vaxtlı-vaxtında oxuyun! Cümə, 15 dekabr 2017
ABŞ dolları 1 USD = 1.7001 AZN
Avro 1 EUR = 2.0116 AZN
Rusiya rublu 1 RUB = 0.0290 AZN
İngilis funt sterlinqi 1 GBP = 2.2843 AZN
Türk lirəsi 1 TRY = 0.4459 AZN
Heydər Əliyev (1923 - 2003)

«Tariximiz bizim üçün dərs olmalıdır. O, heç nəyi silmir»

Heydər Əliyev (1923 - 2003)
MÜSAHİB  
10:34 | 12 avqust 2017 | Şənbə Məqaləyə 448 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

ABŞ səfirliyində «atom bombası» müzakirələri

Eyyub Hüseynov: «Prezidentin GMO-ya qarşı çox əhəmiyyətli qərarları var... Orada yazılır ki, tərkibində GMO olan mal ekoloji təmiz hesab olunmur»

E.MƏMMƏDƏLİYEV

MÖVZU İLƏ ƏLAQƏLİ

Genetik Modifikasiya Olunmuş (GMO) məhsulların xərçəng, sonsuzluq, allergiya kimi ağır xəstəliklərə yol açması haqda kifayət qədər məlumatlar var. Lakin yayılan informasiyalar faktlarla bərkidilmədiyindən, onların doğru olmasını birmənalı qəbul etmək də çətindir.

Ən müxtəlif mənbələrdə GMO məhsullarının ziyanı haqda çeşidli yazılar var, amma konkretlikdən uzaqdır. Məsələn, əqrəb geni vurulmuş kartofun insan sağlamlığına ziyanlı olduğu deyilir. Həmin əqrəbi isə çinlilər yarıbişmiş, bişmiş hətta çiy şəkildə - diri-diri yeyirlər. Bu, bir faktdır. Əqrəbin geni kartofun tərkibində insan bədəninə düşüb ziyan vurursa, bu gün yer üzündə çinli qalmamalı idi. Amma Çin əhalisinin sayına görə dünyada ilk yerdədir.

Bəs, gen mühəndisliyi sayəsində alınan məhsullar niyə bu qədər səs-küyə səbəb olur? Niyə dünyaca məşhur «Greenpeace» təşkilatı GMO məhsullara qarşı çıxır?

Məlumat üçün deyək ki, təşkilat illərdir GMO tərkibli məhsulların siyahısını dərc edir. Həmin siyahıda bütün dünyada tanınan şirkətlərin məhsulları liderdir. Yayılan siyahıdan aydın olur ki, pulumuzu verib özümüzü - ən əsası övladlarımızı zəhərləyən məhsullar alırıq.

«Greenpeace»in elan etdiyi GMO istehsalçılarının qara siyahısı belədir:


1. «Snickers»

2. «Campbell» supları

3. «Uncle Bens Mars» düyüsü

4. «Lipton» çayı

5. «Mars, M&M»

6. «Twix»

7. «Milky Way»

8. «Cadbury» («Kedberi») şokolad, kakao

9. «Ferrero»

10. «Nestle» şokoladı

11. Alkaqolsuz içki «Coca-cola» (Koka-kola)

12. «Nestle Nesquik» şokoladlı içki

13. «Sprite», «Fanta», «Kinli», «Fruktaym»

14. Pepsi-Co Pepsi

15. «7-up», «Fiesta», «Mountain Dew»

16. «Kellogg’s» quru səhər yeməkləri

17. «Knorr» sousları

18. «Parmalat» peçenyeləri

19. «Hellman’s» sousları, mayonezləri, qatqıları (ədviyyat)

20. «Heinz» sousları, mayonezləri, qatqıları (ədviyyat)

21. «Nestle» uşaq qidası

22. «Hipp»

23. Abbot Labs Similac

24. «Denon» yoqurtları, kefir, pendir, uşaq qidası

25. «McDonald’s» (Makdonalds) restoranlar şəbəkəsi

26. «Kraft» şokoladları, çipsi, kofe, uşaq qidası

27. «Heinz Foods» ketçupları, sousları

28 «Delmi» Unilever məhsulları, uşaq qidaları...


