vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 24 aprel 2025
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Məhəmməd Əmin Rəsulzadə (1884 - 1955)

«İnsanlara hürriyət
Millətlərə istiqlal»

Məhəmməd Əmin Rəsulzadə (1884 - 1955)
TOP OYUNLARI  
“Sabah” finalda 22:32 | 23 aprel 2025 | Çərşənbə Məqaləyə 14 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

“Sabah” finalda

Seçim etmək lazım idi ...

Kənan MƏSTƏLİYEV

MÖVZU İLƏ ƏLAQƏLİ

Çempionatdan əlini üzmüş iki komandanın qarşılaşması böyük maraqla gözlənilirdi. İlk oyunda “Sabah” əla futbol nümayiş etdirərək qələbə qazanmış, final şanslarını əhəmiyyətli dərəcədə yüksəltmişdi. Ancaq Premyer Liqadakı qeyri-sabit çıxış Vasili Berezutskinin yetirmələrini aşkar favorit göstərməyə imkan vermirdi. Kubok “Neftçi”yə də lazım idi və “ağ-qaralar” asan təslim olmayacaqdı.

Elə də oldu. Xüsusilə ilk 60 dəqiqədə Samir Abasovun yetirmələri rəqibindən az qala bir baş üstün oynadılar, xeyli qol epizodu yaradaraq iddialarını ortaya qoya bildilər. Amma “vurmayana vurarlar” prinsipini heç kim ləğv etməyib. Bu barədə bir qədər sonra.

Abasov ənənəvi düzülüşdən fərqli olaraq meydana 4 müdafiəçiylə çıxmış, “stavka”nı matçın ilk hissəsində qollar vuraraq üstünlük əldə etməyə, sonra isə geri çəkilərək əks-hücumlarda xoşbəxtlik axtarmağa etmişdi. Planın işlək olduğu tezliklə göründü. “Neftçi” basqılı oynayır, rəqibi təzyiq altında saxlaya bilir, şanslar qazanırdı. Bu şanslardan 2 ən realını Ozobiç boşa verdi ki, bunu da dönüş nöqtəsi hesab etmək olar. Filip o toplardan birindən yararlansaydı, biz indi məhz “Neftçi”ni finala çıxma münasibətilə təbrik edə bilərdik.

Əvəzində “Sabah” ağıllı davrandı və ilk real şansı qola çevrirərək böyük üstünlük əldə etdi. Ardınca ruhdan düşməyən qonaqlar bərabərlik qolunu vursalar da, bundan artığına gücləri yetmədi. Məhz gücləri yetmədi. Çünki fiziki və atletik eniş aşkar görünürdü, əvəzetmələr də kömək etmədi. Heyətin keyfiyyəti həlledici məqam oldu. Bu futbolçularla finala çıxmaq mümkün deyil. Adi epizodlarda doğru qərar qəbul edə bilməmək, hazırlıqsız olmaq, elementar işlərin öhdəsindən gələ bilməmək... Yayda “Neftçi”nin heyətinə ciddi əl gəzdirilməlidir. Əks halda, gələn mövsümdə də eyni cümlələri işlətməli olacağıq. Həmişəki kimi.

Bir qədər də qalib “Sabah” barədə. Masazır təmsilçisi ilk matçda əldə etdiyi üstünlüyü qorumaq planı üzrə hərəkət etdi. Berezutski yetirmələrinin oyun keyfiyyətlərindən maksimum yararlanaraq gözləmə mövqeyi tutdu. Rəqibin üstünə gəlmək məcburiyyəti olduğunu və “va-bank” gedəcəyini bilən rusiyalı mütəxəssis birinci hissəni güzəştə getdi. Arxaya oturmaq riskli seçim idi, çünki hesabda geri düşmə təhlükəsi finalı əldən çıxara bilərdi. Ancaq seçim etmək lazım idi. Final fiti bu seçimin doğru olduğunu göstərdi.

Amma hər şey bu qədər asan deyil. Əminliklə söyləmək olar ki, “Neftçi”nin ehtiyat qüvvəsi daha yaxşı olsaydı, nəticə başqa cür də ola bilərdi.

Hər halda, çempionatda xüsusi nə iləsə fərqlənməyən Berezutskinin kubokdakı işini də təqdir etməliyik. İstər start heyəti, istər əvəzetmələr, istərsə də oyunun ümumi axarı düzgün idarə olunmuş, diqqətli iş aparılmışdı. Necə deyərlər, Sezarın haqqı Sezara.

Yuxarıda da qeyd etdik, heyətin keyfiyyəti həlledici məqam idi. “Sabah” bu qədər xərc qarşılığında gətirdiyi legionerdən nəhayət, bir xeyir gördü. Matçın taleyini həll edən, gedişatı dəyişdirməyə, eyni zamanda rəqib basqısının qarşısını almağa güc və istedadı olan futbolçuların çoxluğu vacib faktordur. Məşqçi də, klub da bundan layiqincə istifadə edə bildi. Təbrik etmək olar.

“Sabah” öz kiçik tarixində ilk dəfə kubokun finalında oynayacaq. Rəqib isə ölkə futbolunun böyük gücü “Qarabağ”dı. Maraqlı, finala layiq bir matç olacaq. İndidən səbrsizliklə gözləyirik.


   

MÜƏLLİF

ANKET

Hökümətin ölkədə hansı sahəyə diqqətinin artırılmasını istərdiniz?

  • Elm-təhsil
  • Səhiyyə
  • Sosial Müdafiə
  • Ekologiya, təbii sərvətlər
  • Müdafiə-təhlükəsizlik
  • Mədəniyyət, incəsənət, ədəbiyyat
  • Kənd təsərrüfatı, aqrar sənaye
  • Sahibkarlıq, sənaye (zavod, fabrik)