vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 14 avqust 2025
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Dünya ümumiyyətlə quruculuqla, tikib-yaratmaqla yaşayıb, inkişaf edib»

Heydər Əliyev (1923 - 2003)
CƏMİYYƏT  
RİNN yeni səlahiyyətlər əldə edib 15:24 | 14 avqust 2025 | Cümə axşamı Məqaləyə 140 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

RİNN yeni səlahiyyətlər əldə edib

Elektron xidmətlər “bir pəncərə” prinsipi ilə təqdim ediləcək

Osman GÜNDÜZ

MÖVZU İLƏ ƏLAQƏLİ

İki gün öncə Prezident İlham Əliyev tərəfindən rəqəmsal hökumət quruculuğu və rəqəmsal transformasiya ilə bağlı bir neçə sənəd təsdiqlənib. Həmçinin də indiyədək bu sektoru tənzimləyən bəzi sənədlər ləğv edilib.

Yeni qəbul edilən normalara görə Elektron hökumət Portalı öz ömrünü başa vurub və onun yerini Elektron Hökumət İnformasiya Sistemi (EHİS) tutub. Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi (RİNN) və İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi (İRİA) da xeyli yeni səlahiyyətlər qazanıb.

İndiyədək dövlət idarəetməsində olmayan bir məqam da diqqətimi cəlb etdi.

Adətən dövlət qurumları hansısa işlərin görülməsinin yekunu olaraq ya Prezidentə, yaxud da Nazirlər Kabinetinə ildə bir dəfə hesabat verirdilər.

Yeni qəbul edilmiş sənədlərdə isə bu səlahiyyəti RİNN əldə edib, qurumlar artıq elektron xidmətlərlə bağlı görülmüş işlərə dair hesabatı RİNN-ə təqdim edəcəklər.

Eyni zamanda cəmi 3 il öncə qəbul edilən İRİA-nın nizamnaməsinə də xeyli əhəmiyyətli dəyişikliklər edilib.

Baxmayaraq ki, İRİA adətən nazirlik qarşısında hansısa təkliflər verən, məsələ qaldıran qurum olaraq tanınır, bu dəfə yeni səlahiyyətlər də qazanıb. Elektron xidmətlərin qiymətləndirilməsi, inteqrasiyalar və informasiya mübadiləsi sahəsində, dövlət qurumlarının bu sahədəki təkliflərinə rəylərin verilməsi və s. bu tip istiqamətlərdə  qurumun Nizamnaməsinə yeni müddəalar əlavə edilib.

Bundan sonra elektron xidmətlər EHİS vasitəsilə yalnız “bir pəncərə” prinsipi ilə təqdim ediləcək. “myGov”un da əhatə dairəsi genişlənib. İşıq, qaz və su ilə bağlı xidmətlər “Vahid Kommunal Xidmətlər” vasitəsilə EHİS-ə inteqrasiya olunub və bu xidmətlər “myGov” vasitəsilə mərkəzləşmiş formada alınacaq.

Açıq məlumat portalı ilə bağlı da yeni tənzimləyici müddəalar təsdiqlənib. Bundan sonra qurumlar bu tip məlumatların istehsalını və portala inteqrasiyasını da təmin etməlidirlər.

Beləliklə, rəqəmsal transformasiya ilə bağlı yeni tənzimləyici sənədlərə  nəzər salanda görmək olar ki, rəqəmsal hökumət quruculuğunda, elektron xidmətlər sahəsində bundan sonra ölkədə tam yeni bir mühit formalaşacaq.

Artıq elektron xidmət və rəqəmsal sektorda məsuliyyət bölgüsü və cavabdehlik xeyli konkretləşib. İnteqrasiya ilə bağlı icraya cavabdehliyi, məsuliyyəti şərtləndirən konkret müddəalar yeni sənədlərdə öz əksini tapıb.

Düşünmək olar ki, qarşıdakı qısa zaman kəsiyində rəqəmsal hökumət quruculuğunda,  bütövlükdə sektorda ciddi dönüş yaranacaq. Qəbul edilən yeni sənədlərə görə RİNN-nin sektorda rolu xeyli güclənəcək.

Ümid edirəm Prezident tərəfindən təsdiqlənən yeni tənzimləyici sənədlər əsasında RİNN, İRİA rəqəmsal hökumətin, bütövlükdə sektorun inkişafını xeyli sürətləndirə biləcəklər.