vaxtlı-vaxtında oxuyun! Çərşənbə axşamı, 19 mart 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Azadlıq və istiqlaliyyət hər bir xalqın milli sərvətidir»

Heydər Əliyev (1923 - 2003)
GÜNDƏM  
10:21 | 24 dekabr 2021 | Cümə Məqaləyə 738 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Bu gün o gündür...

Qalib Prezident və Müzəffər Komandanın həyat yolundan cizgilər

Vüqar Əliyev

MÖVZU İLƏ ƏLAQƏLİ

Azərbaycan müsəlman Şərqində ilk demokratik respublika quran ölkədir. Biz də müasir dövlətimizi bu bünövrə üzərində qururuq. Mən ölkəmizi müasir, demokratik, güclü sosial siyasətə malik, iqtisadi cəhətdən inkişaf etmiş və regionda güclü mövqe tutan ölkə kimi görürəm. Mənim dediklərimin əksəriyyətinə artıq nail olunub... Bizim bu gün həll etdiyimiz problemlər gələcəyə yönəlib... Əgər imkan olsaydı, mən irəli, deyək ki, heç olmasa 10 il irəli gedərdim. Baxardım ki, düşündüklərim baş tutub, yoxsa yox və nə dərəcədə alınıb?

Prezident İlham Əliyev bu sözləri on il əvvəl “Rossiya” telekanalında M.Qusmanın “Hakimiyyət formulu” müəllif proqramına müsahibəsi zamanı demişdi. Həmin proqram Azərbaycan Prezidentinin 50 illik yubileyi ərəfəsində efirə getmişdi.

On il keçib. Bu gün Prezident İlham Əliyevin 60 yaşı tamam olur. Hər bir yetkin insan yaşının üstünə yaş gəldikdə dönüb arxaya baxır, yaşadığı həyata, arxada qoyduğu dövrə nəzər salıb ona özlüyündə qiymət verir. Eyni zamanda gələcəyi düşünür. Dövlət rəhbərinin təvəllüd günü isə həm də cəmiyyətin onun fəaliyyətinə, əməllərinə qiymət verməsi üçün bir vəsilədir. İlham Əliyevin həyatının 27 ili dövlət işində, ictimai-siyasi fəaliyyətdə, son 18 ili isə dövlətə rəhbərlikdə keçib...

...2003-cü ildən Azərbaycan yeni inkişaf mərhələsinə qədəm qoydu. Ulu öndər Heydər Əliyevin dövlətçilik kursunu layiqincə davam etdirən İlham Əliyevin rəhbərliyi ilə bu illər ərzində ölkəmiz dinamik inkişaf dövrünü yaşayıb. Bu tərəqqi mədəniyyət sahəsində də yeni layihələrin, dövlət proqramlarının həyata keçirilməsi, müasir maddi-texniki bazanın, infrastrukturun yaradılması, yaradıcı fəaliyyətin təşviq olunmasında özünü göstərib. Regionların sosial-iqtisadi inkişafı yerlərdə mədəni həyata da mühüm zəmin yaradıb. Paytaxtda və regionlarda mədəniyyət obyektlərinin təmir-bərpası, ölkənin müasir inkişafını təcəssüm etdirən yeni mədəniyyət ocaqlarının yaradılması bu sahəyə göstərilən diqqətin real təcəssümüdür.

İlham Əliyevin prezidentlik fəaliyyəti ilk illərdən başlayaraq tarixi-mədəni irsə bağlılıqla bərabər, modernləşmə, qabaqcıl dünya təcrübəsinin tətbiqi ilə müşayiət olunub. O, mədəniyyətin xalqın taleyində əhəmiyyətini hər zaman yüksək qiymətləndirib: “Azərbaycan xalqının çox zəngin mədəniyyəti, tarixi vardır. Biz haqlı olaraq öz mədəniyyətimizlə fəxr edirik. Bu gün Azərbaycan dünyada öz mədəniyyəti, musiqisi, tarixi ilə tanınan bir ölkədir... Azərbaycan mədəniyyətinin nə qədər zəngin olduğunu artıq bütün dünya bilir. Azərbaycan cəmiyyəti həmişə mədəniyyətə çox bağlı olub və bu gün müstəqil Azərbaycan dövləti çox güclü əsaslar – tarixi, mədəni əsaslar, mənəvi dəyərlər üzərində qurulub...”.

