«Xalturşik»lərin oylağından reportaj
«Təkərli tabutlar»ın, «bərk sürən oğlanlar»ın yığışdığı yerdə...
Gülnar ƏLİYEVA
MÖVZU İLƏ ƏLAQƏLİ
-
Paytaxtın taksi sistemində xaos
Sürücülər yolu tanımır
-
Qadağalar gəlir!
Avtobus dayanacaqları və yol kənarları taksi sürücülərinin işğalından xilas olacaq?
-
«İki bakal pivə ilə nə olur?»
Sərxoş sürücü polislə mübahisə etdi
-
Sərnişin daşıyan sərxoş
Sumqayıta gedən mikroavtobusun sürücüsü saxlanıldı
-
«Trafik canavarı»nın qurbanları
5 tələbənin həyatını alan qəza
-
Sumqayıt yolunda faciə
Bakı-Sumqayıt mikroavtobus yük avtomobilinə çırpılıb, 5 nəfər ölüb, onlarla yaralı var
-
Taksi qiymətləri eyniləşdiriləcək
Fərqlənmə nişanı alınması iki ay ərzində yekunlaşacaq
-
«London taksisi»ndə xaos
Sürücülər kütləvi sürətdə işdən çıxır
-
«Asan xidmət»də asan «kupça» xidməti...
Əməkdaşımız paytaxtdakı 1 saylı «Asan xidmət»dən yazır
-
Dayanacaq savaşı qəzayla bitdi
Hadisəyə səbəbkarsa taksi sürücüləridir
-
Ötən gün qanunsuz sərnişindaşıma ilə məşğul olan mikroavtobusun Bakı-Sumqayıt yolunda yüksək sürətlə hərəkətdə olarkən törətdiyi qəza nəticəsində azı 5 tələbə həlak oldu, 17-i yaralandı. Bunlar Sumqayıt Dövlət Universitetinin tələbələri idi və «Ford Transit» markalı həmin mikroavtobus da onları Bakıdan Sumqayıta daşımaq üzrə «ixtisaslaşmışdı».
Qəzanın necə baş verdiyinə dair videogörüntülər artıq yayılıb. Lakin bu dəhşətli qəzaya aparıb çıxaran bir neçə səbəblər də var ki, onların üzərindən aidiyyatı strukturlar sükutla keçirlər. Axı heç bir təhlükəsizlik normalarına cavab verməyən, salonu sürücülərin jarqonu ilə desək «peredelka» olunmuş bu mikroavtobuslara hər gün Bakının «20 yanvar» dairəsindən Sumqayıta və geriyə adambaşı 60 qəpikdən sərnişin daşımağa icazəni kim verib, onlara belə şəraiti kim yaradıb?
İnsan həyatının onsuz da ucuzlaşdığı bu ölkədə 20-dən çox tələbəni əslində 6-8 nəfərlik salona malik olan mikroavtobusa dolduran bu kimi sürücülərə indiyədək müvafiq dövlət xidmətləri, DYP, nəqliyyat müfəttişləri və digərləri necə göz yumurdu? Hansı ki, həmin mikroavtobusla əvvəllər Sumqayıta gedib-gələnlərdən biri sürücünün «bərk sürən» kimi yaxşı tanındığını, bu səbəbdən tələsənlərin həyatını riskə atıb onun «dəmir tabutuna» mindiyini deyir.
Qətliam kimi qəza törədib 19-20 yaşlı nakam gəncləri qıran bu cinayətkar sürücünün sürət həddini aşdığı üçün 70-ə yaxın cəriməsinin olduğu da açıqlanıb. Bəs bu qədər qayda pozuntusuna görə niyə heç kim onu həmin cinayətkar fəaliyyətdən kənarlaşdırmayıb və nəticədə qətliam qaçılmaz olub?
Axı bu, Bakı-Sumqayıt yolunda «xalturşik»lər tərəfindən törədilən, kütləvi tələfatla müşaiyət olunan ilk belə hadisə deyil. Sonuncu belə dəhşətli hadisə 2 il öncə baş vermişdi, yenə «Ford-Transit» markalı mikroavtobus yük maşını ilə toqquşmuşdu. Hadisə zamanı azı 5 nəfər ölmüşdü, 11 nəfər yaralanmışdı. Yaralılardan 3 nəfərin isə ayaqları kəsmişdilər.
