vaxtlı-vaxtında oxuyun! Çərşənbə axşamı, 19 mart 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Mustafa Kamal Atatürk (1881 - 1938)

«Türk oğlu əcdadını tanıdıqca, daha böyük işlər görmək üçün özündə güc tapacaq»

Mustafa Kamal Atatürk (1881 - 1938)
MÜSAHİB  
10:51 | 21 aprel 2017 | Cümə Məqaləyə 7691 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Bəxtimdən şikayətçi deyiləm»

Əflatun Amaşov: «Bir vaxtlar mənim arzum vardı ki, Şərq ədəbiyyatını orijinaldan oxuyum, Nizamini, digərlərini...»

Elşad PAŞASOY

MÖVZU İLƏ ƏLAQƏLİ

Millət vəkili, Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov «Yeni Müsavat»ın «Bizim qonaq» rubrikasında iştirak etdi. Ömrünü jurnalistikanın problemlərinin həllinə həsr edən medianın yaxın dostu ilə ayrı-ayrı vaxtlarda müsahibələrimiz olsa da, ayrı-ayrı məsələlərlə bağlı açıqlamalarını alsaq da, onunla ənənəvi rubrikamızda söhbət etmək üçün görünür, illər keçməli, şair demişkən, yaş 60 olmalıymış. Aprelin 26-da Mətbuat Şurasının sədrinin 60 yaşı tamam olacaq, bir çoxları kimi, özü də inanmasa da... Yubiley yaşından başlayan səmimi söhbətimizdə çox şeylərdən danışdıq:

Borçalı yurdundan başlayan keşməkeşli və şərəfli həyat yolundan, mediamızı, ümumilikdə ölkə insanını narahat edən məsələlərdən, Gürcüstanda yaşayan yarım milyonluq nəhəng toplumun problemlərindən, seçildiyi Saatlı rayonunun qayğılarından... Müsahibədə ilk dəfə açıqladığı çox maraqlı həyat hekayələri də oldu. Müsahibədən öncə isə «Yeni Müsavat» Media Qrupunun rəhbəri Rauf Arifoğlu Əflatun bəyə 60 illik yubileyi münasibətilə xatirə plaketi hədiyyə etdi. Söhbətimizdə Rauf bəylə bərabər, «Yeni Müsavat»ın və «Minval.az» saytının əməkdaşları Ələsgər Süleymanov, Elşad Məmmədli, Sevinc Telmanqızı, Emil Mustafayev və bu sətirlərin müəllifi iştirak edirdi.


İlk sual Rauf bəydən gəldi:

- Azərbaycan mətbuatının özünə sədr seçdiyi şəxs gəlib 60 illik yubiley yaşına çatdı. Öncə bir şey soruşum: 60 rəqəmi sizi qorxutmur?


- Yox, qorxutmur... 15 yaşım olanda fikirləşirdim ki, görəsən, 18 yaşlı insanların düşüncələri, boy-buxunu, həyata münasibəti necə ola bilər? 18 yaşım olanda baxıb gördüm elə də dəyişiklik yoxdur. Sonra 22 yaşı gözlədim, yenə də dəyişiklik görmədim. 30 yaşımda daha gözləməyi unutdum. Yaxşı yadımdadır, o zaman bir qonşumuz xəstələnmişdi, 45 yaşında rəhmətə getdi. Öz-özümə deyirdim, yəqin artıq insan o yaşda dünya görüb, övladlarını böyüdüb, qocalıb, rahat ölə bilər. Ancaq Üzeyir bəyin məşhur 50 yaşa baxışı məsələsi var... 50 yaşa gəlirsən, arxaya baxırsan ki, o qədər işlər qalıb, deyirsən bunları da yoluna qoyum, yenə sabaha, bir il sonraya saxlayırsan. Sonra 60 yaş olur, insan düşünür ki, bundan sonra aktiv həyat nə qədər ola bilər, nə qədər işləmək mümkündür.


- Özünüzə o sualları verirsinizmi?

- Mən elə bilirəm ki, hər insan özünə o sualı verir. Yavaş-yavaş daha böyük iddialardan geri çəkilirsən və iddialar getdikcə kiçilir.


- Amma 60 yaşdakı kimi görünmürsüz, çox yaxşı qalmısız.


Sevin Telmanqızının replikası:

- (Gülüş). Mən özüm də 60 yaş deyəndə bir az diksindim.


Rauf Arifoğlu:

- Özünüzü indi hansı yaşda hiss edirsiniz?

- Bu yaxınlarda qəzetlərə baxırdım, «525-ci qəzet»də adımı gördüm. Pərvin adlı bir jurnalist mənim haqqımda yazı yazıb, «Əflatun Amaşov - 60". Dedim bu 60 nə məsələdir? (Gülür) Sonra düşündüm ki, yox, elə şey var ki, artıq insan onunla istər-istəməz razılaşmalıdır. Daxili dünyandan baxanda düşünürsən ki, doğrudan da 60 yaş çoxdur.


