«İnternetin 90 faizi zibilxanadır»
Qulu Məhərrəmli: ««Mətbuat aynasında» adlı verilişimiz yaxın zamanlarda efirə çıxacaq»
Söhbətləşdi: Kəmalə RÖVŞƏN
MÖVZU İLƏ ƏLAQƏLİ
-
Tanınmış şərhçi AzTV-də
Dövlət televiziyasında yeni siyasi veriliş gözlənilir
-
AzTV dezinfeksiya olunacaq
Kotirovka sorğusu elan edilib
-
AzTV-də Bədii Şura yaradıldı
Qurum 3 kanala nəzarət edəcək
-
Məşhur rejissora yüksək vəzifə
Ramiz Həsənoğlu AzTV-də direktor təyin olundu
-
AzTV-də islahatlar
İki büro bağlandı, ikisinin isə təmsilçisi geri çağırılıb qovuldu
-
Eks-nazirin adamı “vuruldu”
AzTV-də təmizləmələr başladı
-
«Məni çölün düzündə öldürmək istəyirmiş...»
Nağaraxana kəndindən başlayan Az.TV sədri Arif Alışanova sui-qəsd əhvalatı
-
Alışanova sui-qəsd cəhdi məhkəmədə
Az.TV sədrini vurub dərəyə aşırmaq, bu da baş tutmayanda güllələmək planı...
-
«Qəfil başımı çevirib gördüm, ətrafda heç kim qalmayıb...»
Vüsalə Məmmədovanın Elçin Şıxlı ilə «Künefe Evi»ndə «50+» söhbətlər...
-
Aynadakı Elçin Şıxlı
Qələm adamının sükutu, bir şeyə reaksiya verməməsi susqunluq deyil …
-
«Yaxşı ki, indi onlar yoxdur»
Əli Həsənov: «Cəmiyyətə heç nə verməyəcək insanları tez-tez efirə çıxarmağın heç bir faydası yoxdur»
-
«Mühacirət etsəm, ürəyim partlayar və ölərəm»
60 yaşlı Elçin Şıxlı: «Atam mənə təklif olunan vəzifədən imtina etmişdi»
-
Dilimiz dil açıb danışa bilsəydi…
KİV-lərdə Azərbaycan dilinin acı mənzərəsi
-
«Əsl həqiqəti sizdən gizlədirlər»
Onlarla diaspora təşkilatı Arif Alışanova müraciət hazırlayır
-
Aslanovun özbaşınalığı...
Ukrayna azərbaycanlılarını Arif Alışanovu Kiyevə dəvət etməyə məcbur etdi
-
«Müxbiriniz aranı qatır, pulsuz iş görmür»
Ukrayna azərbaycanlıları AzTV sədrinə müraciət etdilər
Çoxlarının bildiyi həqiqəti, etiraf etmək ehtiyacını məhz bu müsahibəmdə hiss edirəm. Bəli, hər müsahibədən əvvəl, yəni ilk sualı soruşana qədər həyəcan keçirir və «birdən mənfi ehtimallarım doğru çıxar» qorxusunu mən də daşıyıram. Peşəkar jurnalistlə müsahibə aparmaq isə təbii ki, bu həyəcan və qorxunu ikiqat artırır. Bu jurnalist həm də sənin doğma müəllimindirsə…
Bəli, «Təmas xətti»nin budəfəki qonağı müəllimim, əməkdar jurnalist, professor Qulu Məhərrəmlidir. Onunla əvvəlcədən planlaşdırdığımız kimi dərs dediyi jurnalistika fakültəsinin konfrans otağında görüşürük.
Çox zaman peşəkarlığını əsas tutub Qulu müəllimlə daha çox media problemləri, Azərbaycan jurnalistikasının bu günü, telekanalların vəziyyəti, vizual sənət, nitq mədəniyyəti haqqında müsahibələr alıblar. İndi isə icazəsi ilə bir az şəxsi həyatı ilə bağlı söhbət etdik.
Qulu Məhərrəmli 1954-cü ildə Zəngilan rayonunda anadan olub. Adam yaşlanana yaxın uşaqlıq illərini tez-tez xatırladığını deyir:
- Xüsusilə, uşaqlığın keçdiyi yerlər, uşaqlıq yoldaşları, yeniyetməlik illərinin dostları, dünyadan köçüb getmiş əziz və doğma insanlar, valideynlər xoş xatirə kimi adamın yadına düşür.
«Heç vaxt vəzifə adamı olmaq haqqında düşünməmişəm»
- Sizin bir uşaqlıq fotonuz var, termosun qapağını bağlamağa cəhd etdiyiniz anı fotoqraf çəkib. Sonra da deyib ki, bu uşaq gələcəkdə texnika üzrə böyük adam olacaq. Maraqlıdır, bəs siz uşaqlığınızda hansı peşənin sahibi olmaq istəmisiniz?
