“Çatlar içəridən böyüyür”
Qəzalı binanın sakinləri mənzillərinin sökülməsini istəyir
Bakının Xətai rayonu, Oksigen küçəsində 37 mənzildən ibarət qəzalı vəziyyətdə olan binanın sakinləri artıq öz evlərində yaşamaqdan qorxurlar. Binanın divarları o qədər köhnəlib ki, az qala hər il aparılan təmir işləri də evləri pis vəziyyətdən qurtarmır.
Binanın divarları çöldən qoruyucu dəmir konstruksiyalarla bərkidilsə də, içəridən çatlar böyüyür, köhnə divarlar mənzilin içində nəmişlik yaradır.
Həmin binanın bir neçə sakini isə təqribən 20 ildir ki, başqa tikilidə yaşayır və öz evlərinin sökülərək yeni mənzillə təmin olunacağı günü gözləyirlər.
Məsələ ilə əlaqədar Bakı Şəhər İcra Hakimiyyətindən bildirildi ki, qəzalı binaların sökülməsi və sakinlərin yerləşdirilməsi Nazirlər Kabinetinin müvafiq qərarından asılıdır. Yəni sakinlər həmin qərarı gözləmək məcburiyyətindədir.