Bu illərdə Azərbaycan musiqi sənəti dünya səhnələrini fəth edib, ifaçılarımız yüzlərlə sənət yarışmasında uğur qazanıb. Azərbaycanın zəngin mədəni irsi ölkəmizdən çox-çox uzaqlarda uğurla təqdim və təbliğ olunub.

...Amma... Bu illər ərzində Azərbaycanın əldə etdiyi bütün nailiyyətlərin (siyasi, iqtisadi, mədəni, idman və s.) bir natamamlığı vardı. Ölkəmizin ərazisinin beşdəbirinin işğal altında olması onların üzərinə də kölgəsini salırdı. Əldə olunan hər bir uğurun sanki beşdəbir kəsiri vardı. Çünki onların hər birində əlimiz yetməyən Vətən torpaqlarının da payı olmalı idi, amma yox idi. Bunu fərd kimi hər birimiz, xalq, cəmiyyət olaraq hamımız dərk edirdik. Hər zaman dilimizə gətirməsək də... “Vətən bağı al-əlvandır” söylənəndə xarıbülbülün yeri görünür, “Qarabağ şikəstəsi” səslənəndə  qəlbimizdəki boşluğu, o beşdəbirin kəm olduğunu hiss edirdik...

2020-ci ilin 27 sentyabrınadək... Həmin gün İlham Əliyev Azərbaycan üçün ən taleyüklü bir qərarı verdi və 44 gün içində uzaqgörən siyasətçi, mahir diplomat, qətiyyətli dövlət başçısı və Ali Baş Komandan olaraq illərdir qurduğu, dövlətin bütün imkanlarını güc və qüdrətinə səfərbər etdiyi Silahlı Qüvvələrlə birlikdə Azərbaycana tarixinin  ən böyük Zəfərini bəxş etdi.

Azərbaycan xalqı zədələnmiş milli qürurunu dirçəldəcək, Vətənin həsrətində olduğumuz o beşdəbirin göylərində dalğalanacaq bayrağımıza baxmaq üçün – başımızı uca, alnımızı açıq edəcək o Zəfərin illərdi intizarında idi.

Bu Zəfər təkcə ölkəmizin ərazi bütövlüyünü, Azərbaycanın beynəlxalq hüquqla tanınan sərhədlərinin bütünlüyünü təmin etmədi, bizi millət və toplum olaraq illərdi içimizdə çəkdiyimiz natamamlıqdan da qurtardı. Azərbaycan tarixinin ən böyük sınağından çıxaraq otuz ilin kəsirini tamamladı, böyüdü. Yalnız ərazi bütövlüyünü bərpa etməklə deyil, həm də dövlət, xalq olaraq güc və qüdrətini dünyaya göstərərək. Mədəniyyətimizin illərlə natamam olan mənzərəsi, rəngi, havası, səsi də tamamlandı. Artıq “Qarabağ şikəstəsi” Qarabağda havalanır, “Şuşanın dağları” Şuşada səslənir...


“Öz şəhərimizi uzaqdan görmək nə qədər ağrılı idi”


“Bir neçə il bundan əvvəl bu bölgədə, bizim səngərlərdə olarkən, o binanı binoklla görmüşəm. Bu hissləri sözlə ifadə etmək çətindir, mümkün deyil. Öz torpağımızda öz şəhərimizi uzaqdan görmək, buraya gələ bilməmək nə qədər ağrılı idi. Dəfələrlə təmas xəttində olarkən, səngərlərdə olarkən, fikirləşirdim ki, gün gələcək biz qayıdacağıq, biz öz ərazi bütövlüyümüzü bərpa edəcəyik” – İlham Əliyev bu sözləri 23 noyabr 2020-ci ildə, Ağdamdan düşmənin ayağının kəsildiyi tarixdən üç gün sonra yurd yerimizə qədəm basarkən demişdi.