- Uşaq vaxtı təzə şeylər adama maraqlı gəlir və dərhal qurdalamağa başlayırsan, görünür, şəkildə mənim termos qapağına «sevgim» də bununla bağlı olub. Yəqin fotoqraf da mənim qapağı cəhdlə yerinə oturtmaq inadıma görə belə düşünüb. Əslində isə heç vaxt texnikaya xüsusi marağım olmayıb. Bəzən uşaqlıqda zorla adamın boynuna bir arzu qoyurlar, əslində özünü dərk etməyən uşağın nə arzusu ola bilər ki?! Dünyaya gözü açıldıqdan, ağlı bir şey kəsdikdən sonra adam nəsə arzulayır. Uşaq vaxtı qohum-əqrəba hərəsi bir peşəyə sahib olmağımı istəyirdi. Amma bir az böyüyəndən, orta məktəbdə ətrafdakılara ciddi görünməyə başlayandan sonra mənə deyirdilər ki, bundan yaxşı hüquqşünas olar. O vaxtı da uşaqlıq təsəvvürləri ilə hind kinolarından məhkəmə prokuror, vəkil görürdük. Əslində o peşə məni cəlb eləmirdi, amma anam xəstlənəndə arabir həkim olmaq istəyi keçirdi ağlımdan. Uşaqlıq imkan verir ki, fantaziyaların güclü olsun. Sözün açığı heç vaxt vəzifə adamı olmaq haqqında düşünməmişəm. Sonra kitablar oxuyursan, qəhrəman seçimi haqqında düşünürsən. Məsələn, Cek Londonun «Martin İden»i çox xoşuma gəlmişdi, onun həyatda inadkarlığı, məqsədə doğru addımlamağı, «Ovod»da qəhrəmanın cəsurluğu, intellekti, ağlı – bunların hamısı insanın beynində iz qoyur. Yəni, gələcək üçün səni hazırlayır. Mən indi ona görə tələbələrimə tez-tez bədii ədəbiyyat oxumağı məsləhət görürəm. Çünki ədəbiyyat, müəyyən mənada, yaşadığımız dünyanın, insan xarakterinin görünməyən qatlarını açır. Hesab edirəm ki, peşə seçimim sadə həll olunmayıb. Səkkizinci sinfi bitirəndə çox götür-qoydan sonra artıq dəqiq müəyyənləşdirmişdim ki, jurnalist olacağam.
- Bəs bu peşəyə marağınız haradan yaranmışdı?
- Onda təzə-təzə populyarlaşan televiziyanı izləyirdim, qəzetləri oxuyur, reportajlara, araşdırma yazılarına, xüsusən tənqidi materiallara baxırdım. Bir çox yazılarda rast gəldiyim həqiqət və ədalət hissi mənim jurnalist peşəsinə marağımı artırırdı. Tədricən görürdüm ki, yaşadığımız cəmiyyətdə hakim də, prokuror və müstəntiq də, çox şeylərdən asılı olduqları üçün qanunları pozurlar. Jurnalistika isə mənə azad və romantik görünürdü, burada düşüncə azadlığını duyurdum, yerli rayon qəzetinə xəbər göndərirdim və dəyişmədən çap edirdilər. Görürdüm ki, burada istədiyin mövzuya toxuna bilərsən. Təbii ki, belədə səndə insanlara həqiqəti demək hissi yaranır. Düzdür, onda jurnalistika haqqında düşüncələrim belə ölçülü-biçili və ütülü deyildi, amma təsəvvürlərim dediklərimə çox yaxın idi.
- 1978-ci ildə Bakı Dövlət Universitetinin jurnalistika fakültəsini bitirmisiniz. Necə deyərlər, tələbəliyinizin «dadını çıxara» bilmisinizmi?
- İndikilərə baxanda çox zəngin tələbə həyatı yaşamışıq. Həm özümüz fəal idik, həm də jurnalist peşəsini sevdirən yaxşı müəllimlərimiz vardı. O vaxt bir tərəfdən qəzet, radio, televiziya, digər tərəfdən işləmək və yazmaq həvəsi bizi maqnit kimi çəkirdi. Artıq üçüncü kursda oxuyanda radioda böyük reportajlarım gedirdi, babat oçerklər yazırdım, bəyənirdilər və yaxşı qonorar verirdilər. Yaxşı qrup və yataqxana yoldaşlarım olub. Onlardan bəzisi ilə bir yerdə müəllimlik, bəziləri ilə jurnalistlik edirik. Hesab edirəm ki, tələbəliyimin «dadını çıxara» bilmişəm. Düzdür, ehtiyaclar da görmüşəm, xüsusilə, birinci, ikinci kurslarda ciddi maddi sıxıntılarım olub. Çox vaxt səhər və günorta yeməyini birləşdirib bir bulka və kakao ilə yola vermək kimi «tələbə təcrübəsi» qazanmışam. Amma 3-cü kursdan sonra aldığım qonorar çox problemimi həll edib… Yataqxana havası da tələbə həyatımızı çox zənginləşdirib.
«Heç bir peşə sahibinin həqiqəti demək missiyası yoxdur»
- Hazırda Bakı Dövlət Universitetinin jurnalistika fakültəsində dərs deyirsiniz. Öz tələbələrinizlə aranız necədir?
