Həcc ziyarəti 1000 dollar bahalaşıb
Bütün vaksinlər ziyarət üçün keçərlidir
Bu il Azərbaycana Həcc ziyarəti üçün 680 nəfərlik kvota ayrılıb. Həcc ziyarətinin qiyməti isə bir nəfərə görə 5 min 350 ABŞ dolları müəyyən olunub. Bu barədə “Turan”a Qafqaz Müsəlmanları İdarəsindən (QMİ) məlumat verilib. Vurğulanıb ki, mayın 25-dən Həcc ziyarətinə gedən şəxslər üçün sənəd qəbuluna başlanılır. Həcc ziyarətinə getməzdən 72 saat əvvəl PCR testi verilməlidir: “Həmçinin, iki doza vaksin tələb olunur. Azərbaycanda icazə verilən bütün vaksinlər ziyarət üçün keçərlidir”.
Koronavirus pandemiyası səbəbindən son iki ildə (2020-2021) Azərbaycandan Həcc ziyarətinə gedən olmayıb. QMİ-dən verilən məlumata görə, 2020-ci il üçün Həcc ziyarəti kvotası 1 min 500 nəfər müəyyən edilmişdi. Ziyarətin qiymətinin isə həmin il 4 min 490 ABŞ dolları olacağı bildirilmişdi.
Azərbaycanda Həcc ziyarətini Qafqaz Müsəlmanları İdarəsi təşkil edir. Son illər Azərbaycanda zəvvarların sayında azalma, qiymətdə bahalaşma var.