vaxtlı-vaxtında oxuyun! Bazar, 24 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Əbülfəz Elçibəy (1938 - 2000)

«Demokratiya bəzi xalqlara mənəvi qidadırsa, bizim üçün dərmandır»

Əbülfəz Elçibəy (1938 - 2000)
CƏMİYYƏT  
19:36 | 3 dekabr 2018 | Bazar ertəsi Məqaləyə 3117 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

İctimai nəqliyyat - absurd teatrı

Yaxud arvadların kişilərə göz verib, işıq vermədiyi məkan

Etimad BAŞKEÇİD

Benzinə, pul-paraya qənaət etmək məqsədilə, hərdən maşını həyətdə saxlayır, işə avtobusla gedirəm. Hər dəfəsində bir daha əmin oluram ki, bizim metroda və avtobuslarda gedib-gəlmək üçün insan xüsusi vərdişlərə yiyələnməlidir. İstər-istəməz Vesminster hersoginyası Leliyanın sözlərini xatırlayıram: “Otuz yaşından yuxarı avtobus sərnişinlərinin hamısı – uğursuzlardır”.

Bizim öz təyinatı üzrə ictimai, servis səviyyəsinə və insanlarda doğurduğu mənfi emosiyalara görə isə antiictimai nəqliyyat Buddanın özünü belə hövsələdən çıxarmağa qadirdir.

Bakının yerüstü nəqliyyatı (yeraltı nəqliyyatın dərdi ayrıdır) mənə kütlə instinkti ilə yaşayan başıpozuq kaftar sürüsünü xatırladır. Adamın ətini yeyib, sümüyünü belə çölə atmayacaq dərəcədə bizə doğma olan kaftar sürüsünü.

Bir dəfə bir yerdə demişdim ki, adam bizim nəqliyyata adam kimi minir, amma ifrazat kimi xaric olunur.

Bəşər övladının “Dayanacaq” adlanan ixtirasını biz profanasiya etmişik. İnsanlarımız dayanacaqlardan cin iynədən qorxan kimi qorxurlar. Dayanacaqdan mümkün olduğunca aralı durmağa çalışırlar. Avtobus sürücüləri üçün dayanacaqlar olsa-olsa xatirə kompleksləri rolunu oynayır. Onların yanından avtobuslar yeldən qanad taxıblarmış kimi keçib gedirlər.

Yolların yaxasına səpələnmiş adamları dənləyə-dənləyə irəliləyən avtobuslar yalnız zahirən nəqliyyat vasitəsini xatırladır. Daxildən onlar siyənək çəlləyini və ya ekstremal tanışlıq bürolarını andırırlar. Avtobusda sürücünün “bir az da mehribanlaşın!” nidasını adamlar göylərin əmri kimi qəbul edirlər. Adi vəziyyətlərdə alınmaz qalanı xatırladan qızlarla oğlanlar teatral pozalarda elə maraqlı kombinasiyalar yaradırlar ki, bundan sonra abırlı adamlar evlənməli, qırx gün, qırx gecə toy çaldırmalıdırlar.

O qədər də uzaq olmayan keçmişdə avtobusa kişi girəndə arvadlar durub yer verərmişlər. İndi tərsinədir – avtobusa girəndə binəva kişilərin hamısının bir nəfər kimi ayaqda olduğunu görürsən. Çox nadir hallarda görürsən ki, başının üstünü kəsdirmiş arvadların hikkəli baxışlarına, eyhamlı işarələrinə baxmayaraq, bir nəfər kişi oturub, gözlərini zilləyib kitab oxuyur. Dodaqlarını tərpədə-tərpədə elə maraqla, elə həvəslə oxuyur ki, sən də suyulursan. Hətta avtobusun təkəri nagahan yolun ortasındakı açıq lyuka düşəndə belə gözlərini kitabdan ayırmır. Bu zaman anlayırsan ki, bu kişi, doğrudur, gözlərini xarab eləyir, amma əvəzində yerini arvadlardan qoruyub saxlayır. İctimai nəqliyyatda arvadların kişilərə göz verib, işıq verməməsini kitab oxumaqla protestə edir.

Bizim avtobus sürücüləri, gec və keyfiyyətsiz də olsa, adamları mənzil başına çatdırmaqla öz işlərini bitmiş saymırlar. Bir də görürsən ki, eyni nömrəli iki avtobus yolda qarşılaşdı, şoferlər yerə düşüb şəbeh çıxartmağa, bir-birinin ölüsünü-dirisini yamanlayaraq absurd teatrındakı kimi hərəkətlər eləməyə, bir sözlə, sərnişinləri əyləndirməyə başladılar. Özü də buna görə onlar nə hökumətdən, nə də sərnişinlərdən əlavə haqq tələb etmirlər.

Bizim nəqliyyatın mərifətlərini sadalamaqla bitməz.

Başlayanda demişdik ki, bizim avtobuslarda hərəkət eləmək üçün adam xüsusi vərdişlərə yiyələnməlidir. Bunlardan ən başında gələni - özündə bizim həşəmətli manısların mahnılarını dinləmək vərdişidir.

İkincisi, getdiyin yerə vaxtında çatmayacağından yana darılmamalısan. Onsuz da, od olsan, yalnız özünü yandıracaqsan.

Alimlərin hesablamalarına görə, insan öz həyatının üçdə birini yatır, onda birini isə yollarda keçirir. Amma nə yazıq ki, bu hesablama yalnız qərblilər üçün keçərlidir. Bizdə yəqin ki, tərsinədir – ömrumüzün üçdə birini yollarda keçirir, onda birini isə yatırıq. Ona görə çox yatmırıq ki, çalışqanıq, yox, yuxumuzdan kəsib yollara calamalı olduğumuz üçün çox yatmırıq.

Üçüncüsü…

Dördüncüsü…

Üç nöqtələrin yerini doldurmağı sizə həvalə edirəm!

Etimad BAŞKEÇID