vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 21 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Səttar Xan (1866 - 1914)

«Yüksəlməyə hər millətin
Öz yolları vardır
Millətlər uçar,
yüksələr öz doğma dilyilə»

Səttar Xan (1866 - 1914)
ELM-TƏHSİL, DİN  
23:52 | 26 dekabr 2017 | Çərşənbə axşamı Məqaləyə 3396 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Bütün bunları niyə edirik?

Din xadimlərinə maaş ödəməklə problemlər çözüləcəkmi?

Hüseynbala SƏLİMOV

MÖVZU İLƏ ƏLAQƏLİ

Son günlərin ən maraqlı xəbərlərindən biri də heç sözsüz ki, növbəti ildən başlayaraq din xadimlərinə də rəsmi şəkildə maaşların ödənəcəyi haqdakı açıqlamalardır.

Təbii ki, çox ciddi məsələdir və artıq indidən bu kontekstdə xeyli suallar səslənməkdədir.

Birincisi, hələ dəqiq məlum deyil ki, təşəbbüs bütün səmavi dinlərə şamil ediləcəkdir, yoxsa yalnız islam dininin təmsilçiləri üçün nəzərdə tutulur?

İkincisi, addımın dünyəvi dövlətçilik modeli ilə, bir azca da geniş götürsək, sekulyarizm prinsipləri ilə necə uzlaşması da müəyyən suallar və tərəddüdlər doğurur.

Yazı ərəfəsində əlüstü statistika ilə də maraqlandıq. Məlum olur ki, dünyanın 77 ölkəsində bu və ya digər dərəcədə rəsmi din mövcuddur, 113 ölkədə isə din dövlətdən ayrı fəaliyyət göstərir ki, bizim Azərbaycan da onların sırasındadır.

Dinin dövlətdən ayrılığı 22 ildə, səhv etmirəmsə, düz üç dəfə dəyişdirilən Ali Qanunumuzda da əksini tapıb və bu, da prinsipcə, hökumətin təşəbbüsünün Konstitusiyaya uyğunluğu məsələsini aktuallaşdıra bilər və Konstitusiya Məhkəməsinin gündəliyinə nəzəri olaraq daha bir predmet əlavə edər – təbii ki, bunu sırf nəzəri cəhətdən deyirik...

Düzdür, din xadimlərinin ayrı fonddan maliyyələşdirilməsi nəzərdə tutulur və qurumun əsasnaməsilə tanış olmadığımızdan onun maliyyə resurslarının necə formalaşacağı haqda hələki birmənalı şəkildə heç nə deyə bilmərik. Amma artıq indidən hamı bunu formal məsələ kimi qəbul edir və bilavasitə dövlət maliyyələşməsindən danışır.

Üçüncüsü, din xadimlərinin faktiki olaraq «dövlət məmuru» statusuna yaxınlaşdırılması bütövlükdə rəsmi din institutlarına qarşı inamsızlığın, «alternativ», hətta arzuolunmaz qeyri-leqal strukturlara marağın artmasına, radikalların mövqelərinin bir azacıq da güclənməsinə və «dini müxalifət»in bundan təkan almasına səbəb ola bilər.

Gərək, bunları da nəzərə alaq ki, dövlət din adamlarının üstünə, necə deyərlər, çox getməsin, onlar üçün daha çox azadlıq və sərbəstlik sferası saxlasın ki, son nəticədə din ictimai institut kimi sosial nüfuzunu qoruya bilsin.

Həm də mülki cəmiyyətin sərhədlərini çox daraltmaq, hər bir yerdə dövlətin müdaxiləsini və iştirakını artırmağa çalışmaq bizi keçmiş totalitar təcrübəyə qaytara bilər ki, bunun da nəticəsini artıq görmüşük. Baxın, indi demək olar ki, iqtisadi baxımdan azad media qalmayıb, QHT və digər strukturların alternativ kanalları məhdudlaşıb, onların da əməlli –başlı dövlətdən asılılığı yaranıb, çünki başqa donorlar yoxdur. İnanın, bunlar heç də yaxşı tendensiya deyil...

Səmimi etiraf etsək, dinin cəmiyyətimizin həyatında rolunun azala bilməsi fərd kimi bizi elə də narahat etmir, çünki daha geniş mənada sekulyarizm tərəfdarıyıq–nə din adamlarımızın moizələrinə marağımız var, nə də başqa şeyə: Quran var, başqa kitablar var və özümüz oxuyub Tanrımızla münasibətlərimizi sahmanlaya bilərik...

