Şuşada axşamlar yanar ulduzlar...
Arşınmalçı Məcidin qəlbini kim ovsunlamışdı?
Fərhad SABİROĞLU
MÖVZU İLƏ ƏLAQƏLİ
-
Hər kəs, hər şeyin fərqində idi…
Xalqla ordunun vəhdəti yoxdursa, qalib gəlmək mümkün deyil
-
Ağlar qaralara qarşı...
Yaxud Natəvan şahmatda Dümanı necə mat etmişdi?
-
Ağdamın son ucu
Qərib eldə qaçqınlığın bitməsinin sevinci
-
Xan qızı – el anası
28 ildən sonra Natəvanın da nigaran ruhu rahatlıq tapıb
-
“Erməni vandalları Azıx mağarasında partlayış törətmişdilər”
Professor Abbas Seyidov: “İşğaldan azad edilmiş ərazilərdə beynəlxalq ekspertlərin iştirakı ilə daha geniş arxeoloji tədqiqatlar aparılacaq”
-
“Pulyuyan camaşırxana”çı ...
... Yaxud Kremlin yalanı, Vardanyanın “planı”
-
Vardanyanın son sözü
Bakının cavabı necə olacaq?
-
Sadəcə, İlham...
Səbirli, heç nəyi əvvəldən açıqlamayan və nəyi nə vaxt edəcəyini bilən ...
-
Xəyanətin miqyası artır
Qəpik-quruş üçün vətənini, millətini satanlar...
-
Bakı AHİM-ə şikayət etdi
Beynəlxalq hüquqa uyğun təzminatın tələbi prosesi başlayır
-
Laçın-Xankəndi yolunda dinc aksiya yeddinci günündə davam edir
Azərbaycan XİN aksiyanın mahiyyətini kobud təhrif edən xarici ölkələrə cavab verib...
-
Düşmən bizi vahid görməlidir
Xalq hər məqamda mübarizəyə hazır olduğunu bir daha nümayiş etdirir
-
Ekoloji aksiya siyasiləşir?
Yeni tələblər irəli sürüldü
-
Yolkəsənlərin başqa yolu yoxdur!
Arutyunyan və Vardanyan hazırda bizim üçün heç kimdir
-
Düşmənlərimizi birləşdirən aksiya...
“Dahiyanə” öncəgörmələr bizdə xof hissi yaratmağa hesablanıb
-
Azərbaycan şantajlardan qorxmamalıdır
Qırmızı xətti qoruyan iradəni görən dünya Bakıyla hesablaşmaq məcburiyyətində qalacaq
...Şuşanın gəl-gəl deyən vaxtıdır. Hansı şuşalıdan soruşsan ki, «ilin hansı fəslini daha çox sevirsən», duruxub qalacaq, mat-məəttəl üzünə baxıb deyəcək ki, «bu nə sualdır verirsən, bəyəm Şuşada fəsil var? Orda ilin bütün çağları bir-birinə bənzəyir».
Amma zamanın axarı qarşısında hamı acizdir. Bax elə indi, yay yenicə bitib, payız da hələ soyuq üzünü göstərməyə macal tapmayıb. Təqvim 1905-ci ilin oktyabr ayını göstərsə də, kimsənin tarix sarıdan heç bir narahatlığı yoxdur. Tarixdir də, sayır özü üçün! Hər ötən gün Şuşanın əlçatmaz dağlarının başına toplaşan buludlar kimi necə gəlibsə, eləcə də gedəcək...
İlin bu mövsümündə Cıdır düzünə, İsa bulağına, Şuşa qalasının ən ucqar yerlərinə seyrəngaha çıxanların, quzu kəsib kabab çəkənlərin, əl-ələ tutub yallı gedənlərin, «Çövkən» oynayanların sayı əsla azalmayıb. Saralmış yarpaqlar yellənə-yellənə yerə düşüb xəzəldən xalı döşəyənə, ilk qar dənəcikləri də oğrun-oğrun bu xəzəlin üstünə çöküb qış yuxusuna gedənə qədər belə davam edəcək – nağıllar və əfsanələr yaradan bu şəhər ilin bütün çağlarında adamı xoş ovqata, bitib-tükənməz arzulara, bir də sevgiyə səsləyir...