“Bu gün mən Ağdam məscidinə Məkkədən gətirdiyim “Qurani-Kərim”i bağışladım... Xoşbəxtəm ki, mən ailə üzvlərimlə bərabər müqəddəs Kəbənin içində dualar etmişəm. Hər bir insanın ürəyində nə varsa, mənim ürəyimdə də eyni duyğulardır. Etdiyim duaların arasında birinci duam torpaqlarımızın işğaldan azad edilməsi idi. Allahdan xahiş edirdim, mənə güc versin ki, biz torpaqları işğalçılardan azad edək, o xoşbəxtliyi bizə nəsib etsin, biz yenə də dədə-baba torpağımıza qayıdaq. Bu gün burada, vandallar tərəfindən dağılmış məscidin önündə deyirəm ki, xoşbəxt adamam. Bir daha Allaha şükür edirəm ki, mənim dualarımı eşidib, bu gücü mənə verib. Biz gücümüzü səfərbər edərək bu tarixi günləri yaşayırıq. Bəlkə də çoxəsrlik Azərbaycan tarixində buna bənzər şərəfli və qürurlu günlər olmayıb. Biz bunu birliyimiz sayəsində qazanmışıq, gücümüz sayəsində qazanmışıq....”.

Zəfərə aparan yol zamanın neçə aşırımından keçmiş, illərlə sürən siyasi-diplomatik mübarizələrlə yoğurulub, dövlətin iqtisadi gücü, hərbi qüdrəti ilə tamamlanan təməl – strategiya üzərində ərsəyə gəlmişdi. Bu strategiyanın əsasını ulu öndər Heydər Əliyev qoymuş və dövrün hələ məhdud imkanları içində, tədricən özünü təsdiq edən Azərbaycanın gələcək inkişafının əsas vektoru buna istiqamətlənmişdi. Bu strategiyanın reallaşmasında hələ prezidentlik fəaliyyətinə başlamazdan öncə İlham Əliyevin də aktiv rolu, fəaliyyəti vardı...

“Biz Azərbaycan ərazisində ikinci erməni dövlətinin yaranmasına yol verə bilmərik” – Heydər Əliyevin 1996-cı ilin dekabrında ATƏT-in Lissabon sammitində bəyan etdiyi sözlər işğalçı Ermənistana və beynəlxalq birliyə ünvanlanan siyasi mesaj idi. Həmin mesajın praktik olaraq həyata keçməsi isə onun mühüm siyasi mahiyyətinə tən gələn hərbi və iqtisadi bünövrəni zəruri edirdi. Bu istiqamətdə 2003-cü ilədək ümummilli lider Heydər Əliyevin rəhbərliyi altında böyük işlər görülmüş, o cümlədən Azərbaycanın gələcək iqtisadi, eləcə də hərbi-siyasi qüdrətinə təməl olacaq neft-qaz layihələrinin uğurlu icrası başlanmışdı. Heydər Əliyev tərəfindən təməli qoyulan və Azərbaycanı strateji inkişafın magistralına çıxaran layihələr 2003-cü ildən sonra, bu siyasətin İlham Əliyev tərəfindən layiqincə davam etdirilməsi sayəsində, real bəhrəsini verməyə başladı.


Azərbaycanın bir nömrəli problemi


“Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ölkəmiz üçün ən ağır problemdir... Hamı bilməlidir ki, bu məsələnin sülh yolu ilə həllini istəməyimizə baxmayaraq, bizim səbrimiz tükənməz deyil… Azərbaycanda ordu quruculuğu sahəsində böyük işlər görülmüşdür. Bu məsələ daim mənim diqqət mərkəzimdə olacaqdır. Əminəm ki, Azərbaycanın iqtisadi potensialı ordumuzun ən yüksək standartlara cavab verməsinə və qarşıda duran bütün vəzifələri yerinə yetirməsinə imkan verəcəkdir… Azərbaycan öz doğma torpaqlarını, nəyin bahasına olursa-olsun, azad edəcək. Biz hamımız birləşərək və bir nöqtəyə vuraraq Azərbaycanı qüdrətli dövlətə çevirəcəyik...” – İlham Əliyev bu sözləri 2003-cü il oktyabrın 31-də Azərbaycan Respublikasının Prezidenti kimi and içərkən bəyan etmişdi.

