vaxtlı-vaxtında oxuyun! Çərşənbə axşamı, 19 mart 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Şeyx Məhəmməd Xiyabani (1880 - 1920)

«Vaxt bizi getməli olduğumuz yerə istiqamətləndirir»

Şeyx Məhəmməd Xiyabani (1880 - 1920)
ANALİZ  
14:55 | 18 noyabr 2019 | Bazar ertəsi Məqaləyə 3253 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Rusiyaya nə lazımdır?

Növbəti ideya, yoxsa praqmatik düşüncə...

Hüseynbala SƏLİMOV

Güman ki, dünyada Rusiyadan savayı ikinci bir ölkə yoxdur ki, onun “işıqlı zəka”ları əsrlərlə onun üçün günəş altında yer axtarsınlar, amma bunu tapa bilməsinlər.

Əgər diqqət etdinizsə, biz işıqlı zəkalar ifadəsini dırnaqda yazdıq və bunu təsadüfən də etmədik, çünki Rusiyanın bir çox faciələrində məhz o “işıqlı zəka”lar təqsirkardırlar: Gertsenlər, Çernışevskilər, Dobrolyubovlar və başqaları! Ən əsası isə bu, bizim nəticəmiz-qənaətimiz deyil, Rusiya ziyalıları özləri belə düşünürlər.

İşin tərsliyindən biz yalnız Rusiya qərbçilərinin adını çəkdik və bunun düşünülmüş bir şey olduğunu fikirləşməyin – biz özümüz daim qərbçi olmuşuq və ürəyimiz də həmişə Şərq – Asiya xalqlarının qərbçilərinin yanında olubdur. Sadəcə, məsələ ondadır ki, rus qərbçilərinin özlərində belə bir Şərq – Asiya güruhçuluğu var və bunlar Qərbin sosial tərəqqi və inkişaf spektrindən yalnız inqilabları, sosial sarsıntıları və ya dağıntıları götürüblər...

Bəs bütün bunları niyə deyirik? Bu günlərdə diqqətimizi rusiyalı müəlliflərdən birinin “taleyüklü” bir məqaləsi cəlb etdi. “İdeya, bəli, çox güclü ideya və ona şüurlu sadiqlik lazımdır!” – bəli, bu başabəla ziyalı–intellektual “yazı”sını belə fikirlə bitirirdi.

“Güclü ideya və ona şüurlu itaət və sədaqət!” – etiraf edirəm ki, bu sözləri oxuyanda ixtiyarsız olaraq Y.Gebbelsin təbliğat materiallarını xatırladıq və az qala damarlarımızda qanımız dondu, çünki Gebbelsin təbliğat kontorunun əməkdaşları da daim belə şeylər yazırdırlar; İdeya, böyük Reyx və böyük Almaniya!..

Yox, bu cür fikirlər Rusiyada kütləvi psixozdan çox uzaqdır, amma bu cür “axtarış”lar bir neçə əsrdir davam edirsə və rusiyalı intellektuallar bu günədək ona “cavab” tapmayıblarsa, bu təşviş yaratmaya bilməz, çünki belə “axtarışlar” Rusiyanın təkcə yaxın xaricinin yox, az qala, Dünyanın özünün siyasi və iqtisadi arxitekturasına toxunur.

Amma burada təəccüblüsü və yaxud da ki, qəribəsi nədir? Rusiya təxminən 70 il sırf ideoloji – “ideya dövləti” kimi mövcud oldu. Bəli, güclü ideya, bu ideyaya münasibətdə ümumi itaətkarlıq və sədaqət vardı: 200 milyonluq əhali (biz hələ digər sosialist ölkələrinin əhalisini nəzərə almırıq!) düz yetmiş il dünyanın “ən güclü və mütərəqqi bir ideya”sına xidmət etdi, Yer üzünün yarısında kommunizm qurmağa çalışdı.

