vaxtlı-vaxtında oxuyun! Çərşənbə axşamı, 19 mart 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Fikir müxtəlifliyi təbii hadisədir. Hamı bir boyda ola bilmədiyi kimi, eyni fikirdə də ola bilməz»

Heydər Əliyev (1923 - 2003)
SAHİBKARLIQ  
12:39 | 19 fevral 2019 | Çərşənbə axşamı Məqaləyə 2555 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Bakının mərkəzində brend mağazalar bağlanır

Təmtəraqlı, lüks mallar düzülən vitrinlər boş qalıb

Nərgiz LİFTİYEVA

Bir neçə il öncə şəhərin mərkəzi küçələrini dünyanın müxtəlif brendlərinin təmtəraqlı, işıqlı, vitrini göz oxşayan dükanları bəzəyirdi. İndi isə əsasən varlı təbəqənin müraciət etdiyi bu dükanların bir çoxunun yalnız boş divarları qalır və üzərində “icarəyə verilir”, “for rent” sözləri yazılıb. Sonuncu - ingilis dilindəki ifadə çox güman ki, xarici investorların diqqətini çəkmək üçün qeyd edilib. Paytaxtın Neftçilər prospekti, Üzeyir Hacıbəyov, Zərifə Əliyeva küçələri boyunca onlarla bağlanan bahalı mağazalara rast gəldik. Əksər dükanların üzərinə telefon nömrələri qeyd edərək yeni sahibkar axtarışına başlanılıb. Bəzi mağazaların üzərindən keçmiş şirkətin loqosu hələ sökülməyib. Bağlanan mağazalar arasında həm geyim, həm bijuteriya, zərgərlik məhsulları, həm də elektronika satılanlara rast gəlmək olar.

Bəzi mağazaların üzərində isə “tezliklə bağlanırıq”, “bütün mallar maya dəyərindən ucuz qiymətə” kimi elanlar yazılıb.  Nə qədər endirim elanları yazılsa da, kasıb təbəqə bu dükanlardan nəinki alış-veriş etməyi, qiymət soruşmağı belə ağlına gətirmir. Əvvəlki imkanlı alıcılar da olmadığından bahalı mağazaların əksəriyyətinin boş qaldığını müşahidə etdik. Brend dükanların bağlanma səbəbi isə bir deyil, bir neçə istiqamətlidir. İcarə haqlarının hədsiz dərəcədə baha olduğu şəhərin mərkəzi nöqtələrində bu dükanların fəaliyyətini dayandırma səbəbləri həm alıcılığın azalması, həm də uzun illər boyu “qara mühasibatlığa” alışmış sahibkarların yeni, şəffaf  vergi-gömrük qaydaları ilə az qazanca qane olmaq istəməmələri ilə izah edilir.

Şəhərin mərkəzi küçəsində icarəyə verilən obyektlərin telefonlarına zəng edərək, icarə haqlarını öyrənməyə çalışdıq. Obyektlərdən birinin  aylıq 6 min manata icarəyə verildiyini, ərazisinin 280 kvadratmetr olduğunu öyrəndik. 80 kvadratmetrlik digər bir obyektin qiyməti isə 2500 manatdır.

Milli  Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov bu şirkətlərin xaricdən mal gətirməsi ilə bağlı müəyyən problemlərinin ola biləcəyinə diqqət çəkdi: “Brend mağazaların bağlanması ilə bağlı məlumatlar var.  Ola bilər ki, bu brend mağazalar əlaqəli olduğu xarici şirkətlərdən artıq mal gətirə bilmirlər.  Ola bilər müəyyən problemləri var. Açılan mağazaların da sayı çoxdur. Bu, normal bir tendensiyadır, biri bağlanır, yerində digəri açılır. Buna adi baxmaq lazımdır. İndi də brend mallara tələbat var. Bəzi insanlar var ki, məhz bu kateqoriyadan olan mallardan istifadə edirlər”.

İqtisadçı ekspert  Rəşad Həsənov da açıqlamasında son illər əhalinin alıcılıq qabiliyyətinin azaldığını və bu səbəbdən bahalı brend mağazaların bağlandığını vurğuladı: “Təxminən 10 il öncəni yada salsaq, deyə bilərik ki, neft pullarının axın etdiyi dövrdə Azərbaycana lüks kateqoriyalı malların axını müşahidə olunmağa başladı. Bu pullar ədalətli və ya qeyri-ədalətli yollarla, hansısa formada bazara axırdı, eyni zamanda manatın məzənnəsi möhkəmlənirdi. Bu fonda brend mallar üçün bir bazar formalaşmışdı, alıcılıq var idi. Bu alıcılıq şirkətləri cəlb edirdi. Azərbaycanlı biznesmenlər də bu prosesi izləyərək o qənaətə gəlirdilər ki, brend məhsulların Azərbaycanda satışını təşkil etmək olar. Distrübütorluqlar götürülürdü, yeni dükanlar açılırdı. Ancaq 2015-ci ildən sonra relyef dəyişdi, mərhələli şəkildə geriləmə gedir”.

İqtisadçının sözlərinə görə, artıq imkanlı insanlar da müəyyən qədər qənaətli rejimə keçiblər: “Çünki 2015-ci  ildə vəziyyət pisləşəndə, insanların müəyyən qədər yığımı var idi. Ancaq ötən 4 ildə bu vəsaitlər də əldən çıxdı, xərcləndi. Müəyyən kateqoriya insanlar var idi ki, onlar lüks kateqoriyalı məhsullar istehlak edirdilər. Artıq həmin insanlar bu yığımlarını da tükədiblər, müəyyən qədər qənaətli xərcləmələr edirlər. O baxımdan alıcılıq qabiliyyəti kəskin aşağı düşüb. Bu mağazaların əksəriyyəti elə ərazilərdə yerləşir ki, orada icarə haqları çox bahadır. Həmin müəssisələr indiki dövrdə cəlbediciliyini və biznes effektivliyini itirib, mərhələli şəkildə Azərbaycan bazarını tərk edirlər. Əgər biz ümumi rəy vermiş olsaq deyə bilərik ki, ölkədə alıcılıq zəifləyib, o səbəbdən bu şirkətlər ölkədən çıxırlar”.

Qeyd edək ki, son 3 ildə  dolların bahalaşmasından sonra bütün məhsullar, o cümlədən brend məhsullar da bahalaşmış oldu. Bundan əlavə, lüks mallara tətbiq olunan vergilərin artırılması, həmçinin gömrük sistemində şəffaflığın təmin olunmasından sonra bütün məhsulların gömrük rüsumuna cəlb edilməsi brend  malların da  qiymətinin bir neçə dəfə artmasına gətirib çıxartdı. Digər tərəfdən, son günlər brend mağazadakı malların saxta olub-olmaması məsələsi də gündəmdədir. Bu mənada əhalinin imkanlı təbəqəsi son illərdə daha çox xarici ölkələrdə şopinq etməyə üstünlük verir. Nəticədə daxili bazarda alıcılıq azalır və yüksək icarə haqları fonunda fəaliyyət göstərməyin səmərəsiz olduğunu görən iş adamları mağazaları bağlamaq məcburiyyətində qalırlar.