vaxtlı-vaxtında oxuyun! Şənbə, 5 oktyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Müstəqillik yolu qədər çətin yol yoxdur»

Heydər Əliyev (1923 - 2003)
AVROPA  
23:47 | 6 sentyabr 2024 | Cümə Məqaləyə 160 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Le Pendən asılı olan Makron

Radikalların yüksəlişini dayandırmaq üçün parlament buraxan prezidentin baş naziri ifrat sağın nəzarətindədir

CAVİD

MÖVZU İLƏ ƏLAQƏLİ

Fransa prezidenti Emmanuel Makronun Mişel Barnierin başçılığı ilə hökumət qurma cəhdi “Le Monde” qəzetində “Baş nazir ifrat sağçıların nəzarətindədir” başlığı ilə verilib.

Fransada solçu ittifaqın qalib gəldiyi seçkilərdən sonra alyansın vahid namizədini baş nazir təyin etməkdən imtina edən və keçmiş xarici işlər naziri sağ mərkəzçi Mişel Barnierə hökumət qurmağı həvalə edən prezident Emmanuel Makron “yeni hökumətin Milli Assambleyadan etimad səsi alması üçün kürəyini ifrat sağa söykədi” deyən ictimaiyyət tərəfindən tənqid edilib.

Fransada 2 ay əvvəl keçirilən növbədənkənar ümumi seçkilərdən sonra və hökumət qurmaq üçün uzun sürən danışıqların sonunda Emmanuel Makron seçkilərdə qalib gələn solçu Yeni Xalq Cəbhəsi (NFP) əvəzinə ölkə parlamentində cəmi 47 yerə malik mərkəz sağ Respublikaçılar (LR) Partiyasından keçmiş xarici işlər naziri Mişel Barnierə hökuməti qurmaq tapşırığı verdi.

Barnieri baş nazirlik postuna gətirən Makronun parlamentdə ən böyük qrup olan NFP-nin namizədini təyin etməməsi və yeni hökumətin təsdiqlənməsi üçün ifrat sağçı Marin Le Penin Milli Birlik (RN) partiyası ilə “taktiki” əməkdaşlığa getməsi Fransa prezidentini tənqid oxlarının hədəfinə çeviridi.

Makronun sol ittifaq yerinə sağın dəstəyini alacaq Barnier başçılıq etdiyi hökumət qurmaq cəhdi Le Monde qəzeti tərəfindən “Baş nazir ifrat sağın nəzarətindədir” başlığı ilə işıqlandırılıb. Solçu “Liberation” qəzeti Barnierin şəklini birinci səhifəyə qoyub və üzərinə “Marine Le Pen tərəfindən təsdiqlənib” möhürü vurub.

***

Fransada seçkilərdə qalib gələn solçu NFP ittifaqı öz namizədlərini baş nazir təyin etməkdən imtina edən Makronu “seçkilərin nəticələrini oğurlamaq” və “demokratik çevriliş” etməkdə tənqid edib və Barnier hökumətinə etimad göstərməyəcəklərini bəyan edib.

Bu, parlamentdə 3-cü ən böyük siyasi qrup olan RN-nin dəstəyi olmadan yeni hökumətin etimad səsverməsindən sağ çıxa bilməyəcəyini göstərir.

Barnieri dəstəkləməsi gözlənilən Makron alyansındakı mərkəzi partiyalar (166) və LR (47) parlamentdə ümumilikdə 213 yerə sahibdir. Cəmi 193 deputatı olan sol ittifaq etimadsızlıq səsi verərsə, ən azı 289 mütləq əksəriyyətin səsini qazanmaq üçün Barnier hökumətinin taleyi 143 səsə sahib ifrat sağçı RN partiyasının əlində olacaq. Le Penin partiyası ya hökuməti dəstəkləməli və ya etimadsızlıq göstərərək ondan imtina etməlidir.

Hökumətin qurulması danışıqlarında baş nazir kürsüsü üçün xatırlanan digər ad isə sağ mərkəzçi respublika ənənəsindən olan Hauts-de-France bölgəsinin rəhbəri Xavier Bertrand idi. Bununla belə, RN partiyasının ifrat sağçı ekstremistlərə qarşı ritorikasına görə bu şəxsə veto qoyacağını bəyan edib.

