vaxtlı-vaxtında oxuyun! Cümə, 22 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Şeyx Məhəmməd Xiyabani (1880 - 1920)

«Hər bir millətin ləyaqətinin ilkin şərti müstəqillikdir»

Şeyx Məhəmməd Xiyabani (1880 - 1920)
DÜNYA  
15:23 | 23 may 2022 | Bazar ertəsi Məqaləyə 1076 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Ankaranın şərtləri yerinə yetiriləcək

Türkiyəsiz NATO-nun mövcudluğu təhlükə altına düşər

Elçin XALİDBƏYLİ

MÖVZU İLƏ ƏLAQƏLİ

Türkiyənin NATO-dan çıxarılacağı ilə bağlı təhdidlər və hay-küy elə bir ciddi əhəmiyyət daşımır. Çünki, Türkiyənin ixrac ediləcəyi təqdirdə, NATO öz hərbi-siyasi qüdrətinin əhəmiyyətli bir hissəsini itirmiş olacaq və bu qurumun gələcək taleyi ciddi şübhələr altına düşə bilər. Yəni, Türkiyəsiz NATO-nun mövcudluğu da demək olar ki, mümkün deyil.

Digər tərəfdən, NATO-ya üzv dövlətlərin bu qurumdan çıxarılmasının da hüquqi proseduru yoxdur. Bu baxımdan, rəsmi Ankara istəməsə, Türkiyənin NATO-dan çıxarılması mümkün deyil. Ona görə də, İsveç və Finlandiyanın üzvlüyünə veto qoyarsa, Türkiyənin NATO-dan çıxarıla biləcəyi ilə bağlı iddialar əsassız və məntiqsizdir.

Nəhayət, NATO İsveç və Finlandiya ucbatından Türkiyə kimi güclü dövləti itirmək istəməz. İsceç və Finlandiyanın hərbi qüvvələrinin birlikdə ümumi sayı heç 30 min nəfərə çatmır. Hərbi texnika arsenalları ilə bağlı danışmağa belə, dəyməz. Bu baxımdan, NATO hərbi cəhətdən çox zəif olan bu iki dövlətə görə Türkiyəsən vaz keçməz. İsveç və Finlandiyaya NATO lazımdır, NATO-ya isə Türkiyə daha çox vacibdir.

Təbii ki, bunu rəsmi Ankara tam dəqiqliyi ilə bilir və Türkiyə NATO daxilində olduqca önəmli və uzaqgedən manevrlər etməyə üstünlük verir. Onu da qeyd etmək lazımdır ki, Türkiyənin son addımlarının rəsmi Ankaranın Rusiya ilə münasibətləri ilə heç bir əlaqəsi yoxdur. Türkiyənin bu addımları Rusiya üçün sərfəli olsa da, rəsmi Ankaranın Finlandiya və İsveçin NATO-ya üzvlüyünü bloklamaq niyyəti birbaşa Türkiyənin milli təhlükəsizlik maraqlarından qaynaqlanır.

Belə ki, Türkiyə bu məsələdə veto hüququndan istifadə etməmək üçün haqlı olaraq, bir neçə şərt irəli sürür. Rəsmi Ankara hesab edir ki, İsveç və Finlandiya “terrorçu yuvası”na çevrilib. Ona görə də, bu ölkələrin NATO-ya üzvlüyü yolverilməzdir.

Ancaq rəsmi Ankara şərtləri yerinə yetiriləcəyi təqdirdə, Finlandiya və İsveçin NATO-ya üzvlüyünə qarşı çıxmayacağını da qətiyyən gizlətmir. Həmin şərtlərin sırasında Finlandiya və İsveçin PKK terror təkilatına dəstəkdən imtina edilməsi ilə yanaşı, ABŞ və bəzi NATO ölkələrinin Türkiyəyə qarşı tətbiq etdiyi embarqoların ləğv olunması tələbi də var. Rəsmi Ankara hesab edir ki, NATO üzrə müttəfiqlərin Türkiyəyə qarşı embarqo tətbiq etməsi yolverilməz davranışdır.

Maraqlıdır ki, hazırda ABŞ və Qərb rəsmi Ankaranın şərtlərini yerinə yetirmək əvəzinə Türkiyə ilə anlaşmağa çalışır. Halbuki, rəsmi Ankara xəbərdarlıq edib ki, şərtlər yerinə yetirilərsə, problem həll edilmiş olacaq, Türkiyəni yola gətirməyə də ehtiyac qalmayacaq. Yəni, Türkiyənin rəsmi dairələri İsveç və Finlandiyanın terrorizmə dəstəkdən imtinaya razılaşdırılmasının və bütün digər şərtlərin yerinə yetirilməsinin indiki situasiyadan yeganə çıxış yolu olduğunu vurğulayır.

