vaxtlı-vaxtında oxuyun! Çərşənbə axşamı, 19 mart 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Fikir müxtəlifliyi təbii hadisədir. Hamı bir boyda ola bilmədiyi kimi, eyni fikirdə də ola bilməz»

Heydər Əliyev (1923 - 2003)
SƏHİYYƏ, ORDU  
14:05 | 4 fevral 2019 | Bazar ertəsi Məqaləyə 2118 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

“Düşmən daim nəzarət altındadır”

“Ermənilərin “Polonez” zərbələrinin qarşısını almaq imkanları yoxdur”

Yaşar KƏRİMOV, Silahlı Qüvvələrin Hərbi Akademiyası

MÖVZU İLƏ ƏLAQƏLİ

Azərbaycanda aparılan planlı və mərhələli ordu quruculuğu prosesi keyfiyyətcə yeni mərhələyə qədəm qoyub. Silahlanmaya qəbul olunan uzaqvuran, böyük dağıdıcı gücə malik, yüksək dəqiqlikli silahlar buna bariz nümunədir.

2016-cı ilin aprel döyüşlərində düşmənin təxribat fəaliyyətlərinin qarşısını qətiyyətlə alan ordumuz, əks-həmlə ilə ona dağıdıcı zərbə endirməklə, strateji baxımdan əhəmiyyətli yüksəklikləri ələ keçirmiş düşmən ordusu haqqında illərdi yaradılan mifi qısa zamanda darmadağın etdi.

Keçən il Naxçıvanda Əlahiddə Ümumqoşun Ordunun keçirdiyi uğurlu əks-həmlə əməliyyatı nəticəsində 11 min hektar ərazi və Günnüt kəndi işğaldan azad edildi, həmçinin strateji yüksəkliklər geri qaytarıldı. Bununla da İrəvan-Yeğeqnadzor-Gorus-Laçın-Xankəndi avtomobil yolu, eləcə də düşmənin bütün fəaliyyəti və təminat məsələləri nəzarətə götürüldü. Qorxu və təlaş içərisində yaşayan Ermənistanda bu məsələ hələ də ictimaiyyət tərəfindən geniş müzakirə olunur.

Davamlı aparılan uğurlu fəaliyyət nəticəsində təmas xəttində əldə olunan üstünlükdən və aldığı dağıdıcı zərbələrdən düşmən hələ də özünə gələ bilməyib. Azərbaycan Ordusunun müasir silah və texnika ilə təchizatı da düşmən ordusundan üstünlüyünü təmin edən amillər sırasındadır.

Azərbaycan Ordusunun silahlanmasına qəbul olunan “Polonez” ƏTR kompleksi bir çox üstünlükləri ilə düşmənə atəşlə zərərvurma imkanlarını keyfiyyətcə yeni mərhələyə çıxarıb.

“Polonez” ƏTR kompleksi uzağa atış məsafəsi, raketin döyüş başlığının dağıdıcı imkanları, idarəetmə və tətbiqi üsulu ilə böyük imkanlara malikdir. “Polonez” nəinki döyüş meydanında düşmən mövqelərini, həmçinin bütün Ermənistanın hərbi və strateji obyektlərini vurmaq imkanına malikdir.

Düşmənə “Polonez” vasitəsilə 300 km məsafəyə qədər endirilən raket zərbələrinin qarşısını ala bilmədiyi çoxdan məlumdur. Silahın döyüş tətbiqi və raketin uçuş trayektoriyası bunu mümkünsüz edir. Həmçinin düşmənin belə zərbələrin qarşısını almağa heç bir imkanı yoxdur.

ƏTR kompleksinin texniki xüsusiyyətləri ona 50 saniyə müddətində bir yaylımla, 8 ədəd döyüşə hazır raketlə maksimal uzaqlıqda yerləşən düşmənin hədəf və obyektlərinə 6 dəqiqədən gec olmayaraq zərbə endirməyə imkan verir.

