vaxtlı-vaxtında oxuyun! Cümə, 29 mart 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Hüseyn Cavid (1882 - 1941)

«İdealsız nicat ümidi-məhal...
«İttihad!» İştə ən böyük ideal!
Səni qurtarsa, qurtarır birlik,
Çünki birlikdədir fəqət dirlik!»

Hüseyn Cavid (1882 - 1941)
BANK, BİRJA, SIĞORTA  
19:18 | 1 fevral 2017 | Çərşənbə Məqaləyə 2640 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Mən icraçıydım»

Beynəlxalq Bankı boşaldan keçmiş oliqarx: «Göstərişləri Cahangir Hacıyev verirdi...»

F.MƏMMƏDOV, İ.RAFİQQIZI

MÖVZU İLƏ ƏLAQƏLİ

Xəbər verildiyi kimi keçmiş deputat-oliqarx, Azərbaycan Beynəlxalq Bankının keçmiş rəhbəri Cahangir Hacıyevin misli görünməmiş miqyaslı mənimsəmə və fırıldaq sxeminin əsas fiqurlarından olan Dünyamin Xəlilovun işi baxılmaq üçün məhkəməyə göndərilib.

Virtualaz.org Xəlilovun işi üzrə istintaq materiallarını əldə edib və orada keçmiş deputatın fəaliyyəti kağız üzərində olan qurama şirkətlər yaradaraq Azərbaycan Beynəlxalq Bankından həmin şirkətlərin adına on milyonlarla dollar kreditləri necə aldığı, həmin vəsaitlərin sonradan qurama müqavilələr əsasında xaricdəki hesablara köçürüldüyü barədə geniş bəhs olunur.

DİN-in Mütəşəkkil Cinayətkarlığa qarşı Mübarizə Baş İdarəsi tərəfindən aparılmış istintaqın materiallarına əsasən Dünyamin Xəlilov Beynəlxalq Bankın pullarını «Səbail Mebel» ASC, «Aqora» MMC, «Kondor Group» MMC və digər şirkətlərin adlarına kredit kimi rəsmiləşdirib, daha sonra həmin pulları Panamada qeydiyyatdan keçmiş «Oceanstream İnc» offşor şirkəti üzərindən ölkədən çıxarıb.


Cahangir Hacıyevlə 1978-ci ildən başlayan dostluq


Cinayət Məcəlləsinin bir neçə maddəsi üzrə ittiham olunan Dünyamin Xəlilov istintaq zamanı özünü ona qarşı irəli sürülmüş ittihamlar üzrə «qismən təqsirli» bilib. Deyb ki, Cahangir Hacıyevlə münasibətlər hələ 1978-ci ildən yaranmışdı. O, 1992-ci ildən 2004-cü ilədək «Vneşekspertservis» konsaltinq şirkətində  müxtəlif vəzifələrdə, bu müddətin son 5 ilini isə direktor kimi işləyib. Habelə 2001-ci ildə o, Cahangir Hacıyevin yaratdığı «General Construction» MMC adlı şirkətə direktor təyin olunub.

Dünyamin Xlilov bildirib ki, həmin şirkət baş podratçı kimi fəaliyyət göstərib, 2002-ci ildə Şəki Olimpiya Kompleksini tikib istifadəyə verib. Bundan sonra Cahangir Hacıyev müxtəlif layihələrinin həyata keçirilməsini ona tapşırmağa başlayıb. Keçmiş deputat Beynəlxalq Bankdan pulların talanması üçün istifadə olunan «Oceanstream İnc» şirkətinin də Cahangir Hacıyev tərəfindən 2001-ci ildə yaradıldığını deyib.  Bildirib ki, 2002-ci ilin sonlarında-2003-cü ilin əvvəllərində Cahangir Hacıyev həmin şirkətin fəaliyyətinə nəzarəti də ona həvalə edib.


