

Mahir Əmrəlinin “Nürnberq”dəki çıxışı haqda çox da yazmırıq. Bunu doğru saymıram. “Dişə vurulası” bir oyunçumuz var Avropada, mövsümə çox yaxşı başlamasına baxmayaraq, hazırda komandasında enişli-yoxuşlu qrafik cızır. Xoş durum deyil.
Mən başqa məqama toxunmaq istəyirəm.
Baxış bucağımıza.
Ancaq “bacarıqsızdı”, “səviyyəsi aşağıdır”, “yeri ora deyil, gəlsin “Səbail”də oynasın” və s. bu kimi şeylər yazıb tənqid edirik. Hə, etməliyik, çünki bizim futbolçulara aman versən, başımıza çıxarlar. Bu ayrı. Amma birtərəfli olmağı da arada kənara qoymaq lazımdı. Arada yezidi də yada salmalıyıq.
Məsələn, niyə biz “Miroslav Kloze zəif məşqçidi” deyə bilmirik? Deyəndə nə olur? Kloze dahi futbolçu olub deyə mütləq dahi məşqçi olmalıdımı? Belə bir aksiom var? Maradona da dahi idi, amma mən ondan yaxşı məşqçi olardım, işləsəydim. Futbol oynamaq, futbolu bilmək, yaxşı məşqçi olmaq üçün yetərli deyil. Fərqli bacarıqlar lazımdı.
Mən düşünürəm ki, Kloze böyük məşqçi olmayacaq. Bu şansı çoxdan qaçırıb. Adama Flikin yanında milli komandada da, “Bavariya”da da sistemdə çalışmaq imkanı verilib, sonra Avstriyada baş məşqçilik edib, orda da uğursuz olub. Yəni adam Klozedi deyə dağ başına çıxarmaq düzgün deyil. Alınmır da bu adamda. Məsələn, “Bavariya”nın yeni baş məşqçisi kim olsun” sorğusu keçirilsə, 100 adamdan heç biri Miroslavın adını çəkməz. Çünki o deyil. Adam heç “Nürnberq”i toparlaya bilmir.
Bəli, “Nürnberq”də gəncləşdirmə siyasəti aparılır, strateji planla iş görürlər. Amma bu da bəhanə olmamalıdı. Gənclərlə işləyirsənsə belə, bu qədər enişli-yoxuşlu qrafik cızmamalısan. Klozenin oynatdığı, oynatmaq istədiyi futbol müasir futbol deyil. Hücumu möhkəm qurub müdafiəni unutmaqla (liqanın ən çox top buraxan komandaları sırasında məhz “Nürnberq” var) nə nəticə qazanmaq olar, nə də uzunmüddətli perspektivdə böyük qələbəyə nail olmaq. Məsələ həm Mahirdədi, həm də deyil. Məsələ Mahirdə ona görə deyil ki, Mahirsiz də nəticə qazana bilmir, sabitlik yoxdu, olacağı da görünmür. Məsələ ona görə Mahirdədir ki, Mahir kimi futbolçudan düzgün yararlanmağı bacarmadı, bacarmır. Bilirəm, “Mahir kimi futbolçu” ifadəsinə ilişəcəksiz, ona görə indidən deyim: məncə, Mahir “Nürnberq”in heyətində oynayan ən təcrübəli futbolçulardandı, ordakıların əksərindən çox böyük oyunlarda oynayıb, böyük turnirlər görüb, gözəl qollar vurub, özünü sevdirməyi bacarıb. Mahir “Nürnberq” üçün çox yaxşı futbolçudur, istedadlı olduğunu bilirik, şahidi də olmuşuq dəfələrlə. Biz nə qədər göydən-yerə vursaq da, fakt-faktlığında qalır. Yeganə problemi xarakteridir, onu da bir zəhmət məşqçisi yoluna qoysun, həll etsin. Onun da işi budu.
Mənə hələ də çatmır ki, mövsümə fırtına kimi başlayan Əmrəli birdən-birə ehtiyata necə düşdü? Niyə onun meydandakı mövqeyi dəyişdirildi, fərqli tapşırıqlar verilərək işi çətinləşdirildi? Adam qol vurur, hücumu gücləndirir, uğur gətirirdisə, niyə bu gedişatın təkərinə çomaq soxuldu?
Ya Kloze özündən fokus çıxarıb hamıdan ağıllı olduğunu göstərmək istədi, ya da Mahirin komandanın tək lideri olmaq yolunda atdığı addımlar xoş qarşılanmadı. Hər iki halda proses düzgün idarə olunmayıb və günahı təkcə oyunçuda axtarmaq doğru deyil. Sanki “Nürnberq”də tanrılar işləyir, oynayır, onlar hər şeyin ən yaxşısını bilirlər, biz isə burda futbolun 8 nəfərlə və əllə oynandığını düşünürük, dünyadan xəbərimiz yoxdur. Elə deyil.
Mahirlə Klozenin, Mahirlə “Nürnberq”in yolları fərqlidir. Məncə, bu gedişat alınmayacaq və Əmrəlinin ayrılması doğru bir qərar olacaq (o şərtlə ki Koreya, nə bilim Qvineya çempionatına getməsin, elə digər 2-ci Bundesliqa klublarından olan təkliflərdən birini qəbul etsin). “Nürnberq” böyük klubdur, məşqçisinə inanır, o məşqçi də bu Mahirə inanmır, ondan başqa Mahir düzəltməyə çalışır. Alınası iş deyil. Fərqli futbol düşüncəsi olan futbolçunu 10 il əvvəl, yeniyetməlik dövründə dəyişmək olardı. İndi bunu etmək mümkün də deyil, düz də deyil. “Nürnberq” də, Kloze də belə düşünürlərsə, səhv edirlər.