Belə obyekt və hədəflərə düşmənin əməliyyat düzülüşünün dərinliyində yerləşən yüksək dəqiqlikli silah sistemlərini, kəşfiyyat-zərbə sistemlərinin yerüstü elementlərini, qoşunların əsas qruplaşmalarını, bazalarda yerləşən aviasiyasını, hava hücumundan müdafiə vasitələrini, idarəetmə məntəqələrini, radioelektron vasitələrini, arxa cəbhə və digər obyektlərini aid etmək olar.

ƏTR kompleksinin üstünlüyü ondan ibarətdir ki, istənilən şərtlərdə və sutkanın istənilən vaxtında tətbiq etmək mümkün olur. Belə olan halda raket zərbələrini dəqiq, operativ və sutkanın istənilən vaxtı endirməyə əlverişli şərait yaranır.

“Polonez”, həmçinin çətin keçilən ərazilər üçün nəzərdə tutulub və MZKT-7930 “Astroloq” adlı təkərli şassi üzərində quraşdırılıb. Ona görə də “Polonez”in mürəkkəb relyefli dağlıq ərazilərdə tətbiq edilməsi heç bir çətinlik yaratmır.

Zərbə radiusu 100-300 km-ə çatmaqla, bir raket 275 m radiusda, 6 “Polonez”dən ibarət bir batareya isə eyni anda 48 hədəfi və ya 100 km2 ərazini atəşlə örtür. Raketlərin hədəfdən ehtimal olunan dairəvi yayınma məsafəsi 30 metrdən çox təşkil etmir, bu isə belə vasitələr üçün ideal göstəricidir.

Müqayisə üçün qeyd edək ki, 100 km2 ərazidə yerləşən düşmən alayına 6 ədəd kompleksdən ibarət bir batareya kifayət edir.

Ölkəmizə məxsus olan “Azersky” və “SPOT 6” peyk toplusu bir gün ərzində 6 milyon km2 ərazinin şəklini çəkə bilir ki, bu da Fransanın ərazisindən 10 dəfə böyükdür. Bu o deməkdir ki, Yer kürəsinin hər bir nöqtəsi hər gün “Azersky” və “SPOT 6” peykləri tərəfindən yüksək şəkildə müşahidə oluna bilir.

2018-ci ilin uğurlu hadisələrindən hesab olunan “Azersky” peykinin kosmosa çıxarılması ilə düşmənin obyektlərini müşahidə etmək və onların fəaliyyətini nəzarətdə saxlamaq artıq reallığa çevrilib. Bununla da istənilən düşmən obyektini müşahidə etmək və onun fəaliyyətini nəzərə almaqla həmin obyektə raket zərbələri endirmək mümkündür. Real vaxt rejimində düşmən haqqında əldə olunan görüntülərin məlumatları əsasında hazırlanan və “Polonez” vasitəsilə endirilən raket zərbələrinin effektivliyi və dəqiqliyi müvafiq olaraq yüksəkdir.

ƏTR kompleksinin raketi idarə ediləndir, bu isə ona zərbələri daha vacib hədəf və obyektlərə yönləndirməyə imkan verir. “Polonez” ƏTR kompleksinin üstünlüklərindən biri də odur ki, eyni vaxtda səkkiz raket ilə səkkiz hədəfə tək raket zərbəsi endirmək mümkündür.

Dağıdıcı və effektli tətbiq imkanlarına malik olan “Polonez” ƏTR kompleksi düşmənə qorxu yaşatmaqla yanaşı, yaxın gələcəkdə işğalda olan torpaqlarımızın azad olunması zamanı düşmənə atəşlə zərərvurmanın gedişində öz rolunu oynayacaq.

Düşmənin işğalçılıq siyasətindən əl çəkməsi, işğalçı qüvvələrini geri çəkməsi və raket zərbələrinin təsiri altından çıxarması hələ də gec deyil.

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ətrafında aparılan danışıqlar prosesi əbədi deyil. Düşmənin danışıqlar prosesini uzatması, müxtəlif bəhanələr ilə danışıqlardan yayınması, onun məsələnin həllində maraqlı olmadığını göstərir. Ona görə də yüksək səviyyəli tribunalardan düşmənə dəfələrlə xəbərdarlıq edilir ki, “Azərbaycan xalqı torpaqlarının işğalı ilə heç bir zaman barışmayacaq”.