Üstəlik, şəxsən bəndəniz üçün əsas, hər üç səmavi dində əks olunan 10 ƏMR və yaxud başqalarının dediyi kimi, dekaloqdur (çox məşhur «Helsinki dekaloqu» ilə qarışdırmayın!): Bəli, oğurluq etmə, yalandan şahidlik etmə, Tanrından savayı özünə kumir yaratma və Tanrına şərik qoşma və s. və i...

Şəxsən bizə bunlar bəs edir, çünki kenisberqli tənha qoca İ.Kantın ardınca biz də qəbul edirik ki, din ilk növbədə ƏXLAQDIR və əgər bu, yoxdursa, lap istəyirsən, gündə 24 dəfə namaz qıl, ya da hər il Həccə get, - bunun nə bəndələrçün, nə də Tanrı məqamında dəyəri yoxdur.

10 ƏMRin çox böyük və geniş mənası var. Məsələn, oğurluq təkcə o demək deyil ki, qonşunun toyuğunu oğurlamayasan, yaxud əlini kiminsə cibinə salıb beş–on manat çırpışdırmayasan, həm də o deməkdir, millətin sərvətinə, nə bilim, neftinə və yaxud da qazına tamah salmayasan, tabeçilyindəki nazirliyin və yaxud da idarənin büdcəsini talamayasan və s. və i.

Yaxınların söhbətidir. Bir ciddi iqtisadçımızın yazısından oxudum ki, 1993-2017-ci illərdə ölkədən qanunsuz yolla 48 milyard dollar çıxarılıb və həmin iqtisadçı bunu ciddi xarici nəşrə istinad edərək yazmışdı. Heç sözsüz ki, mən bunun doğruluğunu iddia edə bilmərəm, demirəm ki, bu, həqiqətdir. Amma təkcə son aylarda vəzifəsilə vidalaşan bir neçə nazir haqda yazılanlar və deyilənlər istər - istəməz adamın şübhələrini artırır, düşünürsən ki, əgər iki-üç adam bu qədər oğurlaya bilibsə...

Qərəz, həqiqətən də belədirsə və məsələ iqtisadçılarımızın iddia etdiyi kimidirsə,-hərçənd, biz bunu qəti iddia etmirik,- özünüz deyin, bu boyda haram yaşanan ölkədə adam dindən–imandan bir ürək rahatlığı ilə danışa bilərmi?..

Dördüncüsü, din xadimlərini də dövlətimizin maliyyəlləşdirməsinin bizim siyasi gerçəklikdə nəzəri olaraq başqa hansı əyintilərə də gətirib çıxara bilməsinin də fərqindəyik.

Ola bilsin, bundan sonra mərasimlərdə hər dəfə «Yasin» oxunanda ruhuna salavat zikr edilənlərin siyahısı bir az da genişlənəcək və bura böyük və kiçik məmurlarımızın yaxınları da əlavə olunacaq.

Hətta istisna deyil ki, hər gün Az TV-də və eləcə digər şanlı kanallarımızda eşitdiklərimizin 70-80 faizini təkrarən dini mərasimlərdə də eşidəcəyik və bəzən ola bilsin, bizdə suallar da yaranacaq ki, əcəba, görən, haradayıq – dini mərasimdə, yoxsa partiya konfransında?..

Bu dediklərim təbii, sırf fərdi narahatlıqlardır və heç sözsüz, cəmiyyətdəki dini və digər tendensiyalar bizim istək-arzularımızla və yaxud da gümanlarımızla müəyyən olunmur. Amma ölkələr var ki, adam orada proqnozlarının doğrulmasına sevinir, ölkələr də var ki, əksinə özün də arzu edirsən ki, kaş, mənim gümanlarım çin olmayaydı...

Üstəlik, bir az təəccüblü görünsə də, indicə yazdıqlarımızla zahirən ziddiyyət təşkil etsə də, özümüz də hesab edirik ki, ən azı müəyyən dövr üçün din adamlarının maliyyələşdirilməsi zəruridir, hətta bunu bir az da tez başlamaq lazım idi.

Din institutlarının maliyyə qaynaqları mürəkkəb problemdir, Qərbin öz ənənələri var, Şərqin də öz! Üstəlik, postsosialist və postsovet ölkələrinin də öz təcrübəsi! Din institutları dünya təcrübəsində daha çox dini icmalarla bağlı olur, dövlət isə onlara əsasən yumşaq vergi siyasəti tətbiq etməklə və digər sosial proqramlarla yardımçı olur. Məsələn, artıq bir neçə ildir, nəinki Azərbaycanın, hətta qonşumuz Gürcüstanın da dini idarələri ödənişsiz qazla təmin olunur ki, bunu da məhz hökumətin sosial dəstək aksiyalarından biri kimi qiymətləndirmək olar.

