vaxtlı-vaxtında oxuyun! Bazar, 8 dekabr 2019
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.928 AZN
1 Rusiya rublu 1 RUB = 0.0258 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 2.2014 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.3228 AZN
Məhəmməd Əmin Rəsulzadə (1884 - 1955)

«Bir kərə yüksələn bayraq bir daha enməz!»

Məhəmməd Əmin Rəsulzadə (1884 - 1955)
CƏMİYYƏT  
12:18 | 26 noyabr 2019 | Çərşənbə axşamı Məqaləyə 619 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Keçmişin “dublikat”ı ...

Yaxud bəlkə tarixi elə tarixin özünə də qaytaraq?..

Hüseynbala SƏLİMOV

Jurnalistlər bir qayda olaraq, öz çıxış və yazılarında mühakimə etmir və hökm vermirlər.

Odur ki, biz də bu son günlərdə yaşanan mühacir qalmaqalı, Azərbaycanın bəzi müxalifət partiyalarının növbəti “qəhrəmanlıqları”ı ilə bağlı hökm və mühakimə xarakterli söz deməyə tələsmirik, düşünürük ki, bunu bizim də əvəzimizə məsələnin izinə düşmüş müvafiq Avropa strukturları edəcəklər. Bircə onu deyə bələrik ki, bu xüsusda söz-söhbətlər, daha doğrusu, ilk şayiələr hələ 90-cı illərin əvvəllərində gedirdi və hələ o vaxt bəzi partiya rəhbərlərinin və funksionerlərinin tədricən yeni “ticarət”ə başlaması haqda ilk xəbərlər dolaşırdı - bir daha deyirik ki, əlbəttə, söz-söhbət və şayiələr səviyyəsində...

Amma bizim üçün əsas bu deyildir. Odur ki, 20-ci əsrin sonu və 21-ci əsrin əvvəlində fəaliyyət göstərən bəzi başabəla siyasətçilərimiz öz əməllərinə əsrin əvvəllərində yaşamış və fəaliyyət göstərmiş bir sıra böyük insanlarımızı - əsl liderlərimizi də ortaq etdilər. Bütün qalmaqallı məsələlərdə, bu adamların ötən əsrini sonlarında başlayan siyasi oyun və kombinasiyalarında istər-istəməz millətimizin tarixi dəyəri olan keçmiş Müsavat partiyasının və onun lideri M.Ə.Rəsulzadənin adı da hallanır və ya qeyri-ixtiyari olaraq bu qalmaqalların fonunda onlar da yada düşürlər.

Bilirsiniz, bu, çox incə məsələdir. Sovetlərin süqutundan sonra biz özümüzün əsl tariximizi kəşf etdik və gördük ki, hansı sahəni götürürsən götür, bizim milli liderlərimiz bu sahələrdə həqiqətən də böyük iz, örnək qoyub gediblər. Və o vaxt belə tendensiya yarandı: necə deyər, keçmişin “dublikat”ını - surətini yaratmaq!..

Tez bir zamanda ən müxtəlif adlar yenidən ictimai-siyasi dövriyyəyə qayıtdı və qısa zamanda tendensiyaya çevrilən bu proses onunla izah olundu ki, guya siyasətçilərin və ictimaiyyətçilərin yeni nəsli bu yolla öz keçmiş liderlərini və ən müxtəlif milli təsisatlarını yaşatmaq istəyirlər, -di gəl, əzəl gündən daha dərin düşünən adamlara aydın idi ki, bizim gənc siyasət və ictimaiyyət adamları əslində bu yolla özlərini yaşatmaq, necə deyərlər, özlərini tarixin sınağından keçmiş atributlara proyeksiya etməklə bir növ yaddaşlarda, az qala, tarixdə saxlamaq üçün mandat almaq istəyirlər.

Belə bir tendensiyanın ən böyük nümunəsi demək olar ki, keçmiş Müsavat partiyasının bərpası oldu. Düşünürük ki, bu, Türkiyədə mövcud olan əski müsavatçıların, Müsavat dərnəyinin üzvlərinin ən böyük səhvi idi - daha düzgün olardı ki, onlar keçmiş Müsavat partiyasından qalmış bütün atributları Azərbaycanın müvafiq arxivlərinə təhvil verəydilər, bir daha deyirik ki, bu, ən düzgün bir addım olardı, o səbəbdən ki, millətin tarixi onun özünə qayıtmalıdır, daha millətin hansısa bir kəsiminə yox...

