vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 28 mart 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Məhəmməd Əmin Rəsulzadə (1884 - 1955)

«İnsanlara hürriyət
Millətlərə istiqlal»

Məhəmməd Əmin Rəsulzadə (1884 - 1955)
GÜNDƏM  
09:52 | 14 dekabr 2017 | Cümə axşamı Məqaləyə 2848 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Qarabağ üçün antiyubiley ili

2018-ci ildə - münaqişənin 30 illiyində işğalçı ölkənin ağır blokadadan çıxıb-çıxmayacağı müstəsna olaraq, onun özündən asılı olacaq; əks halda, status-kvonu Azərbaycan əsgəri dəyişəcək...

MÖVZU İLƏ ƏLAQƏLİ

Gələn il ermənilərin Azərbaycan xalqına qarşı XX əsrdə əl atdıqları ən böyük avantüralarından biri olan Dağlıq Qarabağ münaqişəsinin başlamasının 30 ili tamam olacaq. Əfsus ki, konfliktin bunca uzanması xeyli dərəcədə Azərbaycanın özündən asılı olmayan səbəblərlə bağlıdır.

Bura obyektiv və subyektiv amillər daxildir və nə qədər çətin olsa belə, biz onları adlamaq üçün dövlət, cəmiyyət, diaspora olaraq mübarizəmizi daima gücləndirməliyik. Xüsusən də beynəlxalq miqyasda - erməni təbliğat maşınının daha fəal olduğu və kök saldığı  ölkələrdə, ünvanlarda.   

 

***

 

Sirr deyil ki, Qarabağ probleminin həlli bir çox hallarda Qərbdə, xristian dünyasında «ikili standart» yanaşmasına gedib dirənir. Bu da heç şübhəsiz ki, elə xristian amili ilə birbaşa bağlıdır. Təəssüf ki, erməni tərəf hələ ki bu amildən məharətlə istifadə etməkdədir. Söhbət həm də Azərbaycan torpaqlarının işğalına, onun beynəlxalq miqyasda tanınmış sərhədlərinin pozulmasına bu yolla haqq qazandırmaq və dünyanı da bu cəfəngiyata alışdırmaqdan gedir - o uydurma tezisdən ki, guya «vəhşi türk mədəni ermənini qırıb çatmaq istəyir».

Diqqət edin, Ermənistanın Meksikadakı səfiri Ara Ayvazyan görün, torpaqlarımızın işğalına necə tipik erməni hiyləgərliyi ilə don geydirir. Musavat.com-un məlumatına görə, 1 in.am saytına açıqlamasında o,  meksikalı deputatların Qarabağa qanunsuz səfərinə haqq qazandırarkən belə deyib. Sitat: «Dağlıq Qarabağ konflikti regional problem deyil, bu, növbəti genosidin qarşısını almaq cəhdidir. Türklər ermənilərlə nə edə biliblərsə, azərbaycanlılar da eyni şeyi »DQR" əhalisi ilə eləməyi arzu edirlər".

Köhnə bayatıdır, deyilmi? Ancaq hələ ki ermənilər onun vasitəsilə Qərb ictimaiyyətini məharətlə aldada, işğala bəraət qazandıra bilirlər. Əks halda, postsovet məkanındakı etnik-ərazi münaqişələrin həllinə vahid yanaşma olduğu halda və Ermənistan adında artıq formal dövlət mövcud olduğu halda, Dağlıq Qarabağdakı bir ovuc separatçı erməni üçün də Azərbaycandan öz müqəddəratını təyinetmə haqqı istənilməzdi.

Təbii ki, Azərbaycan buna heç vaxt getməyəcək. Çünki bunu onlar haqq etməyiblər. İkinci yandan, Azərbaycanın təkcə Dağlıq Qarabağı işğal olunmayıb, keçmiş DQMV ətrafındakı 7 rayon da erməni işğalçı qüvvələri tərəfindən zəbt edilib və üstəlik, orada, Dağlıq Qarabağda etnik təmizləmə aparılıb.

İndi kim kimə qarşı soyqırım siyasəti aparır? Bəs Xocalı soyqırımını kimin ayağına yazaq, cənab Ayvazyan? Üstəgəl, Azərbaycan dövləti rəsmən elan edib ki, münaqişənin birdəfəlik həlli üçün ən böyük güzəştə - Dağlıq Qarabağ ermənilərinə Azərbaycanın tərkibində ən yüksək muxtariyyət verməyə hazırdır. Azərbaycan «DQR əhalisi»ni soyqırıma məruz qoymaq istəyirsə, ona belə şansı, muxtariyyət imkanı verərmi? Ümumiyyətlə, Azərbaycan bundan artıq nə etməlidir - öz torpaqlarını öz torpaqlarına dəyişdirib ikinci qondarma erməni dövlətinin yaranmasına razı olmalıdırmı? Əlbəttə ki, belə bir şey mümkünsüzdür. Belə bir şeyə gedəcək siyasi qüvvə Azərbaycanda yoxdur, olmayacaq.

