vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 18 sentyabr 2025
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Əli bəy Hüseynzadə (1864 - 1940)

«Hürriyyət!.. O nə qüvvədir ki, zehinləri, fikirləri, xəyalları, bəşərin bütün ruh və mənəviyyatını sövq edir!»

Əli bəy Hüseynzadə (1864 - 1940)
BÖHRAN  
“Yaşıl timsah” 17:14 | 23 mart 2022 | Çərşənbə Məqaləyə 726 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

“Yaşıl timsah”

Rusiya əsgəri Ukraynada hansı telefonla danışır

MÖVZU İLƏ ƏLAQƏLİ

Rusiyanın işğalçı qüvvələri Ukrayna ərazisində kommunikasiya problemləri ilə üzləşiblər. Ukraynanın yaydığı bir videoda rusiyalı əsgərlər müstəntiqlərə kommunikasiyanın, “heç nələrinin” olmadığını deyiblər.

Jurnalistlər Sergey Dobrınin və Mark Krutov yazırlar ki, oxşar bəyanatlar, dinlənilən söhbətlər, ələ keçirilmiş avadanlıq, ucuz ötürücülər kommunikasiya problemlərinin Moskvanın işğal planlarını əngəllədiyini göstərir.

***

Rusiya Prezidenti Vladimir Putin Ukraynanı “demilitarizasiya” etmək və diz çökdürmək üçün fevralın 24-də müharibəyə başlayıb. Qərbdə bir çox hərbi təhlilçilərin fikrincə, Kreml və plan quranları işğalın ilk həftələrində əsas aspektləri gözdən qaçırıblar. Hətta kommunikasiyanın təhlükəsizliyinin qorunmaması Ukrayna qüvvələrinin azı bir Rusiya generalını hədəfə almasına səbəb olub.

Rusiyanın kommunikasiyasında boşluqlara gəlincə, səriştəsiz mütəxəssislər, başqa torpaqda işləməyin çətinliyi bu sıradadır.

Telekommunikasiya mütəxəssisi Stanimir Dobrev bir səbəbi də Rusiya ordusunun tərkibindəki köhnə texnikada görür, məsələn, Kiyevə yaxınlaşan 90-cı tank diviziyası kimi. Onun sözlərinə görə, bu köhnə avadanlığı “dərhal deşifrə etmək olur”.

Bu və digər faktorlar Rusiyanın quru əməliyyatının səngidib, hava əməliyyatlarının effektini azaldıb.

***

Müəlliflər yazırlar ki, Rusiyanın 2008-ci ildə Gürcüstanda beş günlük müharibəsi də silahlı qüvvələrdə taktiki kommunikasiya problemlərini ortaya qoyub. Həmin müharibədən sonra Gürcüstanın iki regionu Moskvanın işğalı altındadır.

O zaman bəzi bölmələr komandanlıq ilə kommunikasiya qura bilmirdilər, hərbi radiolar əvəzinə mobil telefonlar, hətta “kuryer poçtu” istifadə olunurdu. Bir dəfə hava qüvvələrinin zabiti şəxsən tapşırıq verməkdən ötrü vertolyotla özü getməli olmuşdu.

Rusiya Baş qərargahının rəis müavini Yevgeni Meyçik 2009-cu ildə bəyan etdi ki, Rusiyanın ovaxtkı prezidenti Dmitri Medvedevin göstərişilə Müdafiə Nazirliyi hərbi komandanlıq-nəzarət sisteminə yanaşmasını tamamilə yenidən nəzərdən keçirəcək, “özəlliklə də kommunikasiya sistemlərini”. O, 2011-ci ilin sonunadək “hər bir hərbçinin, döyüş maşınının radiostansiya ilə əhatə olunacağını” deyirdi.

Meyçukun planı Akveduk adlı taktiki hərbi radio sistemindən istifadəni nəzərdə tuturdu. Amma Müdafiə Nazirliyi tamamilə yeni, altıncı nəsil “Azart” sisteminin inkişaf etdirilməsinə üstünlük verdi. Sahiblərindən biri Medvedevin müşaviri olmuş “Angstrem” şirkəti layihəyə cəlb edildi.

***

2012-ci ilin əvvəlində Baş nazirin müavini Dmitri Roqozin əlində “Azart” telefonu tutaraq “Bu əlaqə işləyir!” deyirdi.

Ancaq sonradan əsgərlər bu telefonlara yarım metrlik antenalarına görə “yaşıl timsah” adı verdilər.

Üstündən 13 il keçəndən sonra Rusiya əsgərlərinin əllərində minlərlə “Azart” telefonları görmək olar. Amma bunu uğur adlandırmaq çətindir. Bəzi forumlar “Azart”ın əsgərlər arasında qeyri-populyar olduğunu göstərir.

Hərbi ekspert Vladimir Orlovun sözlərinə görə, “Suriyada Rusiya bazalarından kənarda hamı mobil telefonlar və Çin “balalayka”larından istifadə edir”, – “balalaika” Çin istehsalı radioqəbuledicilərə deyilir.

***

Rusiya ordusunda 60 minədək “Azart” cihazlarının olduğu, onlara 18 milyard rubl (indiki kursa 171 milyon dollar) xərcləndiyi, bir cihazın 300 min rubla alındığı deyilir. Bu isə Rusiyanın Ukraynaya göndərdiyi güman edilən əsgər sayının üçdə birinə bərabərdir.

Təhlilçi Dobrev Rusiya ordusunun müasir və təhlükəsiz kommunikasiya kanallarının olmamasını onların Ukraynada ləng irəliləyişinin əsas səbəbi kimi görür. Çünki bu problem quru, hava, dəniz qüvvələri arasında zəif koordinasiyaya səbəb olur.

“Bellingcat” araşdırmaçı qrupundan Kristo Qrozevsə 2021-ci ildə Rusiyada tətbiq olunmuş “çox bahalı kriptotelefon sistemi” üçün 3G, yaxud 4G gərəkdiyini, bu səbəbdən onların asanlıqla aşkarlandığını qeyd edir.

“Mobil şəbəkələr Ukraynanın nəzarətindədir və Ukrayna ordusu üçün təhlükəsiz kommunikasiya vasitəsidir”, – Dobrev deyib.

***

Amma rusiyalılar üçün elə deyil. Dobrevin sözlərinə görə, xüsusi təhlükəsiz hərbi kommunikasiya olmadığından bir çox əsgər və zabitlər adi telefonlar işlədirlər: “Onlar sadəcə Ukrayna SIM kartlarını çıxararaq Rusiyaya zəng edirlər. Bu zaman Ukrayna ordusu və kəşfiyyatı nəinki onların danışığını tutur, hətta zəng edənin yerini də müəyyənləşdirir”.

BBC müharibənin ilk günlərində xəbər verirdi ki, Çeçenistan lideri Ramzan Kadırova məxsus olduğu güman edilən səs yazısından onun qvardiyasından bir komandirin müharibə öncəsi Moskvaya gedərək “təmiz Ukrayna SİM kartları əldə etdiyi” bilinir.

“The New York Times”ın bu yaxınlarda ABŞ hərbi mənbələrinə istinadla yazmasına görə, Rusiya generallarının çoxu təhlükəsizliyi qorunmayan telefon və radiolardan istifadə edir. Ukrayna azı bir generalın yerini zəng vasitəsilə müəyyənləşdirib və onu hədəfə alaraq öldürüb.