İlham Əliyevin dövlət başçısı postunda etdiyi ilk çıxış Azərbaycanın gələcək inkişaf perspektivlərinə işıq tutan proqram mahiyyətli nitq olmaqla bərabər, dövlətin bir nömrəli probleminin həllinə yönəlik istiqamətləri də ifadə etmişdi: güclü siyasət, güclü iqtisadiyyat, güclü ordu. Məhz bu üç təməl istiqamətin vahid strategiya olaraq uğurla həyata keçirilməsi nəticə etibarilə Azərbaycan dövlətinin qüdrətini, onun ərazi bütövlüyünü təmin edəcək həlledici faktor olacaqdı. Çünki məhz güclü siyasəti güclü iqtisadiyyatla təmin olunan və arxasında güclü ordusu olan dövlət bütün xarici təhdidlərə sinə gərə bilərdi.

Qeyd etdiyimiz kimi, İlham Əliyev bu strategiyanın işlənməsi və realizə olunmasında  2003-cü ildən əvvəl də bilavasitə iştirak etmiş, Azərbaycanın bir nömrəli probleminə beynəlxalq münasibətin formalaşması, onun çözümü üçün müstəsna  önəm kəsb edən iqtisadi təməlin atılması, Azərbaycanın neft strategiyasının uğurla həyata keçirilməsi işinə mühüm töhfə vermişdi. 1994-cü ildən ARDNŞ-nin xarici iqtisadi əlaqələr üzrə vitse-prezidenti, 1996-cı ildən isə birinci-vitse prezidenti vəzifəsində dünyanın iri neft şirkətləri ilə danışıqlara rəhbərlik edən, müxtəlif dövlətlərin rəsmiləri ilə mütəmadi təmasda olan İlham Əliyev bu müddətdə özünü bacarıqlı diplomat kimi təsdiqləmişdi və ümummilli lider Heydər Əliyev tərəfindən müəyyənləşmiş tarazlı xarici siyasət strategiyasının başlıca prinsipini hər zaman diqqətdə saxlayırdı: Azərbaycan özünün zəngin neft ehtiyatları ilə dünya güclərinin barışmaz rəqabətinə deyil, səmərəli əməkdaşlığına meydan olmalıdır.

“Azərbaycan müstəqil dövlət olaraq ilk addımlarını atırdı. Təbii ki, biz neft kimi bir sərvətə malik olduğumuzdan həm beynəlxalq neft şirkətlərinin, həm də mənafeləri Azərbaycanda kəsişən bir çox dövlətlərin güclü maraq obyektinə çevrildik. Bizə belə güclü diqqət hansısa rəqabət, müəyyən problemlər yarada bilərdi. Ona görə də mən həmişə demişəm: biz istəyirik ki, Azərbaycan rəqabət meydanı deyil, müxtəlif mənafelər arasında əməkdaşlıq zonası olsun…”, – deyə İlham Əliyev sonralar müsahibələrinin birində vurğulamışdı.

Beləliklə, prinsipial, ən əsası isə, realist siyasətlə güclü iqtisadiyyatın təməl bağlılığı və bunun nəticə etibarilə dövlətin qüdrətinin təmin olunmasında hansı rol oynadığı İlham Əliyev üçün hələ prezidentlikdən xeyli əvvəl nəzəri məsələ deyildi. Bu baxımdan onun 1996-cı ildən etibarən millət vəkili, o cümlədən Milli Məclisdə ABŞ Konqresi ilə əməkdaşlıq qrupunun rəhbəri, 2001-2002-ci illərdə isə Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı (AŞPA) deputat qrupunun rəhbəri kimi, 2003-cü ilin yanvarından həmçinin AŞPA-nın vitse-prezidenti postunda fəaliyyəti xüsusi qeyd olunmalıdır. Bu dövrdə Azərbaycanın bir nömrəli probleminin Qərb dairələrinə çatdırılması kimi vacib missiyanın mühüm hissəsini o həyata keçirmişdi.

1997-ci ilin noyabrında İlham Əliyev Vaşinqtonda “Xəzər neft kəməri” mövzusunda keçirilən konfransda bildirmişdi: “Ermənistan hər il ABŞ-dan 100 milyon dollar yardım alır. Azərbaycanlılar bilmək istəyirlər ki, nə üçün erməni lobbisi belə güclüdür! Bu lobbi ədalətdən, həqiqətdən, ən adi bir məntiqdən də güclüdür? Məgər bu lobbi Azərbaycanla ABŞ arasında gələcəkdə həyata keçiriləcək böyük müştərək layihələrdən də əhəmiyyətlidir?... Bu müharibənin qurbanı Ermənistan yox, Azərbaycandır. Bizim torpaqların 20 faizi işğal edilib, bir milyon əhalimiz qaçqın vəziyyətində yaşayır. Bizim tarixi irsimiz, evlərimiz, məktəblərimiz, məscidlərimiz, əcdadlarımızın qəbirləri vandallar tərəfindən dağıdılıb”.

Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasəti barədə həqiqətlərin Avropa Şurasında qəbul və etiraf olunmağa başlanması Qarabağ probleminə beynəlxalq aləmdə ədalətli baxışın təmin olunması üçün müstəsna önəm kəsb edirdi. İlham Əliyev 2001-ci ilin yanvarında, ölkəmiz Avropa  Şurasına qəbul edilən zaman bildirmişdi: “Avropa Şurası kimi mötəbər təşkilatda təmsilçilik Azərbaycan üçün ilk növbədə Ermənistanla siyasi-diplomatik savaşı daha effektli aparmaq nöqteyi-nəzərindən vacibdir. Ölkəmizin AŞPA-dakı nümayəndə heyətinin başlıca vəzifəsi də məhz Ermənistanın təcavüzkar siyasətinin beynəlxalq müstəvidə ifşası olacaq...”.


“Siz mənim sözlərimi yadda saxlayın”


İlham Əliyev istər Amerikadakı görüşlərində, istərsə də AŞPA-da çıxışlarında Ermənistana havadarlıq edən dairələrin nəzərinə çatdırırdı ki, Azərbaycanın iqtisadi imkanları, apardığı siyasət onu regionun lider ölkəsinə çevirəcək, Ermənistanın isə bu işğalçılıqdan nəticə etibarilə qazancı olmayacaq. Yeritdiyi işğalçılıq siyasətinin Ermənistan üçün çox baha başa gələcəyi bu ölkənin siyasi çevrələrinə də ünvanlanırdı. 

Bu xüsusda İlham Əliyevin 2001-ci ilin sentyabrında AŞPA-nın sessiyası zamanı Strasburqda “Aravot” qəzetinə (yeri gəlmişkən, bu, Ermənistanın indiki baş naziri, o zamanlar jurnalist olan Nikol Paşinyanın yer aldığı siyasi cəbhənin qəzeti idi) dedikləri erməni tərəfinə əlamətdar mesaj idi: “Ermənistan hər vəchlə Qarabağ məsələsinin əsl mahiyyətinin üstünü vurmamağa, yəni Azərbaycanın torpaqlarının işğalını, Azərbaycana qarşı təcavüzü açıb-ağartmamağa çalışır... Siz mənim sözlərimi yadda saxlayın: Ermənistanın vəziyyəti getdikcə ağırlaşacaq, bu cür qəsbkarlıq siyasətini aparmaq onun üçün daha çətin olacaqdır. Əlbəttə, münaqişə nəticəsində Azərbaycan zərər çəkmişdir. Amma Ermənistanla Azərbaycanın perspektivlərini müqayisə etsək, görərik ki, onların arasında uçurum dərinləşir. Bir şeyi başa düşün: Azərbaycan bu cür vəziyyətlə heç vaxt razılaşmayacaq. Bu gün Ermənistan regional layihələrdən tamamilə təcrid olunmuşdur. Vaxt ötəcək, onda gec olacaqdır... Açığını deyəcəyəm, sizdə perspektiv barədə düşünən siyasətçilər görmürəm”.

İlham Əliyevin erməni cəmiyyətinə ünvanladığı mesaj AŞPA-da alınan qərarlarla da təsdiqlənirdi. 2002-ci ilin yayında erməni tərəfin etirazına rəğmən britaniyalı parlamentar Terri Devis Dağlıq Qarabağ münaqişəsi üzrə məruzəçi təyin edildi. Bir müddət sonra isə Ermənistanın Avropa Şurası qarşısında öhdəliklərinə dair qətnamədə Azərbaycanın ərazilərini işğal etməsi faktı ilk dəfə təsbit edildi...

