vaxtlı-vaxtında oxuyun! Şənbə, 5 oktyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Şeyx Məhəmməd Xiyabani (1880 - 1920)

«Hər bir millətin ləyaqətinin ilkin şərti müstəqillikdir»

Şeyx Məhəmməd Xiyabani (1880 - 1920)
MEDİA-QHT  
21:42 | 10 oktyabr 2017 | Çərşənbə axşamı Məqaləyə 2513 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Doğrudanmı, hələ də novruzəlilərik?

Bu ölkədə hamı jurnalistləri «öyrədir» …

Hüseynbala SƏLİMOV

MÖVZU İLƏ ƏLAQƏLİ

İki mövzudan hissiyyatsız yaza bilmirəm. Biri Qarabağdır. Analitik jurnalistikanın meyarlarını əzbərdən bilsəm də, yenə də düşünürəm ki, mənim bu mövzudakı yazılarım başqa millətlərin yazdıqlarından fərqlənməlidir, çünki onlar üçün məsələ ən yaxşı halda maraqlı ola bilər, mənimçünsə o, dərddir, ağrıdır, bütün azərbaycanlı kişilər kimi başımı aşağı edən biabırçılıqdır - ona görə ki, heç də hamı dünya reallıqlarının incəliklərinə varmır və «Bir dəstə erməni nədir ki, otuz ildir onlarla da bacarmırsınız!» deyənlər də tapılır!

Digər məsələ isə bizim jurnalistika, onun indiki durumu və problemləridir. Səbəbi də aydındır. Mən də jurnalistəm, otuz ildir, hər gün yazıram və gün olur, hətta dörd-beş yazı yazıram. Qısası, bu, mənim də peşəmdir və onun problemlərinə hissiyyatsız yanaşmağı bacarmıram.

Nə başınızı ağrıdım, məmurlarımızın jurnalistlərə necə işləməyi «öyrətməsi» artıq adiləşsə də, hər dəfə bu cür mövzulardakı müzakirələri izləyəndə bəndənizdə xeyli sual yaranır.

Bəlkə də yanılıram və kaş belə də olsun, di gəl, mənə elə gəlir ki, müzakirələrin əslində bir motivi var: hamısı olmasa da, məmurlarımızın bəzisi sadəcə, demək istəyir ki, yalnız bizim buyurduğumuz kimi yazın, danışın və göstərin.

Bəli, kimsə müəllimə müəllimlik, mühəndisə mühəndislik, həkimə həkimlik öyrətməyə çalışmır, amma gəl ki, bu ölkədə hamı jurnalistləri «öyrədir», onlara necə yazmağı və xüsusən də nədən yazmağı buyurur...

Halbuki sadaladığım peşələr kimi, jurnalistika da sənətdir və jurnalistə necə yazmağı yox, uzağı, mübahisəli və problemli məqamlarda etikanın və qanunun çərçivələrini göstərmək, çox «dəcəllik» edəndəsə onu hüquq müstəvisinə dəvət etmək olar və bu, hətta lazımdır da.

Həm də nəzərə alaq ki, «öyrətməyə» artıq elə böyük kontingent də yoxdur. O səbəbdən də bir-iki detalı vurğulamaq, ələlxüsus da tamaşaçı kimi televiziyalarımızın problemlərinə toxunmaq istərdim, çünki yazılı mətbuatımız min təəssüf, artıq ənənəvi formada qalmayıbdır - «nadir görüntülər» seriyasına əlində qəzet tutanları da əlavə etməyin vaxtıdır...

Ötən əsrin 90-cı illərinin ortalarında ölkədə regional televiziyaların yaradılması nəzərdə tutulurdu və beynəlxalq təşkilatlar hətta bunun üçün qrantlar da ayırırdı. Prosesi axıra qədər izləmədim, bilmədim, o region televiziyaları yarandı, ya yox?

Amma bir də gördüm, «mənəm-mənəm» deyən mərkəzi, milli televiziyalarımız özləri dönüb region-əyalət televiziyaları olublar. Əsl siyasətdən, iqtisadiyyatdan və ya mədəniyyətdən danışmaq və göstərmək əvəzinə bunlar daha nələr etmirlər, İlahi!..

Artıq rayonlara elçiliyə də gedir, kənd toylarından bir saatlıq «reportaj»lar verir, əllərində mikrofon o ev-bu ev gəzərək «verilişlər» hazırlayırlar!

İnanın, mərkəzi televiziyalarımızda əyalət mövzularının olmasının qətiyyən əleyhinə deyiləm, əksinə, çox vacibdir bu. Mən əyalətçiliyə və onun mədəniyyətdə, eləcə də jurnalistikada təntənəsinə qarşıyam...

Gedirlər əyalətə, amma oradakı insanlardan heç soruşmurlar da ki, probleminiz nədir! Əvəzində gözümüzü dağlamış bir-iki «müğənni»ni də yanlarına salıb kiçik yemək-içmək məclisləri qurur və cəmi ölkəni də belə zövqsüz «ziyafət»lərə baxmağa məcbur edirlər!

«Siyasi» mövzulardan və yaxud da «iqtisadiyyat»dan danışanda və göstərəndə isə bunu elə formada edirlər ki, bir də xəbər tutursan ki, əlin artıq ürəyinin üstündədir!..

Bir dəfə hətta televiziyalarımızın sevimli «iqtisadçı»larının, «politoloq»larının və «sənət adamları»nın siyahısını tutmuşdum! İnanın, adamı ağlamaq tuturdu!

Bir «iqtisadçı»ları var, yumurtanın qiymətindən tutmuş dolların uçot dərəcəsinə qədər bütün məsələlər üzrə «mütəxəssisdir», bütün sualları ancaq o, «cavablandırır»...

A kişilər, qəzetlərin əllərdən düşmədiyi vaxtlarda belə kimsənin hətta adını da eşitmədiyi «qəzet»in redaktoru, keçmişin cırtdan partiyalarından birinin «ora-bura qovulan kiçicik funksioneri» indi durub ölkənin böyük «politoloq»ları olublar!

Bunu da bir tərəfə qoyuram. Parlamentdə «Hörmətli millət vəkilləri, vallah, avropalılar bizə paxıllıq edir!» deyilirsə və jurnalist də bunu efirə verirsə... Bunu nöqsan saymıram, çünki jurnalist deyilənləri, baş verənləri göstərməlidir.

Suçları, məsələn, nədədir? Həmin «reportaj»ın ardınca o «fikri» təsdiqləyən «şərh»lər - «təhlil»lər verilir və məlum olur ki, həqiqətən də cəmi dünya bizə baxıb paxıllıqdan lap çərləyir, çünki onların bizimkilər kimi siyasətçiləri, məmurları və biznesmenləri yoxdur!

Baxın, insanlar nəyəsə açıq münasibət bildirməkdən çəkinirsə, bu, onların heç nəyi görməməsi və yaxud başa düşməməsi anlamına gəlmir, -  onlar sadəcə, ehtiyat edir. Ona görə də insanları axmaq yerinə qoymağa gərək yox...

Biz jurnalistlər isə düşünürük ki, cəmiyyət susursa, deməli, heç nə qanmır! Amma inanın, insanlarımız avam deyillər - sadəcə, azca əvvəldə ərz etdiyim səbəbdən susmağa üstünlük verirlər.

Mənə inanmırsınızsa, sevimli «politoloq»larınızdan soruşun - cəmiyyətlərin həyatında bu cür dönəmlər olur. Amma gün gəlir, müəmmalı sükut müəmmalı şəkildə də pozulur. Allah bizi o gündən qorusun...