vaxtlı-vaxtında oxuyun! Bazar, 10 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Əbülfəz Elçibəy (1938 - 2000)

«Demokratiya bəzi xalqlara mənəvi qidadırsa, bizim üçün dərmandır»

Əbülfəz Elçibəy (1938 - 2000)
CƏMİYYƏT  
16:20 | 2 noyabr 2022 | Çərşənbə Məqaləyə 1599 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Nazirin bir il vaxtı qaldı...

“Onlayn Azərbaycan” layihəsindən nə xəbər var?

Osman GÜNDÜZ

MÖVZU İLƏ ƏLAQƏLİ

Nazir Rəşad Nəbiyevin “2 ilə bütün ölkə üzrə internet problemi tam həll olacaq” vədi özünü doğruldurmu? Xatırladıram ki, nazir Rəşad Nəbiyev ötən ilin sonunda 2 ilə internet probleminə nöqtə qoyulacağını bildirmişdi.

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi (RİNN) sonralar da bu istiqamətdə oxşar açıqlamalar vermiş, sadəcə prosesin 2024-cü ildə başa çatacağını açıqlamışdı.

Artıq bir il başa çatmaq üzrədir, görəsən işlər necədir, hansı addımlar atılıb?

Nazirlik vədini yerinə yetirmək üçün 2021-ci ilin sonlarından etibarən “Onlayn Azərbaycan” layihəsinə başlayıb.

Prosesi sürətləndirmək üçün, özəl provayderlər də layihəyə cəlb edilib, yalnız yeraltı deyil, yerüstü GPON şəbəkəsinin qururulmasına, əlavə resurslardan, elektrik dirəklərindən də istifadəyə qərar verilib.

Ötən müddət ərzində təkcə Aztelekom operatoru Bakı ətrafında, Abşeron, Şəmkir, Cəlilabad, Tovuz, Qazax daxil olmaqla, 60 rayon və şəhərdə, çoxsaylı podratçıları layihəyə cəlb etməklə  GPON və digər genişzolaqlı internet infrastrukturunu qurmağa başlayıb.

Digər özəl provayderlər də Bakı ətrafı və regionlarda bu istiqamətdə işlər aparırlar.

Müşahidələr göstərir ki, ötən müddətdə əvvəlki illərlə müqayisədə keyfiyyətli internetə əlçatanlıqla bağlı hədsiz çox işlər görülüb.

Nazirliyin operatorları, həmçinin dövlət-özəl tərəfdaşlıqla çalışan özəl provayderlər birgə təkcə 2021-2022-ci il ərzində 422 min müştərini GPON və digər texnologiyalarla sürətli internet şəbəkəsinə qoşub.

Yalnız Bakı ətrafında 200 mindən çox istifadəçi üçün keyfiyyətli internetə əlçatanlıq təmin edilib.

Bu, hətta son 5 il ərzində bu tip internet xidməti ilə təmin olunanların sayından dəfələrlə çoxdur.

Ölkədə internet problemi birdəfəlik həll olunacaqmı?

Nazirlik 2024-cü ilin sonuna qədər minimum 25 Mbit/s internet sürəti ilə bütün ölkə üzrə internet məsələsini birdəfəlik həll etməyi hədəfləyib.

Müşahidələr göstərir ki, bu istiqamətdə ciddi işlər aparılır, hələlik görülən işləri qənaətbəxş hesab etmək olar.

Amma problemlər də var.

Bəzən görmək olur ki, podratçılar dirəkləri basdırıb, kabelləşmə aparsalar da uzun müddət, hətta bir neçə ay istifadəçiləri şəbəkəyə qoşa bilmirlər, yəni son nöqtə problemi həll olunmur.

Bəzi hallarda podratçıların işlərində məsuliyyətsiz yanaşmalar görünür.

Bir çox bölgələrdə isə ümumiyyətlə bu istiqamətdə işlərə başlanmayıb.

Apardığımız müşahidələr həm də onu deməyə əsas verir ki, bölgələr üzrə rəqəmsal torpaq kadastr xəritələrinin olmaması da prosesləri xeyli ləngidir.

Torpaq mülkiyyətçiləri ilə problemlər, bəzi yerli qurumların dəstəyinin yetərli olmaması da ləngimələrə səbəb olur.

Ümid edirəm və inanıram ki, RİNN bütün resurslarını səfərbər edib vədini yerinə yetirə biləcək.

Yeri gəlmişkən, vaxtilə, təxminən 10 il bundan öncə, hökumət Neft Fondundan bu tip layihəyə 0.5 milyard manat vəsait nəzərdə tutmuşdu.

Lakin, çox güman ki, o zaman bu layihə üzrə aparılan proseslərdə şəffaflıq olmadığından, korrupsiya riskləri ola biləcəyindən ehtiyat edən hökumət son anda bu pulu ayırmaqdan imtina etmişdi.

Təəssüf ki, ötən illər ərzində keyfiyyətli internetə əlçatanlıq problemi də öz həllini tapmadı.

İndi RİNN bunu öz resursları hesabına reallaşdırdığını və problemi bitirəcəyini bildirib.

Beləliklə, ən yaxın zamanda ölkəmizdə nəhəng bir telekommunikasiya infrastrukturu formalaşacaq.

Nazirlik qurduğu nəhəng GPON şəbəkəsini gələcəkdə necə idarə etməyi düşünür?

Həm bu magistral şəbəkə və  həm də son nöqtəyə internetin verilməsi dövlətin əlindəmi olacaq?

Burada hansı risklər var?

Bu isə başqa bir müzakirənin mövzusudur.