- Əksəriyyəti ilə yaxşı münasibətim var, yuxarı kurslarda, hətta bir az doğmalıqdan da danışmaq olar. Amma oxumayan, dərsə hazırlıqsız gələn və heç bir məzmun daşımayan tələbələrlə mənim aram sərindir. Çox sevimli tələbələrim var ki, onlar jurnalistikanı da, məni də gözəl duyur. Məncə, müəllimlə tələbə arasında həmişə gözəgörünməz bir əlaqə, bağlılıq olur. Təkcə indi oxuyan yox, universiteti bitirən tələbələrlə də münasibətlərimiz var, indinin özündə də zəng edir və müəyyən şeyləri məsləhətləşirlər. Bəzən universiteti bitirəndən sonra tələbələrlə daha yaxın oluruq, çünki indiki halda auditoriyanın, tələbəliyin müəyyən çərçivəsini gözləmək lazım gəlir. Pedaqoji etika bu çərçivədən kənara çıxmağa yol vermir. Tələbələrlə həmkar və məsləkdaş olmaq adamı sevindirir. Burasını da deyim ki, tələblərin əksəriyyəti jurnalistika fakültəsinə illüziyalarla gəlir, amma sonradan əmin olur ki, burada təkcə dərs əzbərləmək yox, davamlı çalışmaq və müəyyən bacarıqlara sahib olmaq lazımdır. Bundan başqa özünə müəyyən mənəvi-əxlaqi keyfiyyətləri də aşılamalısan. Jurnalistika yeganə peşədir ki, burada həqiqəti deməli və yazmalısan. Dünyada heç bir peşə sahibinin həqiqəti demək missiyası yoxdur. Bu, bizim peşəmizi fərqləndirən və şərəfləndirən əsas cəhətdir.
- Özünüz müəllim olduğunuza görə, tələbələri sizdən daha yaxşı tanıyan olmaz deyə düşünürəm. Bəs siz indiki tələbələrinizlə öz tələbəliyiniz arasında nə kimi fərqlər görürsünüz?
- Keçmiş tələbələr məsuliyyət, bilik və intellekt, indiki tələbələr isə texnoloji bacarıqlara sahib olmaq baxımından üstündürlər. İndi bir tələbə internetdə eyni anda beş-altı adamla yazışa bilir. Bu, böyük şeydir. Düzdür, internet aləmi, xüsusən sosial şəbəkələr müasir tələbənin diqqətini kifayət qədər yayındırır, amma ona xeyli bacarıq verir. Bizim dövrümüzdə texnologiya bu dərəcə inkişaf etməmişdi. Müəllimin müəyyən tədris texnologiyası var idi. Bizim Nurəddin Babayev, Qulu Xəlilov, Famil Mehdi, Tofiq Rüstəmov kimi müəllimlərimiz var idi, onlardan biz «millət», «vətən» anlayışlarını, həyatı, insanları, gerçək əxlaqı öyrənirdik. Bu adamlar təkcə dəyərlərdən danışmırdılar, həm də əməlləri ilə yaxşı olduqlarını göstərirdilər. İndi də canlı nümunə professor Şirməmməd Hüseynovdur. Çoxlarının haqlı olaraq bir mənəviyyat abidəsi hesab etdiyi Şirməmməd müəllimin çoxşaxəli fəaliyyəti, milli yaddaş üçün gördüyü işlər təkcə jurnalistlər üçün yox, bütün cəmiyyətimiz üçün həqiqi alim, müəllim və vətəndaşlıq nümunəsidir.
«Redaksiyaların tələbələri görməyə gözü yoxdur»
- Universiteti bitirdiyiniz il reportyor kimi fəaliyətə başlamısınız. Peşə fəaliyyətinizə ilk başlayanda sizə təkan verən oldumu?
- Peşə fəaliyyətinə başlayanda da yenə müəllimlərimiz yanımızda olub. Mən ilk dəfə radioya praktikaya gedəndə görkəmli filoloq-alim, professor Xalid Əlimirzəyev bizi Gənlik redaksiyasının şöbə müdiri olan şair Dəmir Gədəbəyliyə tapşırmışdı. Xalid müəllimin bacısıoğlu Kamillə bir oxuyurduq, həm də dostluq edirdik, onunla birlikdə radioda fəaliyyətə başladıq. Bizə 30 dəqiqəlik verilişlər həvalə edirdilər, yaxşı qonorar yazırdılar. Radio-televiziya ilə sıx bağlı olan rəhmətlik müəllimimiz Tofiq Rüstəmov, sonradan fakultə dekanı olmuş Yalçın Əlizadə bizə radioda çox kömək edirdilər. Məsələn, bizə məhdudiyyətlər qoyurdular ki, tələbə oçerk yaza, irihəcmli veriliş hazırlaya bilməz, amma müəllimlərimiz yazdıqlarımızı göstərib sübut edirdilər ki, mümkündür. Eləcə də radionun öz əməkdaşları – Məryəm Zöhrabova, Əhməd Xaspoladov, Valid Sənani kimi jurnalistlər bizə inanıb material tapşırırdılar. Bundan başqa radiodan televizyaya keçəndə Xəbərlərin baş redaktoru Ənvər Qafarlı gənclərə, tələbələrə xüsusi qayğı ilə yanaşırdı. Onların içindən gələcək əməkdaşlarını seçirdi. Tələbə-jurnalistlərə belə xeyirxahlıqla yanaşan adamlar inidi də var, amma onların imkanları yoxdur. İmkanı, vəzifəsi olanlarda isə tələbələrə belə sevgi yoxdur. Tələbələr praktikaya gedəndə hiss olunur ki, əksəriyyət redaksiyaların tələbələri görməyə gözü yoxdur.
