vaxtlı-vaxtında oxuyun! Bazar, 24 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Tariximiz bizim üçün dərs olmalıdır. O, heç nəyi silmir»

Heydər Əliyev (1923 - 2003)
MÜSAHİB  
12:52 | 4 fevral 2017 | Şənbə Məqaləyə 4268 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Heyvanlara ət verirlər, bizə maaş vermirlər»

Azər Hüseynov: «İDEA İctimai Birliyinin dəstəyi ilə qış ayları üçün kombi sistemli böyük volyer tikdik»

Mirmahmud KAZIMOĞLU

Bakı Zooparkının direktoru Azər Hüseynov Modern.az saytının suallarını cavablandırıb. Onunla müsahibəni təqdim edirik.


- Azər müəllim, hazırda zooparkda nə qədər heyvan var?

- Hazırda zooparkda 150 növ, 1200-dən çox heyvan var. Yəni bunlar müxtəlif növ heyvanlardır. Yırtıcı heyvanlara misal olaraq 6 baş şiri, 1 baş pələngi, yaquarı, çaqqalı, 7 baş canavarı, oxatan kirpini, 2 baş tülkünü, 3 baş porsuğu göstərmək olar. Otyeyən heyvanlardan isə maral, lama, muncaq, kenqurunu göstərmək olar. Həmçinin? quşların da 40-a yaxın növü var. 


- Zooparka yeni heyvanlar gətirilibmi?

- Bəli. Oyuncaq meymun hədiyyə olunub bizə. İquananı da bizə hədiyyə ediblər. Bunu iki il bundan öncə evdə saxlayırdılar. İDEA İctimai Birliyi bizə dəstək oldu, iquana üçün volyer tikdik. Onun həm qış, həm də yay yeri var. Volyerdəki temperatur da 20 dərəcədən yuxarıdır.

Zooparkda erkək lama var. Biz bu il çalışırıq ki, Daşkənd Zooparkı ilə müqavilə bağlayıb, onun dişisini bura gətirək. Keçən il burada şirimizin balası oldu, süd vermədi. Biz o balaya it südü tapdıq, bəslədik. Bəzi adamlar kabinetdə oturur, internet arxasında ağlına nə gəlirsə, onu yazır. Amma burda həyat bambaşqadır. Bu yaxınlarda yazmışdılar ki, dəvələr ölür, onlara baxan yoxdur. Özü də bunları kənd adamları deyir . Yenə şəhər adamları desəydilər, onları başa düşmək olardı. Onlar təbii prosesləri bilmirlər.

Dəvələr yununu dəyişir ki, yayda isti olmasın. Bunu Allah belə yaradıb. Onu yazan adamlar yayda qış paltosu ilə gəzə bilər? Məni düzgün başa düşün. Bir çox heyvanlar da tükünü dəyişir. Mətbuata açıq adamam. Nə vaxt istəyirlər, zəng vursunlar, istənilən məsələyə aydınlıq gətirim, amma xahiş edirəm, bizim haqqımızda səhv təəssürat yaratmasınlar. Məsələn, canavarın bədənində spesifik qoxu olur. Qəfəsə yaxınlaşanda istər-istəməz o qoxu adamı vururdu. Canavarların qəfəsini dəyişdik, bu problem həll olundu.

Zooparkda yırtıcıların yeri problemlidir. Bunu da mən tikməmişəm. Sovet dövründə tikilib, indi istifadə olunur. Biz bəbir üçün, pələng üçün yer tikmişik. İDEA İctimai Birliyi bizə dəstək oldu, böyük bir volyer tikdik. Bizə bir həftə bundan əvvəl Şamaxıdan maralın növü olan 2 baş lain də hədiyyə olunub. Gördüyünüz kimi, onlar hələ bura adaptasiya olunmayıblar. Çünki açıq şəraitdən gətirilib, bura yerləşdirilib. Biz pul verib Zooparka heyvan almırıq. Biz digər zooparklarla barter edib, heyvan alırıq. Ya da təşkilatlar, vətəndaşlar tərəfindən bizə hədiyyə olunur.


- Sizi tənqid edənlərin arqumentlərindən biri də heyvanların qidası ilə bağlıdır. Deyirlər heyvanlar ac saxlanılır...

- Heyvanların yemi ilə bağlı qətiyyən problemimiz yoxdur. İstənilən şəxs qəfil gəlsin, hansı heyvanın yemi ilə maraqlanırsa, onu tanış edə bilərəm. Heyvanlar ac saxlanılırsa, onlardan necə bala alırıq? Dəvələri, şirləri, poniləri başqa zooparklarda saxlanılan heyvanlarla müqayisə edin, görün, bizim heyvanlar kökdür, yoxsa onlar? Bəzən mən özüm parkda gəzəndə kimsə deyir ki, heyvan acdır. Bu düşüncə necə yaranır, onu sizə deyim. Məsələn, meymuna konfet verirlər, o da götürür. İndi mən sual verirəm: elə bir uşaq tapaq ki, qəşəng bir konfeti verək, istəməsin. Bunu vəziyyətdən çıxmaq üçün demirəm, faktı deyirəm. Pulumuz olmasa, deyərəm, heyvanlara üç gündən bir yem veririk. Elə deyil axı... Göydən Allah baxır. Bilsəm ki, ehtiyat yemimiz yoxdur, yata bilmərəm. Ola bilməz ki, əməkdaşlarımız hər hansı problem qaldırsın, onu sabaha saxlayım. Bunu reklam üçün demirəm və güman edirəm, bir-birimizi başa düşürük.


- Bəs heyvanlar üçün əti haradan alırsınız?

- Biz əti tenderdən müsabiqəni udmuş şirkətdən alırıq.  Həmin şirkət də bizi lazımınca ətlə təmin edir. 


