vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 18 sentyabr 2025
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Səttar Xan (1866 - 1914)

«Türk milləti böyük bir daşa bənzər, çox gec qızar və gec də soyuyar»

Səttar Xan (1866 - 1914)
BÖHRAN  
“Danışıqlarda Ukrayna qurban verilə bilməz” 19:04 | 28 mart 2022 | Bazar ertəsi Məqaləyə 493 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

“Danışıqlarda Ukrayna qurban verilə bilməz”

Rusiyaya qoşulmaq üçün Luqanskda referendum gözlənilir

MÖVZU İLƏ ƏLAQƏLİ

“Reuters” agentliyinin xəbərinə görə Britaniyanın xarici işlər naziri Liz Trass martın 28-də deyib ki, Rusiya ilə danışıqlarda Ukrayna qurban verilə bilməz və Vladimir Putinın bu müdaxilədən mənfəətlənməsi yolverilməzdir: “Biz əmin olmalıyıq ki, gələcək danışıqlar Ukraynanın qurban verilməsi ilə nəticələnməsin və keçmiş səhvlər təkrarlanmasın. Biz 2014-cü ilin anlaşmasını və bunun Ukraynaya uzunmüddətli təhlükəsizlik vermədiyini xatırlayırıq. Məhz buna görə də biz Putinin bu dəhşətli təcavüzdən qalib çıxmasına yol verə bilmərik”.

***

Mariupolun meri Vadim Boyçenko şəhərin humanitar fəlakət astanasında olduğunu, tam evakuasiyanın vacibliyini vurğulayıb. Boyçenko 160 minədək dinc sakinin şəhərdə işıqsız qaldığını söyləyib.

Onun sözlərinə görə, sakinləri evakuasiya etmək üçün 26 avtobus gözləyir, amma Rusiya qüvvələri onları təhlükəsiz çıxış verməyib.

“Rusiya Federasiyası bizimlə oynayır”, – o vurğulayıb.

***

Ukrayna Baş nazirinin müavini İrina Vereşçuk isə Rusiyanın mümkün “provokasiyaları” səbəbindən mühasirədə olan şəhərlərdən hər hansı humanitar dəhliz açmaq planları olmadığını deyib.

“Kəşfiyyatımız humanitar dəhlizlər boyunca işğalçıların mümkün provokasiyaları haqda xəbər verir. Buna görə də ictimai təhlükəsizliyə görə bu gün humanitar dəhliz açmırıq”, – o, martın 28-də Telegram-da yazıb.

Müharibəyə qədər 400 min əhalisi olan Mariupol viran qoyulub, minlərlə dinc sakin həlak olub, bir çoxlarının kommunal xidmətlərsiz, ərzaqsız qaldığı bildirilir.

Humanitar dəhlizlər haqda öncəki razılaşmaların çoxu alınmayıb, tərəflər bir-birini bunu əngəlləməkdə suçlayıb.

***

Ukrayna hərbi kəşfiyyatının başçısı deyir ki, Rusiya ölkəni ikiyə parçalayacağına ümid edir. Prezident Volodimir Zelenski qərbdən ölkəsinin müdafiəsi üçün əlavə qırıcılar istəyib.

General Kirilo Budanov martın 27-də bildirib ki, Rusiya Prezidenti Vladimir Putin onun ölkəsini 2-ci Dünya müharibəsindən sonra Koreya yarımadası kimi parçalamaq istəyir.

***

Bu bəyanatdan bir neçə gün öncə Rusiya bəyan edib ki, hərbi strategiyasını dəyişir, Ukraynanın şərqindəki Donetsk və Luqansk regionlarına fokuslanır. Moskva 2014-cü ildə Ukraynanın Krım yarımadasını ilhaq edəndən sonra ölkənin şərqindəki separatçıları dəstəkləməyə başlayıb.

Budanovun sözlərinə görə, Ukrayna Rusiya qüvvələrinin çıxarılması və ölkənin ərazi bütövlüyünün təmin olunmasından ötrü “tam partizan” müharibəsi aparacaq.

Rusiya Ukrayna ilə sərhədə 150 minədək əsgər yığaraq fevralın 24-də ölkəni işğal edib. Bundan iki gün öncə separatçıların Donetsk və Luqanskdakı qondarma “respublikalar”ını tanıyıb. Kreml bu keçmiş sovet ölkəsini öz təsir dairəsinə almağa çalışır.