«Mən icraçıydım, Cahangirin tapşırıqlarını icra edirdim»


«Oceansream İnc» şirkətinin yaradılmasında məqsəd isə keçmiş oliqarxın iddia etdiyi kimi Azərbaycan Beynəlxalq Bankına xaricdən vəsaitlər cəlb etmək, habelə bankın xaricdəki investisiya layihələrini maliyyələşdirmək idi. D.Xəlilov istintaqa deyib ki, onun xaricdəki layihələrlə bağlı qərarların qəbulunda iştirakı olmayıb. Bu qərarlar Beynəlxalq Bankda qəbul olunurdu və Cahangir Hacıyev işlərin icrasını ona həvalə edirdi. D.Xəlilov deyir ki, həmin layihələri maliyyələşdirmək üçün Azərbaycanda fəaliyyəti kağız üzərində olan MMC-lər yaradılırdı, pullar əvvəlcə bu MMC-lərə kredit şəklində ayrılırdı, daha sonra xaricdəki bank hesablarına köçürülüb layihələrə sərf olunurdu.

Bəs Cahangir Hacıyev və onun baş podratçısı xaricdəki layihələri maliyyələşdirmək üçün nəyə görə belə dolaşıq, qanunsuz və saxta üsullar seçiblər, keçmiş deputat bu haqda istintaqa tutarlı heç nə deyə bilməyib. Bir halda ki, Azərbaycan Beynəlxalq Bankının investisiyaları hesabına xaricdə layihələr həyata keçirməkdə qanunsuz heç nə yox idi, o zaman Cahangir Hacıyev və ortaqları nədən belə dolaşıq sxem qurmuşdular? Bu, o cümlədən Cahangir Hacıyevin işində cavabını tapmayan başlıca suallardan biridir.


«Səbail Mebel» ASC-dən alban mafioza və digərlərinə göndərilən pullar


Məsələn, D.Xəlilov deyir ki, 2008-ci ilin iyul ayında C.Hacıyev Rusiyadakı «Altufyevo» layihəsinin (internet mənbələrinə əsasən söhbət Moskvanın Altufyevo rayonunda anbar-logistika kompleksinin tikintisi layihəsindən gedir) həyata keçirilməsi üçün 3 milyon dolların lazım olduğunu ona bildirib. Həmin kredit «Səbail Mebel» ASC-nin adına rəsmiləşdirilib və «Oceanstream İnc» şirkəti üzərindən layihəni həyata keçirə «İnterprokonsaltinq» şirkətinə köçürülüb.

Yaxud Albaniyada neftayırma zavodunun tikintisi layihəsinin maliyyələşdirilməsi zamanı Cahangir Hacıyev pulları yenə «Səbail Mebel» MMC-nin adına kredit rəsmiləşdirməklə göndərib. D.Xəlilov bildirib ki, pulların göndərilməsi üçün müqaviləni «Anika Eterprise S.A» şirkətinin direktoru Rezart Taçi (virtualaz.org bu alban mafiozla Azərbaycan Beynəlxalq Bankının keçmiş rəhbəri arasında sövdələşmə barədə əvvəllər yazıb) ilə «Səbail Mebel» ASC-nin rəhbəri Seyfulla Seyfullayev imzalamışdılar. Müqaviləyə əsasən «Anika Eterprise» və «Oceanstreeam İnc»  «Səbail Mebel» ASC-yə armatur göndərməli idi. Əslində isə Dünyamin Xəlilovun təsdiq etdiyi kimi bu müqavilə formal xarakter daşıyırdı. Armatur alınması adı altında Beynəlxalq Bankın krediti hesabına 6 milyon dollar Rezart Taçinin şirkətinə, 3 milyon dollar isə «Oceanstream İnc» şirkəti üzərindən «İnterproconsulting» şirkətinin hesabına köçürülmüşdü. D.Xəlilov deyir ki, «onun eşitdiyinə görə» həmin 6 milyon dollar Albaniya Neftayırma Zavodu layihəsinə xərclənib, «İnterproconsulting»ə göndərilmiş 3 milyon dollar hara xərclənib, bu haqda keçmiş oliqarxın məlumatı yoxdur.