 

***

 

Məsələ də ondadır ki, Rusiyaya, xristian dünyasının «ikili satandart» yanaşmasına arxayın olan ermənilər bu gün Bakının onlara təklif elədiyi, ən real, ən əlverişli və müharibə variantını həmişəlik gündəmdən çıxaracaq, Ermənistanın iqtisadi inkişafının önünü açacaq, bölgəni qarışdıran Rusiyanın buradan «ayağını kəsəcək» variantı eşitmək istəmirlər. Amma nahaq yerə, vaxtilə Dağlıq Qarabağ məsələsində konstruktiv mövqe tutmaq istədiyi üçün hakimiyyətdən devrilən Ermənistanın sabiq prezidenti Levon Ter-Petrosyanın dediyi kimi, «bu gün Ermənistana təklif ediləni götürməsək, sabah yalvaracağıq».

Çünki dünyada şərtlər indiki kimi qalmayacaq. Bu proses artıq gedir. Regionun və dünyanın yenidən şəkillənməsini deyirik. Hansı prosesdə ki, qardaş Türkiyə də önəmli rola malikdir və öz sözünü deyəcək. Bu, o deməkdir ki, ermənilərin «ikinci dövlət» arzusu heç vaxt çin olmayacaq.

Zatən, erməni tərəfi gərək bunu çoxdan anlayaydı. Əgər 29 ildə dünya birliyi, heç bir dövlət Dağlıq Qarabağdakı kriminal qurumu dövlət kimi tanımayıbsa, bundan sonra da tanımayacağına şübhə yoxdur. Hətta Ermənistanın özü buna getməyə cürət etməyib. Çünki özü də nəticəyə inanmır. Ən yaxşı halda, böyük güclər - Rusiya, ABŞ, Avropa ermənilərdən daha bir dəfə öz siyasi maraqları naminə istifadə edib atacaqlar. Pislik isə yenə ermənilərin özlərinə qalacaq.

Odur ki, nə qədər gec deyil, erməni xalqı nicatı orda-burda, Rusiyada, Qərbdə, uzaqda yox, ən əvvəl öz qonşuları ilə - Türkiyə və Azərbaycanla dil tapıb dinc-yanaşı yaşamaqda görməlidir. Bundan ötrü isə avantürist Sərkisyan rejimindən bacardıqca tez qurtulmalı, öz başına daha praqmatik, realist siyasi qüvvəni gətirməli, Qarabağ məsələsində realist mövqe tutmalıdır.

 

***

 

Təəssüflər olsun ki, belə bir şey üfüqdə görünmür. Əksinə, yalançı hərbi qələbədən eyforiyaya düşən Ermənistanın cinayətkar rəhbərliyi təxribatçı siyasəti davam etdirir. Bu da növbəti sübut: Ermənistanın xarici işlər naziri Edvard Nalbəndyan dünən jurnalistlərə açıqlamasında deyib ki, Ermənistan 2018-ci ilin yazını Türkiyə ilə sərhədlərin açılmasını nəzərdə tutan «Sürix protokolları» olmadan qarşılayacaq.

«Bildiyiniz kimi, Ermənistan prezidentinin təşəbbüsü ilə Ankara-İrəvan əlaqələrinin normallaşdırılması prosesi başladıldı. Bu da 2009-cu ilin oktyabrında Sürixdə protokolların imzalanması ilə nəticələndi. İndiyədək bu sənədlər ratifikasiya edilməyib. Belə ki, Türkiyə protokolların ruhuna zidd olan şərtlər irəli sürüb. Bu sənədlər əbədi girov olaraq qala bilməz», - deyə o bildirib.

Yada salaq ki, 2009-cu ilin oktyabrında imzalanan protokollardan az sonra Türkiyə bu sənədlərin icrasından Ermənistanın Qarabağdan öz işğalçı ordusunu çəkməməsi ucbatından imtina etmişdi. Düz də etmişdi. Əgər İrəvan hələ də işğal rejimindən əl çəkmək əzmi göstərmirsə, Azərbaycan və Türkiyəyə qarşı əsassız torpaq və soyqırım iddialarını davam etdirirsə, onunla niyə də normal siyasi-diplomatik əlaqələr, iqtisadi-ticari əməkdaşlıq qurulmalı, işğalçı qeyd-şərtsiz blokadadan çıxarılmalıdır? «Top» çoxdan işğalçı ölkənin tərəfindədir. Bu mənada Qarabağ üçün anti-yubiley ili olan 2018-də status-kvonun dəyişməsi ilk növbədə Ermənistanın son şansı necə dəyərləndirməsindən asılı olacaq. Əks halda, bunu Azərbaycan əsgəri edəcək.