vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 2 may 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Vətənpərvərlik insanın daxilindəki duyğulardır. Əgər bunlar yoxdrusa, o insan mənəviyyatsızdır»

Heydər Əliyev (1923 - 2003)
ELM-TƏHSİL, DİN  
13:02 | 19 fevral 2014 | Çərşənbə Məqaləyə 8458 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Şəxsiyyət yetişdirən təhsil

Pəri Süleymanlı: «Kurikulum proqramı müəllimdən təkmilləşmə tələb edir, zəhmət çəkmək istəməyənsə yeniliyi sevmir»

Sevil HİLALQIZI

MÖVZU İLƏ ƏLAQƏLİ

MÖVZUYA AİD FOTO

  • Xətai rayon Heydər Əliyev adına lisey
  • 1-ci sinifdə dərs
  • 1-ci sinifdə dərs
  • 1-ci sinifdə dərs
  • 1-ci sinifdə dərs
  • 3-cü sinifdə dərs
  • 3-cü sinifdə dərs
  • 3-cü sinifdə dərs
  • Liseyin 3-cü sinfi Xocalı soyqırımının 22-ci ildönümünə hazırlaşır
  • Xocalı soyqırımının 22-ci ildönümünə aid divar qəzeti
  • 3-cü sinif şagirdinin «Xocalı» rəsmi
  • Liseyin direktor müavini Pəri Süleymanlı
  • 4-cü sinifdə dərs
  • 4-cü sinifdə dərs

«Təhsil haqqında» 2009-cu ildə yeni qanun qəbul edilərkən Azərbaycan təhsil sisteminə yeni termin daxil oldu: kurikulum. Qanunda kurikulum (təhsil prоqramı) – təhsilin hər bir pilləsi üzrə təlim nəticələri və məzmun standartlarını, tədris fənlərini, həftəlik dərs və dərsdənkənar məşğələ saatlarının miqdarını, pedaqоji prоsesin təşkili, təlim nəticələrinin qiymətləndirilməsi və mоnitоrinqinin aparılması sistemini özündə əks etdirən dövlət sənədi kimi əks olunub.

6 ildir ki, Azərbaycanda yeni təhsil proqramı – kurikulum tətbiq olunur

 

Orta məktəblərdə artıq 6-cı ildir ki, dərslər kurikulumun tələbləri üzrə tədris olunur.  I-VI sinif dərslikləri yeni təhsil proqramları - kurikulum əsasında hazırlanır. Kurikulum əsasında hazırlanan təlim və metodları bəzi müəllimlər asanlıqla mənimsəsə də, bəziləri yeni təlim və texnologiyanı öyrənməyə, internet resurslarından istifadəyə çətinlik çəkir, ənənəvi tədris metodundan istifadə edir, zamanın tələblərindən geri qalır. «Müəllim üçün qaranlıq qalan bir məqam şagird üçün zülmətdir» deyiminə uyğun belə müəllimlər uğur qazanan şagirdlər də yetişdirə bilmir.

 

Nə, necə və nə üçün?

 

Təhsil Nazirliyindən isə bizə bildirildi ki, 2004-cü ildən fəaliyyətdə olan Xətai rayon Heydər Əliyev adına liseyin müəllimləri kurikulumun tətbiqi üzrə əksər orta məktəb müəllimlərinə nümunə sayıla bilər. Biz də yaxşı nümunəni cəmiyyətə çatdırmaq məqsədilə həmin məktəbdə olduq. Müəllimlər nə, necə və nə üçün tədris edir? Şagird və müəllimlərin bilik və bacarıqları necə qiymətləndirlir? Liseydə bu suallarımıza cavab tapmağa çalışdıq.

Məktəbin direktoru Fikrət Xəlilov bizi ibtidai siniflər üzrə direktor müavini Pəri Süleymanlı və birinci siniflər üzrə müavin Lamiyə Əliyeva ilə tanış etdi. Direktor müavinlərinin müşayiəti ilə biz I, III və IV siniflərin dərslərində iştirak etdik.

3 a sinfində «Azərbaycan dili» dərsində olduq. Mövzu Səməd Vurğunun yaradıcılığındandır.