Ümumilikdə 2001-2003-cü illərdə İlham Əliyevin rəhbərliyi altında ölkəmizin AŞPA-dakı deputat qrupu Ermənistanın Azərbaycana qarşı təcavüzünün fəsadları, qaçqın və köçkünlərin həyat şəraiti, işğal olunmuş ərazilərdəki milli mədəniyyət abidələrimizin dağıdılıb talan edilməsi və s. məsələləri əks etdirən 30-dan çox qətnamə, bəyanat, müraciətin yayılmasına, müzakirəsinə və Avropa Şurasının sənədləri kimi qəbul edilməsinə nail olmuşdu. Məhz İlham Əliyevin rəhbərliyi ilə başlanmış məqsədyönlü fəaliyyətin nəticəsi idi ki, 2005-ci il yanvarın 25-də AŞPA-da Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Azərbaycanın haqlı mövqeyini əks etdirən və Ermənistanın təcavüzkar dövlət olduğunu təsbit edən 1416 saylı qətnamə qəbul edildi...

Bütün bunlar – hər nə qədər həmin dövrdə işğalçıya təzyiq etmək, təcavüzə son qoymaq üçün praktik təsir vasitəli sənədlər olmasa da – mahiyyət etibarilə Azərbaycanın beynəlxalq müstəvidə haqlı mövqeyini tədricən gücləndirən, irəlidəki haqq savaşının siyasi əsaslarını hazırlayan mühüm addımlar idi...


“Atamın başladığı işi davam etdirmək mövqeyindəyəm”


2003-cü ilin 4 avqustunda İlham Əliyevin Azərbaycan Respublikasının Baş naziri təyin olunması 10 il ərzində Azərbaycanın sabit inkişaf kursunun, milli müstəqilliyin və dövlətçiliyin qarantı olmuş Heydər Əliyev siyasətinin dönməzliyinin təmin olunması istiqamətində müstəsna əhəmiyyətli hadisə idi. Heydər Əliyevin siyasət, diplomatiya və dövlətçilik məktəbinin ən layiqli davamçısı, Azərbaycan cəmiyyətinin gələcək lider kimi gördüyü şəxsiyyət dövlət idarəçiliyi iyerarxiyasında haqq etdiyi növbəti pilləyə yüksəlmişdi.

İlham Əliyev bu barədə ABŞ-ın “Vaşinqton Post” qəzetinə müsahibəsində belə demişdi: “Mən bu seçimi şüurlu etmişəm və xoşbəxtəm ki, atamın başladığı işi davam etdirmək mövqeyindəyəm”.

Heydər Əliyevin yolunu davam etdirmək Azərbaycan dövlətinin mənafelərini ən yüksək səviyyədə müdafiə və realizə etməyi bacarmaq deməkdir. 2003-cü il sentyabrın 24-də BMT Baş Assambleyasının 58-ci sessiyasında çıxış edən Baş nazir İlham Əliyevin Qarabağ məsələsi ilə bağlı bəyanatı – “Azərbaycanın səbri sonsuz deyil və heç kim bundan sui-istifadəyə cəhd etməsin” – bunu bacaracaq lider olacağının mesajı idi. O, liderlik keyfiyyətlərini öz fəaliyyəti ilə dəfələrlə nümayiş etdirmişdi və artıq bunu Azərbaycan dövlətinin birinci şəxsi simasında sübuta yetirməyin zamanı idi. 2003-cü il oktyabrın 1-də Heydər Əliyevin Azərbaycan xalqına müraciəti İlham Əliyevə bu məsuliyyətli yolda ən yüksək xeyir-dua oldu.

“1990-1993-cü illərdə respublikamızda yaranmış siyasi və hakimiyyət böhranından, idarəsizlik və qarmaqarışıqlıqdan istifadə edən Ermənistan ordusu Azərbaycanın torpaqlarını işğal etdi, bir milyondan çox soydaşımızı qaçqın və köçkün vəziyyətinə saldı... Xaos və anarxiya dövründə Azərbaycanın pozulmuş ərazi bütövlüyünü, qaçqın və köçkünlərin öz yurd-yuvasına qaytarılması problemini hələ də həll edə bilməmişik. Mən əminəm ki, biz bu məsələni də mütləq həll edəcəyik... İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri Sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm...”.

2003-cü il oktyabrın 15-də Azərbaycan Respublikasının Prezidenti seçilən İlham Əliyev Azərbaycanın bir nömrəli problemini həll etmək üçün dövlətin bütün potensialını səfərbər edəcəyinə söz verdi: “Azərbaycan öz doğma torpaqlarını, nəyin bahasına olursa-olsun, azad edəcək... Əlbəttə, yəqin çətinliklər də olacaq. Amma mən bu çətinliklərə hazıram. Əgər mən özümdə belə bir hazırlıq görməsəydim, heç vaxt bu yola getməzdim...”.