Şuşada kimin səsi yoxdur ki? Şəhərin dolanbac küçələri ilə qışqırışaraq qaçan başıaçıq, ayaqyalın, cılız, burnundan su axan uşaqlardan hansını saxlayıb desən «bir ağız oxu», dönüb «Segah» üstə elə yanıqlı oxuyacaq ki, matın-qutun quruyub qalacaq, zalım uşağı, elə bil yüz ilin xanəndəsidir, vurduğu zəngulələr də qəlbini riqqətə gətirəcək...
Amma o, bir başqa aləmdir! Söhbət tacir Bəbirin şagirdi Məciddən gedir. Gün-günorta olmamış iri boğçasını çiyninə şələləyib düşür Şuşanın canına, bafta, kofta, ipək, çit, daha nə bilim nə satır! Bu qədim şəhərin adamları onu arşınmalçı kimi tanıyırlar. Tək tanımaqla iş bitmir, həm də sevirlər. «Arşın mal alan» deyib sonra da məşhur qəzəlləri elə ürəkdən, məlahətlə oxuyur ki, heç parça almaq istəməyən də ayaq saxlayıb ona yaxınlaşır.
...Şəhərin bazar meydanındakı meyxananın artırmasında oturub zər atan qoçulardan kimsə nökərə bir neçə şahı verib dedi ki, bunu arşınmalçıya çatdır, qoy gəlib oxusun, bizi feyzyab eləsin. İnsafən, Məcid kimsəni narazı salmır, hamı ilə mehriban davranır, təbəssümü də çöhrəsindən əskik olmur...
Məcid qoçulara yaxınlaşdı, ədəb-ərkanla salam verdi, pul gətirən nökər ona işarə elədi ki, bəs bəylər buyurub ki, bir ağız oxusun. Məcid oxudu, nə oxudu!
«Vətən bağı» al-əlvandır,
Yox içində xarıbülbül.
Nədən hər yerin əlvandır,
Köksün altı sarı, bülbül?!
Elə yanıqlı səslə oxuyurdu ki, zər atan bəylər əl saxlayıb onu dinləməyə başladılar. «Segah» və «Bayatı» üstündə təsniflər oxuyandan sonra qoçulardan biri soruşdu:
- Kimlərdənsən, ə?
Məcid başını aşağı dikib sakitcə cavab verdi:
- Behbudəli kişinin oğluyam. Atam rəhmətə gedib, - gözləri doldu.
Atası bir müddət Qarabağın Boyat kəndində Mirzalıbəy Behbudovun malikanəsində təsərrüfat işlərində çalışmışdı. Onun vəfatından sonra ailənin bütün ağırlığı Məcidin üstünə düşmüşdü. O da gecəni gündüzə qatıb işləyir, qapı-qapı düşüb arşın malı satırdı.
Qoçulardan biri dilləndi:
- Yaxşı səsin var! Vaxt gələr tanınmış xanəndə olarsan.
Digər qoçular da onunla razılaşdılar. Kimsə yerindən dilləndi:
- Onda qoy birini də oxusun!
Məcid «Şuşa təsnifi»ni böyük məharətlə ifa etdi.
Şuşanın dağları başı dumanlı,
Qırmızı koftalı, yaşıl tumanlı.
Dərdindən ölməyə çoxdur gümanlı,
Ay qız, bu nə qaş-göz, bu nə tel,
Ölərəm dərdindən, onu bil,
Danışmasan da, balam, barı gül.
Bazar meydanında kim vardısa, hamısı meyxananın qarşısına, bu sehrli səsi dinləməyə toplaşmışdı. Məcidin yanıqlı səsi dalğa-dalğa dünyalar qədər sevdiyi qoca Şuşaya yayılırdı. Arşınmalçı hələ onda bilmirdi ki, vaxt gələcək və İngiltərənin məşhur «Qrammofon Rekords» şirkəti «Şuşa təsnifi»ni Məcid Behbudovun ifasında vala yazdıracaq, val da elə «Şuşa təsnifi» adlanacaq...
