Jurnalist Əmrah Fəqanoğlu vəfat edib
Koronavirus daha bir jurnalisti aramızdan apardı
İctimai Televiziyanın İnformasiya Departamentinin koronavirusa yoluxan böyük redaktoru, tanınmış jurnalist Əmrah Fəqanoğlu bu gün səhər saatlarında vəfat edib. Bu barədə TƏBİB-in mətbuat katibi Rəvanə Əliyeva məlumat verib. Ə.Fəqanoğlu “Yeni Klinika”nın reanimasiya şöbəsinə yerləşdirilmiş, süni tənəffüs aparatına qoşulmuşdu.
Qeyd edək ki, Ə.Fəqanoğlu Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsini bitirib, tələbəlik illərində televiziya və radioda bır sıra verilişlərin ssenari müəllifi, aparıcısı olub.
“Avrasiya” və “İki sahil” qəzetlərində
müxbir, şöbə müdiri, uzun müddət SOCAR-ın Sosial İnkişaf İdarəsində mətbuat
xidmətinin rəisi kimi çalışıb. İki il Dövlət Sosial Müdafiə Fondunun mətbuat
xidmətinin rəhbəri olub. Fond Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə
(ƏƏSMN) birləşdiriləndən sonra nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsinin
müdir müavini təyin edilib. ƏƏSMN-nin rəsmi orqanı olan “Sosial həyat”
jurnalının baş redaktor müavini kimi də fəaliyyət göstərib.
2018-ci ilin avqustunda İctimai Televiziyada fəaliyyətə başlamışdı. Son günlərədək
İTV-də çalışırdı.
Ə.Fəqanoğlu "Media açarı" mükafatı laureatıdır.
Mərhum jurnalist “Şəfəqi solmayan ömür”, “Gözümü açandan Vətən sən oldun!” adlı
kitabların müəllifidir.
Allah rəhmət eləsin...