İllər sonra Zəfərə aparacaq yollar


İrəlidə, həqiqətən də, çox mürəkkəb, çətin, geosiyasi düyünlərlə dolu illər vardı. Amma xalqa arxalanaraq, onun inam və etibarına, birlik və bərabərliyinə güvənərək aşılmayacaq sədd yoxdur. İlham Əliyev bu illərdə hər zaman xalqla bir yerdə oldu, şəxsən özü üçün əlamətdar olan günlərdə də...

2011-ci ilin 24 dekabrı. İlham Əliyevin 50 yaşı tamam olur. Prezident xanımı ilə Ağcabədi rayonunun Taxtakörpü ərazisində laçınlı məcburi köçkünlər üçün salınan yeni qəsəbədə, məcburi köçkünlərdən birinin evindədir.

Dövlət başçısı Azərbaycanın əsas hədəfinə doğru keçilən yoldan və qarşıdakı vəzifələrdən söz açır: “Biz bu işğala son qoyacağıq. Yəni bu, qaçılmaz bir həqiqətdir. ...Sadəcə, çalışırıq ki, bunu hələ ki, danışıqlar yolu ilə həll edək və eyni zamanda daha da güclənək... Biz işləyirik, öz işimizi görürük, güclənirik, daha da çox tərəfdaş əldə edirik... Biz siyasi-iqtisadi, hərbi gücümüzü, bölgədəki təsir imkanlarımızı, dünyadakı mövqelərimizi bilirik. Budur Qarabağ məsələsinin həllinə aparan yollar. Biz bu yollardan istifadə edəcəyik, edirik. Bizə əlavə güc verən xalqın bu siyasətimizə göstərdiyi dəstəkdir. Azərbaycan dövləti qarşısında bu məsələdən daha vacib məsələ yoxdur… Mən şəxsən tam əminəm ki, biz ərazi bütövlüyümüzü bərpa edəcəyik... İllər keçdikcə biz daha da güclənəcəyik, Ermənistan daha da zəifləyəcəkdir. Nə qədər ki, torpaqlarımız işğal altındadır, Ermənistana qarşı bütün cəbhələrdə mübarizə aparılır və aparılacaqdır. Bu məsələ həll olunmayana qədər Azərbaycan xalqı rahat yaşaya bilməz və biz sakitləşməyəcəyik.

Bu, müvəqqəti yaşayış məntəqəsidir. Torpaqlarımız işğalçılardan azad olunandan sonra bütün köçkünlər üçün Laçında, Kəlbəcərdə, Ağdamda hələ ki, işğal altında olan digər torpaqlarda bundan da gözəl evlər tikəcəyik. Mən buna şübhə etmirəm. Biz öz ərazi bütövlüyümüzü mütləq bərpa edəcəyik. Mən bu barədə fikirlərimi dəfələrlə bildirmişəm, bir daha demək istəyirəm ki, bu, sadəcə olaraq sözlər deyil, sadəcə olaraq bizim arzularımız deyil, bu, həqiqətdir...”.

Doqquz il sonra bu həqiqəti bütün dünya gördü.

“...Mən deyirdim ki, bizim ərazi bütövlüyümüz bərpa edilməlidir. Deyirdim ki, müharibə variantı heç vaxt istisna olunmur. Nəinki deyirdim, bütün bu illər ərzində bütün gücümüzü səfərbər edib ölkəmizi gücləndirirdik, güc toplayırdıq – həm beynəlxalq müstəvidə, həm ölkə daxilində, həm iqtisadi məsələlərin həllində, ölkəmizdə həmrəyliyin və birliyin möhkəmlənməsində, ordu quruculuğunda güc toplayırdıq. Bu gücü dəmir yumruq formasına gətirdik, düşmənin belini qırdıq...” – Müzəffər Ali Baş Komandanın 2020-ci il dekabrın 1-də Laçın rayonunun işğaldan azad olunması münasibətilə televiziya ilə xalqa müraciətində dediyi bu sözlər həqiqət anı idi.


