

Dünən Cümhuriyyət günümüz olmaqla bərabər, həm də Laçın Beynəlxalq Hava Limanının açılışı və Azərbaycan, Türkiyə, Pakistan liderlərinin 2-ci Zirvə Görüşü ilə dünyanın diqqət mərkəzində idi.
Hamıdan çox diqqətlə izləyənlər isə, heç şübhəsiz ki, ilk növbədə Moskva, Tehran və İrəvan idi. Hindistan da hakəzə.
Erməni sosial şəbəkə istifadəçiləri bu gün Laçından yayılan foto-videogörüntüləri xüsusi qısqanclıq, məyusluq hissilə izləyir, paylaşımlara qəzəb işarəsi qoyurdular.
Ənənəvi düşmənlərimizi həm də ən çox qıcıqlandıran məqamlardan biri də bu Zirvə toplantısının məhz Laçında keçirilməsi oldu. Onlar bunu Azərbaycan və Türkiyənin Cənubi Qafqazda hegemonluq dövrünə qədəm qoymasının işarəti kimi qəbul edirlər.
Rusiya Elmlər Akademiyası E.M.Primakov adına Dünya İqtisadiyyatı və Beynəlxalq Münasibətlər İnstitutunun (ИМЭМО РАН) qatı ermənipərəst baş elmi işçisi Viktor Nadein-Raevski isə bu gün Laçında keçirilən bayram tədbirlərində İsrailin də iştirak etməli olduğunu vurğulamaqla demək istəyir ki, 44 günlük İkinci Qarabağ müharibəsində İsrail də Azərbaycana yaxından dəstək verib. Eyni zamanda, o bu “canıyananlığı” ilə öz aləmində həm də aramızı vurmağa çalışır. Hərçənd ki, Raevski kimi zavallılar əsla Azərbaycanla İsrailin arasını vurmaq iqtidarında deyillər.
Beləliklə, ənənəvi düşmənlərimiz bugünkü Laçın sammitindən ciddi şəkildə narahat olublar. Ancaq düşmənlərimizə heç cürə çatmayan çatmayan ən incə məqam isə budur ki, nə birlik, nə də həqiqi dostluq, müttəfiqlik təsadüfi olmur.
Bilirsiniz, bu incə həqiqət onlara niyə çatmır?
Çünki nə Rusiyanın, nə İranın, nədəki Ermənistanın həqiqi dostları var. Bu üç ölkənin və üç millətin (rus, fars, erməni) heç birinin liderinin Pakistanın Baş naziri Şahbaz Şərif kimi, “Pakistanın bəxti gətirib ki, Türkiyə və Azərbaycan kimi səmimi qardaşları var” sözlərini deyə biləcək qədər səmimi dostları, qardaşları, müttəfiqləri yoxdur.
Ümumiyyətlə, səmimi dostluq, müttəfiqlik keyfiyyətləri natura etibarilə Rusiya, İran və Ermənistan dövlətçiliyinə tamamilə yaddır. Ərdoğanın vurğuladığı “Üç dövlət, tək millət” anlayışı bu toksik düşmənlərimizin xarakteri, xisləti ilə heç cürə uyuşmur. Sadəcə olaraq etnopsixologiyaları buna hesablanmayıb.
P.S. Beləliklə, ənənəvi düşmənlərimizin reaksiyalarından bəlli oldu ki, bu gün Laçından üç ölkənin dünyaya verdiyi mesajlar dərhal lazımi ünvanlarına çatdı.