vaxtlı-vaxtında oxuyun! Cümə, 19 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Babək Xürrəmi (798 - 838)

«Bir gün azad yaşamaq, qırx il boyunduruq altında yaşamaqdan daha üstündür»

Babək Xürrəmi (798 - 838)
MÜƏLLİF  
23:34 | 21 fevral 2018 | Çərşənbə Məqaləyə 2848 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

71 yaşlı MƏLƏK

... Yaxud səsi, üzü, qoxusu min qat gözəl varlıq

Famil CƏFƏRLİ

71 yaşın mübarək, MƏLƏYİM!

Dünyada sevgilər çoxdur. Amma biri hamısından üstün və güclüdür, hamısının fövqündədir. Ana sevgisi...

Dünyada bəlkə də bütün sevgilərə izah var, birindən başqa. Ana sevgisinə...

Dünyada yalnız bir varlıq var ki, balası xəstələnəndə onun əvəzinə xəstə olmaq istəyir, «kaş sənin yerinə mən xəstələnəydim» sözünü ürəkdən deyir, övladının ağrısını içində doğrudan-doğruya yaşayır. Bu – anadır...

Dünyada «Mənim üçün ən gözəl, ən şirin, ən dürüst, ən munis, ən mehriban insan sənsən. Sən məni bir kəlmə demədən də başa düşən, köksünə arxayınlıqla sığındığım, məni bütün ağrı-acılardan qoruyan, mən ağlayanda güldürdüyün yeganə insansan» sözlərini birnəfəsə deyə biləcəyin bir insan var. O da anadır...

Dünyada hamı özü üçün yaşayır. Analardan başqa. Bu sirri hələ heç kim aça bilməyib ki, analar övladlarını niyə bu qədər çox sevir, niyə onların kədərinə kədərlənir, sevincinə sevinir, balası ac olanda ac olur, üşüyəndə üşüyür, darıxanda darıxır. Özü də bilə-bilə ki, övlad nə qədər yaxşı olsa da, nə qədər qədirbilən olsa da, bu hisslərin heç birinin əvəzini ona tam qaytara bilməyəcək... İstəsə də, bilməyəcək, bacarmayacaq...

Anasını sevməyən insanı təsəvvür etmək çətindir. Hər kəsin belə haqqı var. Hər kəsin bu sevgisini dilə gətirmək haqqı da var. Amma bu sevgini tam izah və təsvir edəcək güc heç kimdə yoxdur.

Uşaqlar anasının qanında-canında cəmi doqquz ay dövr edir. Ruhunda isə birdəfəlik. Onu oradan qopara biləcək heç bir qüvvə yoxdur, olmayıb, heç vaxt da olmayacaq...

Bu dünyada çoxunu sevmək olar. Bu dünyada çoxu tərəfindən sevilmək olar. Amma bu dünyada yalnız birinin sevgisinə doğrudan-doğruya möhtacsan. Ana sevgisinə... Bir dəfə oxumuşdum ki, yetimxanalarda «ANA» sözü hər şeydən müqəddəs və irəli olur – «Allah» sözü qədər. Ona görə də anasız böyüyən uşaqların keçmişi olmur deyirlər.

Bir dəfə müharibə dövrü uşaqlarının itirdikləri ata-anaları haqdakı xatirələrini oxumuşdum. Anası gözünün qabağında güllələnən 5 yaşlı bir uşaq deyirdi ki, almanlar anamı öldürəndə ağlamadım, çünki elə bildim dünya öldü, ağaclar öldü, quşlar öldü, hamı öldü, mən də öldüm... Bircə ağ qanadlı mələk qaldı. O – anam idi. Deyirdi ki, mən o vaxt da gözümü yumanda ağ qanadlı mələk görürdüm, indi – 51 yaşımda da. Deyirdi, anam olan yerdə sanki Allahın özü də vardı və dünya cənnətə bənzəyirdi.

Elə şeylər var onlar yalnız analara danışılar, bir də Allaha deyirlər... Südəmər körpə doyanda onun sevincindən bir ana xoşbəxt olar, bir də Allah deyirlər...

Dünyada ən gözəl səsi təsəvvür edin. Ananın səsi ondan min qat gözəldir.

Dünyada ən gözəl üzü təsəvvür edin. Ananın üzü ondan min qat gözəldir.

Dünyada ən gözəl ətri təsəvvür edin. Ananın qoxusu ondan min qat gözəldir.

Ən dadlı cörəyi, ən ləziz yeməyi o bişirir. Ən yaxşı paltarı o yuyur. Ən yaxşı gülləri o əkir. Ən yaxşı evi o bəzəyir. Ən isti qucaq onundur. Ən yaxşı sığal onundur. Səni ən şirin dillə, ən gözəl səslə o çağırır... Hər şeyin ən yaxşısı... Ən şirini... Ən gözəli... Ən munisi...

Həyat ona anaların gözü ilə baxınca gözəldir... Udduğumuz hava ona ananın nəfəsi qatılınca gözəldir...

...Bu pritçanı lap çoxdan, tələbə olanda oxumuşdum. Sonra onu anama da oxudum. Adi mətn kimi. Diqqətlə dinlədi, o gözəl, saf gözləri doldu. Kövrəlməyi onda mənə qəribə gəlmişdi. Səbəbini çox sonralar anladım. Üstündən bir qərinə keçib, amma yenə yadımdadır: Tanrı uşağı Yerə göndərəndə uşaq soruşur ki, bəs orada nə edəcəm, deyirlər ora pis yerdir, pis adamlar var... Tanrı deyir, qorxma, ora səndən qabaq səni qoruyacaq bir mələk göndərmişəm. Uşaq deyir, bəs onu yerdə necə tanıyacam. Tanrı deyir, eləcə «ana» deyərsən, o gəlib səni tapacaq, bağrına basıb bütün pis şeylərdən qoruyacaq...

71 yaşın mübarək, MƏLƏYİM!