- Hansı böyük arzunuz, planlarınız qalıb ki, onları reallaşdıra bilmədiniz? Kosmonavt olmaqdan başqa...

- Uşaqlıqda insanın kifayət qədər arzuları olur. Bir vaxtlar mənim arzum vardı ki, Şərq ədəbiyyatını orijinaldan oxuyum, Nizamini, digərlərini. Ancaq bir müddət sonra mən hədəfə çatmaq üçün nələrisə arzulamadım. Mən elə bilirəm ki, Mətbuat Şurasının sədri olmağım, millət vəkili seçilməyim hardansa mənə gəldi. Bəlkə də arzulasam, başqa nələrəsə nail ola bilərdim. Ancaq həyatda nəyəsə nail olmuşamsa, elə bilirəm ki, onların özləri mənə doğru gəlib, hətta mənim gözləmədiyim məqamda da...Bəlkə də mən gəncliyimdə düşünməzdim ki, millət vəkili seçilə, parlamentdə tribuna qazana bilərəm.


- Bunu özünüzçün böyük nailiyyətmi hesab edirsiniz?

- Mən deyə bilmərəm ki, bu, mənimçün böyük nailiyyətdir. İnsan böyük nailiyyət o vaxt hesab edə bilər ki, nəyisə arzulayasan, nəyəsə çatmaq üçün müəyyən səy göstərəsən. Ancaq hesab edirəm ki, Azərbaycanda yaranmış tək təşkilatın - Mətbuat Şurasının sədri olmağın özünün müsbət çalarları var. Mən elə bilirəm ki, hər bir insan millət vəkili seçilməyi arzulayar. Ancaq mənə nəsib olub, seçilmişəm. Hər halda bəxtimdən şikayətçi deyiləm.


Sevinc Telmanqızı:

- Hər halda bunun özü 60 yaş ərəfəsində baş verdi. Hədəflərinizdə bu var idimi ki, 60 yaşınızda millət vəkili olasınız?

- Mən son illərdə düşündüm ki, millət vəkili olmaq da olar. Media ilə bağlı problemləri Milli Məclisdə gündəmə gətirmək, digər məsələlərin həlli üzərində çalışmaq üçün...


R.Arifoğlu:

- Amma parlamentdə o qədər də fəal deyilsiniz. Elşad Paşasoy bilər: «Susqun deputatlar»dan saymaq olarmı Əflatun bəyi?


E.Paşasoy:

- Yox, mən elə deməzdim. Əflatun bəy xüsusilə mətbuatla bağlı məsələləri vaxtaşırı parlamentdə qaldırır, ƏDV-nin ləğvindən tutmuş, digər məsələlərə qədər. Hətta bəzən iclasdan sonra çıxışa vaxt qalmadığını da deyir...


S.Telmanqızı:

- Belə bir hədəfiniz varmı ki, hər iclasda çıxış edəsiniz, hazırlaşırsınızmı, yoxsa spontan gəlir?

Ə. Amaşov:

- Orda çıxış etmək elə də asan deyil. Bəzən növbə çatmır. Parlamentlə bağlı cəmiyyətdəki düşüncələr parlamentin daxilində baş verən proseslərlə tamamilə tərs mütənasibdir. Mən deyərdim ki, parlament ölkədə ən demokratik, ən mədəni, etik normalara əməl olunan qurumlardan biridir. Elşad bəy deputatların bir-biri ilə rəftarı, münasibəti haqda yaxşı bilir. Mən adətən, parlamentdə özümü çıxış etmək həvəsində olan deputatlardan sayıram və hər dəfə də çalışıram ki, məni maraqlandıran, xalq üçün, dövlət üçün faydalı olan məsələlərlə əlaqədar çıxış edim, eyni zamanda jurnalistika ilə bağlı müəyyən nüanslara toxunum. Ancaq məndən başqa da digər məsələlərlə əlaqədar çıxış etmək istəyənlər çoxdur. Ona görə də hər dəfə çıxış etmək fürsəti olmur.


S.Telmanqızı:

- Amma heç vaxt sizi qızğın polemikalarda görməmişəm. Siz o səviyyənin adamı olmadığınız üçün polemikalara girmirsiniz? Çünki siyasət, parlament demək həm də qızğın söz atışmaları deməkdir.

