“O adam öz taleyi ilə oynayır”
Deputat “Real TV”ni ittiham etdi, sərvəti haqda yayılan xəbərə qəzəbli reaksiya verdi
“Barəmdə yazılanlar tamamilə cəfəngiyatdır və heç bir fakta söykənmir”. Bu sözləri Qaynarinfo.az-a açıqlamasında millət vəkili Hadı Rəcəbli deyib.
O, bəzi saytlarda varidatı haqda yayılan siyahıdan da danışıb. Bildirib ki, bu, doğru deyil: “Bunlar tamamilə yalandır. Keyfiyyətsiz bir adamın yazdığı materialdır. Bu haqda mətbuatda daim təkziblər gedib. Həmin siyahını kimin yayımladığını da yaxşı bilirik. O adam öz taleyi ilə oynayır. Hansısa məqamda gərək cavab verə. Mən artıq 50 ildir siyasətdəyəm. Hamı da çox yaxşı tanıyır. Əgər elə bir şey olsaydı, məni məsuliyyətə cəlb edərdilər.
İkincisi də, “Real TV”yə verdiyim müsahibənin həmin hissəsi tamamilə təhrif olunub. Belə olmamalıdır. Fikirlər təhrif olunmasa, yaxşıdır. Dövr elə dövrdür ki, insanlar qıcıqlanır. Bir az diqqətli, ehtiyatlı olmaq lazımdır. Hadı Rəcəblinin adı ilə ağızlarına gələni yazıblar. Buna Lənkəran camaatı gülür. Mənə deyilən söyüşlərin hamısı geri qayıdır. Mənim tövsiyəm odur ki, mətbuat bir az obyektiv olsun. Xalq kütlə psixologiyasına uymasın”.
Qeyd edək ki, son günlər Milli Məclisin deputatı Hadi Rəcəblinin müsahibəsi ictimaiyyətdə narazılığa səbəb olub və sosial şəbəkələrdə deputatın “Ailədə iki nəfər iki ayrı yerdə işləsə, 180 manatla dolanmaq olar” fikri tənqid olunub.