Tacir Məcidin qəlbinin dərinliklərində bir başqa adam - xanəndə Məcid yaşayırdı. Başa düşürdü ki, tale ona əvəzsiz sərvət verib və bu sərvətdən mütləq yararlanmalıdır. Məlahətli səsi şəhərin din xadimlərinin də diqqətini çəkmişdi. Məcidi Yuxarı Gövhərağa məscidində minacat verməyə dəvət etmişdilər. İndi ara-sıra musiqi məclislərində və el şənliklərində oxuyur, sənətin çətin, enişli-yoxuşlu cığırları ilə yavaş-yavaş irəliləyir, adı Şuşa camaatının dilindən düşmürdü. Lakin ailənin dolanışığı çox çətin idi, arşınmalçılıq onun gündəlik çörək ağacına çevrildiyi üçün bu işdən ayrıla bilmirdi.
...Bu xoş nəfəsli, günəşli payız günü Məcid yenə küçə-küçə, məhəllə-məhəllə düşüb arşın malı satmaqla məşğul idi. Oxuyub müştəri səsləyir, dükandan götürdüyü malları xırıd edirdi. Başını qaldıranda gördü ki, səsli-küylü bir imarətin qabağında dayanıb. İstədi dönüb getsin, düşündü ki, birdən avazı ağaların xoşuna gəlməz. Çünki başı çəkmişdi: bir gün başqa mülkün qarşısında oxuyanda onu qovub demişdilər ki, bir də qapımızın ağzında səsinə güc vermə!
Ancaq arşınmalçının məlahətli səsini bu malikanədə bayaqdan eşitmişdilər və ev sahibəsi qulluqçuya tapşırmışdı ki, qapını açıb onu içəri dəvət etsin. Xanımın əmri dərhal yerinə yetirildi və artıq bir neçə dəqiqədən sonra Məcid çiynindəki ağır boğça ilə düz həyətin ortasında dayanmışdı. Elə bil cənnətə düşmüşdü: görünür, ilin fəsilləri bu bağçadan yan keçmişdi, çünki gül-gülü çağırırdı, bülbül bülbülü. Yerə yaraşıqlı xalçalar döşənmişdi, iri hovuzun yanında tovuzquşular füsunkar lələklərini açıb təkəbbürlə gəzişirdilər. Qulluqçu ona burda gözləməyi tapşıranda dedi:
- Bəyin ailəsi toya hazırlaşır, xeyir işləri var, çoxlu da qonaq gəlib. Qızlar paltarlıq parça almaq istəyirlər. İndi xəbər verərəm, düşərlər həyətə.
Məcid «baş üstə» deyib gözləməyə başladı. Taleyin onun üçün hazırladığı sürprizdən hələ xəbərsiz idi...
***
...Deyirlər ki, bu yerlərin havası büllur kimi saf və şəfalı olduğu üçün «Şuşa» (yəni şüşə) adı veriblər.
Bəs adamları? Onların çöhrəsindən, mənalı baxışlarından niyə nur yağır? Bu gücü, qüdrəti, səbir və dəyanəti haradan əxz eləyiblər? Bəlkə, bu adamlar uca dağların başında yaşayıb Ulu Tanrıya yaxın olmağın, qayalarla, quşlarla, bulaqlarla onların dilində danışıb, ölümsüzlük və müdrikliyə çatmağın yollarını bilirlər? Bəs niyə hamı kimi aranda, düzdə məskən salmayıb qartalların yurd-yuvası olan dağları seçiblər? Onlar, yəqin ki, həyat cövhərinin ardınca gediblər, bu sirri öyrənmək üçün dağlara çıxıblar, insanlığın ən uca zirvəsinə yüksəliblər və bilgini göylərdən, kainatın ənginliklərində dolaşan sayrışan ulduzlardan alıblar...
