vaxtlı-vaxtında oxuyun! Çərşənbə, 2 aprel 2025
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Əbülfəz Elçibəy (1938 - 2000)

«Dil uğrunda mübarizə millətin son - ölməmək mübarizəsidir»

Əbülfəz Elçibəy (1938 - 2000)
GÜNDƏM  
Gərginliyi azaltmaq üçün unikal imkan 10:07 | 1 aprel 2025 | Çərşənbə axşamı Məqaləyə 23 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Gərginliyi azaltmaq üçün unikal imkan

Azərbaycan öz ərazilərini İranın rəqiblərinə cəbhə kimi təqdim etmir

Aqşin KƏRİMOV, Sosial Tədqiqatlar Mərkəzinin əməkdaşı

MÖVZU İLƏ ƏLAQƏLİ

Martın 31-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkian arasında telefon danışığı olub.

Telefon danışığının rəsmi oxunuşunda prezidentlərin Ramazan bayramı ilə əlaqədar təbriklərinin qarşılıqlı çatdırılması ön planda qeyd olunub.

Lakin dövlət başçılarının ikitərəfli əlaqələri də bayram təbriklərinin müşayiətində müzakirə etməsi xüsusilə ABŞ-nin İrana qarşı kəskinləşən hərbi ritorikası fonunda diqqət çəkir. Yəqin ki, İran ona qarşı ABŞ-İsrail tandemindəki hücumların birdəfəlik yox, davamlı olacağını hesablayır. İrana qarşı zərbələr, gizli fəaliyyətlərin, hərbi və kəşfiyyat güclərinin yenilənmiş elementlərindən istifadə ilə uzunmüddətli kampaniya kimi davam edə bilər.

Ehtimalla İran nüvə proqramının ABŞ ilə danışıqlar yolu ilə razılaşdırılmasında çətinliklərin artdığını görür. İran ABŞ-nin mümkün potensial cavablarını, onun İsraillə koordinasiyasını və Azərbaycanın da bu strategiyadakı tuta biləcəyi mövqeləri dəqiqləşdirir. 

İran üzləşdiyi aktual xarici siyasət problemlərinin davamlı və sistemli olduğunu görərək öz zəifliklərini Azərbaycanla əməkdaşlıq kontekstində aradan qaldırmağı unikal imkan kimi nəzərdən keçirir. Telefon diplomatiyasından sonra Məsud Pezeşkianın xarici siyasət məsələləri üzrə müşaviri Mehdi Sənayinin Azərbaycana gəlməsi həmin mənanı gücləndirən arqument sayıla bilər.

***

Azərbaycan İranın nüvə silahı əldə etməsini istəmir. Çünki regionda nüvə klubuna yeni dövlətin daxil olması geosiyasi qarşıdurmalarda yeni və daha təhlükəli mərhələnin başlanmasına səbəb ola bilər. Rusiya və Çinin də İranın nüvə proqramına ehtiyatlı yanaşması Azərbaycana alternativ manevr sahəsi tanıyır.

Lakin Azərbaycan  öz ərazilərini Tehrana qarşı İranın rəqiblərinə cəbhə kimi təqdim etmir. Bununla belə, İranın nüvə silahı əldə etmək proqramının deqradasiyaya uğraması Azərbaycan üçün məqbuldur. Ona görə də, Azərbaycanın həm ABŞ, həm də İsraillə əlaqələrini yenilənən dünya nizamında tənzimləməsi İranda narahatlıqlar yaradır. Çünki Tehran anlayır ki, Azərbaycan İran faktoruna görə ABŞ və İsraillə strateji tərəfdaşlıq əlaqələrini korlamaq xəttinə getməyəcək.

Belə kontekstdə İranın ən çox düşündüyü ona qarşı mümkün kampaniyaya necə cavab verə biləcəyidir və ehtimal ki, Tehran Azərbaycandan müəyyən təhlükəsizlik zəmanətləri almağa çalışır. Bu təkcə ABŞ və İsrailin Azərbaycanla əlaqələrinə görə olan məsələ deyil, həm də Azərbaycan və Türkiyənin İran daxilində profilin yüksəltməsindən doğan narahatlıqların ifadəsidir.

***

Tehran ABŞ-ni İranın nüvə obyektlərinə zərbə endirməkdən çəkindirmək üçün Vaşinqtonu Yaxın Şərqdə hərbi əməliyyatlarla hədələməkdə davam edir.  Lakin şifahi hədə kursları praktikaya keçsə belə, bu İran üçün Cənubi Qafqazda üstünlük qazandıran sinxronluq yaratmayacaq. Həmçinin İranın Cənubi Qafqazda proksi hərəkatları ayaqlandırmaq üçün gücü və imkanı qalmayıb (Gürcüstan nümunəsi bir qədər fərqlidir). Ona görə də, İran Cənubi Qafqazda əsasən Azərbaycanın şərtləri və tələbləri əsasında Ermənistanla nizamlanma prosesinə əvvəlki tək maneə yarada bilmir. Deməli, İranın Azərbaycanın strateji layihəsi olan Zəngəzur dəhlizinə qarşı müqavimət gücü sıradan çıxır. Ermənistanın son zamanlar Azərbaycanla sərhəddə hərbi təxribat arealını böyütməsi və bunun genişmiqyaslı eskalasiya riskləri Bakı ilə Tehranın müzakirə masasında qeyd oluna bilər.