vaxtlı-vaxtında oxuyun! Çərşənbə axşamı, 19 mart 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Babək Xürrəmi (798 - 838)

«Bir gün azad yaşamaq, qırx il boyunduruq altında yaşamaqdan daha üstündür»

Babək Xürrəmi (798 - 838)
SAHİBKARLIQ  
10:51 | 7 mart 2019 | Cümə axşamı Məqaləyə 3425 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Dövlət şirkətləri olan yerdə rəqabət ...

... Xidmətlərin keyfiyyətində isə zəmanət olmur

Samir ƏLİYEV

MÖVZU İLƏ ƏLAQƏLİ

Dünən Dünya Bankının və İqtisadiyyat Nazirliyinin təşkilatçılığı ilə "İqtisadiyyatın şaxələndirilməsi - özəl sektorun rolu üzrə yüksək səviyyəli Forum” keçirildi. Tədbir çox maraqlı oldu və panel müzakirəsi zamanı dövlət rəsmlərinə təxminən belə bir sual ünvanlamaq imkanım oldu: “İndiyədək özəl sektorunun inkişafı üçün vergi güzəştlərindən tutmuş təşviqə qədər addımlar atılıb. Bu addımlar çox vacibdir. Ancaq onların effektiv olması üçün məhkəmə müstəqilliyi və mülkiyyət hüququnun qorunması kimi fundamental problemlər həllini tapmalıdır. Digər tərəfdən fikrimcə, dövlət sahibkarlıqdan əl çəkərək prosesi tədricən özəl sektora ötürməli, özü isə siyasətlə məşğul olmalıdır. Bununla bağlı hökumətin strategiyası varmı?”

Panel iştirakçılarından Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev cavabında ilk əvvəl məhkəmələrin müstəqilliyi məsələsinə toxunaraq Azərbaycanda məhkəmələrin müstəqil olduğunu qeyd etdi. Daha sonra dövlətin kommunal sektordan çəkilməsi fikrinə toxunaraq onunla razı olsa da bunun asan olmadığını qeyd edib. Hörmətli nazir misal olaraq məişət tullantılarının idarə edilməsini göstərib və əlavə edib ki, dövlət bu sektordan geri çəkilsə, qiymətlər 15 dəfə artar. (Nazirin tam cavabı ilə şərh bölümündə tanış ola bilərsiniz).

Hörmətli nazirin narahatçılığını anlasam da cavabları ilə tam razılaşmadığımdan və tədbirdə polemika imkanları qeyri-mümkün olduğundan, o cümlədən sual-cavabın mətbuatda getdiyini nəzərə alaraq öz səhifəmdə qısa olsa da münasibət bildirmək istəyirəm.

Məhkəmənin müstəqilliyi problemi üzərində çox dayanmayacam. Bu, gün kimi aydın məsələdir. Vəkillər və sahibkarlar daha yaxşı izah edə bilərlər. Vaxtilə vətəndaş cəmiyyəti üzvü olaraq özüm də ədalətsiz qərarın “benefisiarı” olmuşam. Bir misal çəkim: neftin ucuzlaşdığı son illəri saymasaq daxili investisiyaların ümumi investisiyalarda payı bir qayda olaraq 70-75 faiz civarında dəyişib. Azlıqda qalan xarici investisiyaların təxminən 80 faizi neft sektoruna yönəldilib. Çünki xaricilərin ölkə qanunları və məhkəmələri ilə qorunan neftdənkənar sektora investisiya yatırmaqdan çəkinirlər. Bunun da əsas səbəbi sualda qeyd etdiyim kimi məhkəmələrin müstəqilliyi və mülkiyyət hüquqlarının qorunması sahələrindəki ciddi problemlərdir. Əks halda xarici investorlar qonşu Gürcüstanı yox, bizi seçərdilər.

Dövlətin biznesdən çəkilməsinə gəlincə, qeyd edim ki, sualda təkcə kommunal sektorun yox, digər sahələrin də özəl sektora verilməsini qeyd etmişəm. Burda söhbət təkcə özəlləşdirmədən yox, həmçinin uzunmüddətli idarəetməyə verilmədən gedir. Qiymətin dəfələrlə qalxmasına gəlincə, hətta bu fikir düz olsa belə əsas arqument kimi göstərilə bilməz. Çünki dövlət qiymətləri tənzimləməsə öz şirkətlərində də tariflər dəfələrlə arta bilər. Necə ki, rəsmilər tərəfindən dəfələrlə kommunal sektorda satış qiymətinin maya dəyərində aşağı olduğu vurğulanır.

Azərbaycanda kommunal sektorda özəl şirkət olan “Barmek” nümunəsi var. Məhz bu şirkət xeyli yaxşı nümunələri, o cümlədən müştərilərə xidmət nümunəsini qoyub getdi. “Barmek”in idarəçiliyi dövründə elektrik enerjisini qiyməti hər kilovatt üçün dövlətin müəyyənləşdirdiyi 2 qəpik səviyyəsində saxlanmışdı. Qiymət artımı isə elektrik şəbəkəsi dövlətin idarəçiliyinə qaytarıldıqdan sonra baş verdi. Daha sonra nə baş verdi? Bir tərəfdən dövlət büdcəsində yüz milyonlarla məbləğdə subsidiya ayrılmağa başladı, digər tərəfdən enerjinin qiyməti qalxmaqda davam etdi və bundan sonra da artmağa davam edəcək. Sonda da alınmış borclar dövlətin üzərinə yükləndi. Analoji misalı bəzi redaktələrlə digər sektorlar üzrə da çəkmək olar. Dövlət şirkətləri məhsulun maya dəyərini əsas olmadan artıra-artıra gedirlər, dövlət büdcəsi isə onlara ayrılan xərclər hesabına getdikcə şişir. Kim zəmanət verə bilər ki, dövlət şirkətlərində 1 işçi yerində 3 nəfər işləmir, 1 maşın əvəzinə 3 maşın alınmır? Bəlkə onlar xərclərə qənaət məqsədilə ən ucuz maşını alırlar? Axı bütün bunlar məhsulun maya dəyərində oturur və sonda qiymətin artması üçün əsas yaradır. Dövlət şirkətləri olan yerdə rəqabət olmur və göstərilən xidmətlərin keyfiyyəti aşağı olur. Ən azı yaşadığım Xırdalanda bunu qaz, işıq və zibilin daşınması timsalında görürəm. Sabah kommunal və digər sektorlar özəl, xüsusilə xarici şirkətlərin idarəçiliyinə verilsə, dövlət xarici borcların ödənilməsini üzərinə götürməyəcək, onlar üçün infrastruktur qurmaq məcburiyyətində qalmayacaq. Xidmətin qiyməti isə dövlət tərəfindən tənzimləndiyindən onun qiymətinin qalxmasından danışmağa dəyməz. Bunun qarşısını almaq üçün subsidiyalaşma mexanizmlərini işə salmaq olar. Əgər misal məişət tullantılarını emal edən poliqonun üzərinə gəldisə, qeyd edim ki, onu dövlət hələki öz mülkiyyətində saxlaya bilər, amma onların daşınmasını icra hakimiyyətlərindən alıb özəl sektora, o cümlədən bələdiyyələrə verilsə daha səmərəli olar. Kommunal xidmətlərin xarici şirkətlərin idarəçiliyinə vermək təcrübəsi qonşularımızda var və onlar bunun üçün heç də Avropa ölkələrindəki qədər pul ödəmirlər.