Debilizm, kretinizm…
“Özümüzünkülər” kimdir, əclaf?
Hər tipdə, hər ağılda, hər ruhda insanı başa düşə bilərəm. Lakin irqçini, xüsusilə də antisemitləri əsla başa düşmürəm.
Beləsini anlamaq mümkün deyil, çünki heyvanla insan arasında ilişib qalmış bir homo vulgarisdir.
Saraqosada, məclisdə idim. Alimlər, siyasətçilər, sənətçilər, iş adamları - hər cür adam vardı “Los Borrachos”dakı ziyayfətdə, şəhərin ən yaxşı restoranlarından birində.
Verdiyi vizit vərəqəsində adının önünə “Ph.D” yazılmış bir bostan bitkisi durdu ayağa, başladı nitq irad etməyə:
“Yəhudilərə sözüm yox, ağıllı millətdi nə də olsa. Hə, cənablar, etiraf etmək məcburiyyətindəyik ki, yəhudilər arasında ağıllı adamlar çoxdur. Amma baxın zəncilərə!”
Bunu söyləyən “alim” ispan dilində çox pis söyüş olan “cabeza de mierda” ifadəsini işlətdi.
Dinləyirdim bu “ağıllı”nı.
“Hə, cənablar, axı niyə bu zəncilər arasında dahi alimlər, filosoflar, sərkərdələr yoxdur? Zəncilər dünya ədəbiyyat və mədəniyyət irsinə nə töhfələr veriblər? Böyük dövlət və ictimai xadimlər arasında nə qədər zənci var, hə?!”
Anlaşılan debilizm, kretinizmdir. Bir qədər əvvəl slavyanları, irlandları, yəhudiləri, çinliləri, yaponları geridəqalmış, gerizəkalı sanırdılar.
Fransanın özündə qaskonlarla korsikalıları daim ələ salıb gülürdülər, lətifə qəhrəmanları edirdilər. İngilislər şotlandlarla, irlandlara və valliyalara, ispanlar basklara yuxarıdan aşağı baxırdılar və indi də belədir.
Yəhudilərə gəldikdə isə... Aşkenazlar sefardlara lağ edirlər.
... “Andrey Rublyov” filmi yadınızdamı?
Orada bir səhnə var:
- Axı siz nə edirsiniz, qardaşlar! Biz özümüzkülərik, biz ki, ruslarıq!
- Kəs səsini, qancıq balası! Mən sənə göstərərəm “özümüzünkülər” kimdir, vladimirli əclaf!
Və cəmi 150 il əvvəl “böyük filosoflar, yazıçılar və alimlərin yoxluğu” ilə bağlı “arqument”lər qadınların “natamamalığı” ilə bağlı deyirdi.
İndi hansı axmaq o sözləri təkrarlamağa cürət edər ki…