vaxtlı-vaxtında oxuyun! Şənbə, 23 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Hüseyn Cavid (1882 - 1941)

«İdealsız nicat ümidi-məhal...
«İttihad!» İştə ən böyük ideal!
Səni qurtarsa, qurtarır birlik,
Çünki birlikdədir fəqət dirlik!»

Hüseyn Cavid (1882 - 1941)
CƏMİYYƏT  
17:15 | 27 may 2022 | Cümə Məqaləyə 1372 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Dost-dost deyə-deyə...

“İnsanlara dostlarına görə qiymət verməyin, ona qalsa, İudanın dostlarından yox idi!” E.Heminquey

Etimad BAŞKEÇİD

Bizdə adamı yaxşı tərəfindən xarakterizə etmək istəyərkən, ona şamil olunan yaraşıqlı epitetlərin sonuna mütləq bir “sədaqətli dost” ifadəsi də əlavə eləməyi unutmurlar. Xüsusən də, epitafiya janrında yazılmış boğazdanyuxarı sicilləmələrdə. Bəs filankəs “çox sədaqətli dost idi” deyə.

Baxırsan, adamın dirisindən xəbəri olmayanın birisi, ölüsünün başının üstünü alıb, muzdla ağlayan arvadlar sayağı elə şivən qoparır ki, ölü yaddan çıxır, bunun əhvalına yanmağa başlayırsan.

Sözüm onda deyil, mən “sədaqətli dost” haqqında danışmaq istəyirəm.

Bugünlərdə oturduğum bir məclisdə məni dönə-dönə “vəfalı, sədaqətli dost” kimi tərifləyib, şənimə badə qaldıran bir sənətkarın üzünə qayıtmaq istədim. İstədim deyəm ki, bu dünyada ən sədaqətli, vəfalı varlıqlar itlərdir. O da hamısı yox! İnsandan vəfa ummaq özü də əbləhlikdir…

Sonra fikirləşdim ki, məclisin pafosu ilə heç uyuşmayan bu sözlər daş və qurbağa gölü effekti yaradacaq, bayaqdan mənim sağlığıma nitq irad eləyən həmkarımın sifəti qəfildən dəyişəcək və o, sözümün ardını gözləmədən:

– Sən oturub, çörək kəsdiyin adamları təhqir eləyirsən? – deyə bozaracaq. Mən  isə “çörək kəsmək”lə bağlı da nələrsə deyəcəyəm, məsələ bir az da qəlizləşəcək. Odu ki, səsimi içimə salıb, səbirlə məclisin bitməsini gözlədim və bu yazını yazmağı qərara aldım.

Ondan başlayım ki, əskilərdə qulun comərdliyi onun sahibinə sədaqəti ilə ölçülürmüş. Yəni sədaqətlilik, iyerarxiya münasibətləri sisteminin əhəmiyyətli ünsürlərindən idi. Ol zamanlarda taxta çıxan padşahlar and içmirdi, əksinə, təbəələr ona sədaqət andı içirdilər. Bu, bir növ ictimai müqavilə idi, bu andı pozmaq cinayət törətməyə bərabər tutulurdu.

Bəlli məsələdir, insan eqosunun özəllikləri belədir ki, iki fərdin belə bir-birinə eyni dərəcədə sədaqətli olması mümkünsüzdür.

Bunu qədim insanlar bizdən yaxşı bilirdi.

Nəticədə, insanların bir-birinə sədaqət andı içməsi, uzaq səfərlərə çıxan cəngavərlərin öz sevgilisinə “sədaqət kəməri” taxması kimi məsələlər meydana çıxırdı. İşgəncə alətini xatırladan “sədaqət kəməri” haqqında ayrıca danışmaq lazımdır. Bu kəmər qadın bədəninin bütün alt hissəsini “blokirovka” edən iri dəmir konstruksiyadan ibarət olurdu. Cəngavərlik romanlarında bu barədə çox danışılıb, Avropa muzeylərində nümayiş etdirilən belə kəmərlərin çeşidi isə “göz oxşayır”.

 Bu sırada Oskar Uayldın “Dorian Qreyin portreti” əsərindəki sətirləri xatırlamaq lazım gəlir. Sənətkar yazır ki, “həyatında bircə dəfə sevənləri mən dayaz adamlar sayıram. Onların sədaqəti, vəfası yalnız vərdiş letargiyası, yaxud təxəyyülün kasadlığından irəli gəlir. Bu, sadəcə gücsüzlüyün sübutudur, mülkiyyətçi tamahkarlığıdır”.

Uayldın “Sədaqətli dost” adlı bir hekayəsi də var – burada bir-birinə “dost” deyib, dördəlli yapışanların həyat hekayəti nəql olunur. Axırda məlumdur, biri o birisinin anasını ağlar qoyur.

“Sədaqətli dost” ifadəsinin özü də nitq ştampından başqa bir şey deyil məncə. Bu, “şirin şərbət” kimi səslənir. “Dost” sözündə sədaqət, vəfa və s. kimi, bu semantik sıradan olan qavramlar ehtiva olunmur məgər?

Ötənlərdə sənətkarlar klassik dostluq anlamının (sədaqət bir yana qalsın), yalnız fiksiya olduğunu çox gözəl ifadə etmişlər:

***

Dost yolunda cəfa çəkdim, can üzdüm,
Yetişmədim bir məkana, ay Mədəd.

***

“Dost”, “dost” deyə-deyə neçəsinə sarıldım,
Mənim sadiq yarım qara topraqdır.

***

Gunçıxandan günbatana yürüdüm,
Bir dost bulammadım, gün axşam oldu.
Hər ürəyə, hər könülə boylandım,
Bir dost bulammadım, gün axşam oldu...

***

Sufi şairlərinin “dost” deyərkən, yalnız Allahı nəzərdə tutmaları təsadüfi deyil.

Ətrafınıza diqqət yetirin, görün,  hansısa gerçəkləri pərdələmək və öz eqosunu təmin etmək üçün “sədaqət”, “vəfa”, “dost” kimi ibarələrdən çox ustalıqla nə qədər adam istifadə edir?

 Bunun yalnız bir adı var – özündə olmayanlardan danışmaq!

Bir-birinə qarşı dürüst olmaq, hər addımda yalana, fəndgirliyə baş vurmamaq, aradabir vicdanının da səsini dinləmək kifayətdir ki, bu yalançı dostluqların girovuna çevrilməyəsən…