Digər tərəfdən, Barnierə əvvəlcədən “yox” deməyən RN liderləri yeni baş nazirin “RN millət vəkillərinə hörmət” şərtini yerinə yetirməsi halında, hökumət proqramına uyğun olaraq onu dəstəkləyəcəklərinin siqnalını veriblər.

Bu vəziyyət milli mətbuatda Makronun “həddindən artıq sağçıların təsdiqinə” sahib bir baş nazir təyin etməsi ilə bağlı şərhlərə səbəb oldu. İfrat sağçıların yüksəlişinin qarşısını almaq üçün parlamenti buraxan və növbədənkənar ümumi seçkilər təyin edən Makron hakimiyyəti saxlamaq üçün “həddindən artıq sağa söykəndiyi” üçün tənqid edilib.

***

Solçu ittifaqın ən çox mandat qazandığı, lakin heç bir partiyanın və ya ittifaqın mütləq çoxluğa çata bilmədiyi Fransada seçkilərin nəticələrindən sonra “çoxluğu təmin edəcək” yeni baş nazirin təyin edilməsi 2 aya qədər çəkdi. Hökumətdə yer alacaq adların müəyyən edilməsinin zaman alacağı təxmin edilir.

Fransa Konstitusiyasının 8-ci maddəsi prezident Makrona “baş nazirin tövsiyəsinə uyğun olaraq” yeni kabinet üzvlərini təyin etmək səlahiyyəti verir. İcra hakimiyyətinin iki qolu olan prezident və baş nazir arasında razılaşma nəticəsində formalaşacaq yeni hökumət üçün vaxt məhdudiyyəti yoxdur.

Lakin seçkilərin yaratdığı 3 əsas siyasi qanad da daxil olmaqla 11 qrupdan ibarət pərakəndə parlament masası hökumət üzvlərinin etimad səsverməsi ilə əngəllənə bilməyəcəyi adlar olmasını tələb edir.

Baş nazir Barnierin bu gündən başlayaraq yeni kabineti formalaşdırmaq üçün siyasi liderlərlə, xüsusən də Makron alyansı və öz partiyasından olanlarla görüşəcəyi gözlənilir.

Yeni hökumət formalaşana qədər, keçmiş baş nazir Qabrile Attalın hökumətindəki nazirlər inzibati işlərlə məşğul olmağa davam edəcəklər.

***

Avropa Parlamenti (AP) seçkilərində ifrat sağçıların qələbəsindən sonra Makron parlamenti buraxaraq 30 iyun və 7 iyulda ümumi seçkilər təyin edib.

Solçu NFP-nin ən çox mandat qazandığı seçkilərdə heç bir partiya və ya ittifaq 289 millət vəkilinin mütləq əksəriyyətinə çata bilmədi və seçkilər Fransa tarixindəki ən parçalanmış parlament mənzərəsini ortaya qoydu.

Makron ölkəsinin ev sahibliyi etdiyi 2024-cü il Paris Olimpiadası zamanı yeni baş nazir təyin etməyəcəyini və istefa ərizəsini təqdim edən Qabriel Attal hökumətinin bir müddət daha vəzifəsində qalmasını istədiyini bildirib.

Olimpiya Oyunları zamanı dayandırdığı danışıqlara avqustun 23-də başlayan Makron, seçkidə qalib gələn solçu ittifaqın ümumi baş nazir namizədi Lüsi Kastetsi təyin etməkdən imtina edərək, danışıqları davam etdirəcəyini bəyan edib və Mişel Barnieri baş nazir təyin edib.

Fransada keçirilən növbədənkənar ümumi seçkilərdən sonra Milli Assambleyada ən böyük siyasi qrup 193 deputatla NFP və onun filiallarıdır, ikinci yerdə Makronun 166 deputatla hakim koalisiyası və ifrat sağçı RN və onun tərəfdaşları 142 deputatla gəlir.

Fransa Konstitusiyasına görə, prezidentin istədiyi adamı baş nazir təyin etmək səlahiyyəti var, lakin siyasi ənənələrə görə, baş nazir ən çox səs toplayan partiya və ya alyansdan seçilir.