“Xidməti ev” ifadəsi medianı silkələyib
“KİVDF və Əmlak Komitəsinin mövqeyi bizdə narahatlıq və anlaşılmazlıq yaradıb”
Azərbaycan Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Fondunun (KİVDF) icraçı direktoru Vüqar Səfərlinin jurnalistlərə verilən mənzillərlə bağlı fikirləri mətbu çevrədə böyük müzakirələrə səbəb olub. Belə ki, Fond rəhbəri Yenicag.az-a müsahibəsində jurnalistlər üçün inşa olunmuş 2-ci binadakı mənzillərə çıxarışlarım (“kupça”) verilməməsinin səbəblərini açıqlayarkən, mənzillərin media nümayəndələrinə “xidməti ev kimi” verildiyini bildirib: “Bu, xidməti ev kimi bir şeydir… Dövlətin əmlakıdır. Bunu elə-belə götürüb vermək olmaz, başa düşürsünüz? O mənzillərin jurnalistlərə verilməsi haqqında hansısa bir sənəd yoxdur. Siyahı tutulub, Aparatla, Prezidentlə razılaşdırılıb və Fondun İdarə Heyətinin qərarı ilə verilib. Ancaq biz o mənzillərə əlavə bir sənəd verə bilmirik axı”.
V.Səfərli eyni zamanda bildirib ki, bu məsələlər Əmlak Məsələləri Dövlət Komitəsi ilə həll olunmalıdır: “O mənzillər jurnalistlərə birbaşa verilə bilməz. Dövlət əmlakıdır, keçən dəfə biz onu özəlləşdirdik, ondan sonra danışıldı, Əmlak Komitəsi ilə razılaşdırıldı ki, onlar qəbul etsinlər… Mənzillər elə bil, hədiyyə kimi verildi. Bu prosesdə sənədlər hazırlanmalıdır. Onu birbaşa vermək olmaz. Onlara da dedim ki, edə bilirlərsə, etsinlər, etirazım yoxdur”.
V.Səfərli jurnalistlərin birinci binasında “kupça”ların verilməsi prosedurunu indi təkrarlamağın mümkünsüzlüyünə də toxunub: “Orada müəyyən məqamlar var, qanunlara dəyişiklik edilib. Mən də ona görə Qulu müəllimə dedim ki, öz rəhbərliyi ilə danışsın, hansı formada və necə edək. Bu işi onlar etməlidir. Bizə bunun yolunu göstərsinlər, edək”.
Əmlak Məsələləri Dövlət Komitəsinin ictimaiyyətlə əlaqələr və informasiya şöbəsinin müdiri Qulu Xəlilov mediaya açıqlamasında bildirib ki, jurnalistlərin binasının istismarına Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən icazə verilib. Onun sözlərinə görə, eyni zamanda Daşınmaz Əmlakın Dövlət Reyesteri haqqında qanunun 8-ci maddəsinə uyğun olaraq, ilkin hüquq müəyyənedici sənədlər hazır olduğu təqdirdə, yəni KİV-in İnkişafına Dövlət Dəstəyi Fondu tərəfindən bu sənədlər mənzil sahiblərinə təqdim olunduqda proses növbəti mərhələdə həll olunacaq.
Yaranmış məsələyə Mətbuat Şurasının sədri, millət vəkili Əflatun Amaşov münasibət bildirib. Əflatun Amaşov deyib ki, həmin mənzillər Azərbaycan prezidentinin jurnalistlərə əvəzsiz hədiyyəsidir: “Bu, eyni zamanda Azərbaycan dövlətinin media siyasətinin mühüm tərkib hissəsidir. Bina jurnalistlər üçün tikilib. Verilən mənzillər də jurnalistlərindir.
O ki qaldı sənədləşmə məsələsinə, narahatçılığa əsas olmamalıdır. Yaranış məsələ qanunlarımız çərçivəsində öz həllini tapacaqdır”.
Dünən məsələ ilə bağlı bir daha Lent.az-a danışan V.Səfərli jurnalistləri narazı salan yeni fikirlər də səsləndirib. O, jurnalistlərə verilən mənzillərlə bağlı işlətdiyi “xidməti ev kimi” ifadəsinin narazılıqla qarşılanmasının düzgün olmadığını bildirib: “Mənim bu sözümü qəbul etmirlərsə, onda göstərsinlər görüm, hər hansı bir sənəd, prezidentin sərəncamı və ya başqa sənəd varmı ki, bu evlər onlara verilib? Ona görə də mən qeyd etmişəm ki, proses gedir və hər bir jurnalist gələcəkdə “kupça”sını alacaq.