- Bəs siz özünüz tələbələrə nə kimi imkanlar yaradırsınız?
- Tələbələr üçün əlimdə olan imkanların hamısından istifadə etmişəm. Baxmayaraq ki, indi də məhdud imkanlarım var, amma yenə edirəm. Məsələn, mən o vaxt AzTV-nin «Səhər» proqramında çalışanda aparıcıların çoxunu tələbələrimin içərisindən seçirdim, tədris təcrübəsinə gələnləri baş redaksiyalara özüm paylaşdırırdım, tələbələrin tədris studiyasında hazırladıqları ən yaxşı reportajları efirə verirdim. Bu, tələbələrə həm stimul verirdi, həm də onlara inam və məsuliyyət hissi aşılayırdı. Amma indi bilmirəm ki, bu işlər necə tənzimlənir.
«Elşad Quliyevdən sonra heç kim teletənqidlə sistemli məşğul olmur»
- Qulu müəllim, istərdim bir az televiziya sənətindən danışaq. Müsahibələrinizin birində televiziya sənətinin gündən-günə zəiflədiyini bildirmisiniz. Bəs televiziya sənətinin yenidən güclənməsi üçün nələr lazımdır? Güclənməsinə mane olan əsas problemlər hansılardır?
- İndi çox adam televiziyalardan narazıdır, tənqid edib deyirlər ki, bu olmalıdır, o olmalıdır, amma bizim peşəkar tənqid problemimiz var. Baxın, TV-yə aid kitablar, dissertasiyalar yazılır, amma bizdə televiziya tənqidi yoxdur, rəhmətlik Elşad Quliyevdən sonra heç kim teletənqidlə sistemli məşğul olmur. Problem bundadır ki, bizdə TV işini babat bilən azsaylı mütəxəssislər də, qəzet və sayt rəhbərləri də ekrana çıxmaq ehtiyacından televiziyalarla münasibətləri yaxşı saxlamağa çalışırlar. Şübhəsiz ki, bu normal yanaşmadır, amma zərərləri çoxdur. Məncə, televiziyaları pis verilişlərinə, yanlış tendensiyalara görə daim tənqid etmək lazımdır, çünki bizim vəziyyətimizdə olan ölkələr üçün televiziya təhsil və səhiyyə qədər strateji sahədir. Xüsusən büdcədən maliyyələşən telekanallar auditoriyanı məlumatlandırmaqla yanaşı, onu maarifləndirməli, tamaşaçılarda müəyyən dünyagörüş və estetik zövq formalaşdırmalıdır. Yalnız belə olduqda bu TV-lər cəmiyyətimizin inkişafına kömək etmiş olarlar. Ona görə də hər hansı televiziyanın fəaliyyətində yanlışlıq, qeyri-peşəkarlıq, yaradıcılığa barmaqarası münasibət varsa, mütləq tənqid edilməlidir. Sağlam tənqidə qarşı iddialar qaldırmaq xəstə şüurun və səviyyəsizliyin əlamətidir. Bu məsələdə hədələrdən, tənqid və təhqirlərdən qorxmaq lazım deyil. Tənqidçilik bir missiyadır. Mən bunu kitablarımda da yazıram və TV-lərə kömək etməyi özümə borc bilirəm, çünki adını mütəxəssis qoymusansa, gərək nöqsanları deyəsən. Məsələn, bir neçə ay əvvəl AzTV-ni tənqid etmişdim, artıq görürəm dediyimiz nöqsanların bir qismi aradan qaldırılıb. Xüsusən «Mədəniyyət» kanalında müəyyən canlanma hisss edirəm. Demirəm ki, oturub mənim tənqidlərimi müzakirə ediblər, amma özləri də görürlər ki, bu nöqsanlar cəmiyyətdə hiss olunur. Deməyim odur ki, tənqidsiz heç bir sahədə inkişaf yoxdur, o cümlədən televiziyada da.
- Sizin bir vaxtlar «7 gün», «Təfsilat», «Gerçəklik» kimi proqramlarınız olub. Müsahibələrinizdən oxuduğum qədəri ilə indiyə qədər bir çox siyasətçilər, sənət adamları müsahibləriniz olub. Bəs müsahibəsini unutmadığınız, verdiyi müsahibə ilə sizi təəccübləndirən kim olub?
- Mən reportyorluğa başlayanda 22-23 yaşım olardı. Məşhur Norveç səyyahı Tur Heyerdaldan birinci dəfə müsahibə alanda çox həyəcanlı idim, suallarımı tərcüməçi vasitəsilə verirdim. Onun cavabları indiyə qədər yadımdadır. Bakı haqqında təəssüratlarını soruşanda şəhəri təriflədi, amma bir yaxşı söz dedi: «Bakıda piyadaların yol keçməyinə heyranam, yolu elə keçirlər ki, sanki hələ avtomobil icad olunmayıb» (gülür). Bundan başqa Rəşid Behbudovla hazırladığım müsahibə heç yadımdan çıxmaz. Çox koloritli, şirin müsahibə idi. İndi də o müsahibə qalır. Xalçaçı rəssam Lətif Kərimovla xaricə səfəri ərəfəsində çox maraqlı müsahibəm olmuşdu.
