vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 21 noyabr 2019
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.928 AZN
1 Rusiya rublu 1 RUB = 0.0258 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 2.2014 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.3228 AZN
Əli bəy Hüseynzadə (1864 - 1940)

«Hürriyyət!.. O nə qüvvədir ki, zehinləri, fikirləri, xəyalları, bəşərin bütün ruh və mənəviyyatını sövq edir!»

Əli bəy Hüseynzadə (1864 - 1940)
AVROPA  
11:00 | 25 iyul 2019 | Cümə axşamı Məqaləyə 548 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Britaniyanın türk əsilli baş naziri

Nyu-Yokrda doğulan, “Oxford” məzunu, “Daily Telegraph”ın əməkdaşı, mədəniyyət və xarici işlər naziri kreslolarında əyləşmiş Conson haqda daha nələr...

G.HÜSEYNOVA

MÖVZU İLƏ ƏLAQƏLİ

Böyük Britaniyada gərgin seçki mübarizəsi başa çatdı. Boris Conson rəqibi Ceremi Hantı üstələyərək hakim Mühafizəkarlar Partiyasının sədri və ölkənin baş naziri oldu. Conson artıq sabahdan yeni hakimiyyəti qurmaq səlahiyyətinə sahib olacaq.

Əsl adı Aleksandr Boris de Pfeffel-Conson olan B.Conson 19 iyun 1964-cü ildə Nyu-Yorkda anadan olub. Həmin vaxt atası Stenli Conson Kolumbiya Universitetində iqtisadiyyat oxuyurdu. Sonrakı illərdə S.Conson əhali və ətraf mühit üzrə ekspert kimi tanınırdı. 1979-1984-cü illərdə isə Avropa Parlamentinin (Mühafizəkarlar Partiyasından) deputatı olmuşdu.

Boris Consonun əsli-kökü Osmanlı imperiyasına, eyni zamanda Almaniya, Fransa və Rusiyaya gedib çıxır. Ata tərəfdən ulu babası Əli Kamal jurnalist olub və bir müddət Osmanlı imperiyasında daxili işlər naziri postunu tutub.

Əsl adı Əli Rza olan Ə.Kamalın 1867-ci ildə İstanbulda anadan olduğu deyilir. Mətbuatın yazdığına görə, Borisin ata babası Osman Əli Britaniyaya köçəndən sonra adını dəyişib.


Məşhur “İton” kollecinin və Oxford universitetinin “Balliol” kollecinin məzunu olan Boris bir müddət idaretmə üzrə məsləhətçi işləyib;

“Oxford Union” diskussiya klubuna rəhbərlik edib, tələbəlik  dostları arasında Britaniyanın keçmiş (2010-2016) baş naziri Devid Kemeron da olub;

1987-ci ildən Britaniyanın nüfuzlu “The Times” qəzetinin reportyoru olub;

1989-1994-cu illərdə “The Daily Telegraph”da müxbir, 1994-1999-cu illərdə redaktor vəzifəsini tutub;

Paralel olaraq 1994-cü ildə “The Spectator” jurnalında siyasi icmalçı kimi çalışıb. 1999-2005-ci illərdə isə bu jurnalda redaktor postunu tutub. Onun rəhbərliyi illərində jurnalın tirajında 10 faizlik artım olub;

1998-ci ildə BBC telekanalındakı “Have I Got News for You” proqramının aparıcılarından olub;

Jurnalistika ilə məşğul olduğu illərdə dəfələrlə mükafatlandırılıb – “İlin siyasi şərhçisi” (1997), “İlin redaktoru” (2003) kimi, adlara layiq görülüb;

Jurnalistika ilə yanaşı, siyasi fəaliyyətlə də məşğul olub. 1997-ci ildə ilk dəfə Mühafizəkarlar Partiyasından deputatlığa namizədliyini irəli sürüb, lakin uğur qazana bilməyib.

2001-2008-ci illərdə Henley-on-Thames dairəsinin deputatı olub;

2003-cü ilin oktyabrından 2004-cü ilin noyabrınadək Mühafizəkarlar Partiyasında sədr müavini postunu tutub;

2004-cü ilin aprelindən noyabrınadək Britaniya parlamentinin “kölgə” kabinetinin mədəniyyət naziri olub;

2005-ci ilin dekabrından 2007-ci ilin iyuluna qədər “kölgə” kabinetində ali təhsil naziri olub;

2008-ci ilin mayında London meri vəzifəsini tutub. 2012-ci ildə bu posta ikinci dəfə seçilib və 2016-ya qədər bu vəzifədə qalıb;

2015-ci ildə Mühafizəkarlar Partiyasından Aksbric və Rayslip dairələri üzrə deputat seçilib;

2016-cı ilin 13 iyulunda Böyük Britaniyanın xarici işlər naziri təyin edilib;

2017-ci ilin iyununda Tereza Meyin rəhbərliyi ilə formalaşan yeni hökumətdə postunu saxlayıb. Lakin Meylə arasında “Brexit”lə bağlı yaranmış fikir ayrılığına görə istefaya gedib;

2018-ci ildə jurnalistikaya qayıdan Conson “Daily Telegraph”da rubirika aparıb.