- Heyvanlara ətlə yanaşı, başqa hansı yemlər verilir?

- Yonca, arpa, buğda, kəpək, darı. Həmçinin müəyyən dekorativ heyvanlara kələm, otyeyən heyvanların bəzilərinə alma, kök, ayılar üçün düyü bişirilir və içərisinə ət, tərəvəz qatılır, tutuquşuların yeminə az miqdarda qoz qatıb veririk.


- Dövlət Baytarlıq Xidmətinin əməkdaşları tez-tez insanların istifadəsinə yararsız ətlər aşkarlayıb, yandırırlar. Bununla bağlı onlara müraciət etmisinizmi ki, həmin ətləri Zooparka versinlər? Bu ətləri heyvanlara vermək olar?

-  Dövlət Baytarlıq Xidməti əgər həmin ətlər heyvanlar üçün yararlıdırsa, bizə göndərir. Hətta bir neçə dəfə də həmin ətlərdən zooparka gətiriblər. O ki, qaldı müraciətə. Biz niyə müraciət etməliyik ki? Əgər onlar bu ətləri yararlı bilirlərsə, özləri gətirib verirlər. Özü də təmənnasız olaraq.


- Zooparkın neçə əməkdaşı var?

- 42 nəfər əməkdaşımız var. Onların əksəriyyəti heyvanların qulluğundadır. Əməkdaşların yarısından çoxu gəncdir. Bu, heyvanat aləminə, Azərbaycan təbiətinə olan xoş münasibət deməkdir. Hər adam Zooparkda işləyə bilməz. Burda yalnız heyvanlara böyük sevgisi olan adamlar çalışır. Yırtıcılar, quşlara, otyeyən heyvanlara baxan işçilər ayrıdır.


- Əməkhaqqı necədir? Məsələn, yırtıcı heyvanlara qulluq edən şəxslərlə digər heyvanlara qulluq edənlərin maaşları arasında fərq var?

- Ağrılı sualdır. Maaşlar çox yüksək deyil, amma buna baxmayaraq, burda həvəslə işləyirlər. İşçilər 140- 150 manat əmək haqqı alırlar. Lakin biz çalışırıq ki, əksər işçilərimizə iki «oklad» əməkhaqqı verək. Çünki onlar kabinetdə oturub işləmirlər.  Onlar heyvanların qəfəslərinə girib-çıxırlar. Təsəvvür edin, o adam fikirli, dərdli olsa, nələr ola bilər. Şükür, indiyə qədər xoşagəlməz hallar qeydə alınmayıb. Bəziləri elə bilir, Zooloji Parkda işləmək kinoteatrda, teatrda işləmək deməkdir. Buranı başqa parklarla bir tutmaq olmaz. Biz həmçinin, burada işçilər üçün müəyyən şəraitlər yaratmışıq. Özlərinin otaqları var. Evlərindən gətirdikləri yeməkləri qızdırıb, rahat bir şəkildə yeyə, istirahət edə bilərlər. Həmçinin, axşamlar burada qalan əməkdaşlarımız da var.  Parkda təkcə ağaclara su verilirsə, burda heyvana da su verilir, qida ilə təmin olunur, qəfəslər təmizlənir və s. 


- Bir müddət əvvəl Zooparkın yerinin dəyişdirilməsi ilə bağlı məlumatlar yayılmışdı. Bəs indi necə, bu məsələ hələ də aktuallığını qoruyub saxlayırmı?

- Çoxdandır bu söhbətlər gedir. Bu mənə aid olmadığına görə, mənim səlahiyyətlərim çərçivəsində olmadığına görə, bir söz deyə bilmərəm. Keçən il də mətbuatda Zooparkın köçürülməsi ilə bağlı məlumatlar yayılmışdı. Mən bunu internetdə oxuyan zaman məəttəl qaldım. Dedim ki, bu nədir? Qız evində toydur, oğlan evinin xəbəri yoxdur. Nə məsələdir? Zooparkın köçürülməsi ilə bağlı bu gün məndə əsaslı bir dəlil yoxdur. Nə vaxtsa yeni Zooloji Park tikilərsə, onda bizə xəbər edərlər. İndi isə bu məsələ barədə heç nə dəyə bilmərəm.


- Soyuq, şaxtalı havalarda heyvanlar hansı şəraitdə saxlanılır?

- Özünüz də bunun şahidi olursunuz ki, biz heyvanlara necə qayğı göstəririk. Soyuq, şaxtalı havaya dözümü olmayan heyvanları çölə buraxmırıq. Onlar üçün ayrılmış xüsusi yerdə saxlayırıq. Həmin yerdə özünüz də şahidi oldunuz ki, kombi sistemi, qızdırıcılar var. Biz belə havalarsa o heyvanları bayıra buraxsaq, xəstələnərlər. Şahidi oldunuz ki, bitonun, timsahın volyerində istilik sistemi, suyu, qumu, bir sözlə nə lazımdısa, o da var. Biz meymunları da belə havalar zamanı çölə buraxmırıq. Bir sözlə, soyuğa dözümü olmayan heyvanlar belə havalarda  isti yerlərdə saxlanılır.


- Mədəniyyət və Turizm Nazirliyindən Zooparka pul ayrılırmı?

- Əvvəlki illər Bakı şəhəri Mədəniyyət və Turizm Baş İdarəsinin nəzdində fəaliyyət göstərirdik.Yəni İcra Hakimiyyətinə tabe idik. İkinci tabeçiliyimiz isə Mədəniyyət və Turizm Nazirliyinə idi. Bu ildən isə bizim müaliyyə məsələlərimizi  Mədəniyyət və Turizm Nazirliyi həyata keçirəcək. İndi görəcəyik bizi necə təmin edirlər.