Sonra artıq platforma dəyişdi. Müstəqillik illərində çox görkəmli adamlardan, daha çox siyasətçilərdən müsahibələr almışam. Məsələn, Süleyman Dəmirəl, Boris Yeltsin, Heydər Əliyev, M.Tetçer, E.Şevardnadze, B.Bhutto, İ.Rabin və başqalarından müsahibələr almışam. 1993-cü ildə Türkiyənin Xarici İşlər Naziri Hikmət Çətindən müsahibə alanda maraqlı situasiya yarandı. Bizim dildə bəzi sözlər var ki, türkcə başqa mənalar ifadə edir. H.Çətindən də müsahibəni Fransada alırdım, o deyəndəki bu ölkənin baş naziri ilə görüşmüşəm, mən də soruşdum ki, həmin görüşdə Qarabağ məsələsinə toxundunuzmu? O, bir anlığa duruxdu və gülə-gülə «Dokunduk, dokunduk» deyə gülə-gülə cavab verdi. Sonra özü izah etdi ki, türk leksikonunda «toxunmağı» yalnız fiziki mənada başa düşürlər (gülür).
- Bəs bu adları, o adamlarla müsahibələri xatırlayanda özünüzlə fəxr edirsiniz?
- Burada xüsusi fəxr eləməli bir şey görmürəm, bunlar adi işim olub, amma təbii ki, jurnalist bioqrafiyamın zənginliyi məni qürrələndirir. Mən reportyor və xəbər aparıcısı olmuşam, uzun illər analitik proqramlar aparmışam, siyasi təhlillərlə çıxış etmişəm. Vaxtilə çalışdığım televiziyada ilk müəllif proqramını, ilk tok-şounu təqdim etmişəm, AzTV-nin ilk rəsmi siyasi icmalçısı olmuşam, mənə dövlət tədbirlərini efirdə canlı aparmaq kimi yüksək etimad göstəriblər, xüsusi verilişlər, beynəlxalq toplantılardan birbaşa reportajlar aparmışam. Əlamətdar tarixi günlərdə canlı yayımda bəzən 4-6 saat fasiləsiz olaraq mikrofon qarşısında danışmışam. Azərbaycanın dövlət başçılarını xarici səfərlərdə müşayiət etmişəm. Bir çox xarici ölkələrdən, o cümlədən, ABŞ-dan, Fransadan, Almaniyadan, Norveçdən, Pakistandan İrandan, Livandan, Küveytdən və başqa ölkələrdən saysız-hesabsız reportajlarım efirə gedib. Jurnalist fəaliyyətimlə bağlı 60-a yaxın ölkədə olmuşam. Deyəsən, «mən, mən» demək bir az qeyri-təvazökarlıq kimi alındı, amma bunlar mənim jurnalist bioqrafiyamdır.
«Bu, hər jurnalistə nəsib olmur»
- Sizin Barış Manço ilə bağlı xatirənizi oxumuşdum…
- Hə, o çox maraqlı insan və gözəl sənətkar idi. Düzdür, onunla görüşümüz müsahibə ilə bağlı deyildi. «Səhər» proqramında çıxış etməli idi, bir gün əvvəl dostumuz Etibar Babayevlə birlikdə AzTV-yə gəlmişdi. Onda xeyli söhbətləşdik, çox əhvallı adam idi. Onun gətirdiyi misalları tələbələrimə də deyirəm. Bütün bunlar jurnalist həyatının mənə verdiyi gözəl və unudulmaz fürsətlərdir. Belə təsirli görüşlər hər jurnalistə nəsib olmur.
- Bilmirəm xoşunuza gələcək yoxsa, yox Sizi böyük yazıçı Mark Tvenə bənzədirəm. Səbəbini soruşsanız həqiqətsevərliyinizi, açıq danışmağınızı deyərəm. Açıqsözlü olmaq, haqqı demək başınıza çox iş açmayıb ki?
- Bənzətməniz xoşuma gəldi (gülür). Amma istəmirəm ki, sizdə belə bir təsəvvür yaransın ki, guya mən həmişə açıq danışıram, çox şeyləri deyirəm. Mən o şeyləri deyirəm ki, artıq onları gizlətmək, onlar barədə susmaq mümkün deyil.
«Adamı bir çox yaxşı siyahılardan çıxarırlar»
- Müsahibimdən zarafatla soruşuram: «Hələ çox şeyi demirsiniz»?