***


«Azad İstehlakçılar» İctimai Birliyinin (AİİB) sədri Eyyub Hüseynov deyir ki, GMO atom bombasına bərabər silahdır, ölkəmizdə isə bu sahədə durum bərbaddır:


- Azərbaycanda cin şüşədən çoxdan, lap çoxdan çıxıb. Azərbaycan qaçqın problemi yaşayıb. Ölkəyə humanitar yardımlar sırasında humanitar toxumlar daşınıb. Humanitar yüklər isə yoxlanılmır. Azərbaycanda GMO bitkiçiliyi, əkinçiliyi geniş yayılıb. Ölkədə mövcud olan və GMO-nu müəyyən etməli olan laboratoriyaları ötən il test etdim. Braziliyadan üzərində GMO məhsul olduğunu təsdiqləyən nişan olan 5 ayrı növ yağ gətirdim. Həmin yağları 2 hissəyə böldüm. Bir hissəsini Gömrük Komitəsinin laboratoriyasına, bir hissəsini isə «Qosstandart»ın laboratoriyasına təqdim etdim.

Birinci laboratoriya yazdı ki, yağlar ekoloji təmizdir, ikinci laboratoriya yazdı ki, GMO tərkiblidir. Ölkədəki durum budur. Sərhəddən ölkəyə GMO məhsulu ona görə rahatlıqla yol tapa bilir. Azərbaycanda yetişdirilən bitkilərin əhəmiyyətli hissəsi GMO tərkiblidir. Həmin bitkilərin məhsulları da müvafiq olaraq GMO tərkibli hesab olunur. Əhali bilməlidir ki, bazardan, çoxsaylı aqromarketlərdən aldığı toxumdan yetişdirilən bitkidən alınan toxum yetişmirsə, bar vermirsə, verirsə belə yöndəmsiz, əyri-üyrü məhsul ərsəyə gəlirsə, deməli, toxum GMO tərkiblidir. Qarpız, soğan, çuğundur, pomidor və sair məhsulların böyük əksəriyyəti ekoloji təmiz məhsul deyil, yəni GMO tərkiblidir. Yer üzərində soyanın 98 faizi GMO tərkiblidir.


- Soyadan alınan məhsullar hansılardır?

- Soyadan süd, yağ, pendir, un, quş yemi, mayonez alınır, körpə qidalarının tərkbinə vurulan maddələrin əksəriyyəti də soya tərkiblidir. Azərbaycanda mükəmməl laboratoriya yoxdur ki, bu sahədə mükəmməl ekspertiza aparılsın. Ölkə prezidenti GMO-ya qarşı çox əhəmiyyətli qərarları var. Çox təəssüflər olsun ki, həmin qərarlar işlək deyil, GMO məhsullarının təbliğatını aparanlar da ölkədə az deyil.


- Kimlərdir həmin şəxslər?

- Özlərini mütəxəssis adlandıran şəxslərdir. GMO dünyada çox sürətlə yayılır və dünya dövlətlərinin hökümətlərinə təsir göstərir.


- Demək istəyirsiz ki, həmin şəxslər hökümətdədirlər?

- Dəfələrlə məni səfirliklərə çağırıblar. Ümumdünya Ticarət Təşkilatının emissarları dəfələrlə AİB ofisinə gəliblər. Onlar GMO-nin əleyhinə fikirlərdən daşındırmağa yönəlik çağırışlar edirlər.


- Hansı səfirliklərə çağırılmısınız?

- ABŞ səfirliyində GMO ilə bağlı müzakirələrimiz olub. Məni inandırmağa çalışırlar ki, GMO deyildiyi qədər də ziyanlı deyil, GMO bəşəriyyəti aclıqdan xilas edir. GMO ilə bağlı 7 ölkədə müxtəlif müzakirələrdə iştirak etmişəm. Londonda GMO hazırlayan alimlə də söhbətim olub. O, GMO hazırlanmasının sirlərini açıqlayıb. Bir daha əmin olmuşam ki, çox təhlükəli bir tədqiqatdır. Bu tədqiqatın obyekti dünya bioaləmidir. GMO normal bir şey olsaydı, Birləşmiş Millətlər Təşkilatının Ətraf mühitin Biomüxtəlifliyinin qorunmasına dair sənədi olmazdı. Həmin sənədi 153 ölkə ratifikasıya edib. Həmin sənəddə GMO-nun ətraf mühitə mənfi təsiri və qarşısının alınması üçün görülməli olan tədbirlər əksini tapıb. GMO-nun ətraf mühitin, müvafiq olaraq insanların yaşayış mühitinin pisləşməsində neqativ planda rolu danılmazdır.