Amma sonradan məlum oldu ki, yalnız güc üsulları, hərbi-polis vasitələrilə və əlbəttə ki, beş illik planlarla dünyanın ən firavan, demək olar ki, bütün ziddiyyətlərdən azad quruluşunu –kommunizmi dünyanın hətta ayrıca götürülmüş bir ölkəsində qurmaq mümkün deyil, çünki insanların qidaya, paltara, istiliyə və rahatlığa ehtiyacı var, bunlar isə Rusiyanın kommunal mənzillərində - kazarmalarında nəzərə alınmırdı...

Əlbəttə, demək olmaz ki, Rusiyanın heç vaxt və indinin özündə də əsl işıqlı zəkaları olmayıb və ya yoxdur, yox, onlar olub və indi də var və bu adamlar ölkələrinin real sosial - siyasi oriyentirlərini müəyyən etmək və onlara nizam vermək iqtidarındadırlar. Təxminən eyni vaxt biz digər bir yazını da oxuduq və bu yazının müəllifi artıq yazırdı ki, Rusiyanın ən zəif yeri onun iqtisadiyyatıdır və dünya dövləti olmağa iddialı olan ölkə üçün bu, bağışlanmaz qüsurdur.

Bu yazıda artıq hansısa “güclü ideya”dan bəhs edilmirdi, çünki iqtisadi nəzəriyyələrdən uzaq insanlara da aydındır ki, iqtisadiyyatı son nəticədə heç də ideyalar inkişaf etdirmir, onu inkişaf etdirən insanların və yaxud da insan qruplarının maraqları və gəlir –qazanc götürmək istəyidir.

Hələ dahi Adam Smit insanların anadangəlmə eqoist təbiətindən bəhs edir və onların bu “qüsuru” – bu keyfiyyətilə boş yerə mübarizə aparmamağa çağırırdı və bundansa həmin “qüsur”u iqtisadi tərəqqinin və inkişafın aparıcı qüvvəsinə, lokomotivinə çevirməyə səsləyirdi, belə ki, insanlar ilkin olaraq eqoist məqsədlər güdsələr də son nəticədə öz ölkələrinin iqtisadi tərəqqisinə və inkişafına xidmət edirlər. Bəli, bazar iqtisadiyyatının “gizli əli”də məhz belə işləyir: ilkin eqoist motivlər son nəticədə iqtisadiyyatın hərəkətverici qüvvəsinə çevrilir.

Ona görə də rus intellektuallarının çatışmazlığı ondadır ki, onlar heç vaxt sosial - siyasi proseslərdə insan amilini yetərincə nəzərə almayıblar və yaxud da onu yalnız dağıdıcı bir amil kimi nəzərdən keçiriblər.

Bəlkə də ona görə ki, uzun müddət Rusiyada azad insan, sosial - siyasi teatrın azad aktoru olmayıbdır: lap əvvəlcə təhkimçilik hüququ, faktiki olaraq quldarlıq, daha sonra isə sürəkli proletarlaşma, cəmiyyətdə işgüzar insan düşüncəsinin və əsl işgüzar insanın formalaşmasına mane olubdur.

Güman ki, bu günədək məhz buna görə bu ölkədə iqtisadiyyatın inkişaf mənbəyi azad insan yox, hansısa mücərrəd bir “ideya”lar hesab edilir və bu, bütün totalitar keçmişli, kazarma iqtisadiyyatlı bütün quruluşlar üçün çox xarakterik bir haldır.

Üstəlik, düşünürük ki, Rusiyanın hətta indiki durumu, haradakı öz məntiqini rasional-iqtisadi düşüncə yox, hansısa ideoloji mülahizələr və siyasi meyarlar diktə edir, uzun müddətli iqtisadi model ola bilməz, çünki bu model də “ideyalı iqtisadiyyat”a söykənir və sağlam düşüncəli iqtisadçılar arasında ciddi təşviş üçün predmet olamaya bilməz...

Hüseynbala SƏLİMOV