Bir qrup işçi göndər, bankdan milyonlarla dollar «alsınlar»...


İstintaq materiallarına əsasən Azərbaycan Beynəlxalq Bankından «Səbail Mebel» ASC-yə dəfələrlə iri məbləğlərdə kreditlər ayrılıb. Və bu pullar offşor hesablar üzərindən xaricə köçürülüb. Nəhayət 2010-cu ildə Cahangir Hacıyev «Səbail Mebel» ASC-nin adına ayrılmış kreditlərin bağlanması qərarına gəlir. Dünyamin Xəlilovun dediyin görə, bankdan ona zəng vurub deyiblər ki, krediti bağlamaq üçün fiziki şəxslərin adlarına kredit rəsmiləşdirmək lazımdır. Və Xəlilov C.Hacıyevin nəzarətində olan  «İnter Tekstil» ASC-nin direktoru Şakir Musayevə zəng vurur. Ondan xahiş edir ki, işçilərinin bir qrupunu adlarına kredit rəsmiləşdirmək üçün banka göndərsin. Və deyib ki, həmin şəxslər pulları götürməyəcəklər, onların adlarına ayrılmış kreditlərin bağlanması məsələsini bank özü həll edəcək.

Beləliklə də 2010-cu ilin mart ayında Azərbaycan Beynəlxalq Bankının Mərkəz filialında «İnter Tekstil» ASC-nin əməkdaşlarının adına 6 milyon dollar kredit rəsmiləşdirilib, həmin pullar «Səbail Mebel» ASC-nin banka kredit borclarının bağlanmasına yönəldilib.


Kağız üzərində MMC-lər və onlara ayrılan pullar


Keçmiş deputatın istintaqa dediklərinə əsasən Cahangir Hacıyev xaricdəki layihələri maliyyələşdirmək üçün onun vasitəsilə bir neçə MMC təsis edib. Ona bildirib ki, həmin MMC-lərin direktorları inanılmış, etibarlı adamlar olmalıdır. Bu məqsədlə D.Xəlilov «Mekon», «Praym İnvestment», «Sport Layn» və s. adlarda bir neçə MMC yaradıb. Həmin şirkətlərə «General Construction» şirkətinin sadə işçilərini formal direktorlar təyin edib. Və onlara sənədləri imzalatdıraraq müntəzəm olaraq bankdan milyonlarla dollar kredit götürüb.

Məsələn, D.Xəlilov  deyir ki, «Sport Layn» Məhdud Məsuliyyətli Cəmiyyətin direktoru Rauf Əliyev «General Konstruktion» Məhdud Məsuliyyətli Cəmiyyətin direktoru Camal Həsənovun tanıdığı şəxs idi. O özü heç bir vaxt Rauf Əliyevi görməmişdi. «Praym İnvestment» Məhdud Məsuliyyətli Cəmiyyətin direktorları vəzifəsində Cahangirov Namiq Aydın oğlu və Baharov Ceyhun Şirin oğlu olublar. Namiq Cahangirov «Zaqatala» olimpiya mərkəzində işləyirdi, özünü etibarlı və bacarıqlı işçi kimi göstərdiyindən direktor vəzifəsinə təyin edilmişdi. Ceyhun Baharov isə «Xəzər Menecment» Məhdud Məsuliyyətli Cəmiyyətin işçisi olmuşdu. «Mekon» Məhdud Məsuliyyətli Cəmiyyətin direktoru vəzifəsində Əsgərov Ruslan İsmayıloviç və Məmmədov Niyaz Fəxrəddin oğlu işləyiblər. Ruslan Əsgərov və Niyaz Məmmədov isə «General Konstruktion» Məhdud Məsuliyyətli Cəmiyyətdə işləyirdilər.