Mənim üçün çox maraqlıdır ki, bu gün “kupça”nı almaq 5 gün, 1 ay, 1 il gec olsa, nə olur? O adamlar maraqlıdır ki, bu evləri satmaq istəyirlər, başa düşürsünüz? Qalan şəxslər isə gedib qeydiyyata da düşə bilərlər, yaşayırlar, qaz, su, işıq öz adlarınadır”.
Musavat.com saytının redaktoru Xalid Kazımlı hesab edir ki, ortada bir yanlış anlaşılma var: “Məncə, burada bir yanlış anlaşılma var. Prinsipcə, Vüqar Səfərli jurnalistlərə bağışlanmış evləri “xidməti ev” adlandırmamılıdır. Çünki bu mənzillər jurnalistlərə mülk olaraq hədiyyə edilib. Əks təqdirdə, o binanın o cür təntənəli açılışı olmaz, mediada bu qədər söz-söhbət, mübahisə, təqdir-tənqid prosesi getməzdi. Təsəvvür edə bilirsinizmi, bir nəfər kirayə evə çıxır və yaxınlarına qonaqlıq verir, onlar da onu kirayələdiyi yeni evə görə təbrik edirlər. Bu, absurd olar. O mənzillər jurnalistlərə mülk olaraq bağışlanıb. Bu gün başqa söhbət etmək illərlə görülmüş yaxşı bir işə kölgə sala bilər”.
Jurnalist Jalə Mütəllimovanın məsələyə yanaşması xeyli sərtdir: “Mən bu mənzilləri müstəqil media adamı kimi alan az sayda jurnalistlərdənəm. Təsəvvür edin, çətin mənzil və sosial problemlərlə uğraşa-uğraşa birdən belə bir diqqət görürsən. O qədər qürur duymuşdum ki, düzü heç mənzilimin neçə otaq olması, mərtəbəsi, sahəsi mənə vacib deyildi. Məni DÖVLƏTim yadına salmışdı. Bundan o yanası yox idi”...
Xanım jurnalistin sözlərinə görə, ölkə başçısı İlham Əliyev bu mənzilləri dövlət adından mükafat olaraq jurnalistlərə təqdim edəndə, ən azı onlar qədər sevincli olub: “Niyəsə hamıdan kənarda, lap arxada durub, hay-küyə qarışmadan prosesi müşahidə edirdim. Gördüklərimdən bu qənaətə gəldim ki, Prezident orda, həmin təqdimat mərasimində elə bizlərdən biridir. Sadə və səmimi. Çünki son dərəcə səmimi çıxış etdi, səmimi ünsiyyət qurdu və vacib bir tapşırıq da verdi ki, yazın, qorxmayın, çəkinməyin, yazın ki, mən də görüm nə var, nə yox”...
J.Mütəllimova ölkə rəhbərinə üz tutub: “Çox hörmətli cənab Prezident, bizə xidməti mənzil yox, hədiyyə, mükafat mənzil vermişdiniz, bu dəqiq yadımdadır. İndi buna xidməti mənzil adı qoyub rəsmi dövlət qurumları. Və düşünürəm xidməti mənzil o deməkdir ki, hansısa peşə fəaliyyətində olduğun müddətdə orda yaşayırsan, işdən azad olunduğun təqdirdə isə mənzilini geri təhvil verməyə borclusan. İndi bizi cəmiyyət ələ salır, aşağılayır, xaricdəki söyüş mediasının və müxalifətinin hədəfi olmuşuq dövlətli, jurnalistli, Prezidentli. Deyirlər, “xidmətçisiniz, nökərsiniz”, “nə xidmətiniz olub, kimi satmısınız?”, “ Kimə yaltaqlanmısınız?” və sair. Düzü ağır gəlir. Dövlətə xidmətdən qürur duyuram, o ayrı, amma bir də o var ki, səni kim söyür. Mayası bir qəpiyə olmayanlar. Bu mənzillər üzündən həm məmurlardan, həm xaricdəki söyüş ordusundan, həm özünə müxalifət deyən mənfurlardan eşitmədiyim, söz, təhqir qalmadı. İndi də məsxərəyə qoyuluram, bu ağırıma gəlir. Mən qadınam, üç övlad anasıyam, sizdən ricam ya bizi geriyə, kirayə mənzilimizə daşısınlar, ya da verdiyiniz dövlət mükafatı olan mənzillərin çıxarışlarını təqdim etsinlər”.
