vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 10 oktyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Əbülfəz Elçibəy (1938 - 2000)

«Demokratiya bəzi xalqlara mənəvi qidadırsa, bizim üçün dərmandır»

Əbülfəz Elçibəy (1938 - 2000)
MEDİA-QHT  
16:14 | 8 oktyabr 2022 | Şənbə Məqaləyə 1230 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Musiqi ilə terror ...

İnsanların əsəbləri, duyğuları zorlanır

Könül CƏFƏRLİ

Xoşqədəm, Zaur və digərlərinin evinizə atdığı “bomba”lardan danışım? Nə qədər qeyri-peşəkar veriliş aparmalarını bilmək istəyirsinizmi? Savad olmayanda nəticə də gördüyünüz kimi olur. Bu haqda yazım:

Digər KİV-lərdə olduğu kimi televiziyanın da əsas işi informasiya əldə etmək, hazırlamaq və yaymaqdır. Yəni bütün fəaliyyətin kökündə məhsulu tamaşaçıya ötürmək dayanır. Çap mediasında əsas informasiya ötürücüsü sözdürsə, televiziyada görüntüdür. Söz, interküy, musiqi, effekt kimi digər vasitələr köməkçi ötürücülərdir. Səs olmadan, yalnız görüntülərdən süjetin məzmununu anlaya bildinsə, deməli keyfiyyətli TV materialıdır. Tamaşaçının fikri sözdə deyil, görüntüdə qalmalıdır. Söz görüntüyə sadəcə köməkçi ola bilər, onu ötə bilməz. Çox zaman TV-lərin zəif cəhəti və uğursuzluğu da bunda olur: görüntü sözə uduzur. Deməli tapşırıq yerinə yetirilməyib.

Daha çox tamaşaçının izlədiyi – insan talelərindən, ailə dramlarından bəhs edən verilişlərin üzərində dayanmaq istəyirəm. Kədərli, ağrılı həyat hekayələri, göz yaşları bu məzmunlu proqramları təsirli və baxımlı edir. Adətən insan faciəsi olan bütün verilişlər auditoriya toplaya bilir. Bu kütləni daha da genişlətmək, tamaşaçını ekrana kilidləmək üçün musiqi, səs və görüntü effektlərindən də istifadə edilir. Bununla da ortam daha dramatikləşdirilir, gərginlik süni şəkildə artırılır. Bu fəndlərdən xəbərsiz biçarə tamaşaçı isə ekran qarşısında gərildikcə gərilir, əsəbləri tar-mar olur, əlindən dəsmal düşmür.

Birisinin studiyada öz acı taleyini danışarkən göz yaşı axıtması nə qədər təbiidirsə, operatorun o göz yaşlarını iri planda çəkməyi, təkrar-təkrar nümayişi kədər üzərindən reytinq alveri etməkdir. Duyğuların istismarına tamaşaçılar da məruz qalır.

Əslində, bu cür ağır məzmunlu verilişlərdə həyəcanı minimuma endirməyə çalışmalıdırlar. Məqsəd hadisələri ictimailəşdirmək, insanları maarifləndirməkdirsə, tamaşaçı sakit halda, ayıq başla müzakirələri izləməlidir ki, doğru nəticələr çıxara bilsin. İnsanlar isə heç nəyin fərqində olmadan daha da gərilir, əsəbiləşir, ağlayır. Hələ aparıcının həyəcanlı səslə verdiyi anonsları demirəm.

Baxıb ağladığınız verilişləri vay-şivənli anonslarsız, musiqisiz, görüntü və səs effekti olmadan izləsəniz, ağlaşmaya şərait yaranmayacaq. Kədərlənəcəksiniz, amma dəsmal götürüb hönkürməyəcəksiniz. Yoxlaya da bilərsiniz. Bir buraxılışın səsini tamam kəsib, sadəcə görüntüsünü izləyin. Studiyada ana-bala qovuşmasının, ağlaşmasının şahidi olacaqsınız, təsirlənəcəksiniz, amma əvvəlki kimi özünüzü didib-parçalamayacaqsınız. O zaman sizə nə qədər zülm verildiyinin, məruz qaldığınız terrorun fərqinə varacaqsınız.

Elədir, musiqi ilə terror edirlər...

İnsan talelərini müzakirə etmək, faciələri işıqlandırmaq, verilişlərdə, süjetlərdə musiqidən istifadə etmək olar. Amma bu proqramları TV normalarını aşmadan, tamaşaçıya zərər vermədən, gərginliyi süni artırmadan, əsəbləri, hissləri istismar etmədən hazırlamaq lazımdır.

İnsanların əsəblərini, duyğularını zorlamaq olmaz! Səbəb əlahəzrət reytinq olsa belə...