vaxtlı-vaxtında oxuyun! Çərşənbə axşamı, 19 mart 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Şeyx Məhəmməd Xiyabani (1880 - 1920)

«Vaxt bizi getməli olduğumuz yerə istiqamətləndirir»

Şeyx Məhəmməd Xiyabani (1880 - 1920)
PROBLEM  
10:09 | 3 avqust 2019 | Şənbə Məqaləyə 2406 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Prezident qaranlığa qarşıdır

İlham Əliyev Bakının vacib probleminə şəxsən müdaxilə etdi

Gülnar ƏLİYEVA

Prezident İlham Əliyev iyulun 31-də Azərbaycan Respublikası prezidenti yanında sosial-iqtisadi sahə ilə bağlı keçirilən müşavirədə paytaxt küçələrinin zəif işıqlandırılması ilə bağlı tənqidi fikirlər söyləyib. Dövlət başçısı bu sahədə ciddi problemlərin olmasına diqqət çəkib, xüsusilə şəhər ətrafının işıqlandırılmadan kənarda qaldığını vurğulayıb.

“Bakıda küçə işıqlandırılması hələ də lazımi səviyyədə deyil. Şəhərin mərkəzi təbii ki, işıqlandırılır, ancaq bəzi yerlərdə küçə işıqlandırılması yoxdur. Bu məsələyə çox ciddi diqqət göstərilməlidir", - deyə dövlət başçısı bildirib

 

Qaranlıq küçələr: qəza və qarət

 

Prezidentin də narahatlığına səbəb olan Bakının yaşayış məntəqələrinin yaxınlığından keçən, avtomobillərin intensiv hərəkət etdiyi əksər küçələrin kifayət qədər işıqlandırılmaması ilə bağlı problem virtualaz.orgsaytında  dəfələrlə işıqlandırılıb. Şəhər ərazisində, hətta mərkəzi küçələrdə sutkanın qaranlıq saatlarında işıqların qənaət məqsədilə söndürülməsi, xüsusən şəhərətrafı ərazilərin zülmətə qərq olması problemini dəfələrlə diqqətə çatdırmışıq.

Şəhərətrafı qəsəbələrin çoxunda ümumiyyətlə işıq dirəklərinə rast gəlinmir. Son illər yeni yollar, yol qovşaqları salınsa da, işıqlandırılmanın keyfiyyəti ilə bağlı ciddi problemlər ortaya çıxır. İşıq dirəklərindən asılan lampalar yalnız dirəyin altındakı kiçik sahəni işıqlandırır. Bu da gecə saatlarında qəza hallarını, piyada vurulmalarını, işıqlandırılmayan küçələrdə qətl və cinayət hadisələrinin artmasını qaçılmaz edir.

Yol hərəkəti üzrə ekspert Azər Allahverənov virtualaz.org-a açıqlamasında bildirir ki, şəhərin mərkəzində, ara küçələrdə, Bakıətrafı qəsəbələrdə avtomobil yollarında işıqlandırılmanın qismən həyata keçirilməsi və zəif olması müxtəlif səbəblərlə bağlıdır. Ola bilər ki, müxtəlif qurumlar enerjiyə qənaət etmək istəyiblər. İşıqlandırılmanın olmaması isə həm sürücülər üçün, həm də piyadalar üçün böyük  təhlükəlidir. Çünki sürücülər sutkann qaranlıq vaxtı qarşısına çıxan təhlükələri vaxtında görə bilmir.

 

Problemi dərhal həll etmək çətin olacaq – ekspert

 

Ekspert deyir ki, artıq bu problemə ən yüksək səviyyədə münasibət bildirilib: “Aidiyyati qurumlar, xüsusilə də yerli icra hakimiyyəti orqanları bunu xüsusi nəzarətə götürməli və Bakı küçələrində monitorinq aparmalıdırlar, bununla bağlı zəruri işlər həyata keçirilməlidir. Çünki bəlli məsələdir ki, küçələrin işıqlandırılmasını lazımi səviyyəyə gətirmək çətin olacaq, amma bunu mərhələli şəkildə, əvvəlcə mərkəzdən bir qədər kənarda avtomobil yollarının, mərkəzlə əlaqəli olan ara yolların, sonra digər sektorların işıq təchizatı məsələsi yaxşılaşdırla bilər”, - A. Allahverənov deyir.

