vaxtlı-vaxtında oxuyun! Bazar ertəsi, 8 sentyabr 2025
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Seyid Cəfər Pişəvəri (1892 - 1947)

«Haqqı almaq asan bir işdir, onu saxlamaq şərtdir»

Seyid Cəfər Pişəvəri (1892 - 1947)
BANK, BİRJA, SIĞORTA  
Kremlin maliyyə mənbələri hədəfdə 13:21 | 8 sentyabr 2025 | Bazar ertəsi Məqaləyə 127 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Kremlin maliyyə mənbələri hədəfdə

ABŞ və AB-nin yeni sanksiyaları Rusiyanın enerji bazarına məhdud təsir göstərəcək

XALİDƏ

MÖVZU İLƏ ƏLAQƏLİ

ABŞ administrasiyası və Avropa Birliyi (AB) ölkələri Rusiyaya qarşı yeni sanksiyalar paketi üzərində işləyir. Amma ekspertlər hesab edir ki, tədbirlərin enerji bazarına təsiri məhdud olacaq.

ABŞ maliyyə naziri Skott Bessent sentyabrın 2-də Rusiyaya əlavə sanksiyalar müzakirə etdiklərini açıqlayıb. Avropa Birliyinə üzv 26 ölkə isə avqustun 29-da yayımladıqları bəyanatda 19-cu sanksiya paketinin hazırlanmasının sürətləndirildiyini bildirib.

AB Şurasının prezidenti Antonio Kosta sentyabrın 5-də Ukrayna prezidenti Vladimir Zelenski ilə birgə mətbuat konfransında Rusiyaya təzyiqlərin artırılmasının vacibliyini qeyd edib və nümayəndə heyətinin bu məqsədlə Vaşinqtona gedəcəyini açıqlayıb.

Ekspertlərə görə, yeni sanksiyalar Rusiyanın iqtisadi imkanlarını məhdudlaşdıraraq müharibə potensialını zəiflətməyi hədəfləyir, lakin enerji bazarına yönəlmiş addımlar məhdud qalacaq.

ABŞ və AB, Ukrayna müharibəsinə görə 2022-ci ilin fevralından bəri Rusiyaya qarşı müxtəlif məhdudlaşdırıcı tədbirlər tətbiq edir. Vaşinqton xüsusilə Rusiya nefti və qazı alan ölkələri izləyir. Avqustun 27-də Hindistana “Rus nefti aldığına görə” əlavə 25% tarif tətbiq olunub.

Avropa Birliyi indiyədək 18 sanksiya paketi qəbul edib. Bu tədbirlər ticarət, maliyyə, enerji, sənaye, texnologiya, nəqliyyat, lüks məhsullar, qızıl və almaz kimi strateji sahələri əhatə edib. Rus banklarının SWIFT sistemindən çıxarılması və dəniz yolu ilə daşınan xam neftin AB-yə idxalına qadağa da bu paketlərdə yer alıb.

 

19-cu paketdə enerji məhdud olacaq

 

“Energy Aspects” institutunun geosiyasi araşdırmalar bölməsinin rəhbəri Riçard Bronz (Richard Bronze) bildirib ki, sentyabr boyu ABŞ administrasiyası əlavə sanksiyaları müzakirə edəcək. Onun sözlərinə görə, bu müddətdə Rusiyadan neft və qaz alan ölkələrə 500%-lik gömrük vergisi nəzərdə tutan qanun layihəsi də Konqresin gündəminə qayıda bilər.

Bronz deyib ki, AB-nin 19-cu sanksiya paketi sentyabr-oktyabr aylarında yekunlaşa bilər:

“İlk məlumatlar göstərir ki, yeni paketin yalnız məhdud hissəsi enerji bazarına fokuslanacaq. Rus nefti üçün qiymət tavanı tətbiqi sentyabrın 3-dən qüvvəyə minib. Üçüncü ölkələrdə Rusiya xam neftindən istehsal edilən məhsulların idxal qadağası isə 2026-cı il yanvarın 21-dən qüvvəyə minəcək”.

 

Sanksiyalar Kremlin gücünü zəiflətmədi

 

Bronz hesab edir ki, Qərbin məhdudiyyətləri enerji bazarında dəyişikliklər yaradıb, lakin Kremlin müharibə gücünü zəiflətməyib:

“Avropanın qaz idxalını azaltması ilə Rusiyanın boru kəməri ilə ixracı azalıb. Moskva isə neftini alternativ bazarlara yönəldib. Satıcılar yüksək daşınma xərclərini endirimlə kompensasiya etmək məcburiyyətində qaldı. Amma sanksiyalar Rus neftini qlobal bazardan nəzərəçarpacaq dərəcədə çıxara bilmədi. Çünki ABŞ hökumətləri sərt tədbirlərin neft qiymətlərini kəskin artıracağından ehtiyat edirdi”.

 

ABŞ qısamüddətli perspektivdə sərt addım atmayacaq

 

Norveçin Oslo Universitetindən tədqiqatçı Françesko Sassi (Francesco Sassi) də ABŞ-ın yaxın müddətdə Rusiya neftinə qarşı sanksiya tətbiq edəcəyini mümkün görmür:

“Tramp administrasiyası Moskva ilə birbaşa təmas qurmağa üstünlük verir, bəzi sahələrdə enerji əməkdaşlığını da nəzərdən keçirir. Buna görə də yaxın perspektivdə Rus neftinə qarşı sərt məhdudiyyətlər gözlənilmir. Lakin ABŞ və AB-nin Ukrayna müharibəsi mövzusunda yanaşmaları getdikcə ayrışır. Bu isə Kremlin istifadə edə biləcəyi strateji boşluq yaradır. Enerji də həmin boşluqlardan biridir”.