- Mən ümumiyyətlə, parlamentdə media ilə bağlı nə varsa, həmişə münasibətimi bildirməyə çalışıram, bu, birmənalı belədir. Bundan başqa iri qurumların hesabatları olanda öz münasibətimi bildirməyə çalışıram. Mənim çıxışlarım əsasən jurnalistika ilə bağlı məsələlərə söykənir. Məsələn, hökumətin son hesabatında çıxışımın bir hissəsi jurnalistika, digər hissəsi seçildiyim bölgənin problemləri ilə bağlı oldu. Hətta yeri gələndə kənd təsərrüfatının problemlərindən danışmaq lazımdır. Hazırda qeyr-neft sektorunda kənd təsərrüfatı kifayət qədər mühüm yer tutur və burada da pambıqçılığa xüsusi önəm verilir. Mənim deputat seçildiyim bölgə ən çox pambıq istehsal edən rayon olacaq. Keçən dəfə də belə idi, 8 ha yaxın pambıq sahəsi var idi. Həmin sahədə insanları suvarma məsələləri narahat edirdi. Mən bildirdim ki, Kürdən həmin sahəyə su kanalının çəkilməsi vacibdir. 


Rauf bəy:

- Belə şeylər sizi darıxdırmır ki?


(Gülüşmə)


Ə.Amaşov:

- Hökumətin ötənilki hesabatı zamanı isə dörd hissədən ibarət çıxışım olmuşdu. Onlardan ikisi jurnalistika ilə bağlı idi, ikisi isə təmsil etdiyim bölgə ilə bağlı. Nazirlər Kabinetinin hesabatı ilə əlaqədar dərc olunmuş iri həcmli kitabda hər iki istiqamət üzrə təkliflərimə münasibət bildirilmişdi. Mən həm də çoxsaylı məktublar alıram və müvafiq qurumlara ünvanlayıram.


- Məktubları kimdən alırsınız, jurnalistlərdən, yoxsa seçicilərdən?

- Mən jurnalistikanın problemləri ilə birbaşa məşğul oluram, jurnalistikanın içərisindəyəm. Ancaq məktubları öz seçicilərimdən alıram.


- Əflatun bəy, burada sanki siz deputat seçiləndən sonra Saatlıya və seçicilərə Mətbuat Şurasının binasından və jurnalistlərdən daha çox zaman və diqqət ayırırsınız?

- Mənim iş yerim Mətbuat Şurasının binasıdır. Hər gün səhərdən-axşama qədər Mətbuat Şurasının binasında oluram. Yalnız komitə və plenar iclasları keçiriləndə parlamentə gəlib iclaslarda iştirak edirəm.


- Sanki seçicilər sizinçün daha çox önəm daşıyır, onların problemi daha çox gündəmə gətirilir, nəinki jurnalistlər. Belə bir iddia ilə razısınız, ya yox?

- Siz tərəfin birini demədiniz. Mən eyni zamanda Gürcüstan-Azərbaycan Parlamentlərarası dostluq qrupunun da rəhbəriyəm, ora da səfərlər edirəm, daha çox rəhbər qurumların təmsilçiləri ilə, qubernatorlarla, vitse-spikerlərlə, dostluq qrupunun başçısı ilə, deputatlarla, digərləri ilə görüşürəm. Mən çalışıram ki, Azərbaycan-Gürcüstan münasibətləri daha da inkişaf etsin. Eyni zamanda Gürcüstanda yarım milyona qədər soydaşımız yaşayır, onların həyatı ilə maraqlanıram. Məsələn, bir dəfə Marneulidə olanda yeni bir kitabxana açıldı, söz verdim ki, sizə Azərbaycan dilində 1000-dən çox kitab gətirəcəyəm. Son səfərimdə mindən çox kitab apardım, kitabxanaya təqdim etdim. Tiflisdə müəyyən qruplar var, məsələn, «Ceyran» ansamblı, məktəb uşaqlarını toplayıblar, paltarları ilə bağlı problem var idi. Mədəniyyət və Turizm Nazirliyindən xahiş etdim, Nazirlik onlar üçün 20 dəst paltar tikdirdi, aparıb təqdim etdim. Orda da müəyyən problemlər var, onların bir qismi artıq həll olunub. Gürcüstanda yaşayan azərbaycanlıların Gürcüstana inteqrasiyası ciddi məsələdir. Artıq Gürcüstan universitetlərində 3 minə yaxın azərbaycanlı tələbə gürcü dilində təhsil alır, bu, çox müsbət haldır. Yəqin ki, onlar ali məktəbi bitirdikdən sonra ayrı-ayrı vəzifələrdə çalışa biləcəklər. Bir problem də Azərbaycan dili və ədəbiyyatı ilə bağlıdır. Müəllimlərin yaşı artıq 70-80-ə çatıb, Gürcüstan universitetlərində bu sahə üçün kadr hazırlanmır. Ona görə də mən bizim təhsil naziri ilə görüşdüm, onlara necə yardım edə biləcəyimizlə bağlı danışıqlar gedir. Çox güman ki, Azərbaycan Gürcüstandakı orta məktəblərdə Azərbaycan dili və ədəbiyyatı müəllimlərinin Azərbaycanda təhsil alıb geri qayıtması məsələsinə dəstək verəcək. Bu məsələlər bizim ümummilli məsələlərimizdir.