Ekspertin bildirdiyinə görə, işıqlandırma məsələləri aktual olduğuna görə, yolların süni işıqlandırılma məsələsi dövlət proqramına salınıb. Hətta proqramda alternativ enerji mənbələrindən istifadənin təmin olunması da yazılıb:  “Ötən ilin dekabr ayında prezident “Azərbaycan Respublikasında yol hərəkətinin təhlükəsizliyinə dair 2019 – 2023-cü illər üçün Dövlət Proqramı” təsdiq edilib. Orada göstərilir ki, sutkanın qaranlıq vaxtı , məhdud görünmə şəraitində avtomobil yollarında müasir standartlara cavab verən süni işıqlandırma sistemləri, qurğu və vasitələri quraşdırılmalı, habelə yolların işıqlandırılmasında alternetiv enerji mənbələrindən istifadə təmin edilməlidir. Həmçinin proqramda həmin qurğuların daim yararlı vəziyyətdə olması üçün mütəmadi tədbirlərin görülməsi öz əksini tapıb”, - A. Allahverənov qeyd edir.

 

“Müşavirədən sonra aidiyyati qurumlar toplanıblar...”

 

Bəs tənqiddən sonra Bakı küçələrinin işıqlandırılması ilə bağlı hansı addımlar atılacaq? Bu suala cavab tapmaq üçün Bakı Şəhər İcra Hakimiyyəti ilə əlaqə saxladıq. BŞİH-dən bildirildi ki, müşavirədə qeyd olunan problemlərin aradan qaldırılacaq: “Prezidentin çıxışından sonra müşavirədə qaldırılan bütün məsələlər öz həllini tapacaq. Artıq bununla bağlı aidiyyati qurumlar toplanıblar və hamısı öz tapşırıqlarını alıblar”.

Lakin küçələrin işıqlandırılmasına görə birbaşa cavabdehlik daşıyan strukturu müəyyənləşdirmək mümkün olmadı. BŞİH-dən bildirdilər ki, işıqlandırılma infrastrukturunun qurulması Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə aiddir. BŞİH-in “Bakı Şəhər İşığı” Elektrik Şəbəkə Müəssisəsindən virtualaz.org-a idarənin yalnız mövcud  işıq dirəklərinə qulluğu, istismarını həyata keçirdiyini dedilər.

“Dövlət tərəfindən tender keçirlir, dirəklərin quraşdırılması şirkətlər tərəfindən həyata keçirilir və sonda “Bakı Şəhər İşığı” Elektrik Şəbəkə Müəssisəsinə təhvil verilir. Ümumiyyətlə, idarənin bununla bağlı hər hansı təklif vermək səlahiyyəti də yoxdur”, - idarədən belə dedilər.

Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) isə dirəkləri quraşdırır, amma istismar bu quruma aid deyil. Agentliyinin mətbuat xidmətindən verilən məlumata görə, Bakı şəhərində olan küçə və prospektlərin yalnız hərəkət hissəsi Agentliyə aiddir. Səki hissəsi isə Bakı Şəhər İcra Hakimiyyətinin nəzarətindədir.

“İşıqlandırma sistemləri də səki hissəsində olduğuna görə Agentliyin nəzarətində deyil. Yeni yolların tikintisi zamanı işıqlandırma sistemi layihəyə salınıbsa, bizim tərəfimizdən qurulur, amma istismarına nəzarəti   “Bakı Şəhər İşığı” Elektrik Şəbəkə Müəssisəsi həyata keçirir”, - məlumatda belə deyilir.

Dövlət strukturları işıqlandırılma məsələsinin həllində birbaşa məsuliyyəti öz üzərlərinə götürməsələr də, mütəxəssislər bu məsələdə hər halda yerli icra hakimiyyəti orqanlarının cavabdeh olduğunu deyirlər.

Qeyd edək ki, “Bakı Şəhər İşığı” Elektrik Şəbəkə Müəssisəsindən verilən məlumata görə, hazırda paytaxt küçələrinin təxminən 60-70 faizi işıqlandırılır. Müəssisəsinin balansında Bakı ərazisində 100 minə yaxın küçə və fasad işıq nöqtəsi var  və bunların 90 mini daim yanır.