- GMO-nun neqativ təsiri özünü necə göstərir?

- Sabirabadda təcrübə aparıram. GMO tərkibli qarpızla aborogen qarpızı hər il əkdirirəm. Bir-birinə yaxın və uzaq məsafədə qarpızlar əkilir. GMO qarpız növünün aborogen - qədim qarpız növünü necə məhv etməsini gözümlə müşahidə etmişəm. Azərbaycana GMO toxumlar gətirilənə qədər 10-a yaxın qarpız növü vardı. Bu gün isə onlar yox olub, yerini yalnız kiçik tumlu, iri həcmli, gec xarab olan, qışda və yayda satılan qarpız növü tutub. Ehtimalım var ki, həmin qarpız da GMO-dur.


- GMO-nun insan orqanizminə təsiri haqda məlumatlar ziddiyyətlidir. «Yaxşı» GMO, «pis» GMO varmı?

- GMO-nun təbabətdə tətbiqi yaxşı nəticələr verir. Misal üçün, deyək ki, insulin - şəkər xəstələrinin əvəzolunmaz dərmanı GMO-dan alınır. İnsulin olmasaydı, şəkər xəstəliyinə tutulmuş insanların böyük əksəriyyəti həyatla vidalaşardılar. Bitkinin DNK-sı genetik modifikasiya yolu ilə dəyişdirir. Kartofa əqrəb, çuğundura balıq geni köçürülür. Bu köçürülmə bitkinin müxtəlif təsirlərə qarşı - soyuğa, istiyə, quraqlığa qarşı davamlılığını, məhsuldarlığını artırır. Belə məhsullar daha gözəgəlimli, xoş iyli, dadlı olur. Allah insanı yaradanda bədənimizdə təbiətdə olan və qida şəkilində qəbul etdiyimiz məhsulları həzm etməmiz üçün hormonları da bizə bəxş edib. GMO tərkibli məhsulların insan bədənində həzmi üçün hormonlar yoxdur. Mahiyyətində heyvan geni olan bitkinin məhsulunu həzm etmək üçün insan orqanizmi hormona malik deyil. Belə məhsulların tərkibi sərbəst radikallar şəklində orqanizmimizə yapışır və xərçəng xəstəliyi əmələ gətirir. Hər kəs ətrafında xərçəngə mübtəla olmuş insanlarının sayının artmasının fərqindədir. İnsanlar bunu görür, amma GMO məhsul almaqdan da çəkinmirlər. Çünki belə məhsulların reklamı dayanmır, belə məhsulların yayılmasının qarşısının alınması üçün tədbir görən demək olar ki, yox səviyyəsindədir.


- Deyirsiniz ki, ABŞ səfirliyində sizinlə söhbət aparıb GMO məhsullara münasibətinizi dəyişmək istəyiblər. Söhbətin detallarını açıqlaya bilərsiniz?

- Mənə izah etməyə çalışırdılar ki, GMO məhsulları vasitəsi ilə bəşəriyyəti aclıq bəlasından qurtarmağa çalışırlar. GMO tərkibli bitkilərin məhsulları daha dadlı, daha məhsuldar olmasından danışırdılar. Mən də bildirdim ki, GMO tərkibli məhsulların qeyd etdikləri xüsusiyyətlərini danmıram, amma belə bitkilər yer üzündə olan qədim bitki növlərinin sıradan çıxmasına, məhv olmasına gətirib çıxarır. Eyni ləkdə əkilən GMO və aborogen bitki üzərində aparılan təcrübə göstərir ki, sonuncu ən yaxşı halda eybəcər məhsul ərsəyə gətirir, çox vaxt isə məhv olur. Ətraf mühitin biomüxtəlifliyi də məhv olur. Misal üçün, Kolorado böcəkləri bu gün Azərbaycanda yox olub. Ölkəyə GMO tərkibli kartof toxumları gətirilənə qədər isə Kolorado böcəkləri vardı və onlar kartof bitkisinin yarpaqları ilə dolanıdrdılar. Həmin böcəklərlə qidalanan başqa canlılar da qırılıb-tükəndilər. Biomüxtəliflik zənciri qırıldı. Məlumat üçün deyim ki, ABŞ-da GMO tərkibli məhsulların qiyməti ilə ekoloji təmiz məhsulların qiyməti arasında 20 faizlik fərq var. Hətta ictimai iaşə obyektləri də bu baxımdan bölünüblər. Ekoloji təmiz məhsullardan hazırlanan qidalar satan kafe-restoranlarla yanaşı GMO məhsullardan istifadə edən kafe-restoranlar var.