Məlum olduğu kimi bir neçə il öncə paytaxtın şimal girişində tıxacların qarşısını almaq üçün Bakıdan Sumqayıta sərnişin daşıyan marşutları «Avtovağzal» ərazisində köçürdürlər, Bakı-Sumqayıt istiqamətində yeni sürət qatarı açıldı, amma bu qanunsuz sərnişindaşıma ilə məşğul olan taksi və mikroavtobusların «xalturşik» sürücülərinin bazarına təsir etmədi. Çünki sərnişinlər mənzil başına daha tez çatmaq və yollarda vaxt itirməmək üçün həyatlarını «xalturşik» taksilərə , «dəmir tabutlara»-mikroavtobuslara etibar etmək məcburiyyətində qalırlar.
Mikroavtobuslar yığışdırılıb, amma müvəqqəti…
Virtualaz.org son qanlı qəzadan sonra «20 Yanvar» metro stansiyasının qarşısından Sumqayıta sərnişin daşıyan belə taksilərlə bağlı araşdırma aparıb. Məlum olub ki, orada hələ də vəziyyət dəyişməyib, «xalturşiklər» əvvəlki qaydada – lisenziyasız-filansız fəaliyyət göstəririlər. Dünənki hadisədən sonra mikroavtobusları müvəqqəti yığışdırsalar da, onlar da xəlvət sərnişin daşıyırlar.
Məsələn, metronun «Velotrek»in girişində dayanan şəxs asta səslə «mikroavtobusla getmək istəyənlər, körpünün aşağı tərəfinə gedin, orada avtobus gözləyir» deyirdi. Lakin təkcə bu cümlə üçün proqramlaşdırılmış şəxsdən əlavə suallarımıza cavab ala bilmədik.
Əslində oturmağa normal oturacağı belə olmayan həmin mikroavtobusların sərnişinləri daha çox imkansız insanlardır. Çünki 4 nəfərlik taksilər adambaşı 1 – 2 manatdan ödəniş istəyirlərsə, mikroavtobuslarda gediş haqqı xeyli ucuz – 60 qəpikdir.
Mikroavtobusların yığışdırılmasından istifadə edən taksi sürücüləri qiymətləri də qaldırmışdılar. Əvvəllər adambaşı 1 manata aparan taksilər həmin gün 1,5 manat gediş haqqı tələb edirlər.
«Lisenziyanı martın 1-dən alacağıq»
Lisenziyasız və qanunsuz sərnişin daşımalarını taksi sürücüləri də etiraf edirlər. Məsələn, Bakı-Sumqayıt istiqamətində «Hundai» markalı avtomobillə taksi fəaliyyəti göstərən Sübhanın sözlərinə görə, martın 1-dən burada dayanan bütün taksiləri yoxlayacaqlar və o da lisenziya alacaq. Sürücüdən öyrəndik ki, burada onun kimi hər gün Bakıdan Sumqayıta və əksinə sərnişin daşıyan 100-dən artıq taksi sürücüsü fəaliyyət göstərir.
«Bakı-Sumqayıta işləyən taksilər çoxdur. İşə gedəndə də adam götürürlər, gələndə də. Amma bizim kimi burada həmişə dayanların sayı isə 100-dən çoxdur. 4 nəfər o tərəfə, 4 nəfər bu tərəfə götürsək, ən azı da 5-6, çox olanda 10-12 reys olur».
Sürücü Mirqafar isə lisenziyasız fəaliyyət göstərdiyini etiraf etsə də, sərnişinlərin kütləvi ölümlərilə nəticələnən dəhşətli qəzaların məhz mikroavtobuslarda baş verdiyini deyir. Görünür, onlara rəqib olduqlarından taksi sürücüləri mikroavtobusların geri qaytarılmasını istəmirdilər: «Düzdür, bizim lisenziyamız yoxdur, amma belə qəzalar həmişə mikroavtobuslarda olur. Buradan Sumqayıta hər gün təxminən 40-50 belə mikroavtobus işləyir. Onlar zavodun qoyduğu oturacaqların yerinə «uqolnik»dən düzələn oturacaq qoyurlar, kəmər də birdəfəlik atılır. Hətta bəzən ayaq üstə adam da daşıyırlar. Onları bu gün yığışdırıblar, amma yəqin ki, çox çəkməyəcək, uzağı 1 həftəyə qaytaracaqlar», - deyə sürücü deyir.