Amma hər şey başqa cür oldu və illərlə M.Ə.Rəsulzadə də, onun tərəfdaşları - silahdaşları da bizim indiki müxalifətçilərə qarşı cəmiyyətin, hakimiyyətin münasibətini, onların səriştəsizliyini, qeyri-səmimiliyini və min cür oyunbazlığını və bunlardan irəli gələn nəticələri bölüşməli oldu: Rəsulzadə və keçmiş tərəfdaşları demək olar ki, təkrarən müxalifətçilik, özgəçilik, yadlıq aqibətini yaşamalı oldular, çünki onların adlarının konkret müxalifət partiyası və ümumiyyətlə, müxalifətlə bağlanması istər-istəməz siyasi qısqanclıq yaradır və digər siyasi partiyaları Azərbaycanın əsl milli liderləri olan adamlara qarşı soyuq bir münasibətə təhrik edirdi.

70 illik sovet yasaqlarının ardınca daha otuz illik soyuq münasibət - birmənalı şəkildə demək olar ki, bizim müasir “Müsavat sevərlərin” əski müsavatçılara yaşatdıqları aqibət bu oldu.

M.Ə.Rəsulzadəyə və tərəfdaşlarına bu lazım idimi? Belə bir yəqinlik vardımı ki, əski müsavatçılar da siyasi seçim etməli olsaydılar məhz Azərbaycanın indiki müxalifətinin tutduğu yolu, cəmi siyasi palitradan məhz onları - bizim bəzi indiki müxalifətçiləri seçmiş olardılar? Gəlin razılaşaq ki, çox mübahisəli suallardır bütün bunlar və gün kimi aydındır ki, əski müsavatçıların seçimi boşboğazlıq, bəlağətli yalan yox, doğru-dürüst istiqlaliyyət olardı.

Hətta ən önəmlisi də bu deyildir. Soruşmaq istəyirik: M.Ə.Rəsulzadə və tərəfdarları, bizim ilk demokratik İstiqlaliyyətimizin - ilk Respublikanın qururcu ataları ötən əsrin sonlarında qurulan ikinci Respublikanın hələ də bitib-tükənməyən daxili siyasi çəkişmələrində, daxili siyasi savaşlarında tərəf olmaq istəyərdilərmi?

Əlbəttə, istəməzdilər. Odur ki, gəlin biz həqiqi tarixi şəxsiyyətlərə öz kiçikliyimizdən, xudbinliyimizdən, hətta tamah və iddialarımızdan irəli gələn problemlər yaşatmayaq. Onlar özlərinə Tanrının ayırdığı ömrü çox böyük şərəflə yaşadılar və bizim kiçikliyimizi, heç bir əsası olmayan iddialarımızın, tamahımızın yaratdığı gülünclükləri yaşamalı deyillər. Niyə o insanların xatirəsinə bu qədər əzab veririk? Ayıb deyilmi? Bəlkə tarixi elə tarixin özünə qaytarmağın vaxtı çatıbdır?..


   

şərhləri göstər

DİQQƏT!

Əziz oxucular. Mövzudan kənar, müəllifin şəxsinə və təhqir sözlər olan şərhlər yolverilməzdir. Sadaladıqlarımızdan savayı bütün fikirləriniz bizim üçün dəyərlidir.

Hələlik rəy yoxdur.

Şərh əlavə etmək

* Daxil edilməsi vacibdir
(göstərilməyəcək)
 
Smile Sad Huh Laugh Mad Tongue Crying Grin Wink Scared Cool Sleep Blush Unsure Shocked
 
1000 ədəd
 
Yeni şərhlər barədə mənim email ünvanıma məlumat göndər.
 
Mənim blankımdakı məlumatları bu kompüterin yaddaşında saxla.
 
Mən şərtləri. oxuyub tanış olmuşam və qəbul edirəm *