların buradan gedərkən ən çox şikayət etdiyi sahə nəqliyyat sektoru olub. Belə ki, gediş haqqını sayğaclarla hesablayan bu taksilərdə çox vaxt taksometrlər bilərəkdən işə salınmayıb. Gediş haqqından dəfələrlə artıq məvacib tələb olunub. Bir sözlə xidmət zamanı sui-istifadə hallarına yol verilib.

Burada narazılıq təkcə «London taksi»ləri ilə bağlı deyil, ümumi nəqliyyat sektoru ilə əlaqədardır. Avropa Oyunlarının nəticələri araşdırılarkən Təşkilat Komitəsi tərəfindən bu hal xüsusi təhlil edilib və cavabdehlər həmin vaxt ciddi şəkildə cəzalandırılıb. Burada Hafiz Məmmədovun «London taksi»ləri o qədər günahkar hesab olunmasa da, onun nəzarətində olan taksi xidmətinin fəaliyyətini problemin tərkib hissəsi kimi qeyd etmək olar.

Bu arada xatırladaq ki, «London taksi»lərinin xidmət göstərdiyi bir çox yerlərdə, o cümlədən hava limanında sürücülər sərnişinləri mənzil başına apararkən bu günün özündə də taksometrləri söndürürlər. Gediş haqqını sərnişinlərdən «nə verərsən verərsən» prinsipi ilə tələb edirlər.

Bir tərəfdən Hafiz Məmmədovun biznesinin çöküşü, nəzarət etdiyi sahələrin əlindən çıxması, külli miqdarda borclanmalar, digər tərəfdən də qeyri-peşəkar taksi xidməti «badımcan»ın yolunu necə deyərlər badımcanlığa salıb...

Belə ki, artıq yuxarıda da qeyd etdiyimiz kimi, gömrük qeydiyyatdan keçməyən 500 «London taksi»si sıradan çıxarılaraq Dövlət Gömrük Komitəsinin Lökbatanda yerləşən postunun ərazisinə aparılıb. Hazırda taksilərin xətlərdən yığılması prosesi yenə də davam etməkdədir. Onların «rastamoşka» olunaraq geri qaytarılıb qaytarılmayacağı, bir sözlə gələcək taleyi hələ məlum deyil. Məlumata görə, müflis olan iş adamı ondan tələb olunan vəsaiti ödəyə bilmir.  

Bu müddət ərzində ehtiyat hissələri sıradan çıxan «London taksi»lərinin təmir-bərpası da təxirə salınıb. Sürücülərə xidmət göstərən servis mərkəzlərindən bildiriblər ki, avtomobilin ehtiyat hissələri daha sifariş olunmur.

Qeyd edək ki, son 3-4 ildə «Hafka»nın hay-küylü biznes layihələrinə daxil olan bir sıra şirkətləri iflas edib. O cümlədən « Bank of Azerbaijan» bağlanıb. "Bakı" Futbol Klubu isə I diviziona göndərilib. Fransada aldığı «Lans» klubu borcunu ödəmədiyi üçün əlindən alınıb. Qırxa qədər şirkətin birləşdiyi «Baghlan Group»a daxil olan əsas şirkətlər çöküb, birləşdirilib və ya fəaliyyətini dayandırıb. Hafka  de-yure olmasa da, de-fakto müflis elan olunub.