Sürücü çox sual verdiyimi görüb, növbəti reysin pulunu – 8 manatdan məndən alacağını dedi. Oradan uzaqlaşıb digər taksilərə də yaxınlaşsam da, əksər sürücülər danışmaq istəmədilər. Bir hissəsi isə burada daimi dayanmadıqlarını, yalnız işdən qayıdarkən və işə gələrkən öz şəxsi avtomobilindəki boş yerlərə müştəri götürərək yol pulunu çıxardıqlarını deyirlər.
DYP-yə və nəqliyyat müfəttişlərinə haqq verirlər
Lakin sürücülərdən fərqli olaraq bu taksi və mikroavtobuslardan istifadə edənlərin çoxu heç onların qanunsuz işləmələrindən də xəbərdar deyil. Xəbərdar olanlar isə yollarda vaxt itirməmək üçün bu taksilərə minmək məcburiyyətində olduqlarını deyirlər: «Mən Sumqayıtda 11-ci mikrorayonda oluram. Evimə qanuni yolla getsəm, gərək gedəm avtovağzala. Orada Bakı-Sumqayıt avtobusunun dolmasını gözləyim. Sonra gəlim Sumqayıtın avtovağzalına. Oradan da evimə getmək üçün başqa bir avtobusa minim. Bu həm əlavə xərc, həm itirilmiş vaxt deməkdir. Belə olsa evə axşam saat 9-da çataram. Məcburam ki, 1-1,5 manata evimin qabağına aparan taksidən istifadə edim», - deyə hər gün Sumqayıtdan Bakıya işə gələn Təranə Səfərova bildirir.
Sərnişinlər deyirlər ki, bu nə onların, nə də taksi sürücülərinin günahı deyil. Bir çox hallarda lisenziya bir yana qalsın, heç sürücülük vəsiqəsi olmayan, kriminal keçmişə malik, narkoman şəxslər rahatca sərnişin daşıyır və buna göz yummaq üçün müvafiq qurumlara haqq verirlər: «Hamımız bilirik ki, bu sürücülər DYP əməkdaşlarına, DANX-ın müfəttişlərinə və Post Patrul əməkdaşlarına haqq verirlər. DYP bu sürücülərdən nə sənəd soruşur, nə də pozduğu qaydalara görə onları saxlayır. Hamımız bilirik ki, buradakı taksi sürücülərinin əksəriyyəti ya narkoman olur, ya işsiz, ya da avara. Elə ötən gün baş verən qəzadan da göründü ki, sürücünün bir il ərzində 24 cəriməsi olub. Bu qədər qayda pozuntusu törətmiş sürücüyə sərnişin daşımağa necə icazə veriblər? Quş quşluğu ilə Bakı-Sumqayıt yolundakı polis postlarından ötə bilməz. Mən şəxsən, çalışıram avtobusla gedim, amma tələsəndə, məcbur olanda bu taksilərə minirəm. Onda da sürücüyə fikir verirəm, çalışıram normal adamın maşınına əyləşim», - Elçin adlı Sumqayıt sakini deyir.
Belə görünür ki, son qanlı qəzadan sonra «20 yanvar» dairəsində «dəmir tabutları» və «bərk sürən oğlanları» kimlərsə kölgəyə çəkiblər, ancaq həmişə olduğu kimi bu da müvəqqətidir. Qəzanın hay-küyü səngiyən kimi onlar öz yerlərinə qayıdacaqlar, yenə insan həyatını 60 qəpik sayıb Bakı-Sumqayıt yolunda şütüyəcəklər. Nə qədər ki, Bakıda və Bakı ətrafında sərnişindaşıma sahəsində bu xaos, özbaşınalıq, kriminal hökm sürür, elə-belə də olacaq…