Həmin formal direktorların hərəsinə ayda cəmi 100 manat əlavə əmək haqqı verilirmiş. Əslində isə sənədlərdə onlar milyonçular idi, yaxud Beynəlxalq Bankın milyonlarla dollar vəsaitlərini offşor hesablara köçürür, onları hansısa investisiya layihələrinə yönəldir və işgüzar müqavilələr bağlayırdılar.


«Aqora» MMC-yə 15 milyon dollar+7.5 milyon avro


Yaxud D.Xəlilov bildirir ki, Byenəlxalq Bankın vəsaitlərinin ölkədən çıxarılması üçün istifadə olunan MMC-lərdən biri də «Aqora» idi. Həmin MMC-yə Dünyamin Xəlilovun şirkətində sıravi işçi kimi işləyən Fərhad Əmiraslanov direktor təyin edilmişdi, əslində isə bu şəxs «Aqora» MMC-nin fəaliyyətindən tam məlumatsız idi. Və Beynəlxalq Bankın rəhbər şəxsləri-Cahangir Hacıyev, Emil Mustafayev və Akif Əliyev vaxtaşırı D.Xəlilova zəng vurub «Aqora» MMC-nin adına milyonlarla dollar kredit rəsmiləşdirmək lazım olduğunu deyirmiş, o da sənədləri Əmiraslanova imzalatdırırmış. D.Xəlilov Beynəlxalq Bankdan «Aqora» MMC-yə üst-üstə 15 milyon dollar və 7.6 milyon avroya yaxın vəsaitin kredit kimi ayrıldığını, həmin pulların xaricdəki layihələrə yönəldildiyini, bir hissəsinin isə nəyə oradan geri qaytarılaraq guya «Aqora» MMC-nin kredit öhdəlikləri ilə bağlı banka qaytarıldığını deyir.


Pullar Panamaya, oradan İsveçrəyə, daha sonra Türkiyəyə


Yaxud D.Xəlilovun təsdiq etdiyi kimi 2007-ci ildə onlar C.Hacıyevin göstərişi ilə «Kondor Group» adlı MMC yaradaraq onların kağız üzərində fəaliyyətini «təmin ediblər». Və yeni yaradılan MMC-yə cəmi bir ildə-2007-ci ildən 2008-ci ildək 28 milyon dollar və 13 milyon manatdan çox kredit ayırıblar. Bu vəsaitlər «Oceanstream İnc» offşor şirkətinin «Bank BSP»dəki (İsveçrə) hesablarına köçürülüb, oradan isə keçmiş oliqarxın bildirdiyinə görə, «xaricdəki layihələrə» xərclənib.

Məsələn, həmin pullardan 4 milyon avro 2007-ci ildə «Bank BSP» üzərindən Türkiyədə həyata keçirilən «Bələk Golf» layihəsi üçün «Poreton Alliance LLP» şirkətinin hesabına köçürülüb. D.Xəlilov həmin layihəyə cəmi 9 milyon dollar xərcləndiyini bildirir.

Və D.Xəlilovun istintaqa dedikləri onun və Cahangir Hacıyevin rəhbərlik etdiyi fırıldaq sxemi ilə bağlı çoxsaylı bu kimi faktlarla zəngindir. 2011-ci ildə Vergilər Nazirliyi Dünyamin Xəlilovun çoxsaylı MMC-lərinin Beynəlxalq Bankdan yüz milyonlarla dollar kredit alıb xarici offşor hesablara köçürməsi ilə bağlı ibtidai istintaq aparıb, toplanan faktlar prokurorluğa təqdim edilib. Lakin həmin vaxtlar C.Hacıyevin və dəstəsinin Eldar Mahmudov kimi güclü «krışası» olduğundan onların cinayət məsuliyyətinə cəlb edilməsi mümkün olmamışdı...