vaxtlı-vaxtında oxuyun! Cümə, 19 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Məhəmməd Hüseyn Şəhriyar (1906 - 1988)

«Şair xalqın səsi, əsrin səsidir,
Vətənin ağsaçlı sərkərdəsidir,
Hökmüylə ordular ayağa qalxır,
Şerinin selində daşlar da axır»

Məhəmməd Hüseyn Şəhriyar (1906 - 1988)
ARAŞDIRMA  
12:52 | 30 noyabr 2022 | Çərşənbə Məqaləyə 1380 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Aveyron xilaskarı ­– Ceyran

Fransa müqavimət hərəkatının azərbaycanlı qadın qəhrəmanı

Zaur ƏLİYEV, dosent

1 aydan çoxdur ki, bu barədə araşdırma aparıram. Fransa Müqavimət Hərəkatında Almanlara qarşı partizan hərəkatında iştirak edən Əhmədiyyə Cəbrayılovla birgə döyüşlərdə iştirak etmiş Ceyran xanım haqqında məlumat əldə etmək üçün yazmadığım yer qalmadı. Rusiya arxivlərinə, Fransa arxivlərinə yazdığım məktublar cavabsız qalırdı. Amma inadımdan dönməyib, sonucda bu xanım qısa da olsa haqqında bilgi əldə edə bildim.

İlk öncə Sizə iki şəkil təqdim edirəm.

1. Ehtimala görə bu xanım Ceyran xanımın özüdür.

2. 1975-ci ildə Əhmədiyyənin Fransaya səfəri zamanı Ceyran xanımın məzarı üstündə.

Əhmədiyyə Cəbrayılov haqqında miflər çoxdur, düzü əksərinə inanmıram. Amma Ceyran xanımın varlığı haqqında kimə müraciət elədim, hər kəs eşitməmişəm dedi. Necə ola bilər ki, Fransanın azad olunması uğrunda canından keçmiş bu xanım barədə məlumat olmasın?

Soyadı barədə tam məlumat əldə etmək mümkün deyil, çünki sovetlər dövründə Avropa müqavimət hərəkatında xidmət keçənlərə qarşı repressiyalar edilirdi və çoxlarının sənədləri sadəcə yandırılırdı.

Əldə etdiyim ilkin məlumata görə Ceyran xanım 1908-ci ildə Bakı şəhərində anadan olub, peşə təhsili alıb və eyni zamanda tikinti mütəxəssisi olmaq üçün Moskvaya köçür. Təhsil alarkən eyni zamanda Moskva metropoliteninin tikintisində çalışıb. İkinci dünya müharibəsi başlayandan sonra Orduya könüllü yazılıb və Ukrayna cəbhəsində xidmət edib. Döyüşlərin birində əsir düşən Ceyran Fransada Rodez yaxınlığında hərbi düşərgəyə göndərilir. İlk olaraq ona Azərbaycan Legionunda xidmət etmək təklifi edilir. 1943-cü ilin axırlarında Rodez əsir düşərgəsində toplanmış azərbaycanlılar fransız kommunistləri ilə əlaqə yaratdılar və Averyon vilayəti müqavimət hərəkatının rəhbəri, kommunist polkovnik Rişard azərbaycanlı əsirlərin qaçıb partizanlara qoşulması üçün “Azrodez” - Rodezdəki azərbaycanlılar parolunu müəyyənləşdirmişdi. Bundan sonra gizli təşkilat azərbaycanlı əsirlərin dəstə-dəstə düşərgədən qaçıb, fransız partizanları ilə birləşməsi işinə başladı. Düşərgədən qaçan hərbi əsirlər fransız vətənpərvərlərinin köməyi ilə Aveyron dağlarında yerləşən “Sovet vətənpərvərlərinin hərbi komitəsi” adlanan təşkilatla birləşirdilər. Bunlar içində Ceyran xanım da var idi. Almanların əlindən xilas olan xanım barədə Əhmədiyyə Cəbrayılov eşidir və onu öz yanına aparır. Ceyran xanım qısa zamana bütün partizanların sevimlisinə çevrilir və onun dəmlədiyi çay bütün partizanlar arasında məşhur olur. Partizanlar öz aralarında “Ceyran çayxanası” adı verdikləri yerə gəlir və onun dəmlədiyi çayı içirdilər. Ceyran xanım eyni zamanda döyüşlərdə də fəal iştirak edib və Larzak, Kursaq, Mand, Nim və Rodez rayonlarının faşistlərdən azad edilməsində qəhrəmancasına vuruşur. Döyüşlərin birində alman snayperin hədəfinə tuş gələn azərbaycanlı xanım qəhrəmanlıqla həlak olur. Ceyran xanım haqqında araşdırma davam edir. Hətta “Uzaq sahillərdə” filmindən sonra “Ceyran” adlı film çəkilməsi planı olub, ədəbiyyatımızı ideya-bədii cəhətdən öz əsərləri ilə zənginləşdirən yazıçılarımızdan biri də İmran Qasımov Fransaya səfər edərək Ceyran xanım haqqında məlumatlar toplamağa çalışsa da heç nə əldə edə bilmədi. Bu səbəbdən film çəkilməsi baş tutmadı. Bundan sonra 1975-ci ildə İmran Qasımov bədii təxəyyül əsasında “Ceyran” povestini qələmə aldı.