- Hə, hələ çox şeyi demirəm (gülür). Dözülməz hala çevrilən prosesləri demək lazımdırsa, o zaman bunu deyirsən. Düzdür, itkilər olur, doğru sözə görə adamı bəzən işdən çıxarır, haqqında mənfi münasibət formalaşdırmağa çalışır, adamı bir çox yaxşı siyahılardan çıxarırlar, adını qara siyahılara salırlar. Belə şeylərə görə heç məyus olmuram. Bəlkə bir az pafoslu görünə bilər, amma tam səmimi deyirəm: mən xalqımı, dövlətimi, millətimi sevdiyim üçün bu tənqidləri deyirəm, ictimai maraqlara görə bəzən dözülməz nöqsanlara münasibət bildirirəm. Şəxsi maraqları güdsəydim heç cınqırımı da çıxarmazdım. Düşünərdim ki, yəqin TV-lər belə olsa yaxşıdır, təhsil də belə olursa, qoy olsun. Ana dilimizi əzirlərsə deməli, belə lazımdır, millətin dəyərlərini, tarixi şəxsiyyətlərini tapdalayıb məhv edirlərsə, milli heysiyyəti alçaldırlarsa, cəhənnəm buna da göz yummaq lazımdır. Bəyəm dövlət hər şeyə görə bir qərar çıxarmalıdır ki, belə nöqsanlara yol vermək olmaz? Bəs vətəndaş cəmiyyəti, ictimai təşkilatlar, mütəxəssislər, ziyalılar ictimai inkişafa mane olan nöqsanları görmür?
Biz bir vətəndaş kimi doğurdan da bu ölkənin inkişafını, müstəqilliyini istəyiriksə, indiki tarixi şəraitə pul qazanmaq fürsəti kimi baxa bilmərik. Cəmiyyətimizə zərər verən nöqsanları deməliyik, mən bunu belə başa düşürəm. Onu da deyim ki, mən təbiətcə mübahisə, dava adamı deyiləm, amma bəzən tənqid etmədən keçmək olmur. Onda da yazıq Mark Tven yada düşür (gülür). Bu təkcə Mark Tven məsələsi deyil. Bizim XX əsrdə, hətta sovet dövründə də layiqli adamların dərdi nə idi? Dövlət intizamı, millət və vətən səlamətliyi (Üzeyir Hacıbəyli). Ziyalı üçün də, mətbuat üçün də bunlar əsas prinsip olmalıdır.
«Heç bizə «Sağ ol!» deyən də yoxdur»
- Qulu müəllim bu yaxınlarda baş redaktoru olduğunuz Azleks saytı təqdim olundu. Təbrik edirəm, uğurlu olsun. İstərdim bir az da bu haqda danışaq. Gənclərə nə dərəcədə faydalıdır?
- Bəzən jurnalistlər müraciət edirlər ki, «Bu söz necə yazılır?», «Bu sözün mənası nədir» və s. Bəzən olur ki, sorğulara cavab vermək imkanımız olmur. Hazırda iki sayt fəaliyyət göstərir: orfoqrafiya.az, azleks.az. Birincisi düzgün yazı qaydalarını göstərir, «Azərbaycan dilinin izahlı lüğəti» əsasında hazırlanıb. «Azərbaycan dilinin izahlı lüğəti» əsasında hazırlanmış ikinci saytda isə sözlərin mənası, etimologiyası, izahı, məna çalarları verilib. Burada həmçinin, bir neçə terminoloji lüğət yerləşdirilib. Saytların yaradıcısı və rəhbəri «Altunkitab» nəşriyyatının direktoru Rafiq İsmayılovdur. Mən baş redaktor kimi yaradıcı işlərə köməklik göstərirəm. Biz istəyirik ki, Azərbaycan dilinin elektron bazası yaransın. İndi heç kim dörd cild kitabı qarşısına qoyub söz axtarmır. Gənclər üçün belə şərait yaradılıb, amma onların əksəriyyəti dilə çox biganə yanaşır. Mən jurnalistika fakültəsində tələbələrin imtahanda yazılı cavablarını yoxlayanda bunun şahidi oluram. Ona görə də bu elektron baza Azərbaycan dilində savadlı yazmağa kömək edəcək. Biləsiniz ki, biz bu işləri maaşsız, pulsuz görürük, buna görə heç bizə «sağ ol» deyən də yoxdur. Yalnız kitablarımız satılanda ondan qəpik-quruş alırıq. Bu da, görülən işin yüzdə biri deyil.
«Dilçiliklə məşğul olan qara fəhləyik»
- Hazırda «Ayna»da köşə yazılarınız da çıxır və yaxşı da qarşılanır. Köşə yazısı publisistik bacarıq tələb edir. Sualım isə belədir ki, siz özünüzü daha çox publisistikaya, yoxsa aktiv jurnalistikaya yaxın hiss edirsiniz?
- Əslində bunlar bir-birini inkar etmir, amma mənim «Ayna»da gördüyüm publisistika işdir. Bununla yanaşı, mən jurnalistəm. İndi Çikaqodan (ABŞ) yayımlanan GünAz televiziyasında «Mətbuat aynasında» adlı verilişi hazırlamaqla məşğulam, yaxın zamanlarda efirə çıxacağıq. Yəni, hazırda bu mənim jurnalist kimi işimdir. Yəni bir tərəfdən qapılar bağlananda, digər tərəfdən başqa yollar açılır. Hesab edirəm ki, insan harada olur olsun, xüsusilə jurnalistdirsə, o peşəsinin şərəfini qorumalıdır, çünki cəmiyyət jurnalistə inanır. Bu mənada «Ayna»dakı yazılara böyük maraq var, çünki burada yazanlar – Arif Əliyev, Elçin Şıxlı, İbrahim Nəbioğlu və Rauf Mirqədirov kimi qələm sahibləri cəmiyyətin etimadını qazanmış qələm sahibləridir. Bax, biz burda da pulsuz, qonorarsız yazırıq ha! Deməyim odur ki, biz həm jurnalist, həm publisist, həm də dilçiliklə məşğul olan qara fəhləyik.
