

Avrasiya regionunun mobil operatorları bu dəfə Özbəkistanda bir araya gəliblər. Ənənəvi “M360 Eurasia 2025” forumu bu dəfə Daşkənddə keçirilir. Son iki il ərzində bu tədbir Bakıda baş tutmuşdu.
Gündəliyinə, çıxışlara, təqdimatlara göz gəzdirəndə, “Azercell”in bununla bağlı rəsmi olaraq yaydığı açıqlamalara baxanda təəssüflənməmək mümkün deyil.
Bizim ən öndə gedən mobil operatorlarımızdan biri, nəhəng dövlət şirkəti olan “Azercell” regionda innovasiya və texnologiya sahəsində öz mövqelərini itirməkdədir.
Son bir neçə bu geriləmə bu tip konfranslarda açıq şəkildə görünür.
Şirkətin baş direktoru Zarina Zeynalova xanımla yanaşı zalda əyləşən qonşu ölkələrin mobil operatorların rəhbərləri 5G və 6G-dən, 5G və süni intellektin inteqrasiyasından, daha innovasiyalı addımlardan danışdıqları halda “Azercell” rəhbəri “Aztelekom”un GPON layihəsindən danışıb.
Əslində başqa gözlənti də yoxdur. Uzun müddətdir ki, hansısa səbəblərdən bizim mobil operatorlar 5G şəbəkəsinin qurulmasına start verə bilmirlər. Heç lisenziyaları da yoxdur.
Distant təhsil xidməti vermək istəyən universitetləri zorla arxadan tutub saxladıqları kimi, kimlərsə bizim mobil operatorlara da 5G-ni qadağan edib.
Regionda 5G şəbəkəsi genişlənir, 6G müzakirə olunur, bizim mobil operatorların başı qarışıb mövcud tarifləri qaldırmağa, bəsit xidmətlərə. Ən bahalı mobil internet və mobil danışıqlar da bizdədir.
Amma tariflərin qaldırılmasından əldə olunan vəsaitlərin yeni texnologiyalara investisiya yatırımını, keyfiyyət və xidmət çeşidlərinin artımını isə müşahidə etmirik.
Tezlikləri, lisenziyanı mobil operatorlara verməli olan İKTA-nın da başı qarışıb provayderlərlə internet sürəti qaldırmaq kimi bəsit müzakirələrə.
Qlobal şirkətlərlə işbirliyi quran qonşu ölkələr, Gürcüstan (“Nokia”), Ermənistan (“Nokia”), Qazaxıstan (“Nokia”, “Huawei”), Özbəkistan (“Nokia”), Tacikistan (“Huawei”) innovasiyalarda, süni intellektdə, hətta 5G və süni intellektin inteqrasiyası sahəsində irəliləyirlər.