Ancaq buna baxmayaraq, bəzi Qərb ölkələri İsveç və Finlandiyanın NATO-ya üzvlüyünün yolunu açmaq üçün Türkiyənin Avroatlantik blokdan ixrac edilməsinin vacibliyinə eyham vurmağa da başlayıblar. Halbuki Türkiyənin NATO-dan ixracı bu hərbi-siyasi alyansın intiharına bərabər addım ola bilər. Və bundan Türkiyənin NATO-dan daha çox itirəcəyinə inanmaq sadəlövhlük olardı.

Məsələ ondadır ki, Türkiyə NATO daxilində ABŞ-dan sonra ikinci ən güclü orduya sahib olan önəmli dövlətdir. Digər NATO üzvü olan dövlətlərin orduları ABŞ və Türkiyə ordularından ciddi şəkildə geri qalırlar. Bu baxımdan, Türkiyənin NATO-dan ixracı bu hərbi-siyasi alyansın ciddi şəkildə zəifləməsinə yol aça bilər. Yəni, İcveç və Finlandiyanın hesabına NATO-nu genişləndirmək istəyənlər, əgər, Türkiyəni bu qurumdan ixrac etsələr, Avroatlantik alyansa sarsıdıcı zərbə vura bilərlər. Çünki, İsveç və Finlandiyanın hərbi potensialı hətta birlikdə belə, Türkiyə ordusunun qüdrəti ilə müqayisə edilə bilməz.

Xüsusilə də, Rusiya və Çinlə düşmənçiliyin davam etdiyi bir situasiyada Türkiyənin NATO-dan çıxarılması qarşı tərəfi gücləndirər. Üstəlik, onu da nəzərə almaq lazımdır ki, NATO-dan ixrac olunan Türkiyənin Rusiya və Çinlə hərbi-siyasi tərəfdaşlığa meyil edə biləcəyi də qətiyyən istisna deyil. Ona görə də, NATO sıralarında Türkiyə kimi nəhəng hərbi-siyasi güc mərkəzinin itirilməsi ilə bağlı riskə gediləcəyi o qədər də inandırıcı görünmür.

Bu məsələyə münasibət bildirən NATO-nun baş katibi Yens Stoltenberqin Türkiyənin önəmli hərbi-siyasi müttəfiq olduğunu və rəsmi Ankaranın milli təhlükəsizliklə bağlı narahatlıqlarının həll edilıməsinin vacibliyini vurğulaması da bunu təsdiqləyir. Əslində, vaxtilə Rusiyadan “S-400” zenit-raket komplekslərinin alınmasını bəhanə edən ABŞ və bəzi Qərb ölkələri Türkiyəyə embarqo tətbiq edərkən, rəsmi Ankara NATO-dan çıxa biləcəyinə eyham vurmuşdu. Ancaq ABŞ və NATO rəhbərliyi həmin dövrdə rəsmi Ankaranın könlünü almaqla, Türkiyə ilə bağlı yarana biləcək ciddi böhranın qarşısını aldı.

Bütün bunlar onu göstərir ki, ABŞ və Qərb Türkiyənin NATO-dan ixrac edilməsi kimi böyük avantürist riskə cəsarət etməz. Ona görə də, bu barədə səsləndirilən eyhamlar rəsmi Ankaraya qarşı heç bir təsiri olmayacaq təzyiq cəhdlərindən başqa bir şey deyil. Yəni, hazırda NATO Türkiyənin bu alyansdan çıxa biləcəyindən daha çox narahat olmalıdır.

Belə anlaşılır ki, NATO daxilində ziddiyyətlərin dərinləşərək, sonradan siyasi böhrana çevrilmə ehtimalı hər halda, mövcuddur. Əgər, rəsmi Ankaraya qarşı təzyiqlər böhranlı həddə qədər artarsa, bu, ilk növbədə NATO-nun əleyhinə yönəlmiş proses olacaq. Bu baxımdan, öz mövqeyindən geri çəkilmək niyyətində olmayan Türkiyəyə Finlandiya və İsveç ucbatından təzyiqlərin gücləndirilməsi NATO-nun parçalanmasına yol aça biləcəyi qətiyyən istisna deyil.