vaxtlı-vaxtında oxuyun! Çərşənbə axşamı, 3 dekabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Seyid Cəfər Pişəvəri (1892 - 1947)

«Haqqı almaq asan bir işdir, onu saxlamaq şərtdir»

Seyid Cəfər Pişəvəri (1892 - 1947)
MÜSAHİB  
11:42 | 18 iyul 2011 | Bazar ertəsi Məqaləyə 2285 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

“Azarkeşlərə yazığım gəlir”

Bəhram Bağırzadə: “Onlara heç salam vermək istəmirəm”

apasport

“Bakılı oğlanlar”dan tanıdığımız Bəhram Bağırzadənin apasport.az saytına müsahibə verib. S[hb'ti oldu]u kimi t'qdim edirik.

- İlk dəfə stadiona nə vaxt getmisiniz?

- Rəhmətlik atam uşaqlıqda məni "Neftçi"nin oyunlarına aparardı. Onda 7 yaşım vardı. Atam "sistem"də işlədiyi üçün hər oyunda mühafizə xidməti kimi azarkeşlərin təhlükəsizliyini təmin edirdilər. Atamda idmana, xüsusilə də futbola böyük maraq var idi. O vaxtdan bəri "Neftçi"nin bütün oyunlarını izləməyə başlamışam. Bir oyununu da buraxmamışam. Müstəqillik qazanandan sonra əsasən, milli komandanın görüşlərinə gedirdim. Özü də bütün varlığımla azarkeşlik edirdim. Uelsə məğlubiyyətdən sonra özümə söz verdim ki, daha stadiona getməyəcəyəm.

- Yığmamızın bir nömrəli azarkeşi də komandadan narazıdır?

- Nə oyun göstəriblər ki, razı qalaq? Stadiona gedən azarkeşlərə yazığım gəlir. Onlar sadiq azarkeşlərdir ki, hər dəfə komandanı dəstəkləyirlər. Yığma isə uduzur. Uduzmaq bir yana, heç qol da vura bilmirlər. İspaniya ilə oyuna getməmişdim. Xəbər tutdum ki, 0:6 hesabı ilə məğlub olmuşuq. Bir nəfər mənə yaxınlaşıb deyir ki, ispanlar bizə rəhm eləmədilər. Ona dedim, yaxşı ki, bu, yoldaşlıq oyunu olub, rəsmi oyun olsaydı, ispanlar bizə 6 deyil, 12 top vurardılar.

- Belə çıxır ki, daha milli komandanı dəstəkləməyəcəksiniz...

- Xeyr. Yığmaya sağlam qüvvə lazımdır. Ümumiyyətlə, psixologiya dəyişməli, komandaya yeni oyunçular cəlb olunmadır. Mən ölkəmi sevirəm və onun komandasını da yüksək yerlərdə görmək istəyirəm. Sabah beysbol üzrə yığma beynəlxalq turnirdə iştirak etsə, onlara da azarkeşlik edəcəyəm. Söhbət basketbol, voleybol, futboldan yox, vətənə, millətə və bayrağa olan sevgidən gedir. Bu millət artıq 20 ildir ki, qələbələr gözləyir, bu ümidlə də yaşayır.

- Yığmanın üzvləri ilə rastlaşsanız, nə deyərdiniz onlara?

- Tanıdın-tanımadın, adama salam verməlisən. İnanın, mən hərdən onları görəndə, heç salam vermək istəmirəm. Müsəlmana qeybət etmək yaraşmaz. Gərək müsəlman-müsəlmanın ayıbını gizlətsin. Bir dəfə hansısa oyun idi, yadımda qalmayıb. Yığma yenə məğlub olmuşdu. Oyundan sonra bəzi futbolçuları "Şuşalılar" restoranında yeyib-içən görmüşəm. Onlar salam verdilər, mən almadım. Buna layiq deyillər.

- Bəs AFFA-da vəzifə tutanlar öz işlərinin öhdəsindən gələ bilirlər?

- Müəyyən faizi bilir. Elələri də var ki, futboldan anlayışı yoxdur. Baş katib Elxan Məmmədov çalışqan insandır. Amma bəziləri buna imkan vermirlər. Məmmədov yüksək düşüncəli adamdır. Hər dəfə oyun zamanı onu əsəbiləşən görürəm. Çünki bu qədər vəsait sərf olunduğunu görüb, ortada nəticə olmayanda hirslənir. Elxan Məmmədov Avropada təhsil almış və millətini sevən bir insandır. Ətrafındakılar Elxan müəllimi başa düşmürlər.

- Əgər federasiya rəhbəri olsaydınız, hansı sistemə üstünlük verərdiniz?

- Alman sisteminə. Berti Foqtsla futbolumuzun inkişaf edəcəyini gözləməyin. İstəyirsiz, Foqstun yerinə sabah Qus Hiddink və ya Fabio Kapellonu gətirin. 11 nəfər, ruslar demiş, "bezdarnıy" oyunçu ilə komandamız nəticə göstərə bilməyəcək. "Neftçi" Ələkbər Məmmədov, Anatoli Banışevski və İsgəndər Cavadovun vaxtında da uduzub. Amma onlar kişi kimi sona qədər mübarizə aparıblar. Rəqib güclü olduğundan, "Neftçi" uduzub. İndiki futbolçular SSRİ dövrünün nizam-intizamını görməyiblər. Yığmada oynayan futbolçular vətənpərvərlik, milləti sevmək nədir, bilmirlər. Futbolçuların gözlərini dollarlar o qədər tutub ki, puldan, maşından, mənzildən və şan-şöhrətdən savayı heç nə görmürlər.

