vaxtlı-vaxtında oxuyun! Çərşənbə, 21 avqust 2019
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.928 AZN
1 Rusiya rublu 1 RUB = 0.0258 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 2.2014 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.3228 AZN
Heydər Əliyev (1923 - 2003)

«Fikir müxtəlifliyi təbii hadisədir. Hamı bir boyda ola bilmədiyi kimi, eyni fikirdə də ola bilməz»

Heydər Əliyev (1923 - 2003)
SOSİAL  
11:38 | 7 noyabr 2017 | Çərşənbə axşamı Məqaləyə 1294 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Hökumət bahalaşma ilə ciddi mübarizəyə başlamalıdır»

Millət vəkili: «Qiymət artımları ilə bağlı analiz aparılmalı, səbəblər müəyyənləşdirilməli və tədbirlər görülməlidir»

Dünya SAKİT

MÖVZU İLƏ ƏLAQƏLİ

Azərbaycanda qiymətlərin süni şəkildə bahalaşması prosesi davam edir. İlin əvvəlindən manatın məzənnəsində azalmanın dayanması, hətta bir qədər möhkəmlənmənin getməsinə rəğmən, ölkədə inflyasiya prosesinin qarşısını almaq mümkün olmayıb.

Xatırladaq ki, aprel ayında bəzi ərzaq məhsulları üzrə aparılan cüzi ucuzlaşma prosesi dayanıqlı olmayıb, əksinə, cəmi bir neçə həftədən sonra yenidən bahalaşma ilə əvəz olunub. Xüsusilə əsas ərzaq məhsulları səbətinə daxil olan məhsulların qiymətində artım davam etməkdədir.

Dövlət Statistika Komitəsinin məlumatına əsasən bu ilin yanvar-sentyabr aylarında istehlak məhsullarının və xidmətlərin qiymətləri ötən illə müqayisədə 13,9 faiz bahalaşıb. Bu zaman ərzaq məhsullarında qiymət artımı 17,9 faiz təşkil edib. Bu ilin qeyd olunan dövründə ölkə üzrə pərakəndə ticarət şəbəkəsində satılmış məhsulların dəyəri əvvəlki ilin eyni dövrü ilə müqayisədə cəmi 2,1 faiz artaraq 24,8 milyard manat olub. Bunun da 12,6 milyard manatını - yarıdan çoxunu ərzaq məhsulları təşkil edib. Bu isə o deməkdir ki, qiymətlərin artması ölkədə alıcılıq imkanlarını ciddi şəkildə məhdudlaşdırıb.

Qarşıdan Yeni il və Dünya Azərbaycanlılarının Həmrəyliyi bayramları gəldiyini, eyni zamanda mövsümi amillərin təsiri ilə bəzi kənd təsərrüfatı məhsulları üzrə qiymətlərində yüksəlişin indidən başladığını nəzərə alsaq, yaxın aylarda ölkədə bahalaşma prosesinin sürətlənəcəyini söyləyə bilərik. Əldə etdiyimiz məlumata görə, hələ sentyabr ayında kərə yağının qiymətində baş verən kəskin bahalaşmadan sonra bu proseslərə müdaxilə olunması barədə başlanan müzakirələr müəyyən qərarların alınması ilə nəticələnib. Hökumət strukturları əhalinin xərcləmələrində mühüm yer tutan ərzaq məhsullarının qiymətində subyektiv amillərə bağlı bahalaşmanın qarşısını almaq, həmçinin mümkün olan həddədək azalmaya nail olmaq üçün ciddi tədbirlər almaq qərarına gəliblər.