Əgər belə olmasaydı, Şuşa alınmaz qalaya çevrilərdimi? Bu mərd adamlar heç vaxt düşmən qarşısında baş əyməyiblər və əyməyəcəklər! Xatırlayın, 1757-ci ildə Məhəmmədhəsən xan Qacar, 1760-cı ildə Fətəli xan Əfşar, 1795-ci ildə Ağa Məhəmməd xan Qacar kimi sərkərdələr Şuşanı ala bilməyib, Pənahəli xan və İbrahimxəlil xanın mahir azərbaycanlı ustaların əli ilə yaratdıqları müdafiə qurğuları düşmənin amansız hücumlarına sinə gərib.
...1905-ci ilin Şuşasında yenə ulduzlar sayrışır. Şəhər yaşayır, nəfəs alır, deməli, baxışlar gələcəyə dikilib. Bu şəhər XVIII əsrin sonlarından başlayaraq, bütün Cənubi Qafqazın mühüm ticarət mərkəzlərindən birinə çevrilib. Tacirlər Şuşaya Dərbənddən qızıl boya, Şəkidən silah, ipək, mahud, Bakıdan neft və zəfəran, Naxçıvandan duz və bez parça, Gəncədən zəy və meyvə gətirirlər. Şuşanın ticarət əlaqələrində Cənubi Azərbaycan və Osmanlı İmperiyası, Rusiya, Hindistan və Avropa ölkələri mühüm rol oynayır. Şuşalı tacirlər Almaniyanın məşhur Leypsiq, Rusiyanın Nijni-Novqorod yarmarkalarında daim iştirak edirlər...
...Şuşada qəlbi həyat eşqi ilə döyünən yüzlərlə cavandan biri də arşınmalçı Məciddir. O, Behbudovlar ailəsinin yeganə çörək ağacıdır. Arşın-arşın satdığı malları səhər tezdən iri boğçasına yığıb çiyninə atır, məhəllə-məhəllə gəzib-dolaşır, xoş avazla oxuyub müştəri səsləyir, parça satıb qəpik-quruş qazanır. Məlahətli səsinə görə onu hərdən el şənliklərinə də çağırırlar, amma xanəndələr diyarında gözəl səslə kimi təəccübləndirə bilərsən ki?
Məcidin 31 yaşı olsa da, subaydır, anası heç cür onu yola gətirə bilmir. Hər dəfə evlənməkdən söz düşəndə Məcid deyir:
- Mən görmədiyim, sevmədiyim qızla evlənmərəm!
Anasının əli üzündə qalır.
- Başına dönüm, ay bala, bu zəmanədə kim qızını sənə göstərər? Hansı qız səninlə söhbət etməyə razı olar? Nə qədər subay qalacaqsan, hə? Allaha şükür, nə çox halal süd əmmiş, bircə «hə» de, gedim ən yaxşısını alıb gətirim, sənə arvad, mənə də yaxşı gəlin olsun.
Dağ adamlarının tərsliyi tutdusa, üzünü görmə!
- Yox ana, gözlərim görməsə, könlüm sevməsə, evlənən deyiləm! Dedim, qurtardı!
Bu da Məcidin qərarı! Biçarə qadın hər dəfə toya, nişana gedəndə təravət ətirli məsum qızlara həsrətlə baxır, dərindən köks ötürürdü.
...İndi Məcid möhtəşəm malikanənin yaraşıqlı həyətində dayanıb gözləyirdi - başında quzu dərisindən papaq, əlində də arşın. Nədənsə, anası ilə evlənmək məsələsi barədə söhbəti xatırladı. «Gərək belə sərt danışmayaydım, axı anam yaxşılığımı istəyir, amma məni də başa düşsün də! Başqa cür evlənə bilmərəm! Sevgisiz nə həyat? Eh, nə isə, axşam mütləq arvadın könlünü alacam...»