Təkrarlanan tarix və rəqəmlər


24 noyabr 2003-cü il – Prezident İlham Əliyev həmin gün “Azərbaycan Respublikasında sosial-iqtisadi inkişafın sürətləndirilməsi tədbirləri haqqında” fərman imzalamışdı. Bu, onun dövlət başçısı postunda imzaladığı ilk proqram xarakterli fərman idi. Bəlkə də həmin gün İlham Əliyev nə vaxtsa Azərbaycanın işğaldan azad ediləcək əraziləri ilə bağlı belə bir sənədi imzalayacağını da fikrindən keçirmişdi... 

24 noyabr 2020-ci il – tam 17 il sonra eyni gündə Prezident İlham Əliyev əsarətdən qurtulan yurd yerlərimizdə dövlətimizin suveren idarəçiliyini təsbit edən sənədə – “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində məsələlərin mərkəzləşdirilmiş qaydada həlli ilə bağlı Əlaqələndirmə Qərargahının yaradılması haqqında”  sərəncama imza atdı.

Təsadüf idimi? Təbii ki, yox. Həm də simvolik idi...

Prezident İlham Əliyev tarixin təkrarlanmasına təsadüf kimi yanaşmadığını bir müddət sonra (2021-ci il avqustun 30-u) Şuşada bu sözlərlə ifadə edəcəkdi: “Əziz dostlar, təxminən 40 il bundan əvvəl, bax, bu yerdə atam durmuşdu, mən isə o tərəfdə durmuşdum. Şaxtalı-qarlı havada Vaqifin məqbərəsinin açılışı idi. Ondan sonra ikinci dəfə 1982-ci ilin iyul ayında – iyulun 29-da atamla bərabər ikinci dəfə Şuşaya gəlmişdim. O vaxt Vaqif Poeziya Günləri keçirilirdi. Bu gün isə ikinci dəfə Vaqifin məqbərəsinin açılışını biz qeyd edirik. Vaqif Poeziya Günləri keçirilərkən atamın 59 yaşı var idi. Bu gün mənim 59 yaşım var. Bəziləri hesab edə bilər ki, bu, təsadüfdür. Ancaq mən hesab edirəm ki, burada böyük rəmzi məna var, tarix təkrarlanır. Azərbaycan tarixinin qara səhifəsi artıq arxada qaldı və yenidən biz nəfəs almağa başlamışıq...”.

“Bu məsələ həll olunmayana qədər Azərbaycan xalqı rahat yaşaya bilməz və biz sakitləşməyəcəyik” – 2011-ci ildə deyilmiş sözlər artıq öz yerinə oturmuşdu...

... Zamanın maşını real olmasa da, ən müşkül görünən istəyi də zaman içində gerçəyə çevirmək mümkündür. Güc, imkan və hədəfləri doğru seçib, nəyi nə zaman, necə edəcəyini dəqiq bilərsənsə.

***

On il öncə məşhur telejurnalist Prezident İlham Əliyevə “zaman maşınında keçmişə qayıtmaq istərdinizmi” deyə soruşanda o, əgər mümkün olarsa – keçmişə deyil, gələcəyə, on il sonraya baxmaq istədiyini demişdi. On il sonra nəyi görmək istəyirdi? Bunu təxmin edə bilərik...

Bu gün həmin on ilin tamamıdır. İlham Əliyev on il öncə ürəyində tutduğu hədəfi məqsədyönlü fəaliyyəti, bacarığı, uzaqgörən siyasəti və qətiyyəti ilə gerçəyə çevirə bilməsinin qürurunu yaşayır. Qalib Prezident və Müzəffər Komandan kimi. Milli qürurunu ucaltdığı xalqı ilə birlikdə...

On il öncə bu gün laçınlı məcburi köçkün Prezident İlham Əliyevə “50 yaşınızı gəlib bizimlə keçirməyinizi heç nə ilə əvəz etmək olmaz. Bunun qiyməti yoxdur. Gün o gün olsun ki, 100 yaşınızı da qeyd edəsiniz” arzusunu ifadə edəndə o, “Mən adətən öz ad günlərimi qeyd etmirəm. Sizinlə birlikdə Qarabağ torpağında bu günü qeyd edək” demişdi.

Bu gün o gündür…

Azərbaycana tarixinin ən böyük Zəfərini bəxş edən Liderin günü...