Ukrayna silahlı qüvvələri, mülki müdafiə dəstələri və könüllülər Rusiya əsgərlərinə sərt müqavimət göstərirlər, hətta bəzi şəhərləri geri almaları haqda xəbərlər gəlib. Qərb Ukraynaya silah yardımı göstərir. Amma NATO Kiyevin təkidli xahişlərinə baxmayaraq, münaqişəyə müdaxilə etməyib, Ukrayna səmasını da bağlamayıb.

***

Hazırda Donetsk regionunda strateji Mariupol şəhərində ağır döyüşlər getdiyi bildirilir. Bu şəhərin itirilməsi Ukraynanın Donetski müdafiə etməsinə böyük zərbə olacaq.

Rusiya Ukrayna səmasına nəzarət edir, ölkənin hərbi və mülki infrastrukturunu vurur.

Qərb Ukraynaya “MiG” qırıcıları göndərməkdən imtina edir, bunun Rusiyanı münaqişənin sərhədlərini genişləndirməyə təhrik edəcəyindən ehtiyatlanır.

“Bu gün Mariupolu müdafiə edənlərlə danışdım. Onlarla daimi kontaktdayam. Onların qətiyyəti, qəhrəmanlığı və möhkəmliyi heyrətamizdir”, – Zelenski videomüraciətində deyib.

“31 gündür bizə onlarla qırıcı və tankı necə verməyi götür-qoy edənlərdə onların cəsarətinin 1 faizi olsaydı”, Zelenski Qərblə bağlı deyib.

***

Bu gün – martın 28-də Türkiyədə Ukrayna-Rusiya danışıqlarının növbəti raundu keçirilməlidir. Zelenski danışıqlar öncəsi ölkəsinin ərazi bütövlüyü məsələsini vurğulayıb.

Ukraynanın danışıqlarda prioriteti “suverenlik və ərazi bütövlüyü” olacaq, o deyib.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan martın 27-də rusiyalı həmkarı Putinlə telefon söhbətində danışıqlara ev sahibliyi etməyə razılaşıb. Ərdoğan atəşkəsə və humanitar şərtlərin yaxşılaşdırılmasına çağırıb.

Tərəflər arasında üzbəüz danışıqların martın 28-də, yaxud 29-da başlanacağı gözlənir.

***

Britaniya kəşfiyyatının martın 28-də yaydığı məlumata görə, Rusiya qüvvələri son 24 saat ərzində ciddi irəliləyiş əldə etməyiblər. Rusiyanın Mariupol yaxınlığında möhkəmləndiyi bildirilir.

Luqanskın separatçı lideri isə martın 27-də bildirib ki, Rusiyaya qoşulmaq üçün regionda tezliklə referendum keçirə bilər. 2014-cü ildə Rusiya Krımı da oxşar referendumla ilhaq etmişdi.

“Müvəqqəti işğal edilmiş ərazilərdə heç bir saxta referendumun hüquqi qüvvəsi yoxdur. Rusiya bunun əvəzində beynəlxalq ictimaiyyətin daha güclü reaksiyası ilə üzləşəcək, qlobal baxımdan daha çox təcrid olunacaq”, – Ukrayna Xarici İşlər Nazirliyinin sözçüsü Oleq Nikolenko deyib.

***

Ukrayna 1994-cü ildə Moskvadan ərazi qarantiyaları əvəzində nüvə silahlarından əl çəkib. Rusiya Krımı ilhaq edənəcən neytrallıq məsələsi konstitusiyaya salınmışdı. Ancaq o vaxtdan Ukrayna Rusiya təcavüzünə qarşı NATO-ya üzv olmağa çalışır. Kreml isə bunu “qırmızı xətt” adlandırır.

Zelenski martın 27-də Rusiyadan jurnalistlərə müsahibəsində neytrallığı bəyan etməyi, Rusiyaya təhlükəsizlik qarantiyaları verməyi istisna etməyib. “Roskomnadzor” müsahibənin Rusiyada yayılmasını dərhal qadağan edib.

NATO rəsmiləri isə alyansın qapılarının Ukraynanın üzünə açıq olduğunu desələr də, konkret tarix göstərmir, üzvlüyün illər çəkəcəyini vurğulayrlar.

Putin Ukrayna dövləti və mədəniyyətini rədd edir, onun yalnız Rusiya tarixindən qaynaqlandığını iddia edir.