- Azərbaycan qanunları GMO məhsullarının fərqləndirilməsini tələb edirmi?

- 6 il əvvəl ekoloji təmiz kənd təsərrüfatı məhsulları ilə bağlı çox yaxşı bir qanun qəbul olunub. Qanunda yazılır ki, tərkibində GMO olan mal ekoloji təmiz mal hesab olunmur. Çox əhəmiyyətli bir qanundur. Göstərilir ki, Azərbaycanının əmtəə bazarında satılan və tərkibində GMO olan mallar markalanmalıdır. Qanunlar çox yaxşıdır, amma icrası havada qalıb.


- Azərbaycanda GMO tərkibli məhsullar istehsal edən şirkətlər varmı?

- Əlbəttə. «Qarabağ» MMC var, qarğıdalı əkini ilə məşğuldur. Kürdəmirdə, İmişlidə əkin sahələri var. Bir neçə il öncə açıqlama verdilər ki, məhsuldarlığın bir neçə dəfə artırılması ilə fəxr edirlər. Həmin MMC GMO qarğıdalı əkir. Mən buna əminəm. Tarix boyu Azərbaycanda o cür yüksək məhsuldarlıq olmayıb. Həmin qarğadalı əsasən quş yeminə qarışdırılır. İstisna etmirəm ki, bu gün bazarlarda piştaxtalara çıxan meyvə-tərəvəzin, məhsulların böyük hissəsi GMO tərkiblidir.


- Necə düşünürsünüz, həmin məhsuldarlığa gübrələr vasitəsi ilə nail olmaq mümkün olmaz?

- Əlbəttə ki, mümkün deyil. GMO-nu yaradanlar da məhz bunu deyirlər ki, gübrə ilə məhsuldarlığı GMO tərkib olmadan dəfələrlə artırmaq mümkün deyil.


- Azərbaycanda sırf qida istehsalı ilə məşğul şirkətlərdən hansılar GMO məhsullarına daha çox üstünlük verir?

- Azərbaycanda daha çox GMO tərkibli xammaldan istifadə olunur. Ümumiyyətlə isə hansı məhsulun tərkibində soya varsa, o, GMO məhsul hesab olunur. Üzərində işarə olmalıdır ki, ekoloji təmiz məhsul deyil. Açıq şəkildə malın üzərində yazılmalıdır ki, tərkibində GMO var. Qanun bunu tələb edir.


- ABŞ-da GMO ilə bağlı vəziyyət necədir?

- Yaxşı deyil. ABŞ, Kanada, Argentina GMO istehsalçılarıdır. Onların sayəsində GMO məhsulları dünyanı fəth etməkdədir. Lakin bir neçə Afrika ölkəsi də var ki, aclıq çəkir, amma GMO-nu qadağan edib, buna qarşı böyük mübarizə aparır. ABŞ-da ixtisasartırma kursunda olduğum 1 ay ərzində Ümumdünya Ticarət Təşkilatının baş ofisinə də getmişdik. Orada GMO məhsullarını müsbət xarakterizə edib bəzi dünyada tanınan QHT-lərin ABŞ məhsullarını bu yöndən antireklam etdiyini dedilər. Rəhbəri olduğum AİB-in GMO-ya qarşı olduğunu söylədim. Bildirdim ki, GMO atom bombasına bərabər silahdır. Atom bombası da, GMO da dünyada biomüxtəlifliyi məhv edir.


   

şərhləri göstər

DİQQƏT!

Əziz oxucular. Mövzudan kənar, müəllifin şəxsinə və təhqir sözlər olan şərhlər yolverilməzdir. Sadaladıqlarımızdan savayı bütün fikirləriniz bizim üçün dəyərlidir.

Hələlik rəy yoxdur.

Şərh əlavə etmək

* Daxil edilməsi vacibdir
(göstərilməyəcək)
 
Smile Sad Huh Laugh Mad Tongue Crying Grin Wink Scared Cool Sleep Blush Unsure Shocked
 
1000 ədəd
 
Yeni şərhlər barədə mənim email ünvanıma məlumat göndər.
 
Mənim blankımdakı məlumatları bu kompüterin yaddaşında saxla.
 
Mən şərtləri. oxuyub tanış olmuşam və qəbul edirəm *