Malikanə qulluqçusunun dediyinə görə, ev sahibi toya hazırlaşır, çoxlu qonağı var. Qızlar parça almaq istəyirlər, arşınmalçı da göydəndüşmüş kimi lap vaxtında gəlib. Məcid yaraşıqlı lələklərini açıb sinəsini qabağa verən tovuzquşundan gözünü ayıra bilmir, amma bütün fikri anasının yanında qalıb.
- Arşınmalçı, ay arşınmalçı, göstər görək, nəyin var?
Səsə diksindi. Qarşısında üç huri-mələk dayanmışdı. Nağıllardakı kimi, elə bil simurq quşu indicə onları öz qanadları üstündə bu cənnətə gətirmişdi. Üçü də bir-birindən gözəl! Al-əlvan kəlağayılarının uclarını yel oynadırdı, uzun ətəkləri yerə dəyirdi, tük kimi nazik bellərinə daş-qaşla bəzədilmiş kəmər taxmışdılar. İncə dodaqlar, tünd qəhvəyi gözlər, ənliksiz-kirşansız çöhrələrinə qonmuş bənzərsiz təbəssüm... Məcid sanki yuxuda idi. Ömründə belə zərif məxluqlar görməmişdi. Bədənini soyuq tər basmışdı, alnındakı damcılar günəş işığında bərq vururdu. Utanmasaydı, bəlkə də, sevdiyi məhəbbət qəzəllərindən birini oxuyub bu gözəlliyi vəsf edərdi...
- Bu gədəyə nooldu belə? Rəngi niyə ağarıb?
- Ay arşınmalçı, dinsənə... deyəsən, dilini udub axı!
- Qızlar, bəlkə, laldır, heç danışa bilmir.
Qızları müşayiət edən qulluqçu qadın bir addım irəli yeridi.
- Lal-zad deyil! Bəs bayaqdan darvazanın ağzında yanıqlı-yanıqlı oxuyan kim idi? Mən idim?... A gədə, dilin-ağzın niyə quruyub? Dillənsənə!
Məcid ancaq indi özünə gəlməyə başladı, göylərdən yerə endi. Utana-utana boğçasını açıb malları sərdi, gülümsünüb xanımlara səsləndi:
- Gözəl xanımlar xoş gəlib, səfa gətirib. Buyurun, seçin, zövqünüzə uyğun nə istəsəniz, burda var...
Qızlar parçaları çək-çevir edir, hərdən də Məcidə baxıb aralarında pıçıldaşır, sonra da gülüşürdülər. O, gözünü qızlardan çəkmirdi, xüsusən də biri Məcidi məftun eləmişdi. Ürəyini elə ovsunlamışdı ki, gözünü qırpmaq belə istəmirdi. Deyəsən, qız da arşınmalçını bəyənmişdi, nazlı baxışları ilə tez-tez onu süzürdü Sonra koftalıq parçalardan birini götürüb soruşdu:
- Ay oğlan, bunun arşını neçəyədir?
- Heç neçəyə, xanım, sizin üçün havayı...
- Bütün qızlara parçanı havayı versəniz...
- Bütün qızlara yox, yalnız sizin kimi gözəl xanıma...
Tezliklə alış-veriş bitdi. Xanımlar xeyli bafta, parça alıb artıqlaması ilə pulunu verdilər və gəldikləri kimi də gözdən itdilər. Məcidin ürəyi bərk-bərk döyünürdü, vücudu titrəyirdi, əl-ayağı sözünə baxmırdı. Qəlbində indiyə qədər duymadığı qəribə hisslər baş qaldırmışdı...
***
…Dağların başından baxanda ulduzlar tamam başqa cür görünür. Qəribədir, böyük şəhərlərdən baxanda qaranlıq səma heç belə təsir bağışlamır. Sıldırım qayaların ucunda isə…Burda tənhalıq hiss etməzsən, çünki başının üstündə nəhayətsiz və müdrik bir asiman var.
