vaxtlı-vaxtında oxuyun! Cümə, 22 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Seyid Cəfər Pişəvəri (1892 - 1947)

«Haqqı almaq asan bir işdir, onu saxlamaq şərtdir»

Seyid Cəfər Pişəvəri (1892 - 1947)
AMERİKA  
15:20 | 14 iyun 2022 | Çərşənbə axşamı Məqaləyə 1095 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

3 dəqiqəlik çıxışa 60 min dollar

... Yaxud “Tramp öz dediyinə inanırsa, deməli reallıq hissini itirib”

MÖVZU İLƏ ƏLAQƏLİ

Dünən – iyunun 13-ə ABŞ Nümayəndələr Palatasının 6 yanvar komitəsi keçmiş prezident Donald Tramp administrasiyasındakı bir neçə nəfərin video-ifadəsini yayıb. Onlar 2020-ci il seçkisindən sonra Trampa deyirmişlər ki, seçkinin nəticələrinin oğurlanmasına dəlil yoxdur.

Seçkini Demokrat partiyasından Co Bayden udub. 2021-ci il yanvarın 6-da Konqres seçkinin nəticələrinin təsdiqlənməsinə baxarkən Tramp tərəfdarları Kapitoliyə basqın edib, hadisələr zamanı biri polis əməkdaşı olmaqla 5 nəfər ölüb.

***

Təhqiqata ifadə verənlər keçmiş prezidentin onların dediyini gözardı etdiyini, ələ saldığını, öz əsassız iddialarından əl çəkmədiyini söyləyiblər.

Kapitoliyə basqının arxasında məhz Trampın kütləvi seçki saxtakarlığına dair iddialarının səbəb olduğu bildirilir. Komitə 6 yanvar hadisələrini araşdırır.

Trampın seçki kampaniyasının keçmiş meneceri Bil Stefen ifadəsində deyir ki, Tramp və köməkçilərinə həm seçkidən əvvəl, həm də sonra prezidentin qələbə şansının az olduğunu söyləyib, noyabrın ortasında isə belə bir qənaətə gəlib ki, Trampın şansları “çox, çox, çox zəifdir”.

Stefen özünü Trampın aydın baxışlı müşavirlərinin “Normal komanda”sının üzvü adlandırıb. Dediyinə görə, onlar sonradan rəqib qrup tərəfindən kənarlaşdırılıb. Həmin qrupa isə Trampın vəkili Rudi Culiano və əsassız seçici fırıldağı iddiaları və konspirologiya nəzəriyyələrinə yumşaq yanaşan digərləri liderlik edib.

***

Keçmiş baş prokuror Uilyam P.Barr bu ayın əvvəlində komitəyə deyib ki, 2020-ci il noyabr seçkisindən sonra belə qənaətə gəlib ki, oğurlanmış seçkiylə bağlı iddialar “tamamilə saxta və səfehdir, tam dezinformasiyaya əsaslanır”.

O, Trampla noyabrda və dekabrda üç görüşündən danışıb. Keçmiş prezident elə hey iddia edirmiş ki, seçkidə kütləvi saxtakarlıq olub, Barr və Ədliyyə Departamenti bu iddiaları müstəqil dəyərləndirmək yerinə onun maraqlarına uyğun davranmalıdır.

Vaxtilə Trampın tərəfdarı sayılan Barrın sözlərinə görə, dekabrın 14-dək belə bur qənaətə gəlib ki, Tramp “öz dediyinə inanırsa, deməli reallıq hissini itirib”. Keçmiş baş prokuror Trampın ona guya seçkini Co Baydenin xeyrinə saxtalaşdırmaq üçün hazırlanmış səsvermə maşınları haqda iddialara dair hesabat təqdim edib. Barr bu hesabatın “xeyli həvəskar” səviyyədə hazırlandığını, dəlil olmadığını deyib.

***

Həmin gün Barr istefa ərizəsi yazır, Tramp isə bunu həmin gecə Twitter-də elan edir.

“Mənim ovaxtkı və indiki fikrim belədir ki, seçki saxtalaşdırılmayıb. Seçkidən sonra fikrimi dəyişən heç nə görməmişəm”, – Barr vurğulayıb.

6 yanvar komitəsi bu ay yeddi dinləmə keçirməlidir, dünən ikinci dinləmə olub.

“The Washington Post” qəzeti yazır ki, təhqiqatın yekununda hər hansı kriminal tövsiyə irəli sürülməsi məsələsində komitə üzvlərinin fikri haçalanır. İstənilən tövsiyənin hüquqi qüvvəsi də olmayacaq.

Baş Prokuror Merrik Qarland isə Ədliyyə Departamentinin dinləmələri yaxından izlədiyini söyləyib.

***

“New York Times” isə yazır ki, Trampın seçki kampaniyası və respublikaçı müttəfiqləri saxtalaşdırılmış seçki iddiaları vasitəsilə kiçik donorları aldadıb, Rəsmi Seçki Müdafiə Fondu adlı qurum üçün 250 milyon dollaradək vəsait yığıblar. Bu detalları da təhqiqatçılar açıqlayıb.

Guya “saxtakarlığı dayandırmaq” üçün yığılan pul Trampa və müttəfiqlərinə xərclənib. Məsələn, onun işlər idarəsinin rəhbəri Mark Medouzun xeyriyyə fonduna 1 milyon dollar, keçmiş əməkdaşlarının yaratdığı siyasi təşkilata 1 milyon dollar, Trampın otellərinə 200 min dollardan çox pul xərclənib. Trampın oğlu kiçik Donald Trampın sevgilisi Kimberli Cuilfoylun bir tədbirdə üç dəqiqədən az çəkən çıxışına 60 min dollar ödənib.

Keçmiş prezident Tramp isə iyunun 13-də komitədəki dinləmədən sonra 12 səhifəlik bəyanat yayaraq seçki saxtakarlığı iddialarını bir daha dilə gətirib.

“Demokratlar 6 yanvar hekayəsini yaratmaqla 2020-ci il seçkisinin saxtalaşdırılması və oğurlanması kimi daha böyük və daha vacib həqiqətdən fikri yayındırırlar”, – Tramp yazıb.

Noyabr seçkisindən sonra Tramp və müttəfiqləri seçkinin nəticələrini mübahisələndirən 60-dan çox iddia qaldırıblar.