- Bəziləri «İki qoçun başı bir qazanda qaynamaz» atalar sözünü əsas tutub, ailədə iki adamın eyni peşə ilə məşğul olması ilə razılaşmırlar. Sizin həyat yoldaşınız da jurnalistdir. Sizdə də belə məsələlər olub, yoxsa hər iki tərəf rahatlıqla qəbul edib?
- Əvvəla, evdə hər iki şəxsin eyni peşədə olmağı yaxşıdır, çünki bir-birlərini başa düşürlər. İkincisi, mənim bu məsələlərdə münasibətim bir az patrialxaldır. Yəni qadının qadın, kişinin də kişi yeri var. Hərə öz yerini biləndə düşünürəm ki, qoçların döyüşməyinə ehtiyac qalmır.
Qulu Məhərrəmlinin məşğul olduğu sahə çoxşaxəli olduğuna görə sualımı sənədli filmlərin vəziyyəti ilə bağlı verib söhbətimizə davam edirik.
«Yeganə uğurumuz sənədli filmlərin çəkilişi ilə bağlıdır»
- İndiyə qədər 20-yə yaxın sənədli filmin ssenari müəllifi olmusunuz. Ümumiyyətlə, Azərbaycanda sənədli film sahəsində vəziyyət necədir?
- Bizdə bədii filmlər sahəsində geriləmə olsa da, sənədli filmlərlə bağlı vəziyyət fərqlidir, yəni burada sovet dövrünə nisbətən müəyyən bir inkişaf edir. Bu istedadlı rejissorların, ssenaristlərin ortaya çıxması ilə bağlıdır. Həm də sənədli filmlər çox pul aparmır. Bu sahədə özünü sınamaq istəyən çoxlu istedadlı gənclər var, mən onların işini çox yüksək qiymətləndirirəm. Yeni üslublar, şaxələnmələr var. Bu gün kinematoqrafda yeganə uğurumuz sənədli filmlərlə bağlıdır.
- Hazırda hansı mövzularda sənədli filmlərin çəkilməsinə ehtiyac var?
- Bizdə portret filmlər çox çəkilir, amma dövrün rəngini daşıyan qəhrəmanlar yoxdur. Sənədli film zamanla, aktuallıqla bağlıdır. Ümumiyyətlə, hazırda çəkilən sənədli filmlərin əksəriyyətində dövrün problemləri və kəskin publisistika yoxdur. Bu olmayanda sənədli filmlər axsayır. Qabaqlar bu filmləri çəkirdilər ki, hansısa televiziya göstərsin. Amma indi çəkib internetə qoymaq mümkündür. Artıq filmləri göstərmək üçün platforma yaranıb. Buna görə də belə filmləri çəkib göstərmək lazımdır. Bu gün daha çox müasir insanı çəkmək lazımdır, onun duyğu, düşüncələri, psixologiyası və problemləri bütün çalarları ilə göstərilməlidir. Onda o sənədli film maraqla baxılır. İndi Rusiyada, Avropada sənədli filmlərlə bağlı festivallar keçirilir və daha geniş meydanlar açılır. Dövrü salnamə kimi əks etdirən filmlər olanda mütləq baxırsan. Festivallar da o cür filmlər tələb edir. Onlar problemi kino dili ilə əks etdirən sənət əsərləri olur.
«Çəkilişləri bitirmişik»
- İndi sizin də üzərində işlədiyiniz bir sənədli film var. Bir az da bu haqda danışmağınızı istərdim, necə gedir çəkilişlər, nə vaxta auditoriyaya təqdim olunacaq?
- Biz hazırda 1956-ci ildə Azərbaycan dilinin statusu ilə bağlı Azərbaycanın o dövrdəki rəhbərliyinin fədakarlığı, əsrlərlə yaddaşlarda qalan davranışı haqqında sənədli film çəkirik. Dil istənilən xalqın, millətin varlığıdır. Azərbaycan dövlətinin SSR-nin tərkibində olduğu bir dövrdə görkəmli yazıçı Mirzə İbrahimov və həmin dövrdə ölkəyə rəhbərlik edən İman Mustafayevin təşəbbüsü ilə Azərbaycan dilinin dövlət dili olması haqında qanun qəbul olunur. Konstitusiyaya əlavə olunur ki, Azərbaycan dili dövlət dilidir. Bunun yerlərdə işləməsi ilə bağlı tədbirlər silsiləsi həyata keçirilir və buna da Mirzə İbrahimov başçılıq edir. 1956-ci ildən başlanan bu proses 1959-ci ildə həmin adamların taleyi ilə bağlı çox ağır nüanslarla sona çatır. 1958-ci ildə M. İbrahimov işdən azad olunur, amma vəzifədən çıxarılma heç nəyi həll etmir. Biz də burada göstərmək istəyirik ki, milli düşüncə heç vaxt bəşəri düşüncəyə qarşı ola bilməz, amma milli düşüncənin inkişafı üçün milli dilin statusu qorunmalıdır. Bu insanlar da onu ediblər. Çəkilişləri bitirmişik, əlimizdə çoxlu arxiv sənədləri var. Jurnalistlərdən müsahibələr almışıq. İndi onun montaj prosesi başlayıb. Ssenarini mən yazmışam, rejissor isə tanınmış sənətkar Mehriban Ələkbərzadədir. Hesab edirəm ki, yaxşı film alınacaq. Filmin təqdimatı yeni ildə olacaq.