Ölkədə qiymət bahalaşmasının qarşısını hansı yollarla almaq mümkündür? Bu prosesdə hökumətin iştirakı üçün hansı rıçaqlar var? Sualları cavablandıran millət vəkili, Milli Məclisin üzvü Vahid Əhmədov bahalaşmanın davam etdiyi və əhalini böyük çətinliklərlə üz-üzə qoyduğu fikrindədir: «Bilirsiniz, qiymət artımının da obyektiv və subyektiv səbəbləri var. Obyektiv artım odur ki, kənardan idxal olunan məhsulun mənşə ölkəsində qiyməti qalxır, gətirən də məcbur olur eyni addımı atır. Subyektiv isə odur ki, mal gətirən, yaxud daxildə istehsal edənlər bazarı bir balaca boş görən kimi qiymətləri öz bildikləri kimi qaldırırlar. Düzdür, İqtisadiyyat Nazirliyinin antiinhisar qurumu çalışır ki, subyektiv proseslərin qarşısını alsın. Amma aydın məsələdir ki, bir qurumun buna gücü çatmaz. Baxın, statistikaya görə, 8-9 ayda 13-14 faiz imflyasiya olub. Amma qiymətlər bu qədər artmayıb axı - elə məhsullar var ki, 2-3 dəfə bahalaşıb. Yəni qiymət siyasətində qeyri-müəyyənlik var».

V.Əhmədov məsələni bir daha Milli Məclisdə qaldırmaq niyyətindədir: «Əgər ölkədə rəsmi statistikada olduğu qədər aşağı inflyasiya olubsa, qiymətlər nədən bu qədər bahalaşır, istənilən vaxt qiyməti qaldırırlar? Bu, çox ciddi məsələdir. Ölkədə qiymət siyasəti çox zəif həyata keçirilir. Bazar iqtisadiyyatı o demək deyil ki, kim nə qiymət istəyir onu qoysun. Qiymətlər üzərində nəzarət sistemi qurulmalıdır».

Millət vəkili bildirir ki, qiymət artımları ilə bağlı hərtərəfli analiz aparılıb, səbəblər dəqiq müəyyənləşdirilməli və ona uyğun tədbirlər həyata keçirilməlidir: «Araşdırılmalıdır ki, idxal məhsulları mənşə ölkəsində neçəyədir, burada hansı səbəbdən qiyməti bahalaşır? Yerli məshuldursa, yerli xammalla istehsal olunursa, yaxud xaricdən xammal gətirirsə, bu, amillər qiymətə nə qədər təsir edir və sair. Məsələn, bir toyuq istehsal edirsə, onun maya dəyərini hesablamaq lazımdır. Maya dəyəri tutalım ki, 1 manata başa gəlirsə, onu 2 manata satırsa, soruşmaq lazımdır ki, niyə bu qədər baha satırsan. Bazar iqtisadiyyatıdır deyib bazarı özbaşına buraxmaq olmaz. Əvvəllər dövlətin əlində bazara müdaxilə üçün rıçaqlar vardı: hansı məhsulun qıtlığı yaranırdısa, qiyməti artırdısa dövlət həmin məhsuldan bazara çıxarmaqla vəziyyəti tənzimləyirdi. İndi belə rıçaq yoxdur, onları yaradanadək bazara nəzarətin digər effektiv metodlarını tətbiq etmək lazımdır».

V.Əhmədovun sözlərinə görə, inzibati yollarla qiymətləri aşağı salmaq effektiv metod deyil: «Bu, qısa müddətə effekt versə də, sonra daha böyük bahalaşmaya səbəb olur. Digər tərəfdən, sahibkarların özündə də insaf olmalıdır. Dövlət başçısının təşəbbüsü ilə yoxlamalar dayandırılıb, biznesin inkişafı üçün şərait yaradılıb. Sahibkarlar bundan qiyməti əsassız qaldırmaq üçün istifadə etməməlidilər. Hesab edirəm ki, «Rəqabət məcəlləsi» tezliklə qəbul olunmalıdır, sağlam rəqabət mühiti olarsa, heç kim əsassız bahalaşmaya gedə bilməz. Biz uzun illərdir ki, bu məcəllənin qəbul olunmasına çalışırıq».

Parlament üzvü deyir ki, hökumət istədiyi an bazara müdaxilə edə bilər: «Hökumətlər ondan ötrüdür ki, xalqın vəziyyətini pisləşməyə qoymasın, sağlamlığına yaranan təhlükənin qarşısını alsın. Bu yaxınlarda gördünüz ki, sahibkarların yoxlamalarının dayandırılması məsələsinə dəyişiklik etdik: əczaçılıq məhsullarının keyfiyyəti və qida təhlükəsizliyi məsələsi ilə bağlı yoxlamalara icazə verdik. Bunu cənab prezident göndərmişdi. Gördülər ki, keyfiyyətsizlik baş alıb gedir, məsələyə müdaxilə edildi».

