vaxtlı-vaxtında oxuyun! Çərşənbə axşamı, 12 noyabr 2019
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.928 AZN
1 Rusiya rublu 1 RUB = 0.0258 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 2.2014 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.3228 AZN
Heydər Əliyev (1923 - 2003)

«Azadlıq və istiqlaliyyət hər bir xalqın milli sərvətidir»

Heydər Əliyev (1923 - 2003)
BANK, BİRJA, SIĞORTA  
09:05 | 2 avqust 2019 | Cümə Məqaləyə 549 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Dolları və manatı nə gözləyir?

FED uçot dərəcəsi aşağı saldı, Tramp narazı qaldı

Dünya SAKİT

MÖVZU İLƏ ƏLAQƏLİ

ABŞ Federal Ehtiyat Sisteminin (FED) Açıq Bazar Əməliyyatları Komitəsinin növbəti iclası iyulun 31-də baza uçot dərəcəsinin 0,25 faiz azaldılması barədə qərarın qəbul olunması ilə başa çatıb. Bu, son 10 ildə - 2008-2009-cu illərin maliyyə böhranından bəri ABŞ tənzimləyicisinin uçot dərəcəsi ilə bağlı ilk azalma qərarıdır.

Belə ki, 2008-ci il 16 dekabrda ABŞ-da uçot dərəcəsi rekord şəkildə aşağı salınaraq 0-0,25 faiz həddində müəyyən olundu və 7 il ərzində dəyişməz qaldı. 2015-ci ilin dekabr ayında ABŞ-da işsizlik səviyyəsinin 2008-ci ilin fevralından ən aşağı səviyyəyə (5 faiz) düşməsi fonunda FED ilk dəfə olaraq uçot dərəcəsini 0,25-0,5 faizə kimi artırdı. 2018-ci ildə isə tənzimləyici 4 dəfə artım qərarı alıb. FED sonuncu dəfə bu il iyunun 20-də uçot dərəcəsinin 2,25 - 2,5 faiz səviyyəsində saxlanılmasına qərar vermişdi. İyulun son günündə qəbul edilən qərarı analitiklər əvvəlcədən proqnozlaşdırmışdılar. Sadəcə, müzakirələr artımın 0,25, yoxsa 0,5 faiz olacağına dair idi.

FED-in qərarla bağlı press-relizində qeyd olunur ki, uçot dərəcəsinin azaldılması qərarı qlobal iqtisadi inkişaf və aşağı inflyasiya səviyyəsi ilə bağlıdır. Tənzimləyicinin fikrincə, uçot dərəcəsinin endirilməsi iqtisadi aktivliyi artıracaq, əmək bazarında canlanma yaradacaq, həmçinin inflyasiyanı proqnozlaşdırılan 2 faiz səviyyəsində saxlamağa imkan verəcək. Qurum həmçinin qlobal iqtisadi inkişafla bağlı qeyri-müəyyənliyin olduğunu da qeyd edib.

FED-in növbəti toplantısı 17-18 sentyabrda keçiriləcək. Ona qədər tənzimləyici əmək bazarı, inflyasiya barədə statistikanı izləyəcək, həmçinin dünya iqtisadiyyatında vəziyyəti diqqətdə saxlayacaq. Tənzimləyicinin uçot dərəcəsini azaltmaq qərarına səbəb kimi inflyasiya rəqəmlərinin uzun müddət FED-in hədəfi olan 2 faizdən aşağı olması, cari ilin 2-ci rübündə illik iqtisadi artım tempinin 1-ci rübə nisbətən 1 faiz bəndi aşaği düşməsi, ötən ildə iqtisadi artım tempinin yeni statistik məlumatlar sayəsində 3 faizdən 2.5 faizə endirilməsi, ticarət müharibələri və geosiyasi gərginliyin səngiməməsi kimi amillər qeyd olunur. Hesab olunurdu ki, bu amillər FED-in yumşaq pul siyasətinə keçid etməsini, yəni faiz dərəcələrinin endirilməsini şərtləndirir.

Beynəlxalq analitiklər hesab edirlər ki, FED-in qərarına təsir edən əsas amillərdən biri də Avropa Mərkəzi Bankının siyasətidir. Belə ki, iyulun 25-də bu qurum uçot dərəcəsini rekord aşağı səviyyədə - 0 faizdə saxlayıb. Eyni zamanda bazar iştirakçılarında bu göstəricinin Avropa tənzimləyicisi tərəfindən sentyabrda daha da aşağı mənfi 0,5 faizə salınacağına dair rəy formalaşıb. Belə kəskin aşağı uçot dərəcəsi şəraitində isə ABŞ valyutası, həmçinin bu ölkədə istehsal olunan məhsullar rəqabət qabiliyyətini itirəcək.

Uçot dərəcəsinin endirilməsi qərarının digər səbəbi kimi ABŞ prezidenti Donald Trampın quruma davamlı təzyiqləri çıxış edir. Belə ki, Tramp ötən ildən başlayaraq uçot dərəcəsinin radikal şəkildə endirilməsinin zəruriliyi barədə çıxışlar edir, özünün “Twitter” hesabından FED-ə təkliflər yazırdı. FED-in iclası ərəfəsində ABŞ prezidenti azalma qərarının, özü də daha radikal səviyyədə alınmasının gərəkdiyini açıqlamışdı. Bildirmişdi ki, onu 0,5 faizlik endirim qane edir. Buna görə də 0,25 faizlik edirimdən narazı qalıb. O, həmçinin  FED rəhbəri Cerom Pauellin qərarla bağlı açıqlamasından da narazı qalıb. D.Tramp hesab edir ki, bazar Pauelldən gözlədiyini eşidə bilməyib: “Bazar Cey Pauell və Federal Ehtiyat Sistemindən uçot dərəcəsinin Çin, Avropa Birliyi və digər dünya ölkələri ilə ayaqlaşmağa imkan verəcək uzunmüddətli və aqressiv azaldılması qərarını eşitmək istəyirdi”.