Bizdə dini icmalar məsələsi hələlik problemlidir, üstəlik, dindarların da din institutlarına maliyyə yardımları sistemli xarakter daşımır. Ona görə də azı bir müddət dövlət maliyyələşməsi pis olmazdı.

İkincisi, dini sferada kənar təsirlər çox güclüdür. Xüsusən də xoşa gəlməyən cəhət ilk növbədə İranın və yaxud da ərəb ölkələrinin təsiridir. Düşünürük, nəzərdə tutulan proqram buna da töhfəsini verə bilər.

Üçüncüsü, bəlkə də özünü demokrat sayan adam üçün indi deyəcəyim qüsurlu sayılar, çünki demokratiya öncə müxtəliflik və ya rəngarənglik deməkdir. Amma yenə də düşünürəm ki, çoxlu sayda məzhəblər və təriqətlər, «dini icmalar» təcrübəsi hələ bizlik deyil, ən azı ona görə ki, cəmi bir neçə il əvvəl bir kənddə - Nardaranda «əlahiddə dini icma» kimi yaşamaq cəhdinin nələrə gətirdiyini gördük...

Ona görə də Azərbaycanda dini baxış və ya dünyagörüşlərin bir az unifikasiyasına ehtiyac var. Son illərdə şiə və sünni söhbəti azmış kimi, başqa təriqətlər də özünü təzahür etdirməkdədirlər. Bizim hələki belə müxtəlifliyi «həzm etmək» və yüzlərlə fərqli dini icmalara bölünmüş bir cəmiyyətin bütövlüyünü də təmin etmək imkanlarımız məhduddur.

Üstəlik, hətta müsəlman Şərqinin də tarixi və təcrübəsi göstərir ki, bu təriqət məsələsi Şərqdə qəliz problemdir və əksər halda dinc müstəvidə həllini tapmır. O səbəbdən də bir daha deyirik ki, dövlətin də yardımı ilə dini baxışların yaxınlaşdırılmasına və unifikasiyasına ehtiyac duyulur.

Nəhayət, bir suala cavab verməliyik: bütün bunları niyə edirik? Ümid edirik, əsas məqsəd Şərq ölkələrində yaşanan ağrılı-acılı dini tendensiyaların, xüsusən dini ekstremizmin Azərbaycana yol tapmasının qarşısını almaqdır.

Amma təkcə din adamlarına maaş verməklə və hətta dini institutlar üzərində dövlətin nəzarətini gücləndirməklə problem həll olunası deyil.

Nəzərə alaq ki, müsəlman Şərqindəki problemlər təkcə geosiyasi səbəblərdən törəmir. Bunların hamısı avtoritar, demokratiya təcrübəsi olmayan, dünvəyi və demokratik siyasi mübarizə imkanları məhdudlaşdırılmış ölkələrdir. Siyasətin dini müstəviyə meyllənməsinin qarşısını almağın bir yolu da dünyəvi siyasi institutların, dünyəvi siyasi mübarizə üsullarının meydanını genişləndirməkdir. O yerdə ki, dünyəvi və dinc siyasi mübarizə metodu işləmir, orada dini qaragürüh, radikallar və ekstremistlər baş qaldırır.

İkincisi, müsəlman ölkələrinin siyasət adamlarının, xüsusən də intellektullarının çıxarmalı olduqları nəticələr də var bu prosesdən. Dini dəyərlərə tamam biganəlik də acı nəticələrə gətirib çıxara bilir, çünki bu cür sayğısızlıq adamı reallıqdan uzaqlaşdırır. Məsələn, dünyanın siyasi spektirində mühüm yer tutan mühafizəkar partiyalar proqramlarında bu dəyərlərə böyük önəm verirlər, çünki mühafizəkarlıq əsasən ənənələrə söykənən ideologiyadır, hər cəmiyyətdə isə ənənələrin böyük hissəsini də məhz dini təcrübə təşkil edir.

Təəssüf, müsəlman intellektualları qütblərdə dayanmağı sevirlər. Biri Şərqi və İslamı, ümumiyyətlə, inkar edir, digərlərisə, əksinə, Qərbi və bəşəri dəyərləri qəti qəbul etmirlər, halbuki doğru yol burada da «qızıl ortanı» tapmaqdır.

Siyasət adamı, sözsüz ki, reallığın əsiri olmamalıdır, əks təqdirdə inkişaf olmazdı. Amma siyasətçinin reallığı görməmək, nəzərə almamaq haqqı da yoxdur, çünki belədə də o, ən yaxşı halda marginal «siyasi filosof»a çevrilə bilər ki, bu, da onun siyasət adamı kimi sonu deməkdir.