Elə bil dağlara yox, bir-birinə qısılıb göz vuran ulduzlara qonaq gəlmisən, kəhkəşan səni çəkib aparır, sirli ağuşuna alır. Əlini atıb ulduzlara sığal versən nazlanacaqlar...
Bir payız axşamı Şuşaya, bir-biri ilə bəhsə girirmiş kimi yanıb-sönən ulduzların seyrinə çıxsan, mütləq daha gur yanan səma cisimlərini fərqləndirə biləcəksən. Düşünürsən, niyə gur işıq saçır? Bəlkə, o, bəxt ulduzudur, bəlkə hansısa aşiqin qəlbidir, tez-tez döyünür, bəlkə sevgidən kam alıb, bəlkə göylərdə qismətini axtarır…Nə bilmək olar?
Amma 1905-ci ilin çiskinli payız axşamı, sevgi nağıllarının dolaşdığı əsrarəngiz Şuşanın hüdudsuz kəhkəşanında, ən gur parlayan o iki ulduzu kimsə görmədi. Görə də bilməzdi! Biri Məcidin ulduzu idi, digəri isə…
Şəhər əhli arasında yanıqlı səsi ilə qəlbləri riqqətə gətirən, qapı-qapı gəzib parça, bafta, kofta satan, nurlu çöhrəsindən həmişə təbəssüm yağan və «arşınmalçı» kimi sevilən gənc xanəndə Məcid Behbudov nəhayət axtardığını tapmışdı. Az öncə, bəylərdən birinin malikanəsində, qızlara parça satanda xanımlardan birini görüb vurulmuşdu. Deyəsən, elə qız da ona biganə deyildi. Məcidin qəlbini qəribə duyğular bürümüşdü, ürəyində elə hey qızla danışır, xəyallar qururdu. Sevincini anası ilə bölüşdü, evin yerini anlatdı.
Ana məyus-məyus oğluna dedi:
- Ay bala, sən nə danışırsan, bizi heç o qapının həndəvərinə buraxmazlar, el içində xar olarıq…
- Öldü var, döndü yoxdur, ana. Əgər evlənsəm, qismətim yalnız o qız olacaq!
Məcid atası kimi tərs və inadkar idi, anası da bunu yaxşı bildiyindən mübahisəyə girişmədi. Ancaq qüdrətli bəylə kəllə-kəlləyə gəlməyin nə olduğunu sevimli övladına anlatmaq istədi.
- Qoy o bəy olsun, mən də arşınmalçı Məcid! Baxaq, görək qızı mənə nə deyib verməyəcək!
Ertəsi gündən başlayaraq, Məcid arşın malı satmaq bəhanəsi ilə hər gün bu malikanənin qarşısına gəlir və yanıqlı səslə ucadan oxuyurdu. Qızlar da bir bəhanə tapıb gənci həyətə dəvət edir, çox şey almasalar da, atmacalı sözlərlə Məcidi yandırıb-yaxırdılar. Nəhayət, qərara gəldi ki, gözaltı etdiyi xanımın adını soruşsun və könlünü ona açsın.
- Adım Firuzə…
Ağ kəlağayısının ucunu çiyninə atıb utancaq baxışlarını yerə dikdi. Digər qızlar bilərəkdən hovuzun kənarına getmişdilər ki, Firuzə arşınmalçı ilə təklikdə danışa bilsin.
- Mən də Məcidəm, bu dağların oğluyam. Səni görən gündən ağlımı itirmişəm, həsrət odu məni yandırır. Məcnun kimi çöllərə düşmüşəm. Bir əlacım qalıb, özümü, bax o görünən sıldırım qayalardan aşağı atım!
- Aman Allah! Yox atma!
Firuzə başını qaldırıb Məcidin gözlərinə baxdı. Bu gözlərdə saf sevgi və çağlayan həyat eşqi gördü. Məcid isə göylərdə uçurdu.
- Əgər adaxlım olsan atmaram, vallah xoşbəxtlikdən göyün yeddinci qatına qalxaram!