FED rəhbərinin qərarla bağlı çıxışından sonra fond bazarlarında ucuzlaşma qeydə alınıb. Belə ki, sənaye indeksi olan “Dow Jones” 1,23 faiz, geniş bazar indeksi S&P 500 1,09 faiz, yüksək texnologiyalar indeksi “Nasdaq” isə 1,19 faiz aşağı düşüb.

Ucuzlaşma Asiya bazarlarında da qeydə alınıb. Belə ki, Honkonqun “Hang Seng”i 0,56 faiz, Şanxayın “Shanghai Composite” indeksi 0,41 faiz, “China A50” isə 0,3 azalıb.

Ucuzlaşma tendensiyası neft və qızıl bazarında da hiss olunub. Belə ki, Brent nefti bir gün əvvəlki 65 dollardan 64 dollara düşüb, qızıl isə 1,7 faiz dəyər itirib.

İqtisadçı-ekspert, İqtisadi və Sosial İnkişaf Mərkəzinin rəhbəri Vüqar Bayramov bildirir ki, FED-in son qərarına rəğmən dollar həm Avropa, həm də əsas aparıcı Asiya valyutalarına nisbətən möhkəmlənib: “Əvvəla, investorlar 50 bənd azalmanın olacağını gözləsələr də, FED 25 bəndlə kifayətləndi. İkincisi, FED-in qərarı elan edən zaman yayılan açıqlama valyuta bazarına birbaşa təsir göstərdi. Belə ki, FED yeni azalmaların gündəmdə olmadığını bəyan edib. Üçüncüsü, bir sıra mərkəzi bankların, o cümlədən Avropa Mərkəzi Bankının yeni uçot stavkası azalmalarının olacağı ilə bağlı bəyanatı da bazara təsir etməkdədir. FED-in qərarından sonra avro 1.10 dollaradək ucuzlaşıb. Bunun digər səbəbi də Avropa Mərkəzi Bankının növbəti ayın 12-də ehtimal olunan stavka azalmaları ilə bağlıdır. Göründüyü kimi, dolların ucuzlaşması nə qlobal, nə də regional gündəmdədir. Ağ Evin təsir və təzyiqləri ilə reallaşan 25 bəndlik azalma da ABŞ pulunun ucuzlaşdırmadı. Bu isə ondan xəbər verir ki, yığım vasitəsi kimi dollar yeni ən az riskli valyuta hesab olunur”.

FED qərarının Azərbaycan milli valyutasına təsirinə gəlincə, V.Bayramov hesab edir ki,  məzənnənin qorunub saxlanmasında Mərkəzi Bankın mövcud müdaxiləsi yenə də həlledici olaraq qalır: “Bununla belə, Mərkəzi Bank ilin sonuna doğru yeni ssenarilərə hazır olmalıdır. İlin sonunda dollara proqnozlaşdırılan tələb artımı fonunda manatın kursu həmçinin neftin dünya bazar qiymətindən və əsas qeyri-neft ixrac tərəfdaşlarımızdakı milli valyutaların məzənnəsindən asılı olacaq”.

Mərkəzi Bankın İdarə Heyətinin sədri Elman Rüstəmov isə Nazirlər Kabinetinin bu ilin 6 ayının yekunlarına həsr olunmuş iclasında bildirib ki, manatın məzənnəsi sabitdir və sabit olaraq qalır: “Xarici balansın müsbət olması, ixracın şaxələndirilməsi istiqamətində görülən işlər və valyuta təklifinin genişlənməsi və bazarda müsbət gözləntilər daxili valyuta bazarında əhəmiyyətli profisit yaradıb. Bütövlükdə bu gün Mərkəzi Bankın sterilizasiyası ilə birlikdə daxili valyuta bazarında 1 milyard ABŞ dollarından çox profisit mövcuddur. Bu isə bütövlükdə manatın məzənnəsinin nəinki bugünkü sabitliyinə, həm də bütövlükdə gözlənilən sabitliyinə təminat verir”.


   

şərhləri göstər

DİQQƏT!

Əziz oxucular. Mövzudan kənar, müəllifin şəxsinə və təhqir sözlər olan şərhlər yolverilməzdir. Sadaladıqlarımızdan savayı bütün fikirləriniz bizim üçün dəyərlidir.

Hələlik rəy yoxdur.

Şərh əlavə etmək

* Daxil edilməsi vacibdir
(göstərilməyəcək)
 
Smile Sad Huh Laugh Mad Tongue Crying Grin Wink Scared Cool Sleep Blush Unsure Shocked
 
1000 ədəd
 
Yeni şərhlər barədə mənim email ünvanıma məlumat göndər.
 
Mənim blankımdakı məlumatları bu kompüterin yaddaşında saxla.
 
Mən şərtləri. oxuyub tanış olmuşam və qəbul edirəm *