- Hansı vətənpərvərlikdən danışaq ki, yığmada legionerlər yer alır?

- Foqts görür ki, bu milləti sevənlərin sayı azdır. Görür ki, yerlilər oynamağı bacarmır. Ona görə əcnəbilərə üstünlük verir. Məgər Foqts istəmir ki, millidə 11 nəfər azərbaycanlı oynasın? Legionerlər Avropa klublarına dəvət almağın yolunu millidə oynamaqda görürlər. Gəlmələr yığmada oynamağa yalnız buna görə can atırlar. Onlar həm pul qazanırlar, həm də kənarda daha yaxşı komanda axtarırlar. Bizimkilərdə əksinədir, bir balaca pulları olan kimi, sanki dünya onlarındır. Heç gələcək karyeraları barədə fikirləşmirlər. Ona görə ölkədən kənara çıxa bilmirlər.

- Ölkə çempionatının oyunlarını necə, izləyirsiz? Hansı komandaya azarkeşlik edirsiz?

- Ara-sıra baxıram. Ümumiyyətlə, oyunlara baxmağa səbrim çatmır. Çünki primitiv oyun göstərirlər. İnandırım sizi, məhəllələrarası çempionat daha yaxşı keçir. Orada heç olmasa, rəqabət görürsən. 1979-cu ildən "Neftçi"yə azarkeşlik edirəm. Bu məktəbin iş sistemi, mexanizmi vardı. Təəssüflər olsun ki, onu da dağıtdılar. Çoxları günahı Foqtsda görür. Onlara "sağ ol" deməliyik ki, müəyyən şeyləri bizə başa saldılar. Heç vaxt günahı başqasında axtarmaq lazım deyil. Əgər başımıza bir iş gəlirsə, günahı özümüzdə görməliyik. Necə olur, holland Qus Hiddink Rusiya yığmasını olmayan yerə gətirir? Ruslar qitədə üçüncü yeri tutdular, indi də dünya çempionatının final mərhələsinə vəsiqə qazanmağa namizəddirlər. Almanları ona görə gətiriblər ki, bizim futbolçulara nəsə öyrətsinlər. Onlar bunu qavraya bilmirsə, problem bizdədir. “KVN”də biz niyə uğur qazandıq? Çünki kollektivdə savadlı uşaqlar vardı. Hamısı da ziyalı ailəsindən gəlmişdi. Uşaqlarda intellektual səviyyə yüksək olduğu üçün iki dəfə qalib gəldik. Özü də finalda ermənilərə. Niyə qalib gəldik? Nizam-intizam vardı, həm də məsuliyyət. Gündə 11-12 saat məşq edirdik ki, rəqib mənfur qonşularımızdır. Məqsədimiz qalib gəlmək idi. İstəyimizə də nail olduq. İnanın, ona görə bizə nə maaş, nə də pul veriblər. Hörmətdən başqa heç nə qazanmadım. Puldan-paradan da böyük elə hörmət imiş. Şəhərə çıxanda hamı mənə hörmət edir. Bu, puldan, şan-şöhrətdən də artıqdır. 2000-ci ildə əsrin çempionu olanda özümüzü "həlak etdik". Həmin vaxt millətə qələbə lazım idi. Biz də bunu qazandıq. İndi yeddi gün konsertimizə tamaşaçılar gəlirsə, deməli, vaxtında nəticə göstərmişik. Futbolçularımız alqış qazanmaq əvəzinə, fitə basılırlar. Bir azarkeş kimi buna normal baxıram. Oyun göstərməyən komanda fitə də, daş-qalağa da basıla bilər. Azarkeşlərə haqq qazandırıram. Onların səbir kasası dolub. Hər dəfə yığmanı qələbəyə səsləyirlər, məğlub olanda isə stadionu əsəbi tərk edirlər. Dəfələrlə görmüşəm, azarkeş öz-özünə deyir ki, daha oyuna gəlməyəcək. Yenə ürəyi dözmür, növbəti oyunda stadionda olur. Vallah, azarkeşlər komandaya çox bağlıdırlar. Belə sadiq azarkeşlərə üzüntü yaşatmağı futbolçular necə qıyırlar? Əgər belə hal digər ölkələrdə baş versəydi, azarkeşlər yığmanın oyunlarını boykot edərdilər. İndi görün, azarkeşlər ürəklərində nələr çəkirlər!

- Dünya və Avropa çempionatlarının dəfələrlə izləyicisi olmusunuz. Hansı komandalara azarkeşlik edirsiz?

- Klub səviyyəsində "Barselona" və "Real"ın oyunları xoşuma gəlir. Yığma komandaya gəlincə, Braziliya və İspaniyanın oyunlarından həzz alıram. Sürpriz komandalar ortalığa çıxanda, onlara da azarkeşlik edirəm. Adətən dünya və qitə çempionatının oyunlarını stadiondan birbaşa izləyirəm. 2006-cı ildə Almaniyada keçirilən dünya çempionatının oyunlarında iştirak etmişəm. Mundialda Ukrayna yığmasına azarkeşlik edirdim. Sözsüz ki, milli komandamız belə turnirlərin final mərhələsinə çıxmasa da, adətən bayrağımız stadionda dalğalanıb. Bir vətəndaş kimi arenaya bayraqla yollanırdım. Stadiona girən kimi, ilk növbədə bayrağımızı tribunaların yüksəkliyində görünən bir yerə sancıram. Belə turnirlərdə iştirak edib, ölkəmizi heç olmasa, azarkeş qismində layiqincə təmsil etməyə çalışıram.