İqtisadçı ekspert Natiq Cəfərli bahalaşmanın qarşısının alınması üçün qısamüddətli və uzunmüddətli dövr üçün tədbirlərin həyata keçirilməsini zəruri sayır: «Bizdə qiymətlərin bahalaşmasının əsas səbəbi idxaldan asılılıqdır. Əksər məhsulların yerli istehsalı çox aşağı səviyyədədir, tələbatın böyük hissəsi idxalla təmin olunur. Buna görə də xaricdə qiymət artan kimi daxildə də bahalaşma gedir. Digər mühüm səbəb, illərdir dediyimiz kimi, istehlak bazarında sağlam rəqabət mühitinin olmamasıdır. Bunun da kökündə korrupsiya və müxtəlif məmurların iqtisadiyyata təsiri dayanır. Hökumətin əlində kifayət qədər alətlər var: qısamüddətli dövrdə vergi və gömrük rüsumlarında azalmalar mümkündür. Məsələn, Əlavə Dəyər Vergisinin müvəqqəti olsa18 faizdən 10-12  faizə salınması mümkündür - bu, qiymətlərə dərhal təsir edəcək. Daha sonra Azərbaycanda gömrük rüsumları 0-15 faiz aralığında dəyişir, lakin konkretlik yoxdur. Gətirilən məhsulların çox böyük əksəriyyəti maksimum səviyyədə - 15 faizlə rüsuma cəlb olunur. Burada məmurların şəxsi yanaşması, münasibəti rol oynayır. Amma konkretlik olarsa, hər məhsul üzrə rüsum faizi dəqiq müəyyənləşdirilsə, bu, qiymətlərə ciddi təsir göstərər».

N.Cəfərlinin fikrincə, uzunmüddətli dövrə hesablanmış antibahalaşma tədbirlərindən biri ölkədə yeni istehsal sahələrinin qurulması ola bilər: «İdxaldan asılılığı minimuma endirmək üçün real tədbirlər hazırlayıb həyata keçirmək lazımdır. Bu, daha uzunmüddətli dövr üçün  bahalaşmanın qarşısını almağa imkan verər. Bundan da başlıca addım sağlam rəqabətin təmin olunmasıdır: bazarda oyunçu nə qədər çox olarsa, biznes üçün bərabər hüquqlar nə qədər yüksək səviyyədə təmin olunarsa, qiymətlər bir o qədər sabit qalar. Belə olarsa, nə idxalçı, nə də istehsalçı məhsuluna əsassız baha qiymət müəyyənləşdirə bilməz».

Ekspert hesab edir ki, sərt inzibati yollarla bazara müdaxilə effektiv yol deyil: «Qiymətlərin dövlət tənzimlənməsi sovet dövründə olduğu kimi, qara bazar və alverçilərin meydana çıxması deməkdir. Buna görə də dövlət bazarda yalnız ədalətli hakim rolunu oynayıb, hamıya bərabər şərait yaratmalıdır».


   

şərhləri göstər

DİQQƏT!

Əziz oxucular. Mövzudan kənar, müəllifin şəxsinə və təhqir sözlər olan şərhlər yolverilməzdir. Sadaladıqlarımızdan savayı bütün fikirləriniz bizim üçün dəyərlidir.

Hələlik rəy yoxdur.

Şərh əlavə etmək

* Daxil edilməsi vacibdir
(göstərilməyəcək)
 
Smile Sad Huh Laugh Mad Tongue Crying Grin Wink Scared Cool Sleep Blush Unsure Shocked
 
1000 ədəd
 
Yeni şərhlər barədə mənim email ünvanıma məlumat göndər.
 
Mənim blankımdakı məlumatları bu kompüterin yaddaşında saxla.
 
Mən şərtləri. oxuyub tanış olmuşam və qəbul edirəm *