S.Telmanqızı:

- Bəlkə biz yubileylə bağlı suallara keçək?


Ə.Amaşov davam edir:

- O ki, qaldı mənim parlamentdəki fəaliyyətimə, jurnalistika ilə bağlı qanunların hazırlanmasında, düzəlişlərin edilməsində yaxından iştirak edirəm. Elə bir məsələ yoxdur ki, mənim iştirakım olmadan bu müzakirələr aparılsın. Mənim Saatlı ilə bağlı qaldırdığım məsələlərlə seçicilərimin təşəbbüslərindən irəli gəlir. Çünki gün ərzində mənə seçicilər, sadə insanlar zəng edir.


- Onlar üçün xüsusi nömrəniz varmı?

- Yox, mənim telefon nömrəm hamıya açıqdır. Gecə-gündüz fərqi yoxdur. Kifayət qədər insanı başa düşən, ləyaqətli insanlardır. Adətən, kəndlərə gedirəm, insanlarla birbaşa görüşürəm, bəzi problemləri yerində həll edirik, müvafiq qurumlara yerində müraciətlərimiz olur.


E.Məmmədli:

- Ən çox hansı problemlərlə bağlı müraciət edilir?

- Mən o problemlərə komplekssiz yanaşıram. Adətən, yollardan şikayət edirdilər. Mən «Azəravtoyol» ASC-nin rəhbərliyi ilə bir neçə dəfə görüşdüm, real vəziyyəti özümüz üçün müəyyənləşdirdik ki, nə etmək olar? Əlbəttə, ölkədə yollar çəkilir, amma həm də gərək yada salasan, tezləşdirəsən. Hazırda Saatlıdan Azadkəndə qədər olan 39 km-lik yol Bakının mərkəzində çəkilmiş yollar qədər keyfiyyətlidir. Ancaq bir neçə kənddə yolla bağlı problem var. O yollar da çəkiləndən sonra insanlar rayon mərkəzinə asanlıqla gedib-gələ biləcəklər. Yaxud işıqla bağlı müəyyən problemlər olanda «Azərişıq»ın rəhbəri Baba müəllimlə görüşəndən sonra rayonda nə qədər transformatorlar, xətlər dəyişdi, rayon mərkəzində «Azərişıq»ın yeni ofisi tikildi.


S.Telmanqızı:

- Saatlı camaatı şokdadır yəqin. Sizə qədər belə bir şey görməyiblər...

- Şokda deməzdim...Adətən, insanlar öz səhhətindən şikayət edirlər, müalicə istəyi ilə bağlı müraciətlər olur. Mütəmadi olaraq mən səhiyyə nazirindən tutmuş, digər səlahiyyətli şəxslərinə qədər müraciət edirəm.


R.Arifoğlu:

- O zaman mənim jurnalist olaraq qaldırdığım iddia doğrudur, diqqətiniz xeyli dərəcədə jurnalistikadan ayrılıb seçicilərinizə yönəlib...


E.Paşasoy:

- Bildiyimizə görə gəncliyinizdə də Saatlı sizin həyatınızda mühüm rol oynayıb. Hətta jurnalistikada ilk məqalənizi Saatlıdan yazmışınız. Bu mənada yəqin ki, yerli camaat özünü şanslı sayır, belədirmi?

- Bunu mənim seçicilərim deyə bilər. Mənim Gürcüstandan Azərbaycana gələrkən getdiyim ilk rayon Saatlı olub. Tələbə yoldaşım o rayondan idi. Hətta seçki vaxtı təbliğatla bağlı görüşlər keçirərkən bir nəfər qalxıb dedi ki, sizin o zaman iştirak etdiyiniz toyda mən klarnet çalırdım (Gülüşmə).


- Toy söhbəti neçənci ildən gedirdi?

- 80-ci illərdən. AzərTAC-da işləyərkən də mən təsadüfən ilk dəfə Saatlıya getdim, ilk reportajımı Nəsimikənddəki sovxozdan yazdım. Sanki o insanları mən o vaxtdan tanıyırdım. Saatlıda 20 minə yaxın məhsəti türkləri də məskunlaşıb.


S.Telmanqızı:

- Deyirsiniz o vaxt reportaja getmişdiniz. Çox adam hesab edir ki, Əflatun Amaşov birdən-birə gəlib RUH-un sədri oldu,sonra da Mətbuat Şurasının... İndiki nəsil sizi belə təsəvvür edir. Amma siz də əlinizdə diktofon, dəftərçə müsahibələr, xəbər dalınca getmişiniz. Siz necə xəbərləri izləmisiniz, nailiyyətləri əldə etmişiniz?


(Davamı gələn sayımızda)