- Qulu müəllim, özünüz də aktiv sosial şəbəkə istifadəçisiniz. Necə düşünürsünüz, sosial şəbəkə jurnalistin işini çətinləşdirir yoxsa əksinə?
- Sosial şəbəkəyə münasibət birmənalı deyil. Ümumiyyətlə, internetə böyük bir ərazi kimi baxıram, amma bu ərazinin 90 faizi zibilxanadır, 10 faizdə nəsə var. Güman edirəm ki, sosial şəbəkələrin özü də asılılıq yaradır. Bəzən jurnalistlər gün ərzində «Facebook»da kompüter arxasından qalxmırlar. Onu yazır, bunu bəyənir, çatlaşırlar. Hesab edirəm ki, bu cür asılılıq pisdir. Sosial şəbəkələr jurnalistlər üçün informasiya mənbəyidir, bir şərtlə ki, oradan götürdüyü məlumatları dəqiqləşdirib faktlara yenidən baxsın. Heç bir halda jurnalist, xüsusilə, saytlar sosial şəbəkələrdən asılı olmamalıdır.
- Elə sosial şəbəkələrdən danışmışkən siz sosial şəbəkələrdə kitabları, kitab oxumağı təbliğ edirsiniz. Bu nə dərəcədə effektiv olur?
- Əlbəttə kitabı təbliğ etmək lazımdır. Hərdən nəşriyyatların birində kitab yarmarkalarında kitab da satıram. Bu yaxınlarda müxtəlif ölkələrdə əhalinin kitab oxuması ilə bağlı bir statistika verdilər, bilmirəm bu, nə dərəcə doğrudur, amma mən bunu deməliyəm. Məsələn, Ermənistanda əhalinin 39%-i, Azərbaycanda 3%-i kitab oxuyur. Çox ciddi göstəricidir. Statistikasız da görmək çətin deyil ki, bizdə oxuyanların sayı azdır. Ona görə də oxuduğum kitablardan uyğun bildiklərimi sosial şəbəkələrdə paylaşıram. Demirəm ki, mən kitab oxuyuram, siz də oxuyun. Amma oxumaq, ədəbiyyatda gedən prosesləri izləmək lazımdır. Bəzən bu paylaşımlara həmin kitabların təbliği kimi baxırlar. Kitab, teatr, kino, yaxud hansısa bir əsərdən söhbət gedirsə, eybi yox, qoy buna reklam kimi baxsınlar.
- Sizin Avqust Strindberqin «Tənha» romanı haqqında paylaşımınız mənim diqqətimi çox çəkmişdi, sizin rəyinizi oxuyandan sonra o kitaba məndə daha çox maraq yaranıb.
- İnsan təfəkkürünü, duyğu və düşüncələrini Strenber kimi qələmə alan çox az yazıçı var. Bu əsər Herman Hessenin «Yalquzaq» əsəri ilə uzlaşır. Onları oxuyan zaman elə bir psixoloji məqam yaranır ki, insan ağlının və yazıçı qələminin qüdrətinə heyran qalırsan.
- Bəs indi hansı əsəri oxuyursunuz?
- İndi Əkrəm Bijenin yeni çapdan çıxmış «Seyid Cəfər Pişəvəri» əsərini tamamlamışam. Alan Piz və Barbara Pizin birlikdə yazdığı «Bədən dili» kitabını oxumağa başlamışam. Çox populyar dildə yazılıb, yaxşı da tərcümə olunub. Belə görünür ki, biologiya, psixologiya inkişaf etdikcə hərəkətlərin dilinə də yeniliklər əlavə olunur. Mənə çox maraqlı gəlir, televiziya aparıcısının bilməli olduğu çox şeylər var bu kitabda.
- İnsanda mütaliəyə həvəs nə vaxtsa səngiyə bilərmi?
- Mən bunu təsəvvür edə bilmirəm. Həyat həvəsi öləndə mütaliəyə də həvəs ölə bilər. Kitab oxumaq insan zehninin yeni qatlarını açır, bu qatların sərhədləri isə hüdudsuzdur.
- Qulu müəllim bu sahədə yeni olan gənc jurnalistlərə və oxuculara hansı məsləhətləriniz olardı?
- Mən məsləhət və tövsiyə verməyi sevmirəm, çünki onu nəzərə alan da yoxdur. Sadəcə demək istəyirəm ki, peşənizi sevin, keçən hər günün, hər anın qədrini bilin, hər gün nəsə öyrənməyə çalışın.