 

Suallara hər komandanın öz kapitanı cavab verməlidir

 

35 şagird ənənəvi qaydada parta arxasında deyil,  qruplara bölünməklə 5 masa ətrafında əyləşiblər. Sinif müəllimi Laçın Rüstəmova mövzu ilə əlaqədar şagirdlərə verdiyi suala hər masadan şagirdlər aktiv cavab verir.  Şagirdlər şairin «Dağlar», «Azərbaycan», «Vətən ordusu», «Ceyran» şeirindən misralar səsləndirirlər. Müəllimə «Ceyran» şerini əhatəli öyrənmək üçün hər qrupa bir sual verərək bildirir ki, onlar öz komandalarına ad, komanda rəhbəri seçməklə və suallara yazılı cavab hazırlasınlar.

10 dəqiqə sonra şagirdlər «Ceyran haqqında bildiklərinizi yazın və şəklini çəkin», «Yay və süzmə» sözlərini  müxtəlif cümlələrdə işlədin», «Altından xətt çəkilən sözlərin mənasını araşdırın», «Ceyran şeiri necə meydana gəlib» və «Görkəmli şəxsiyyətlərin Səməd Vurğun haqqında fikirləri» tapşırıqlarını hər komanda üzrə bir yerə toplaşan şagirdlər dolğun və məntiqli cavablandırırlar. Şagirdlər arasında canlılıq və hərəkətlilik var.

 

Şagird müəllimdən, müəllim də şagirddən öyrənir

 

Lövhə qarşısında internet və müxtəlif mənbələrdən öyrəndiklərini bir-biri ilə paylaşan şagirdlər, bu üsulla həm də  bir-birlərindən öyrənirlər. Laçın Rüstəmova zarafatla: «Hətta bəzən mən bunlardan yeni fikirlər öyrənirəm» deyir və Elviranın «Çində gələn qonağa tünd çay süzmək, ondan narazı qalmaq deməkdir» cavabını təqdir edir. 

 

Qrupun tərkibi hər dəfə dəyişir ki, tənbəl şagird olmasın

 

Müəllimə bildirir ki, şagirdlər arasında tənbəllik yaranmaması üçün hər dərsdə şagirdlər eyni qrupa salınmır və hər qrupun rəhbəri müxtəlif şagirdlərdən seçilir ki, bütün şagirdlər prosesdə aktiv iştirak etsinlər.

Şagirdlərin dərs prosesində öyrəndiklərini möhkəmləndirmək üçün müəllim şagirdlərə əlavə suallar verir. Dərsin sonunda isə projektor vasitəsilə Səməd Vurğunun «Azərbaycan» şerinə dair sənədli film nümayiş edilir. Qeyd edək ki, daxil olduğumuz hər sinif projektor və kompüterlə təmin olunmuşdu.

 

Kurikulumun tətbiqi heç də həmişə uğurlu effekt vermir

 

Dərs üsulunu - qrup şəklində, kollektiv, şagirdləri cütlüklərə bölməklə  tədris etmək sərbəstliyi isə müəllimin öz ixtiyarındadır. Laçın Rüstəmova: «Bugünkü dərs prosesində mən komanda şəklində öyrənilməsini daha məqbul hesab etdiyimə görə, bu metoddan istifadə etdim. Sinifdə şagirdlərin sayı çox olduğuna görə, qruplara bölünmə daha əlverişlidir, amma bəzən elə məqamlar olur ki, mən ənənəvi tədris metodundan istifadə edirəm. Dinləmə materialı olanda kollektiv tədris üsuluna üstünlük verirəm. Məktəb rəhbərliyi hər müəllimə tədris metodu ilə bağlı sərbəstlik verib. Bəzən o qədər ciddi mövzular olur ki, orada mütləq ənənəvi üsula ehtiyac yaranır. Məsələn, «Riyaziyyat», «İnformatika» dərslərində elə mövzular var ki, kurikuluma əsasən öyrədiləndə yüksək effekt vermir, ənənəvi üsul daha məqbuldur. Tədris metodunun seçilməsi həm də sinfin səviyyəsindən asılıdır».