- Mən qızların yanına gedim, atam görər, amma sən yenə gəl…
Məcid aşiq olduğu Firuzənin polkovnik Abbasqulu bəy Vəkilovun övladı olduğunu sonradan öyrəndi. Bu ailə əslən Qazax qəzasının Salahlı kəndindən, məşhur Vəkilovlar nəslindən idi. Firuzə xanım Tiflisdə Müqəddəs Nina Qızlar Gimnaziyasını bitirmişdi, rus, fransız dillərini mükəmməl bilirdi, müasirliyi və dünyagörüşü ilə yaşıdlarından fərqlənirdi. Teatrı, musiqini sevirdi, Avropa ədəbiyyatına yaxından bələd idi. Amma hər iki gənc yaxşı başa düşürdü ki, indiki mühitdə bəy qızı ilə arşınmalçının ailə qurması mümkün iş deyil…
Firuzə məhəbbətindən yan keçə bilməzdi: ulduzları göylərdə qovuşmuşdu, taleləri də elə orda yazılmışdı… Günlərin birində onlar hamıdan xəlvət qoşulub Qarabağdan uzaq bir məmləkətə - Tiflisə qaçdılar. Şuşa əhalisi uzun müddət bu hadisədən danışdı, Məcidlə Firuzənin sevgi dastanı dillərə düşdü və illər sonra dahi bəstəkar Üzeyir Hacıbəyli məşhur «Arşın mal alan» operettasının qəhrəmanı Əsgərin timsalında Məcid Behbudovun obrazını yaradaraq bu sevgiyə əbədiyyət qazandırdı.
Məcidlə Firuzə Tiflisin azərbaycanlılar yaşayan Havlabar məhəlləsində məskənləşdilər və şuşalı gənc gələcək həyatını bu şəhərlə bağladı. Məcid arşınmalçılığın daşını atıb xanəndəlik etməyə başladı. Zil səsi vardı, xüsusən də «Segahi Mirzə Hüseyn» və «Şüştər»i böyük ustalıqla ifa edirdi.
O, 1910-cu ildə «Qrammafon« şirkətindən dəvət alıb tarzən Məşədi Cəmil, qarmonçalan Kərbəlayi Lətif, Malıbəyli Həmid kimi xanəndələrlə Riqaya yollandı. Bir neçə muğam, xalq mahnısı və təsnifi vala yazdırdı. Həmin illərdə bu məqsədlə ona digər Avropa ölkələrindən də dəvətlər gəldi. Onu bu səfərlərdə rus və fransız dillərini gözəl bilən həyat yoldaşı Firuzə xanım müşayiət edirdi.
Ustad xanəndə opera səhnəsində də çıxış edirdi. 1911-ci ildə Bakıda «Fərhad və Şirin» operasında Xosrov rolunu oynadı. 1915-ci ildə Gəncədə Məşədi Cəmil Əmirovun «Seyfəl-mülk» operasının ilk tamaşasında Ələsgər Abdullayev və Bülbüllə tərəf-müqabil oldu. 1921-ci ildə Gürcüstanda sovet hakimiyyəti qurulandan sonra Məcid Behbudov musiqi, Firuzə xanım Vəkilova isə maarif sahəsində çalışır, şəhərin Azərbaycan məktəblərində rus və fransız dilini tədris edirdi. Marifçi qadın həm də Tiflisdə Klara Setkin adına Türk Qadınlar Klubunun rəhbəri idi. O, 1933-cü ildə, 44 yaşında vəfat etdi. Bu itkidən sonra Məcid Behbudov İrəvandakı İncəsənət İşçiləri İttifaqının Şərq orkestrində işə düzəldi. Amma orada da çox qala bilmədi. Firuzənin doğulduğu Qazax rayonuna gəlib mədəniyyət evində işə düzəldi.
Amma nə yaxşı ki, oğlu, məşhur müğənni Rəşid Behbudovun 1945-ci ildə «Arşın mal alan» filmində yaratdığı Əsgər obrazını görmək ona nəsib oldu. O, elə həmin il dünyasını dəyişdi... («Aydın yol» qəzeti)