vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 21 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Səttar Xan (1866 - 1914)

«Türk milləti böyük bir daşa bənzər, çox gec qızar və gec də soyuyar»

Səttar Xan (1866 - 1914)
CƏMİYYƏT  
11:01 | 3 iyun 2022 | Cümə Məqaləyə 1163 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

“Teknofest” dərsləri

Startap sammitində neçə investor vardı?

Osman GÜNDÜZ

“Teknofest”də diqqət çəkən məqamlardan daha birisi də startap yarışmasında gözə çarpırdı. Tədbirdə hər şey yüksək səviyyədə idi. Yalnız bir məsələdən başqa. Bu tip tədbirlər üçün ən vacibi olan yerli investorlar orada demək olar ki iştirak etmirdi.

Xarici təcrübə elədir ki, hansısa bir startap təqdimat edib səhnədən düşən anda onu investorlar qamarlayırlar.

“Teknofest” çərçivəsində baş tutan “Take off Baku” startap yarışmasında  isə yerli investorlar gözə dəymirdi. Nəinki investorlar, heç bizim İT şirkətlərin rəhbərləri belə orada yox idi. (Ötən gün bununla bağlı yazmışdım).

Nazirin və Səlcuq Bayrakdarın startapçılar qarşısında çıxışları, xarici münsiflərin orada olması nə qədər əhəmiyyətli olsa da, investorun olmaması çox ciddi problemdir. 

Əslində uzun illərdi ki, bizdə investor problemi həll olunmadan qalıb. Ölkədə ya “angel”lər (mələk yatırımçılar), ya da vençur fondlar şəbəkəmiz demək olar ki yoxdur. Yalnız bir neçə fərdi investorlardan söhbət gedə bilər.

Uzun illərdi ki, vençur maliyyələşmə və fondlar haqqında qanun qəbul etmək mümkün olmayıb. 

Anlaşılmazdır ki, 3 cavabdeh dövlət qurumu, RİNN, ASAN və KOBİA indiyədək bu məsələni həll edə bilməyiblər. ASAN-nın bu məsələ üzərində çalışdığı bildirilsə də hələlik ortada layihə yoxdur.

Son zamanlar RİNN bu istiqamətdə səyləri gücləndirib. Vençur qanunun qəbulu hədsiz uzandığından RİNN digər bir tənzimləyici akta istinad etməklə  dövlət və özəl tərəfdaşlığı səviyyəsində yeni bir vençur fondun yaradılması istiqamətində işlər aparır. 

Ümid edək tez bir zamanda yekunlaşar.

Əvvəllər ilkin inkişaf dövrünü keçirən yerli startaplara maliyyə yardımı ilə bağlı hansısa bir dövlət dəstəyi olsa da, son illərdə bu dövlət dəstəyi yalnız KOBİA-nın verdiyi Startap Şəhadətnaməsindən ibarətdir. 

Hansı ki, bu sənəd də yalnız gəliri olanlar üçün müəyyən dərəcədə köməkdir. Amma start vəziyyətində olanlar, ilkin inkişafa başlayanlar üçün indiki anda dövlət dəstəyi yetərli deyil.

Yeri gəlmişkən, bir neçə gün öncə qlobal “StartupBlink” qurumu da özünün ölkələr  üzrə startap ekosistemin inkişafı haqqında hesabatını dərc edib. Ötən gün bu haqda ətraflı yazmışdım.

Dörd pillə irəliləməyimizə baxmayaraq 100 ölkə arasında 85-ci yeri tutmağımızın kökündə dayanan məsələlərdən birisi də məhz investor probleminin qabarıq görsənməsi  və ekosistemin zəif inkişafıdır.

Düşünürəm ki, cavabdeh qurumlar bir araya gələrək startap ekosistemin inkişafını ləngidən səbəbləri analiz edib ciddi qərarlar verməlidir. 

Startapların ilkin inkişafı və böyüməsi üçün zəruri dəstək mexanizmləri hazırlanmalıdır. Universitetlərlə dayanıqlı iş birliyi qurulmalıdır, regional və qlobal bazarlara çıxış imkanları yaradılmalıdır, inkubasiya və akselerasiya mərkəzləri formalaşdırılmalıdır və s.

P.S.: Düşünürəm ki, çox böyük uğurla başa çatan “Teknofest”dən sonra ekosistemə və innovasiyaların inkişafına cavabdeh dövlət  qurumlarının və maraqlı tərəflərin bir araya gələrək inkişaf üçün həlli vacib olan məsələləri gündəmə gətirməsi və hökumət qarşısında qaldırması çox məntiqli və doğru olardı.

Əks halda biz növbəti bu tip tədbirlərə elə eyni problemlərlə və eyni göstəricilərlə gedəcəyik.