 

Kitablarla iş dəftərləri uyğun gəlmir

 

I sinif şagirdlərinə «Həyat bilgisi» fənnini tədris edən Nailə Süleymanova din mövzusunu tədris edir. Birincilər də ənənəvi qaydada parta arxasında əyləşməyib, qruplara bölünüb.  Həcc ziyarəti, Məşhəd, Kərbala, «Qurani-Kərim» haqqında uşaqlar öz fikirlərini bölüşürlər.

30 ildir müəllimlik fəaliyyəti ilə məşğul olan Nailə Süleymanova deyir ki, şagirdlərin təfəkkür tərzi, dərs mənimsəmə səviyyəsinin ildən-ilə artdığını müşahidə edir: «4 il bundan öncəki uşaqla, bu ilkinin qavrayışı eyni deyil. Yeni texnologiya uşaqların təfəkkürünü sanki çevikləşdirib».

Nailə Süleymanova onu da vurğulayır ki, bəzi hallarda kitabla iş dəftərləri uyğun gəlmir ki, bu da şagirdlər arasında çaşqınlıq yaradır.

 

Ağıllı lövhə

 

4 d sinfində əməkdar müəllim Hökumə Xələfli uşaqlara «Riyaziyyat»dan bucaq mövzusunu tədris edir. Müəllim tədrisində interaktiv təlim metodundan istifadə edir. Ağıllı – elektron lövhə vasitəsilə dərs prosesi maraqlı və əyləncəli keçir. Uşaqlar ağıllı lövhədə fiqurlar çəkmək, fikirlərini yazmaq üçün bir-birilə yarışır. Pəri Süleymanlı dedi ki,  məktəbdə 3 belə ağıllı lövhə var. İkisi aşağı siniflər, biri yuxarı siniflər üçün.

 

Məktəblərə eyni müəllifin dərsliyi paylanmalıdır

 

Ədəbiyyat müəllimi Zülfiqar Qəribov isə dərsliklərlə bağlı bir narahatlığını ifadə edir. Bizimlə söhbətində dedi ki, kurikuluma əsasən hazırlanan dərslik müəllifləri fərqli olduqda bu, müəllimlərin tədrisində çətinlik yaradır: «5-ci sinifdə bir müəllifin «Ədəbiyyat» dərsliyi tədris olunubsa, 6-cı sinifdə də həmin müəllifin dərsliyindən istifadə olunmalıdır. Yaxşı olardı ki, məktəblər arasında bölgü aparılanda Təhsil Nazirliyi bu məsələni nəzərə alsın. Bundan başqa 6-cı sinif «Ədəbiyyat» dərsliyi, sanki bir tədqiqat əsəridir, dərslik tərtib olunanda alim, tədqiqatçı nəzəri ilə yox, uşağın gözü ilə baxılmalıdır. Amerikanın Kanzas ştatında dərslik belə tərtib olunursa, fikrimcə, bunun bizim şagirdlərimizə aidiyyəti yoxdur».

 

Elektron jurnal və gündəlik

 

Pəri Süleymanı bildirdi ki, lisey artıq elektron jurnaldan da istifadə edir. Hər bir müəllimin elektron jurnalına digər şəxs müdaxilə edə bilmir, amma rəhbərlik nəzarət edir. Elektron jurnala yazılan qiymətin pozulması mümkün deyil. Valideynlər isə elektron gündəlik vasitəsilə uşaqlarının qiymətlərinə nəzarət edə bilir: «Elektron jurnala yazılan qiymət mexaniki olaraq şagirdin elektron gündəliyinə də yazılır və elə valideyn var ki, bu qiymətlərin birbaşa onun mobil telefonuna da göndərilməsini istəyib».

Pəri Süleymanlı kurikulum üzrə təlimçidir. Öyrədənlərin öyrədəni statusunu alıb.  Ümumtəhsil məktəblərində fənn kurikulumlarının məktəblərə paylanmasını təqdir edən Pəri Süleymanlı bildirdi ki, məktəb hər fənnin kurikulumunu ayrıca tərtib edib müəllimlərə paylayır ki, müəllimlər fənn kurikulumları ilə yaxından tanış olsun.

