vaxtlı-vaxtında oxuyun! Cümə, 29 mart 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Mustafa Kamal Atatürk (1881 - 1938)

«Uca Türk, sənin üçün yüksəkliyin hüdudu yoxdur»

Mustafa Kamal Atatürk (1881 - 1938)
ELM-TƏHSİL, DİN  
11:49 | 18 aprel 2020 | Şənbə Məqaləyə 2831 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Milet məktəbi

Məktəbli fəlsəfəsi (III dərs)

Etibar ƏLİYEV

Antik fəlsəfə e.ə. VI əsrin birinci yarısında Elladanın kiçik Asiyaya aid hissəsində İoniyada Milet şəhərində yaranmışdır. Bun görə də ilk yunan fəlsəfə məktəbi Milet məktəbi adlandırılır. Bu məktəbə Fales, Anaksimandr və Anaksimen daxildir.

İlk filosof Miletli Falesin yaşadığı dövrü yeddi müdrikin yaşadığı dövr də adlandırırlar. Müdriklər siyasi və elmi fəaliyyətlə məşğul olur, yaşadıqları şəhərlər üçün qanunlar yaradır, öyüd-nəsihətlər verir və gələcək haqqında fikirlər söyləyirdilər. Fales İoniyada e.ə 525-ci il mayın 25-də Günəşin tutulması haqqında qabaqcadan xəbər vermişdir. O, dünyanın quruluşunu belə təsvir edirdi: “Bizi tamamilə müxtəlif, sonsuz fərqlərə malik nəsnələr əhatə edir, onların heç biri digərinə bənzəmir. Lakin bu müxtəliflikləri, bizi əhatə edən obyektiv aləmi kainat, yaxud dünya adlandırırıq. Nəsnələrin arasındakı fərqlərə baxmayaraq, onlar vahid bütövlük təşkil edirlər, yəni dünyadakı çoxçeşidliliyin bütün nəsnələr üçün eyni olan hansısa ümumi əsası mövcuddur. Onların görünən müxtəlifliyinin arxasında görünməyən bir vəhdət dayanır.” Falesin söylədiklərində həqiqət var. Məsələn, əlifbaya diqqət yetirək: məhdud sayda hərflərin müxtəlif kombinasiyaları minlərlə söz əmələ gətirir. Yaxud musiqidə cəmi 7 not mövcuddur, lakin onların müxtəlif birləşmələri hüdudsuz səs harmoniyası dünyasısını yaradır. Bizə bəllidir ki, elə də çox olmayan elementar zərrəciklər dəstəsinin müxtəlif kombinasiyaları nəsnələrin sonsuz müxtəlifliyini əmələ gətirir. Beləliklə, yunan fəlsəfəsi bəşər tarixində ilk dəfə Falesin dili ilə ümumi qanunauyğunluqların olması ideyasını irəli sürdü.

Təbiət proseslərinin mürəkkəb kompleksə malik olmasını müşahidə edən Fales material aləmin vahid səbəbini axtarmağa çalışırdı. Başqa sözlə, məqsəd bütün fiziki aləmin, insanın, heyvanın, bitkinin, torpağın, buludun və s. hansı başlanğıc maddədən təşkil olunmasını tapmaq idi. Fales “hər şey sudan ibarətdir” deyirdi. Bu fikir fəlsəfənin və elmin əsasını qoydu. Falesin ilkin başlanğıc hesab etdiyi su hər yerdə iştirak edir. O, həyat mənbəyidir və bir formadan başqa bir formaya asanlıqla keçir, gah buxara, gah buza çevrilir, gah da yenidən əvvəlki maye halına qayıdır. Bu fikir həmin dövr üçün bir o qədər təəccüblü görünməməli idi. Çünki qədim Yunanıstanın şəhərlərinin əksəriyyətinin həyatı su ilə sıx bağlı idi: Elladada hökm sürən dözülməz istilər belə nəticə çıxarmağa imkan verirdi ki, su həyatdır, onun yoxluğu isə bütün canlıların məhvidir. Ehtimal olunur ki, suyun 3 təəccüblü; maye, bərk, qarabənzər xassəyə malik olmasını ilk dəfə o demişdir.

Fales ilk həndəsi teoremlərin müəllifidir:

- Dairə diametri ilə yarıya bölünür.

- Bərabəryanlı üçbucağın oturacağına bitişik bucaqları bərabərdir.

- İki düz xəttin kəsişməsindən alınan qarşılıqlı bucaqlar bərabərdir.

Filosof ilin 365 gündən təşkil olunmasını deyir və ili 12 otuzgünlüyə bölürdü.

Onun adı ətrafında müxtəlif maraqlı əfsanələr mövcuddur. Deyilənlərə görə, bir neçə nəfər onu kasıb olduğuna görə danlayır. Bunu eşidən Fales metereologiya sahəsindəki bilikləri hesabına əvvəlcədən müəyyən edir ki, həmin il görünməmiş zeytun bolluğu olacaq. O, məhsul yığımı qabağı Milet və Xiosda zeytun yağı əldə etmək üçün bütün avadanlıqları icarəyə götürür. Həqiqətən, məhsul həmin il o qədər bol olur ki, yağçəkən avadanlıqlara yaranan ehtiyaca görə həmin alətləri çox baha qiymətə icarəyə verir və nəticədə külli miqdarda pul qazanır. Fales bununla sübut edir ki, filosoflar istəsələr yaxşı pul da qazana bilərlər.

Antik tarixçi və filosof Plutarx Falesin sual və cavab şəklində olan maraqlı mühakimələrində yazırdı:

- Ən gözəl olan nədir?

- Gözəl olan dünyadır, çünki onu Allah yaradıb.

- Ən müdrik olan nədir?

- Zamandır, birini törədibsə, digərini də törədəcək.

- Hamı üçün eyni olan nədir?

- Ümiddir-o heç nəyi olmayanda da olur.

- Hamı üçün faydalı nədir?

- Comərdlikdir-onun hesabına özgə şəxs də faydalanır.

- Ən ziyanlı nədir?

- Əskiklikdir, çünki onun olduğu yerdə hər şey korlana bilər.

- Hər şeydən güclü nədir?

- Zəruri olandır, çünki öhdəsindən gəlmək mümkün deyil

Sual yaranır: Nəyə görə Fales ilk filosof sayılırdı? Çünki o, təfəkkürün mifologiya çərçivəsindən çıxıb, dünyanın elmi dərki yoluna – loqosa keçməsini təmin etdi. Məhz mifdən loqosa keçid qədim yunan fəlsəfəsinin ana xəttini təşkil edir.

Növbəti dərs Milet məktəbinin digər iki nümayaəndəsi: Anaksimandr və Anaksimen haqqında olacaq.