 

Bu il mayın sonlarında Tereza Mey Mühafizəkarlar Partiyasının sədrliyindən gedəcəyini və baş nazir kürsüsündə yeni sədr seçilənədək qalacağını açıqlayandan sonra Conson bu postlara namizədliyini irəli sürdü. Və parlamentdəki tori fraksiyasının səsverməsinin nəticəsi olaraq baş nazir postu uğrunda yarşın finalına çıxaraq qələbə qazandı.

Boris Conson “Lend Me Your Ears” (2003) esse toplusunun, “Have I Got Views For You” (2008) məqalələr toplusunun, “Seventy-two Virgins” (2004) romanının, “Dream of Rome” (2006) tarixi icmalının, Uinston Çörçil haqqında “The Churchill Factor: How One Man Made History” (2014) adlı bioqrafiyanın, London haqqında “Cohnson’s Life of London” (2013) adlı kitabın müəllifidir.

Fransız dilini yaxşı bilir. Özünəməxsus davranış və geyim tərzi, spesifik yumor hissinə malik olması onu populyarlaşdıran əsas səbəblərdir. Sərt açıqlamaları ilə də həmişə diqqət mərkəzində olur. Mətbuatda onu tez-tez “kloun” adlandırırlar.

Tennis oynamağı, rəsm çəkməyi, xüsusən də velosiped sürməyi sevir. Lakin xarici işlər naziri postunu tutanda işə velosipedlə gəlmək imkanından məhrum olmuş, təhlükəsizlik məqsədilə xidməti avtomobildən istifadə etməyə məcbur qalmışdı.

Mer olduğu illərdə velosipeddən istifadəni təşviqinə böyük diqqət ayıran Conson bu sahədə xeyli işlər görüb. 2010-cu ildən Londonda velosiped icarəyə verən məntəqələr fəaliyyət göstərir. Şəhər sakinləri onları “Borisin velosipedləri” (Boris Bikes) adlandırırlar.

Məqsəd, London yollarında avtomobillərin sayını azaltmaq, şəhərin mərkəzində parklama problemini həll etmək və ekoloji vəziyyəti yaxşılaşdırmaqdır. Təkcə 2013-2016-cı illərdə velosiped infrastrukturunun inkişafına təqribən 1,4 milyard dollar vəsait ayrılıb.

Boris Conson birinci dəfə 1987-ci ildə “Oxford”dakı tələbə yoldaşı Alleqra Mostin-Ouenlə ailə qurub. Bu bərabərlik cəmi 3 il davam edib.

1993-cü ildə hüquqşünas Marina Uilerlə evlənib və bu nikahdan 4 övladı var. Lakin bu evlilik də boşanma ilə bitib. Belə ki, ötən il cütlük 25 illik ailə həyatına yekun vuraraq ayrılıb.

Marina Consonu xəyanətdə ittiham edərək ona dəfələrlə şans verdiyini, artıq güzəştə getmək istəmədiyini bildirib. Boris Conson jurnalist Petronella Uayatla nikahdankənar münasibətlərinə görə uzun müddət qalmaqaların mərkəzində olub.

Conson “Brexit”in qatı tərəfdarlarındandır və hələ seçkidən əvvəl bəyan etmişdi ki, Böyük Britaniya bütün hallarda bu il oktyabrın 31-də Avropa İttifaqını tərk edəcək…


   

şərhləri göstər

DİQQƏT!

Əziz oxucular. Mövzudan kənar, müəllifin şəxsinə və təhqir sözlər olan şərhlər yolverilməzdir. Sadaladıqlarımızdan savayı bütün fikirləriniz bizim üçün dəyərlidir.

Hələlik rəy yoxdur.

Şərh əlavə etmək

* Daxil edilməsi vacibdir
(göstərilməyəcək)
 
Smile Sad Huh Laugh Mad Tongue Crying Grin Wink Scared Cool Sleep Blush Unsure Shocked
 
1000 ədəd
 
Yeni şərhlər barədə mənim email ünvanıma məlumat göndər.
 
Mənim blankımdakı məlumatları bu kompüterin yaddaşında saxla.
 
Mən şərtləri. oxuyub tanış olmuşam və qəbul edirəm *