 

Obyektivlik olsun deyə  testi kənar müəllim icra edir

 

Həmsöhbətimiz deyir ki, şagirdlərin biliyinin qiymətləndirilməsində aşağı siniflərdə «afərin», «çox yaxşı», «əhsən» sözlərindən, gündəlikdə isə I, II, III, IV səviyyələrə görə  «yüksək səviyyə», «aşağı səviyyə» kimi qiymətləndirmə aparılır. Kiçik qiymətləndirmə müəllim tərəfindən, böyük qiymətləndirmə isə məktəb rəhbərliyi tərəfindən aparılır: «Hər sinfin səviyyəsinə görə müəllim test tərtib edir. Obyektivlik olsun deyə  testi kənar müəllim icra edir, nəticələri isə tamam başqa müəllim yoxlayır. Şagirdin biliyini mexaniki yaddaşla, yaxud dərin biliklə öyrənməsini müəyyənləşdirmək üçün biz qiymətləndirmə aparırıq. Şagirdin düzgün cavabları sualların sayına görə 20 faizdən aşağıdırsa, bu, «2» qiymətdir. 50 faizə qədər qiymətləndirmə «3», 80 faizə qədər «4», 80-dən yuxarı isə «5»dir». Yekun rəqəm 4,6-dırsa, rüblük qiymət şagirdin xeyrinə - «5» yazılır, 4,3 olduqda isə şagirdin rüblük qiyməti «4»-dür».

 

Barəsində tədbir görülən müəllimlər...

 

Şagirdlərin və müəllimlərin bilik bacarıqları rəhbərlik səviyyəsində də qiymətləndirilir: «Əgər müəllim şagirdin biliyinə şişirtmə qiymət veribsə, bu, yarım ildən bir aparılan böyük summativ zamanı üzə çıxır və metod birləşmədə bu məsələ müzakirə edilir, həmin müəllim barəsində tədbir görülür. Hər yarım ildə hazırlanan böyük summativlərlə bağlı tərtib olunmuş xüsusi düsturdan  istifadə edilir.

Lamiyə Əliyeva birincilərin biliyini qiymətləndirməsi üçün aparılan monitorinqlərin nəticələrini bizə göstərir: «Baxın bu sinifdə 100 faiz mənimsəmədir, yəni şagirdlər arasında «3» alan yoxdur. Başqa məktəblərdən bizə şagirdlər gələndə bu proses onlara əvvəl mürəkkəb gəlir, sonra uyğunlaşırlar».

Bu cür mürəkkəb prosedurlara müəllimlər də uyğunlaşdıqlarını bildirirlər. Pəri Süleymanlı: «Doğrudur, bəzi müəllimlər kurikulumu qəbul etmək istəmir, amma fikrimcə, onlar öz işini sevməyən, zəhmət çəkmək istəməyən müəllimlərdir».

 

Kirikulum şəxsiyyət yetişdirir

 

Pəri Süleymanlı hesab edir ki, təhsil sahəsi üçün tələb olunan bütün proseslər kurikulumda əks olunub: «Kurikiuluma – tədris planı, fənn proqramları, texnologiya, müəllimin istifadə etdiyi tədris metodu, bir sözlə təhsilə aid nə varsa bu sənədə toplanır. Mən məhz kurikulumun tələblərindən sayılan interaktiv təlim metodu ilə dərs keçən V sinif şagirdi ilə ənənəvi metodla dərs tədris olunan VIII sinif şagirdi arasında xeyli fərq görürəm. Hazırda aşağı sinif şagirdlərinin məntiqi təfəkkürü yuxarı sinif şagirdlərindən çox irəlidədir. Mən riyaziyyat müəllimiyəm, eyni sualı hər iki sinif şagirdlərinə verirəm, 5-ci sinif şagirdi daha çevik və məntiqli cavab verir. Çünki I sinifdən onların məntiqi təfəkkürü mükəmməl inkişaf etdirilir. Ona görə də mənim əminəm ki, kurikulum tətbiq olunan şagirdlər gələcəkdə şəxsiyyət kimi yetişəndə öz problemlərini aradan qaldırmağa daha asan nail olacaqlar».