Səsləndirdiyi fikri mətbuat nümayəndələrində ciddi etiraz doğuran V.Səfərli isə məsələ ilə bağlı “Trend”ə də açıqlama verib. Bildirib ki, jurnalistlər üçün istifadəyə verilən ikinci binada yaşayanlara yaxın müddətdə “kupça”lar veriləcək. Onun sözlərinə görə, bu binalardakı mənzillər dövlətin əmlakıdır:
“Müsahibədə mən bu evlərin xidməti evlər kimi olduğunu demişəm. “Xidməti ev” və “xidməti ev kimi” ifadələri bir-birindən fərqlənir. Xidməti evə görə order, sənəd verildikdə, həmin mənzilin xidməti ev olduğu qeyd edilir. Lakin Fondun Müşahidə Şurasının qərarı, Prezident Administrasiyasının töhfəsi ilə o evlər jurnalistlərə verilib. Avqustun 8-də biz binanın istismara qəbul edilməsi ilə bağlı dövlət aktını almışıq. Hazırda Əmlak Məsələləri Dövlət Komitəsi ilə birlikdə sənədləşmələrlə bağlı işlər aparılır. Birinci bina üçün də prosedurlar belə olub. Bu bina hələ dövlətin balansındadır və dövlətin əmlakıdır”.
V.Səfərli həmin mənzillərin jurnalistlərdən geri alınacağı ilə bağlı narahatlığın olmadığını da söyləyib: “Yazırlar ki, bu mənzillər xidməti ev olduğu üçün onları istənilən zaman jurnalistlərdən geri ala bilərlər. Xeyr, bu, xidməti ev deyil. Bu mənzillər hazırda xidməti ev kimidir və yaxın müddətdə mənzil sahiblərinə “kupça”lar veriləcək. Heç bir ev geri qaytarıla bilməz. Bu, Prezidentin jurnalistlərə hədiyyəsidir”.
KİVDF rəhbərinin bu açıqlaması jurnalistlərin ikinci binasında mənzil alan media nümayəndələrini qane etməyib. Jurnalistlər mənzilləri onlara hədiyyə edən ölkə prezidentinə müraciət ünvanlayıblar. Müraciətdə bildirilir ki, ölkə prezidentinin qayğısı sayəsində kirayədə çətin vəziyyətdə yaşayan daha 255 jurnalist ailəsi (ümumilikdə 1000 nəfərə yaxın sakin) bu binada mənzilə sahib olub: “Hörmətli cənab Prezident. 20 iyul 2017-ci il tarixdə binanın açılış mərasimində çıxışınız və bizimlə söhbətiniz zamanı mənzillərin mülkiyyət sənədlərinin (çıxarışlarının) qısa müddətdə verilməsi üçün müvafiq orqanlara tapşırıq verdiyinizi qeyd etdiniz. Lakin keçən 2 ildən artıq müddətdə bu çıxarışların verilməsi həyata keçirilməyib. Bu da bizim üçün əlavə problemlər yaradır - məsələn, çıxarış olmadığından mənzilə qeydiyyata düşə bilmirik, övladlarımızı məktəb və bağçalara, poliklinikalara qeydiyyata saldırmaq, yeni mənzilimizə vacib olan əşya və avadanlıqların alınması üçün banklardan kredit götürmək, həmçinin müxtəlif dövlət orqanları ilə hər hansı sənədləşmə əməliyyatları zamanı və s. hallarda bizdən yaşadığımız mənzildə qeydiyyatda olmamız haqda çıxarış tələb olunur. Vaxtı bitmiş şəxsiyyət vəsiqəmizi dəyişmək istəyərkən bir çoxumuz respublikamızın qeydiyyatda olduğumuz uzaq bölgəsinə gedib-gəlməyə məcbur oluruq. Məsələnin həlli ilə bağlı müraciət etdiyimiz KİVDF və Əmlak Komitəsinin mövqeyi bizdə narahatlıq və anlaşılmazlıq yaradıb.
Hörmətli cənab Prezident. Sizin ölkəmizdəki bütün sənədsiz evlərə və mənzillərə çıxarışların qısa müddətdə verilməsi haqda tapşırığınızın icrası indiyədək müxtəlif səbəblərdən evlərinin mülkiyyət sənədini ala bilməmiş yüz minlərlə vətəndaşın sevincinə səbəb olub. Belə ki, artıq on minlərlə ev sahibi mülkiyyət sənədini rahatlıqla əldə edib və bu proses sürətlə davam edir. Xahiş edirik ki, Sizin sərəncamınız əsasında mənzil almış jurnalistlərə də çıxarışların verilməsinin tezləşdirilməsi üçün müvafiq orqanlara göstəriş verəsiniz. Əvvəlcədən Sizə öz minnətdarlığımızı bildirir və xalqımızın, dövlətimizin mənafeyi uğrunda apardığınız bütün işlərinizdə uğurlar arzulayırıq”.